Masonların sirrini açan bəstəkarın sirli ölümü

Masonların sirrini açan bəstəkarın sirli ölümü
28 mart 2020
# 09:00

Kulis.az “Həyatı film olanlar” layihəsində Volfqanq Amadey Motsart (1756-1791) haqda çəkilmiş “Amadey” bədii filmini təqdim edir.

Miloş Formanın 1984-cü ildə ekranlaşdırdığı “Amadey” britaniyalı dramaturq Piter Şefferin eyniadlı pyesi əsasında lentə alınıb. Şefferin pyesi Motsart və Antonio Salyerinin münasibətlərinin sərbəst yozumuna əsaslanır. Eyni zamanda müəllif Puşkinin “Motsart və Salyeri”, Nikolay Rimski-Korsakovun eyniadlı operasından təsirlənib.

Gallery

Film Salyerinin (F.Myurrey Abraham) uğursuz intihar cəhdi ilə açılır və o, Motsartı (Tom Hals) öldürdüyünü deyir. Bundan sonra bəstəkar ruhi xəstəxanaya yerləşdirilir. Gənc rahib bəstəkarın yanına gedir və Salyeri ona öz həyat hekayəsini danışır...

Vyanada saray bəstəkarı statusu alan Salyeri imperator ikinci İosiflə (Ceffri Cons) musiqi sahəsində məşğul olur. O, tanrıya yaxşı bəstəkar olmaq üçün dua etsə də, gənc Motsartın istedadının kölgəsində qalır. İnanclı katolik olan Salyeri heç cürə anlaya bilmir ki, nədən Tanrı onu yox, məhz kobud, yüngül Mostartı böyük istedadla mükafatlandırıb. Salyeriyə elə gəlir ki, tanrı onun ortabablığına istehza edərək ilahi musiqi bacarığını məhz Motsarta verir. O, tanrıdan üz döndərir və Motsartı cəzalandırmağı qərara alır.

Onun içkiyə düşkünlüyündən səhhəti, ailəsində münasibətləri pisləşir. Salyeri Motsarta “Rekviyem” sifariş verir və onu öldürərək əsəri öz adına çıxarmaq və onu öz adından Motsartın dəfnində səsləndirmək istəyir. Ancaq ertəsi gün arvadı Konstansiya gəlir? (Elizabet Berridc) Salyeridən getməyi tələb edir və əsəri gizlədir. Onların mübahisəsi zamanı isə artıq Motsart keçinmiş olur...

Gallery


8 Oskara layiq görülən “Amadey”in əsas mövzusu sənətkar paxıllığıdır. Müəllif istedadsızlıqla, ortabablıqla dahilik, istedad arasında mübarizəni vurğulayır, bu kontekstdə insan təbiətini araşdırır. Final səhnəsində Salyeri özünü “ortabab” adlandırır, ruhi xəstələrin yanından keçəndə hər yerin ortabablarla, sıradan olanlara dolu olduğunu deyir. Fonda isə Motsartın istehza qarışıq şən gülüşü səslənir. Bunu Tanrının gülüşü kimi də yozmaq olar.

Forman digər xətlərlə də süjeti zənginləşdirir. Özəlliklə bəzi epizodlarda ikinci İosiflə Motsartın mübahisəsini əbədi olan başqa bir məsələyə yönəldir: sənətkar və senzura, sənətkar və siyasi hakimiyyət.

Motsart ziddiyyətli şəxsiyyət kimi verilir. Yüngül davranışına rəğmən o, İosiflə əsərlərinin hər parçasına görə cəsarətlə mübahisə edir, mübarizə aparır. Bir epizodda İosif ona “Fiqaronun toyu” operasını yazmasını qadağan edir. Fransız dramaturqu Bomarşenin bu pyesi Vyanada sinfi mübarizənin kəskinləşdirdiyinə görə qadağan edilmişdi. Motsart siyasi motivi çıxardığını, süjetin sevgi üzərində qurulduğunu deyərək operasını senzuradan xilas edir.

Gallery

Bir epziodda isə bəstəkar qəsdən arxasını saray əyanlarına çevirərək tamaşaçılar qarşısında baş əyir.

“Amadey” filmi Mostartın əsərlərini anlamaq, duymaq baxımından da əla filmdir. Onun əsərlərindən parçaları rejissor məharətlə süjetlə uyğunlaşdırır, filmin dramaturji və emosional qatına bağlayır. Üstəlik, Salyerinin onun əsərlərinə verdiyi şərhlər də tamaşaçını bilgiləndirir.

Filmdə Motsartın atası, arvadı ilə münasibətləri də yer alır.

Ən kədərli səhnələrdən biri Motsartın dəfninə az adam gəlməsi və onu ümumi qəbirstanlıqda gərəksiz bir əşya kimi torpağa gömülməsidir. Reallıqda da onun dəfn mərasimi təmtəraqlı olmayıb. Motsartın dəfnini dostu və himayədarı mason lojasının üzvü baron Qotfird van Sviten təşkil edib. Məsələ ondadır ki, o zaman Vyananın əksər sakinlərinin cənazə mərasimi imperator İosifin islahatlarından sonra məhdud şərtlərə keçirilirdi, dəfnlər mərhumun ailəsinə maliyyə çətinliyi yaratmamalıydı. Həmin dövrdə ayrıca məzar yalnız ən varlılara ayrılırdı. Motsart isə 4-5 nəfərlə birlikdə bir qəbirdə basdırılıb. Üzərində qeyd olmadığından indiyədək məzarın yeri məlum deyil.

Gallery

Motsart 35 yaşında dünyasını dəyişib. Onun ölümünün səbəbləri haqda ehtimallar çoxdur və indiyədək bu, mübahisə predmetidir. Ehtimallar arasında qəsdən zəhərlənmə, xəstəlik və həkimin yanlış diaqnozu da yer alır.

Bəstəkarın bioqrafı Frans Nimeçekə görə, onun xəstəliyi Praqada olarkən, “Titonun mərhəməti”, operasının quruluşuna rəhbərlik edəndə başlayıb. Vyanaya qayıdandan sonra onun vəziyyəti pisləşib. Bununla belə o, “Rekviyem”i yazır, “Sehrli fleyta” operasının premyerasında dirijorluq edir.

Şahidlərin sözlərinə görə, Motsartın bədəni elə şişmişdi ki, o tərpənə bilmirdi. Bəzi həkimlər ona kəskin revmatik qızdırma diaqnozu qoymuşdu.

Professor terapevt Yefrem Lixtenşteyinin analizinə görə Motsart ürəyi, beyni zədələyən revmatik infeksiyadan ölüb və gərgin iş rejimi onun qan dövranının pozulmasına səbəb ola bilərdi.

Gallery

Bəzi ehtimallara görə Motsart zəhərlənmədən ölə bilərdi. Bunu 1791-ci ildə Berlində çıxan “Musikalisches Wochenblatt” qəzetinin müxbiri yazıb. Amma bu, təsdiqini tapmayıb.

Motsartın ölümündən 30 il sonra onun zəhərləyənin Salyeri olması haqda ehtimallar meydana çıxır. Bu, həmin dövr idi ki, Avropada məşhur olan bəstəkar psixi pozğunluqdan əziyyət çəkirdi və hospitalda son günlərini yaşayırdı. Salyerinin şagirdi İqnats Moşeles 1823-cü ildə onu yoluxur. Moşelesin arvadı sonralar ərinin dilindən bu haqda yazırdı:

“Bu kədərli görüş idi. O kabusa oxşayırdı və yaxınlaşan ölümü haqda bitməmiş cümlələrlə danışırdı. Sonda isə dedi ki, ölümcül xəstə olsam da, vicdanla deyirəm ki, bu absurd şayiələrə əsas yoxdur. Bilirsiz, söhbət nədən gedir. Guya Motsartı mən zəhərləmişəm. Bu, yalnız böhtandır. Əziz Moşeles, bütün dünyaya deyin ki, qoca Salyeri ölüm ayağnda sizə bunu dedi”.

Gallery

Ancaq bir neçə il sonra Leypsiqdə yayımlanan “Allgemeine Musikalische Zeitung” yazırdı ki, Salyeri xəstə fantaziyaları ilə onun Motsartın ölümünə görə məsuliyyət daşıdığını təsdiqləyir. Yenə həmin qəzetdə Salyeri haqda nekroloq çıxır və orada yazılırdı ki, o, özünü ölümcül yaralamışdı və ağlagəlməz cinayətlərdə özünü günahkar bilirdi”. Amma bu cinayətlər arasında Motsartın zəhərlənməsi məsələsi hallanmır. Bununla belə, indiyədək Salyerinin Motsartı zəhərləməsi haqda etirafları yoxdur. Salyerini müalicə edən həkim Rerikin sözlərinə görə, onun yanında olan sanitarlar və digərləri bəstəkardan bu haqda nəsə eşitməyiblər.

Ümumiyyətlə isə, Motsartın Salyeri tərəfindən öldürülməsi hekayəsi Puşkinin “Motsart və Salyeri” (1831) faciəsindən qaynaqlanır. Əvvəlcə, Puşkinin əsəri “Həsəd” adlanırdı. Puşkinin personajları öz protiplərindən uzaq olsa da, onun avtoriteti nəticəsində bədii faktlar reallıqdan daha çox tanındı. Musiqiçilərin fikrincə, məhz Puşkinin əsəri bu hekayənin yayılmasında mühüm rol oynadı.

Gallery


Maraqlı ehtimallardan biri də Motsartın masonlar tərəfindən zəhərlənməsidir. Bu haqda ilk dəfə alman şairi və filosofu Georq Fridrix Daumer irəli sürüb. “Sehrli fleyta” operasında masonların simvolundan istifadə olunub və burada xrsitinalıqla masonluq qarşıdurması təsvir olunub. Bəstəkar və atası mason lojasıın üzvü olublar. Ancaq bəzi fikirlərə görə Motsart masonçuluğa inanmırdı. O, bu barədə düşüncələrini musiqiçi Anton Ştadlerlə bölüşür və öz mason cəmiyyətini yaratmaq istədiyni deyir. Deyilənə görə, Ştadler bu haqda masonları xəbərdar edir və onlar musiqçiyə Motsartı zəhərləmək tapşırığı verir. Versiyanın tərəfdarları, cinayəti gizləmək məqsədilə Motsartın ümumi qəbrstanlıqda dəfn oldunduğu qənaətindədirlər. 1910-cu ildə bu ehtimal German Alvardtın kitabında da yer alır və Motsartı öldürən masonların arxasında yəhudilərin dayandığını yazır. Versiyalara görə, Motsart atasının təzyiqi ilə mason olmuşdu. Və “Sehrli fleyta” da masonların ordenin sirlərini açmaqla Motsart özünü ölümə məhkum etmişdi. “Rekviyem”i də masonlar sifariş verərək, onu qurban seçdiklərini bildiriblər.

Amma bunu absurd hesab edənlər də var. Çünki “Sehrli fleyta”da masonçuluğun ideyaları əksini tapıb. Vyana masonları onun yeni operasına heyran idilər və hətta ona mason kanatası sfariş vermişdilər. Üstəlik, “Sehrli fleyta”nın liberettosunun müəllifi Emanuel Şikander da mason idi və sağ qalmışdı. Bu isə Motsartın masonlar tərəfindən zəhərlənməsi versiyasını inkar edir.

# 4783 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #