news-inner
clock09:00 calendar-gray 28 Aprel 2020 view-gray1853 dəfə oxunub
view-gray1853 dəfə oxunub

Söhbət - Şahmarın hekayəsi

Kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı Şahmar Hüseynovu hekayələrindən birini yayımlayır. Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz növbəti hekayə “Söhbət”dir.

Səhər saat doqquzdan başlayan imtahan (imtahan götürən müəllim harasa tələsirdi, çünki dəqiqə başı saatına baxırdı) saat on birdə qurtardı, mən öz halal “beş”imi, Yusif də “ölüvay” “üç”ünü (o “üç”ə də az-çox mənim köməyin dəymişdi) alıb, kefi kök, damağı çağ yeməkxanaya yollandıq. Əyləşdiyimiz stolun üstünə üç dənə yeddi yüz əlli qramlıq “Kəmşirin” çaxırı, yağı cızıldayan iki dənə tavakabab, göyərti, çörək, turşu səliqəyə düzüldü. Ay kef eliyəcəkdik ha!

Mən:

- Tavakabab əla yeməkdi, - dedim.

Yusif ləzzətlə əllərini bir-birinə sürtdü.

- Tavakababın yanında özgə yeməklər qələt eliyər!

O, stəkanları doldurdu.

- İçək tavakababın sağlığına!

- İçək- dedim. – Tavakabab buna layiqdi.Çaxır turş və acıtəhər idi.

Gözlərim acışır, başımda və sinəmdə ağrı duyurdum. Gecə səhərəcən oxumuşdum. Səhərdən dilimə heç nə dəyməmişdi. Ona görə də içdiyim çaxır düz başıma vurdu. Yusifin gülməyi, stəkanları təzədən doldurması, tavakababın yağına batırdığım bir qismət çörək, üstündə su damcıları qurumamış təzə göyərti və pəncərədən içəri düşən bir topa gün işığı birdən-birə çox xoşuma gəldi.

Yusif stəkanını qaldırdı.

- Bunu da içək dostluğumuzun sağlığına. Arzu edirəm ki, ömrümüzün sonuna kimi elə bu cür dost olaq, qardaş olaq.

Mən:

- Gül olaq, bülbül olaq, amma qəfəsdə-zadda olmayaq – dedim.

İkinci stəkandan sonra hiss elədim ki, möhkəm keflənəcəyəm. Ancaq bu məni heç qorxutmadı, əksinə kefim get-gedə açılırdı.

Yusif:

- Dost, belə olmaz, - dedi. – Sən heç yemirsən. Olmaya hörmətli tavakabab xoşuna gəlmir?

- Nə danışırsan? – dedim. – Baa, tavakabab xörəklərin şahıdır. Hələlik onun xətti-xalına, gül camalına tamaşa eləyirəm.

- Yaxşı eləyirsən. Amma baxmaqla doymaq olmaz.

- Yeyəcəyəm, yeyəcəyəm.

Bu dəfə stəkanları mən doldurdum.

- Çox üzr istəyirəm, - dedim. – Mən təklif eləyirəm ki, bu badələri də tavakababın sağlığına nuş edək.

Yusif stəkanını stolun üstünə qoydu.

- Qəti içmərəm. Belə getsə, tavakabab qudurar, elə bilər ondan başqa yemək-zad yoxdu dünyada.

- Mən ölüm, gəl bu gün tavakababın xətrinə dəyməyək.

Yusif diqqətlə mənim üzümə baxıb birdən güldü.

- Yaxşı, - dedi, - bir də tavakababın sağlığına!

Hər şey - bu yeməkxanaya öyrəşməyimiz, bufetçi oğlanın bizi tanıması, “mən sizi başa düşürəm, kefinizdə olun” – deyə köhnə tanışlar kimi bizə göz vurması, qarşıda yaşayacağın parlaq, günəşli yay, ətraf stollardan gələn danışıq, gülüş səsləri, başımızın üstündə iri pərli ventilyatorun xışıltı ilə fırlanması və cibimdə yüz manatdan artıq olması yaxşı idi. Hətta istədiyimdən də yaxşı idi.

Mən Yusifə:

- Gəl bir “ostanovka” eliyək – dedim.

- Eliyək. – Yusif razılaşdı.

Biz ayağımızı ayağımızın üstünə aşırıb siqaret yandırdıq və bir-birimizə aydın, xoşbəxt nəzərlərlə baxıb, ürəkdən güldük.

Yusif:

- Zor qurtardıq imtahanları! – dedi.

- Belə də! – Çiynimi tərpətdim.

- Elə ki, bileti çəkdim... getdi qarnıma. Sualların heç birini bilmirdim. Yaxşı ki, bir yerdə girdik, yaxşı ki, sən tez o kağızı yazıb ötürdün mənə.

- Sənə söz vermişdim, axı.

Hələ imtahanlara bir ay qalmış uşaqlar məni dəng eləmişdilər. Yalvarır, qonaqlıq boyun olur, deyirdilər, imtahana bir yerdə girək. Hətta kursumuzda ən gözəl qız olan Könülün də sözünü yerə salmışdım, demişdim ki, Yusifə söz vermişəm.

Yusif stəkanı bu dəfə lap yuxarı qaldırdı.

- İçirəm bunu şəxsən sənin sağlığına! – dedi. – çünki sən mərd, ürəyitəmiz, dostluqda qədir-qiymətinin sonu olmayan adamsan. Daha bəzi əclaflar kimi üzdə bir cür, daldeydə ayrı cür olanlardan deyilsən. Əsil kişisən, kişi oğlusan. Ağzından söz çıxdı, qurtardı, gərək dediyini eliyəsən. Nəyə gülürsən? Əlini yelləmə. Fikirləşirəm ki, sənin mənə elədiyin bu yaxşılıqların əvəzini nəynən çıxım, necə çıxım? Bu yaxşılıqların əvəzini çıxmaq mümkündürmü? Sən olmasaydın, bəlkə də çoxdan çıxartmışdılar məni institutdan. Nədi, düz demirəm? Əgər dediyim bu sözlərdə bircə faiz yalan varsa, qoy bu çörək haram olsun mənə, qoy bu iki gözlərimdən olum! O, keflənmişdi. Özü də tək sən mənə yox, kursumuzun bütün uşaqlarına əlindən gələn köməyi eləyirsən. Bəlkə bunu da düz demirəm? Bə, onda Qabil, Tofiq, Yaqut, sonra o birilər neyləyərdilər, imtahanları necə verərdilər? Öz aramızdı, Səmayə az qalır gecə də sənin yanında qalsın. Ə, görək onlar gündə yüz yol sənin başına dolanalar, lap elə içi mən qarışıq. Nə? İndiyə kimi gərək qədir ağacı əkəydik sənin üçün? Lazım olsa əkərik. – O, inadla, acıqlı-acıqlı, həm də məhəbbətlə baxdı mənə. – Sən gəl özü də mənə lağ eləmə, sözlərimi də zarafata salma. Mən bilirəm nə deyirəm.

- Qiyas! – Birdən onun gözləri parıldadı. Üzündə təmiz və nurlu bir ifadə yarandı. – Mənim beləliyimə baxma ha, mən yaman hissiyatlı adamam. İnan, bəzən məndə elə hallar olur ki, kiçik, balaca bir şeydən beynim, qəlbim, fikirlərim apaydın olur, işıqlanır elə bil. Bax onda düşündüm, fikrimdə tutduğum şeyləri incə cizgilərinə qədər ən xırda təfərrüatınacan dəqiq görə bilirəm. Gör ağlıma nə gəlib. Axır vaxtlar bu fikrə gəlmişəm ki, kursumuzdakı oğlanlar, qızlar, keçən ilkinə nisbətən daha da ağıllanıblar, daha da təmiz olublar. Bunun da səbəbi sənsən. Bəli. Gülmə.

Birdən o özü də qırıq-qırıq gülməyə başladı.

- Məsələ burasındadı ki, kursun bundan xəbəri yoxdu, düzdü onlar özlərindəki dəyişikliyi duysalar da, bu dəyişikliyin sənin sayəndə baş verdiyini ağıllarına belə, ağılları nədi, gümanlarına belə gətirməzlər. Bunu bircə mən başa düşürəm və dəhşətli dərəcədə sənə paxıllığım tutur.

Mən gözümü qırpmadan istehza ilə Yusifə baxır, gülürdüm. “Gör necə çıxıb özündən, gör nə qızışıb”. O da sözünü bitirəndən sonra bir xeyli dinməz – söyləməz məni süzdü. Dodağının üstü, alnı tərləmişdi.

- Dost! – bərkdən dilləndim, - sən məni tərifləyib göylərə qaldırdın.

- Mən düz deyirəm!

O, höcət etdi:

- Yox, mən düz deyirəm!

- Ola bilər, -dedim. – Ancaq mənə elə gəlir ki, sən bir şeydə səhv eləyirsən. Özü də əntiqə sözlər deyirsən mənə. Daxili təmizlik, yaxşılıq, saflıq, hı, yox bir fındıq, qoz ləpəsi, hədik...
Mən başımı bulayıb davam elədim:

- Oyunun olsun sənin, Yusif. Hardan öyrənibsən ə, bu sözləri? Yaxşı, qulaq as, mən ölüm sözümü kəsmə, dayan qoy danışım, qurtarım sonra. Bilmirəm bilirdin, bilmirdin o vaxt instituta təzə girəndə mən axı, ədəbiyyat yazıdan üç almışdım. Xəbərin yoxdu? Hayıf. Qalan fənnlərdən qiymətlərim yaxşıdı. İki beş, bir dörd. Əsas məsələ budur ki, instituta girmişdim, başqa şeylər heç vecimə də deyildi. Ev tutdum, dərslər başlandı. On gündən sonra məlum oldu ki, mən təqaüd almayacam. Niyə, nə üçün? Dedilər: “üçün” var, olmaz. Yanvarda yaxşı qiymətlər alarsan, onda baxarıq. Qaldım təqaüdsüz. Fikir verirsənmi? Əvvəldən atamla danışıb razılaşdıq, ayda otuz mant pul göndərəcəkdi. Ev kirəsinə də on beş manat verməli idim. Deməli, mən yerdə qalan on beş manatla yaşamalı idim. Nə eləmək olardı, altı ay beləcə, bu cür yaşadım. Mən pulun əsil qiymətini, qüdrətini onda bildim. Bir az aydın başa düşmək üçün sənə kiçik bir siyahı deyim. Büdcə on beş manat və bu on beşmanatın əsas, lazımlı şeylərə xərclənməsi. Bir ayda bir kilo yarım yağ, günümə əlli qram yağ düşür bu eləyir beş manat, qırx qəpik; iki kilo qənd- iki manat; cəmi yeddi manat qırx qəpik; bir kilo pendir, bir manat əlli qəpik; on qəpikdən gündə bir kilo çörək; əgər ayımız otuz gündürsə, onda üç manat eləyir, yox otuz bir gündürsə, onda üç manat otuz qəpik eləyir; deməli, yağ, qənd, pendir, bir də çörək, cəmi eləyir; on bir manat doxsan qəpik. Yerdə nə qədər qalır? Üç manat. Yox, üç manat on qəpik. Onu da xırda-mırda şeylərə xərcləyirdim. Məsələn, dəftər, kitab, həftədə bir dəfə hamam, sabun, ayaqqabımın birdən namərdlik eləyib yırtılması, bir stəkan kofe, kakao, bir qutu çay, yaxud bir stəkan su... Heç yadımdan çıxmaz, o vaxt kənddən yanıma bir dostum gəlmişdi, bir gün yanımda qaldı, sonra inciyib getdi. Elə o gedən oldu, tətildə evə gedəndə heç mənə salam da vermədi. İndi sənə bir sual, - bəlkə yadında qala, o vaxt mən necəydim, necə görünür, necə yeriyir, necə davranırdım. Axı onda biz bir-birimizlə təzə tanış olurduq.

Yusif əlini yanağına qoyub, diqqətlə qulaq asırdı. Birdən diksinmiş:

- Mən sənə inanmıram! – dedi. – Sən yalan deyirsən, elə deyildin, sən onda ciddiydin, qaşqabaqlıydın, həmişə də düz qabağa baxardın. Dediklərinin hamısını özündən uydurursan. Paltarın, köynəyin, ayaqqabıların o vaxt tərtəmiziydi. Ələsgərnən dalaşdığın yadındadımı? Ələsgər, hündür, yekəpər, sənin də boyun onun çiynindən ola, olmaya. Nəyin üstdə dilləşirdiniz bilmirəm, birdən o, səni itələdi, sən az qaldın aşasan, qızlar da ordaydı. Sən ağappaq ağardın, bir sıçrayışla əlindəki avtomat qələmi bıçaq kimi Ələsgərin qarnına vurdun, Ələsgərin bəxti onda gətirdi ki, tez özünü geri verdi, qələm onun pencəyinin ətəyinə batmışdı. Ondan sonra heç kimin səninlə işi olmadı.

- Dost! – deyə ədayla dilləndim. – Dünyada adamın özünü gizlətməsi üçün ciddilikdən gözəl pərdə yoxdu. Amma mənim təbiətim başqadı. Orta məktəbdə oxuyanda, sinfimizdə mənim kimi şuluq, itoynadan uşaq yoxdu. Dərslərdə qızlarla məktublaşır, min hoqqa çıxarırdım. Müəllimlər əlimdən təngə gəlmişdilər. Bircə dərsləri yaxşı bilməyim canımı qurtarırdı. Deyəcəksən ölüm-zad deyildi ki, bu əziyyəti çəkməmək də olardı, keçəydin axşama, gedib işləyəyədin, yaxud da evə yazaydın. Bilmirəm, bəlkə bir az sadəlövh olmağım, instituta təzə girməyim özümü sınamaq istəyim buna mane olurdu? Nəbilim? Amma bunun mənə xeyri dəydi, bütün kənar şeylərdən qırıldım. Fikrim-zikrim kitablarda, seminarlarda idi. Yanvarda imtahanların hamısından beş aldım və çox keçmədi ki, maddi cəhətdən işlərim düzəldi. Pulun qədrini və qüdrətini bilsəm də və onun sayı cibimdə çoxalsa da, mən ondan aşağı durmadım və kefim istəyəntək xərcləməyə başladım. Amma mənə nəsə olmuşdu. Məni ətrafımdakı adamlara bağlayan tellər üzülmüşdü, qırılmışdı elə bil. Uşaqlarla qaynayıb-qarışa bilmirdim. Kiminsə gülməyi, xısınlaşması, sözlər, hərəkətlər məni haldan çıxardır, məntiqi fikrim pozulur, nahaq yerdən hirslənirdim. Hərdən az qalırdım auditoriyada qışqıram ki, sizin hamınızdan ağıllıyam, dərrakəliyəm, hamınızdan çox bilirəm. Başa düşmür, anlamırdım ki, ağıllı-kamallı, gözəl-göyçək Könül bu zırpı, heyvərə Ələsgərdə nə görüb, onun nəyinə aşiq olub? O ki, özünü səfeh-səfeh tox tutub yeriməkdən, yalançı etikadan savayı nə bilir axı? O vaxt onlar təzə tanış olanda, yadındadımı, Ələsgər gəlib uşaqların yanında özünü öyürdü, deyirdi ki, Könülü belə apardım, belə öpdüm, belə qamarladım, belə aldadacağam. Elə onda zəhləm getdi ondan. Əclaf qorxurdu, qorxurdu ki, Könül onu istəməz, ona görə də qabaqdangəlmişlik eləyirdi. İndi ağzına su alıb susur, həmdə nəyə desən and içirəm ki, o, Könüldən qorxur. Vaxt gələcək ki, onlar evlənəcəklər də, uşaqları da olacaq və günlərin bir günü Könül başa düşəcək ki, səhv eləyib. Dəhşətli bir səhv. Aləm qarışıb, məssəb itəcək. Bəzən belə şeyləri duyub, hiss etməkdə pisdi, adama ağır gəlir, sakit dura bilmir, nəsə eləmək istəyir. Bax, beləcə fikrimdə, beynimdə nəsə oynayır, mənə rahatlıq vermirdi. Özümü göstərmək istəyirdim. Bax, elə bu zaman ilk ağlıma gələn, dadıma çatan imtahanlar oldu. Sənə bir misal çəkim. Siyasi iqtisaddan imtahana hazırlaşmaq üçün cəmi üçcə gün vaxt sərf eləmişəm. Doxsan sualdı. Günümə otuz sual düşür. Üç gündən sonra mən bu doxsan sualı əlimin içi kimi bilirdim. İmtahanlar yaxınlaşır, “konsert” başlanırdı. Birdən-birə adi tələbələrdən seçilməyən mən, kursda birinci adam olurdum. “Qiyas, bu söz nə deməkdi? Qiyas, bu cümləni başa düşmürəm? Bu düturun cavabı necə yazılır? Niyə kefsizsən? Gözlərin qızarıb. Gedək çay içək və s.” Mənim hamıya kömək edirdim. Amma bu necə kömək idi? Kömək idimi, yoxsa... Səmayə mənimlə üzbəüz oturur, mini yubkasını bir az da yuxarı çəkirdi. Mən də ona deyirdim ki, Səmayə, bilirsən, dünyanın isti ölkəsi haradı? Könül Ələsgərin qolundan darta-darta gətirirdi. Ələsgər də çatan kimi “salam” deyirdi. Heç cavab da vermirdim. Könül qımışa-qımışa üzümə baxır, aşağı əyilib deyirdi ki, nə olar Qiyas, Ələsgərə kömək elə. Mən onun sinəsi açıq paltarının yaxasından görünən döşlərinin tağına baxırdım. Ələsgər də başını aşağı salıb dururdu, guya qurumsaq oğlu qurumsaq heç nə görmürdü. Atası böyük yerdə işləyən Həmidə deyirdim sağımda əyləşmə, ürəyim sıxılır, sola da keçəndə, deyirdim, oturmağa yer tapmırsan? Zəhimli, ağır tərpənən sinifkom hər imtahan otağına girib-çıxdıqca qulağıma pıçıldayırdı ki, on beşinci nömrə girsəm yaxşıdı, yoxsa on altıncı?.. Belə-belə hər imtahan mənim üçün bayrama çevrilir, sevincimin həddi-hüdudu olmur. İmtahan qurtarır, yavaş-yavaş hamı məndən soyuyur və mən yenə səbirzliklə, gizli bir ümidlə o biri imtahanları gözləyirdim.

Siqaret tüstüsünün arasından gördüm ki, Yusifin gözləri böyüyüb. Həm də elə bil vallah o, ayılmışdı. Mən səfehlik elədiyimi başa düşüb, qəh-qəhə ilə güldüm.

- Ə, sən lap kefqomsanmış ki, Yusif. Səni tovlayıb, inandırmaq, başını aldatmaq su içimi tək asandı, mən ölüm. Ə, bəlkə səssiz-küysüz keçən həyatımı sənin gözündə, əziz dostumun gözündə daha mənalı görmək istəyirəm. Hə olar bir az goplayanda. O, bəlkə məndə, mənim qanımda dramatik, tragik (burda da güldüm) vəziyyətlərə meyl var, həvəs var, ayə? Qandın? Ə, sən lap dilbilməzsənmiş ki?!... Vur görüm bura, vur ə!

Yusif əlini vurdu. Amma istədiyim kimi bərkdən yox, yavaşca, könülsüz, fikirli. Ürəyimdən qəhərli bir hiss keçdi. İstədim yağlı bir söyüş söyəm, ya da stola bir təpik ilişdirəm və çıxıb gedəm. Ancaq heç nə eləmədim. Siqaretimi möhkəm-möhkəm külqabıya basıb söndürdüm. Dedim ə, Yusif, sənin xətrini yaman çox istəyirəm. Ə, allahdan gizli döyül, bəndədən nə gizli. Qulaq as, ə, məssəvin belə olsun, dinin belə olsun. Ya deyəcəksən, sən öl, bu Qiyas dəlidi, ya da deyəcəksən ağıllıdı. O vaxt təqaüd almayanda başıma belə bir hadisə də gəlmişdi. Bəlkə xasiyyətimin, halımın dəyişməyi, elə ondanmış, nə bilim. Həə, yaşadığım, daha doğrusu, kirədə qaldığım həyətdə məni abırlı, ağıllı, tərbiyəli, başıaşağı bir oğlan kimi tanıyırdılar. “Sabahınız xeyir, salamməleyküm, axşamınız xeyir” deyirdim. Heç kimnən işim yoxdu. Görürdüm, hiss eləyirdim ki, hamının xoşu gəlir məndən. Olduğum həyətdə iki qız vardı. Birisi son dərəcə gözəl, oturuşunu-duruşunu bilən, sifəti parlaq, iri, ala gözlər, qumral saçlar. Ürəyimin harasındasa əmindim ki, mən bu qızı ala bilərəm, gələr mənə. Qız hər məni görəndə pörtür, qızarırdı. Anası da mənə diqqətlə baxırdı. O biri qız isə əksinə, kifirin biriydi. Burnu uzun, donqar, yerişi köntöydü. Gözləri də pişik gözü kimi hiyləgər. Mən evdən çıxıb dərsə gedəndə, o həyət qapısında durub, mənə salam verir, sırtıq-sırtıq gülürdü. Onun dişləri də eybəcərdi. Mən ondan qorxurdum, qorxurdum ki, bir gün o mənə şər atar, biabır eliyər. Axşamlar gecəyə kimi pəncərəmin ağzından əl çəkməzdi. Gülür, atmacalı sözlər deyirdi. Ancaq qorxu ilə bərabər beynimdə, ürəyimdə, daxilimdə tədriclə yaranan bir fikrə heyrət eləyirdim. Bu fikir, eybəcər qız, o biri gözəl qıza yaxınlaşmağa, onun haqqında düşünməyimə mane olurdu. Sanki bu qızın yanından saymazyana ötüb, o biri qızla tanış olsam, vicdansız, axmaq bir iş tutmuş olacaqdım. Nəsə qəribə, səfeh bir fikir...Ələsgərnən dalaşan günü evə qanıqara, dilxor gəldim. Həm də birdən özümü son dərəcə bədbəxt, kimsəsiz hiss elədim. Utanıb öz-özümə elə bir ucdan deyirdim ki, axı mənim oxumağımın, yaşamağımın nə mənası, nə faydası? Bax, elə bu vədə, bu anda o fikir qız hardan gəldi girdi beynimə, heç özüm də bilmirəm. Bircə onu duydum ki, bu boyda şəhərdə, bu qədər adamın içində o qızdan başqa heç kim məni istəmir, heç kim mənim barəmdə onun kimi düşünmür. Düzü, ürəyim atdandı. Kövrəldim. Başa düşdüm ki, əgər bu saat, bu dəqiqə durub o qızla görüşməsəm, danışmasam əclafın biri ollam və ömrüm boyu bunu özümə bağışlaya bilmərəm. Elə o anda da çıxıb ona dedim ki, (o, həyət qapısının ağzındaydı ) axşam saat yeddidə filan yerdə məni gözləsin. Qərara gəlmişdim. Mən ona deyəcəkdim ki... Qız dediyim yerdəydi. Özü də mənə qəribə baxırdı.

Getdik. Bir ağacın yanından aşağı düşdük, kolluqdan keçdik. Mən onun gözlərinə, yanaqlarına, cod saçlarına baxdım, baxdım və hiss etdim ki, indicə ağlayacağam. Əlimi qaldırdım, əlim əsirdi. Onun saçına toxunmaq istəyəndə birdən o, “axmağın biri axmaq, sən məni kim hesab eləyirsən?” – deyib, sinəmdən elə itələdi ki, az qaldım yıxılam. Qurumuşdum. Bircə o yadımdadı ki, kolluqdan çıxan bir qızla bir oğlan bərkdən gülürdülər. Onu da lap aydın xatırlayıram ki, qız oğlandan da bərk gülürdü.

Bu hadisə mənə yaman təsir elədi. Sakitləşdim, dincəldim.

Yusif maraqla soruşdu:

- Hardadı indi o qız?

- Bilmirəm.

- Qəribədi. Dəliymiş, nəymiş ə, o?

Mən gülə-gülə dedim:

- Balam, nəsə bu gün formada deyiləm. Əlləm-qəlləm danışıram. Mən ölüm, bax gör mənim qızdırmam-zadım yoxdu ki?

Yusif əlini alnıma qoydu.

- Yox, sapsağlamsan.

Sonra gözlərini qıyıb, diqqətlə üzümə baxdı, mənim gizli bir bicliyimin başa düşmüş kimi bərkdən, lap ürəkdən gələn bir gülüşlə güldü.

Dedim:

- Vur görüm, ə, vur bura!

Yusif əlini əlimə elə vurdu ki, şarapp elədi. “Şükür” deyə ürəyimdə sevindim.

Amma dəmliyim keçib getmişdi.

news-inner-user
Şahmar

10 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Tanınmış Türk yazıçısının kitabı Azərbaycanda
14:18 21 Sentyabr 2020
Rəsulzadəyə həsr olunmuş dərgi çap olundu
13:32 21 Sentyabr 2020
Biz səni niyə oxuyaq? – Qismət gənc yazarı tənqid etdi
12:50 21 Sentyabr 2020
Azad seks və şantaja qurban gedən qızlarımız – Fəridə yazır...
12:08 21 Sentyabr 2020
Kənan Hacıya vəzifə verildi
11:35 21 Sentyabr 2020
Seyid Əzimin qəzəllər kitabı Özbəkistanda
11:05 21 Sentyabr 2020
Yol polisi ilə şortik davası - Ayxan yazır...
10:30 21 Sentyabr 2020
"Emmi" mükafatının qalibləri açıqlandı
10:03 21 Sentyabr 2020
Xalq yazıçısını dəfn edən molla: “Onu məzara qoymağa bir qohumu, dostu tapılmadı” – Müsahibə
08:58 21 Sentyabr 2020
Məşhur meyxanaçı: "O işlə təkcə meyxanaçılar məşğul deyil ki" - Video
17:01 19 Sentyabr 2020
Rejissormuzun filmi beynəlxalq festivalın qalibi oldu
15:51 19 Sentyabr 2020
Bitlz qrupu haqqında kitab çap olundu
14:41 19 Sentyabr 2020
Mənə möcüzə kimi görünən ədəbi hadisə - Elçin yazır...
13:30 19 Sentyabr 2020
Dörd min ildi dustağam - Adil Şirinin şeirləri
12:20 19 Sentyabr 2020
Dovlatovun heç yerdə çap olunmamış şeiri sərgiləndi
11:05 19 Sentyabr 2020
Respublika Uşaq kitabxanası yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib
09:59 19 Sentyabr 2020
Mətbəxdə cazibəsini itirən qadının dramı
09:00 19 Sentyabr 2020
Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020