Kulis.az Seymur Baycanın İlham Əzizin ilk romanı haqqında yazdığı "Xəzinə və peyinlik haqqında" yazısını təqdim edir.
İlham Əziz ədəbiyyata gec gəlsə də, onun çox ciddi bir üstünlüyü var. İlham sovet dövrünü, sovetin dağılmasını, 90-cı illərdə baş verən hadisələri görüb və bu üstünlükdən romanında kifayət qədər yaxşı istifadə edib. Açığını desəm, İlhamın belə bir roman yazacağını qətiyyən gözləmirdim. Yaxşı mənada xeyli təəccübləndim. Çünki İlhamın bəzi hekayələrini oxumuşdum. Oxuduğum hekayələri meşşanların ədəbiyyat təsəvvürlərinə, meşşanların nəsr meyarlarına, zövqlərinə daha çox uyğun gəlirdi. Bəzi qələm yoldaşlarım onun hekayələrinə palaz-palaz bəy tərifləri vursalar da, şəxsən mən tərifləməli elə bir ciddi cəhət görmürdüm. Başqa cür ifadə etsəm, İlham hekayələrində həyata mənasız yerə əlvan rənglər əlavə etmiş, hadisələrə heç bir ehtiyac olmadığı halda mənalar yükləmişdi. Çox güman, böyük ehtimalla bu lazımsız ədəbi gedişlər, əsl həyatdan, reallıqdan yan keçib psevdohəyata meyl salmaq, psevdolirikaya aludə olmaq qələm təcrübəsizliyindən irəli gəlirdi.
Romanda isə mən tamamilə başqa, sadə, rahat, özünə arxayın, mənasız yükləri çiyinlərindən atmış bir İlham gördüm. Roman çox sadə, rəvan, oynaq dildə yazılıb. Akop Martayanın yaratdığı süni dilin təsirləri, havası arada cüzi hiss olunsa da, xoşbəxtlikdən İlhamın dili ciddi aşınmaya məruz qalmayıb. Məni ən çox təəcübləndirən romandakı incə yumor, koloritli səhnələr oldu. Sən demə, İlhamın çox incə yumor hissi, koloritli qələmi var imiş. Bax bunu heç gözləmirdim. Bir neçə yerdə məni möhkəm gülmək tutdu. Koloritli səhnələrdə isə bir oxucu kimi hədsiz dərəcədə həzz aldım. Romanda zərrə qədər də intellektual pafos, psevdofəlsəfə, “müdriklik” yoxdur, İlham sadə, oynaq dillə 90-ci illərin ab-havasını yaratmağı bacarıb. Ona görə də 90-cı illərin ab-havasını hiss etmək istəyən adamlara, xüsusən gənclərə bu romanı oxumağı şiddətlə tövsiyə edirəm.
İndi isə kitabın nöqsanlı tərəflərinə keçək.
Kitabın adından başlayaq. Bəzəksiz-düzəksiz, birbaşa deyim ki, “Qəvvas” çox uğursuz addır. Kitabın adı “ay oxucu, bu kitabı alma, bu kitabı oxuma, bu çox mənasız kitabdır, bu kitabın əvəzinə get başqa kitab oxu” qışqırır. Mənə desəydilər ki, bu kitab üçün çox uğursuz bir ad tapmaq lazımdır, aylarla yox, illərlə oturub fikirləşsəydim, belə uğursuz ad ağlıma gəlməzdi. Bu cür uğursuz adı kim kitaba qoyub? Əgər həmin adamın məqsədi kitaba çox uğursuz bir ad qoymaq, kitabı gözdən, urvatdan salmaq, oxucunu kitabdan kənara itələmək olubsa, onu təbrik etmək lazımdır. Məqsədinə tam nail olub.
Annotasiyadan heç danışmağa dəyməz. Annotasiya sovet yazıçılarının kitablarına yazılmış annotasiyaları xatırladır. Hətta mənə elə gəldi ki, kimsə bu annotasiyanı sovet dövründə nəşr olunmuş hansısa kitabdan köçürüb. Kitabın üz qabığı da oxucuya heç nə demir, heç bir mesaj ötürmür, heç bir emosiya yaratmır. “Qəvvas”ın üz qabığı serializm janrında yazılmış kitabların üz qabığına oxşayır. Müxtəsər, kitabın adı, annotasiya, üz qabığı açıq-aşkar biabırçılıqdır.
Kitabın sırf məzmunundan danışsaq, İlham 90-cı illərdə bir tikə çörək dalınca Rusiyanın şəhərlərinə, çöllərinə getmiş adamların həyatını fikrimcə daha geniş yazmalı idi. 90-cı illərdə Rusiyanın şəhərlərində yüzlərlə yox, minlərlə yox, on minlərlə adamın həyatı məhv olub. Söhbət təkcə İlhamın kitabından getmir, ümumiyyətlə, bu dəhşətli faciə haqqında çox az yazılıb. Nədənsə 90-cı illərdən söhbət düşəndə, yazanda müəlliflər daha çox Qarabağ müharibəsinə fokuslanırlar. Əslində isə nə qədər kobud alınsa da, nə qədər qəddar səslənsə də, deməliyəm ki, 90-cı illərdə Rusiyada ölən adamların sayı Qarabağ müharibəsində ölənlərin sayından qat-qat çoxdur.
90-cı illərdə yay aylarında N. Rayonunda yaşayırdım. Yaşayırdım demək xeyli təntənəli, dəbdəbəli alındı, yaxın bir tanışımın qoyun fermasında, hər şeyi öz adıyla çağırsaq, çobanlıq edirdim. Etiraf edim ki, heç düz-əməlli çobanlıq da etmirdim, qoyun-quzu yeməklə məşğul idim. 90-cı illərdə hər həftə rayonun hansısa kəndinə Rusiyadan meyit gəlirdi. Filankəsin oğlun güllələyiblər, filankəsin əmisi oğlun bıçaqlayıblar, filankəsin dayısıoğlu itkin düşüb... Bu cürə xəbərləri, söhbətləri daima eşidirdim. Elə bil hardasa müharibə gedirdi və bu müharibədən daima qara xəbərlər gəlirdi. O vaxtlar bir kənddən Rusiyaya o qədər adam getmişdi ki, belə bir lətifə yaranmışdı. Guya bir arvad toyuq kəsdirmək üçün küçəyə çıxır, nə qədər axtarsa da kəndə toyuq kəsməyə kişi tapa bilmir. “Toyuq kəsməyə kişi qalmayıb” – bu söz o vaxtlar bəzi rayonlarda, kəndlərdə yaranmış vəziyyəti, Rusiyaya çörək dalınca nə qədər adamın getdiyini çox dəqiq göstərirdi.
İlham bu adamların həyatını, faciəsini yaxından görüb, yaxından müşahidə edib və bu faciəli həyatları, taleləri geniş, əhatəli yazmaq hər şeydən əvvəl bir müəllif kimi onun mənəvi borcu idi. Ümid edirəm kitabın növbəti nəşrində, yaxud da gələcəkdə başqa bir əsərində İlham bu səhvini düzəldər.
İmperiyanın dağılması, bunun nəticələri kino, ədəbiyyat, sənət üçün çox qiymətli mövzulardır. Bizim insanlar, yazıçılar, rejissorlar, sənət adamları, tarixçilər çox dəhşətli bir səhvə yol verirlər. Marketinq strategiyası nöqteyi-nəzərdən imperiyanın dağılmasının, bunun nəticələrinin nə qədər qiymətli mövzu olduğunu başa düşmürlər. İmperiyanın dağılmasını, bunun nəticələrini kənara qoyub Adilə Naşit haqqında film yayımlanacaq (özü də yayımlanacaq e), türk filmlərinin ən komik aktyorları, Cansu Dere "Sadakatsız" serialından ayrıldı, Cemal Suraya toyuq dönəri yedi, Oğuz Atay at çapdı, Can Yücəl balıq tutdu kimi mövzulara baş qoşmaq, ümumiyyətlə, Türkiyədən qidalanmaq, Türkiyənin artist, hoqqabaz şairlərinə, yazıçılarına palaz-palaz bəy tərifləri vurmaq, oradakı mövzulara girmək cinayətdir. Həqiqətən cinayətdir. Dəhşətli cinayətdir. Bizim insanlar oturublar nəhəng bir xəzinənin üstündə, gedib peyinlikdə eşələnirlər. Nə etdiklərini, nəyi nəyə dəyişdiklərini bilsələr dəli olarlar. Yaxınlarda bu mövzuda geniş yazı yazacam.
İndi İlhama nə lazımdır?
İlham sovet tarixini, ədəbiyyatını, kinosunu, 90-cı illərdə baş vermiş hadisələrin səbəb və nəticələrini daha dərindən öyrənməlidir. Yazının əvvəlində qeyd etdiyim üstünlüyünü intellektual cəhətdən daha da təkmilləşdirməlidir. Dilini daha da inkişaf etdirməli, Akop Martayanın yaratdığı süni dilin cüzi təsirlərini dilindən silib-təmizləməlidir. Xüsusən yerli ədəbiyyatı sistemli şəkildə oxumaq indi İlhama hava-su kimi lazımdır. Əgər yerli ədəbiyyatı sistemli şəkildə oxusa İlhamın bədii təfəkkürü daha da güclənəcək, qələmindəki kolorit daha da artacaq, bütün potensialı ortaya çıxacaq, sözün həqiqi mənasında, özünü tapacaq. Qəti şəkildə əminəm ki, əgər İlham romanı yazmamışdan əvvəl çox yox, cəmisi iyirmi yerli roman oxusaydı romanda qat-qat yüksək yüksək performans göstərə bilərdi. Eybi yox, heç nə heç vaxt gec deyil. Necə deyərlər, gec olsun, güc olsun.
Bütün hallarda “Qəvvas” son illərdə yazılmış ən uğurlu romanlardan biridir. Romanda Gülgəz arvad, Məcid kişi kimi arxaik obrazlar, aqrar söhbətlər, infantil xatirələr yoxdur. Mövzu, mövzuya yanaşma, mövzunun bədii həlli, dil aqrar deyil. Qoy vaxtsız qocalmış, intellektual pafosdan, “ifrat müdriklikdən”, psevdofəlsəfədən əziyyət çəkən gənc müəlliflər bu romanı oxuyub necə yazmağı öyrənsinlər.