Adamlara xain kimi baxırdım - Bircənin romanı

Adamlara xain kimi baxırdım - Bircənin romanı
24 aprel 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Bir az keçmiş Taylan yoxa çıxdı, evdən ayağı kəsildi. Zəngimə də cavab vermirdi. Canıma vicvicə düşdü, ağlıma min fikir gəldi. Handan-hana qara böcək telefonu açdı, and-aman eləyib məni inandırdı ki, hər şey yaxşıdı, yoldaşlarıyla qalır, onlarla birgə imtahana hazırlaşır, Türkiyəyə qayıdana yaxın gəlib mənlə görüşəcək.

Xədicə də bir ayağını bizdən qaçaq qoymuşdu. Həmidi görən kimi sarısını udurdu, oturduğu yerə yapışıb qalırdı, əlini süfrəyə uzatmırdı. Bir gün elə Həmidin yanındaca xalatının cibindən xeyli bükülü kağız (Taylanın tapdıqlarından) çıxarıb masanın üstünə tökdü. Mən bir gözüm Həmiddə kağızları qurdalaya-qurdalaya soruşdum:

- Bu nədi, ay Xədicə, hardan almısan bunları?

Xədicə kəkələyə-kəkələyə dedi:

- Sənin otağından tapmışam.

Kağızları toplayıb mebelin içindəki qənddana yığdım:

- Darıxma, Xədicə, bir oxumuş adam tapıb oxudacam bu yazıları görüm bizə nə yazdırıblar.

Həmid yerində qurcalandı:

- Sənə deyəndə evinə heç kimi buraxma, söz eşitmirsən. Allah bilir nədi. Deyirəm sənin evinin aurası pisdi, şər ruhlar gəzir otaqlarında, inanmırsan. Mən burda olanda üstümə ağırlıq çökür. Nə qədər evin təmizlənməyib, heç özün də sağalmayacaqsan.

- Mənə nolub ki?

- Nə bilim vallah, həmişə çantanda cürbəcür dərmanlar gəzdirirsən, gizlicə nəsə udursan.

- Xəstə sənsən ey, ay bədbəxt, o şeyləri mənim evimə sən daşıyırsan! Hələ o gün çayıma atdığını demirəm.

- Yalansa mənim elədiklərim burnundan gəlsin.

- Sənə yalvaran yoxdu, heç nə eləmə. Bir də gördüyün hansı işin pulunu almamısan?

- Gözündən gəlsin sənə daşıdığım şirniyyatlar.

Hirsimdən gülməyə başladım. Bu yolla həm də Doneşi dingildədib çevrəsindən qırağa sıçradırdım, onu sözsüz-danışıqsız yandırıb yaxırdım. Ümumiyyətlə, onun dediklərinə ciddi münasibət göstərmək, ağıllı cavab vermək həm imkansız, həm də faydasız idi.

- Axşam gətirdiyin quş qınqıdı boyda piroqu arvadın-qızın yeyir, səhər işə gedəndə başlayırsan zarımağa: Bircə, mənim telefonuma on manatlıq kontur vur, axşam pulunu verəcəm. Hansını vermisən? Bəsdi, yoxsa yenə deyim? Dayan, mən hələ o kağızlara yazılanları oxudandan sonra danışacam sənlə.

***

Bu söhbətin üstündən iki gün keçmiş işdən çıxıb taksiylə getdim Taylan qaldığı yerə. Uşaq məni görəndə kövrəldi:

- Ya annəm, bura nəyə gəlmisən?

- Yığış gedirik evimizə.

- Annə, bir həftə sonra Türkiyəyə yollanıram. Bura rahatdı, gedəndə gəlib sizə dəyəcəm.

- Heç utanırsan, məni tək qoyub gəlib girmisən bu deşiyə! Yatmağa yerin yox, bilmirəm nə yeyib nə içirsən.

Xeyli çəkişəndən sonra uşaq ürəyini açıb ovcuma qoydu:

- Annə, o adam mənə telefon açıb gəlməməyimi tapşırdı. Həm də bunu sənin adından dedi.

- Hansı adam?

- Həmid.

Qulaqlarım uğuldadı, qan beynimə fışqırdı, isti asfalt ayaqlarımın altında əridi.

- Zəng vurub nə dedi sənə, dediyi kimi söylə!

- Dedi annən utanır sənə deməyə, qorxur qonşular pis danışar, ona görə də deyir daha bizə gəlməsin.

Taylanı dürtmələyə-dürtmələyə qabağıma qatıb yoldan ötən taksilərin birini əylədim, qapını açıb uşağı basdım maşına, özüm də yanında oturub evə sürdürdüm. Yol boyu dillənmədik, pilləkəni çıxanda dedim:

- Sən qalx Xədicəni çağır, mən çay qoyum, xörək isidim.

Xədicə əsinə-əsinə gəlib divanda Taylanın böyründə büzüşdü. Süfrəyə yemək düzdüm, heç biri yaxın durmadı. Erkək sərçədən belə utanan Xədicə mənə baxıb ağlayırdı.

Nənəm deyərdi özgə danası bağlayanın çatısı əlində qalar – indi mən də bu zavallı Xədicənin qarşısında, böyük şəhərdə kimi-kimsənəsi olmayan Taylanın yanında qarışqa ağzından düşmüş darıdan da balacaydım. Bir dağar dəni beş dəyirmana daşıyan, hava qaralandan sonra qorxusundan bayıra tək çıxammayan birisi mənim bunca əziyyətimi yerə vurmuşdu, evimdə açdığım kiçicik insanlıq, sevgi, şəfqət məktəbini bağlayıb qapısından paslı qıfıl asmışdı, işığımı söndürüb həm aldığım, həm də verdiyim dərsləri zülmətə qərq eləmişdi. Yeddi il leylək yuvasında qalandan sonra yerə düşüb göyərən çayır toxumundan əmələ gəlmiş biri mənim xırdaca gülüstanımın fidanlarına sarmaşıb onları vaxtsız qurutmuşdu, dərisi it bazarında da pula getməyən biri mənim cəmdəyimlə yer süpürüb sadır silmişdi.

Onların qənşərinə yeriyib dirəşdim:

- Xədicə, söylə görüm Həmid sənə nə deyib?

Yazıq qız içini ət tutmuş, yalnız didələri işıldayan xırdaca gözlərini üzümə zilləyib durdu. Mənim titrədiyimi görəndə daha da bərkdən ağlamağa başladı. Belə hallara düşəndə heç kim onun dediyini anışdıra bilməzdi, ancaq mən qızın ağzından çıxan sözləri çətinliklə də olsa seçib bir-birindən ayıra bildim.

Xədicənin gözlərinin suyu dodaqlarının arasından yol tapıb ağzına axırdı:

- Həmid mənə dedi ki, Bircə səndən iyrənir, utanır üzünə vurmağa.

Nənəm belə yerdə deyərdi: “İnsansan sözə döz, kababsan közə döz...”

Xədicəni qucaqlayıb bağrıma basdım, üz-gözünün yaşını, tərini silib onu süfrə qırağına oturtdum:

- Siz yeməyinizi yeyin, - dedim, - indi mən onun toyunu tutacam.

Bayaqdan özünü daşa-divara çırpan telefonumu götürdüm – on altı cavabsız zəngim vardı. Növbəti zəng gəlcək düyməni basdım. Həmid o başda yaxa yırtıb saç yolurdu:

- Hardasan, telefonu niyə açmırsan?

- Sənə kim ixtiyar verib evimin adamlarını məndən qorğanırsan, hərəsinə mənim dilimdən bir yalan deyirsən?

Həmid tezcə tülkü maskasını geydi, bilirdim ki, nəsə uydurmaq üçün vaxt qazanmaq istəyir:

- Adam kimi danış görüm nə deyirsən.

- Sən kimsən axı Xədicəyə, Taylana mənim yanıma gəlməyi qadağan eləyirsən?

- Mənim nə işimə qalıb, istəyirsən lap türemşikləri gətir saxla evində. Mən onların üzünü ancaq sizdə görürəm.

- Ay yaramaz, sənin nə borcuna qalıb mənim evimə kim gəlir, divanımda kim oturur, hamamımda kim çimir, hə?!

- Mərifətli danış, kimlə danışdığına fikir ver.

- Paho, kimsən ki sən! Qəcələ, dəhdülüm, kitab tanımayan, insanlıqdan xəbəri olmayan avaragor! Çörəyi dizinin üstündə, dargöz, tikəsi çıxanda canı çıxan, puldan ötrü hər yola düşməyə hazır olan tamahkar, xəbis, qorxaq!

Layiq olduğu sözləri orden-medal kimi onun yaxasından asandan sonra telefonu qapadım.

Qonaqlarımın üzü gülürdü. Üçlükdə şam elədik. Həmidin aramsız zənglərinə cavab vermədim, arvadının telefonundan yazdığı mesajı da oxumadan yıxılıb yatdım.

Taylanı evlərinə yola salanacan işə taksiylə getdim, Doneşin üzünə nə telefon, nə də qapı açmadım.

***

On gün sonra arvadı, qızı yanında yenə qapımızı kəsdirdi.

Doğrusu, mən bu ailənin fəlsəfəsini heç cür anlaya bilmirdim. Dayaz olsa da mehriban, gözəl-göyçək Şəfa ərini bilmərrə qısqanmırdı, onun harda, kimlə olduğuyla maraqlanmırdı, Həmidin arvad-arvad danışmağından əsla iyrənib ürpənmirdi. Bunların səbəbini sonralar öyrəndim ki, yeri-məqamı gələndə nağıl eləyəcəm...

Ləyənlərdəki gilas mürəbbəsini, eyvandakı ocağın üstündə qaynayan kompot bankalarını, divan-kreslonun üzünə çəkdiyim yeni örtükləri, masaya sərdiyim təzə süfrəni görəndə elə bil adamı gənə dişlədi, mısmırığını sallayıb dedi:

- Deyəsən qonağın olacaq.

- Yox, heç kimi istəmirəm bu istidə.

Şəfa ucadan güldü:

- Məni də istəmirsən?

- Neylək sən gəl, - candərdi dedim, - amma pis adamlar gəlməsin.

Həmid bizdə olmadığı müddətdə evə aldığım əşyalara, gördüyüm qış tədarükünə baxıb arvadıyla qovğaya qalxdı:

- Bax bunlara, yaxşı bax! Evimizin cındırından cin ürkür. Sən öz qazancını da, mənimkini də salonlarda qoyursan. Qab-qacaqdan da hərəmizin bir dənə alabəzək çay fincanımız var.

Təzə süfrəmin krujevalarını sığallayıb yenə arvadının üstünə getdi:

- Ümumiyyətlə bizim evdə süfrə var?

- Süfrəni neylirsən, nə vaxt qızımı ərə verərəm, onda alaram, - deyib Şəfa cingiltiylə güldü.

- Bax Bircənin pərdələrinə, qablarına, yaxşı-yaxşı bax. Mən bu stolun üstündə dörd-beş cür süfrə görmüşəm, bəs sən heç olmasa bir dəfə evinə süfrə almısan? Bizə bir qonaq gəlsə çay verməyə stəkanımız da yoxdu.

- Bizim evə qonaq gəlir ki?

- Bacılarım gəlirlər.

- Guya bacıların evə baxandılar?

- Heç olmasa Bircədən biş-düş öyrən.

- Özün öyrən, mənə lazım deyil. Onsuz da ət xörəklərini sən bişirirsən.

Arvadıyla xeyli boğuşandan sonra Həmid heç nə olmamış kimi məni yanladı:

- Biz hazır gəlmişik, səni də götürüb dənizə gedəcəyik.

- Mənə gün altında durmaq olmaz, həm də gedəsi yerim var.

- Saxla sonraya, qoşul bizə gedək.

- Dedim olmaz, vacib işdi.

Arvadı da, qızı da, özü də çox minnət elədilər, getmədim. Onlar evdən çıxan kimi qapını möhkəm bağladım, telefonları söndürüb ən qaranlıq otağıma çəkildim. Artıq həm bu adamlardan, həm özümdən iyrənirdim, boş söhbətlər, mənasız çəkişmələr, həyatımın kitabsız-dəftərsiz üzü məni bezikdirmişdi. Başıma ələnən qarı, kürəyimi pörşələyən qır qazanını kimsə görmürdü. Adamların qarışqa kimi qaynaşdığı şəhərdə ürəyimin bir qarışqa qanadı boyda yelkəni, qarışqa ayağı boyda dirəyi yoxuydu.

Nənəmin bir müşkülü olanda deyirdi: özüm özümə elədim, külü gözümə elədim. İndi mən də göyə sovurduğum külün altında qalmışdım, həyatın min bir rəngini, dadını, qoxusunu unutmuşdum. Aləm gözümə kül rəngində görünürdü, hər şey kül dadırdı, kül qoxuyurdu.

***

Hara, nəyə əl atdımsa əllərim boşa çıxdı. Axırda yenə Sabir gəldi ağlıma, təskinlik borc almaq üçün ona zəng vurdum:

- Hardasan, səni görmək istəyirəm.

- Evinə yaxın yerdən keçirəm, dostumun anası ölüb, onun yasına gəlmişdim. Xeyir ola, bəlkə yumşalmısan, mənim təklifimə müsbət cavabın var?

- Eeey, sən də ancaq öz başının hayındasan. Kölgəlik bir yerdə dayan gəlirəm.

Əynimi dəyişib qaçaraq özümü Sabirə yetirdim. Aralıdan məni görcək dilləndi:

- Ətəyi dolu adama oxşayırsan.

Elə bildim Səməndərin yazılarına işarə vurur:

- Uzaqlardan hələ bir xəbər yoxdu, - dedim.

- Nə günah eləmisən?

Sabirin qəfil solaxay sualından pörtüb qızardım, gözlərimi ondan gizləməyə çalışdım:

- Heç bir günah eləməmişəm.

- Bəs niyə səsin batıb, həmişəki adama oxşamırsan? Səni incidən varsa denən yarınkı qəzetəmdə onu rüsvayi-cahan eləyim.

Sabirin qəzet söhbəti, düzü, məni qorxutdu, nə illah elədisə ürəyimdə tutduğumun heç birini ona söyləyəmmədim. Düşdüyüm axmaq vəziyyəti dostuma yerli-yataqlı izah eləməyə gücüm çatmadı. Yarımçıq izahın da, heç şübhəsiz, bir faydası olmayacaqdı, tay da əziz dostumun könlünü bulandırıb onun mənə bəslədiyi dərin etimadın kökünü zədələyəcəkdim.

Ordan-burdan xeyli danışdıq, ayrılanda Sabir yenə yaxamı buraxmadı:

- Xanım qız, halın özündə deyil. Üzbəüz deyə bilmirsənsə telefonum iyirmi dörd saat açıqdı, istədiyin vaxt nömrəmi yığıb dərdini danışa bilərsən. Bəlkə vurulmusan, ya dövlətin pulunu qumarda uduzmusan? Hər nədisə çəkinmə de, əlimdən gələni eləməyə hazıram.

- Düz bilmisən, qumarda uduzmuşam, - deyib onunla sağollaşdım.

Sabir gedəndən sonra yenə quluzuma düşdüm. Artıq iş yoldaşlarım da məndəki dəyişikliyi duymuşdular; saatlarla özümə qapanmağım, iştahdan kəsilməyim, hamıdan gizlənməyə çalışmağım onların da rahatlığına zəhər qatmışdı. Hər dərdini-sirrini mənlə bölüşən xanımların biriylə danışıb ürəyimin tozunu-qurumunu ala bilərdim, di gəl, özümə də, başqalarına da güvəncim qalmamışdı, adamlardan qorxurdum, hamıya potensial xain, casus, xəfiyyə kimi baxırdım. Nə özümə sevgim vardı, nə özgələrə.

Gecələr Ağabəy həkimin şəklini qarşıma qoyub ağlayırdım. Tez-tez zəng vuran Lalə səsimdən halımı tuturdu. Nə qədər yalvarırdısa ona da dərdimi demirdim, əhvalımın pisliyini Cavidin uzaqda olmağına bağlayıb yaxamı bacımın əlindən alırdım...

# 10988 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #