Ölümə qədər heç kim özünə xoşbəxt deməsin

Ölümə qədər heç kim özünə xoşbəxt deməsin
31 oktyabr 2012
# 17:49
İnsan son gününü gözləməlidir hər zaman
Xoşbəxt deməyək ona ölmədən
Cənazəsi qaldırılmadan (Ovidi )


Krezin bu haqda məşhur bir hekayəsi var. Fars kralı onu edama məhkum edir. O da edam taxtasına gedə-gedə “Ah Solon, Ah Solon” deyə qışqırırmış. Bu sözünü krala çatdırıblar. Kral ondan niyə bu cür dediyini soruşub. O da Solonun verdiyi bir öyüdü söyləyib krala: “Tale sənə nə qədər xoş üz göstərirsə göstərsin, ömrün son günü gəlmədən insan özünü xoşbəxt saymamalıdır. Çünki insan həyatı qeyri-müəyyən və dəyişkəndir, kiçik bir hərəkətə görə bir vəziyyətdən başqa bir vəziyyətə keçir”.


Makedoniyalı İsgəndərdən sonrakı Makedoniya krallarının dülgərlik, bağbanlıq etməsini, Siciliya qoçularının dayəliklə dolanmasını tarix unutmayıb. Dünyanın yarısını fəth etmiş, böyük orduların komandanı olmuş imperator Misir kralının nökərlərinə yalvarırdı. Qoca Pompey altı-yeddi ay az yaşasaydı, bu günə düşməzdi.

Bizim babalarımızın vaxtında bütün İtaliyanı qorxusu ilə titrədən Milan hersoqu zindanda öldü. Ən pisi də odur ki, o bu zindanda düz on il qalmışdı. Xristian dünyasının ən böyük kralının xanımı, dünyanın ən gözəl kraliçası Mariya Stüart bu yaxınlarda cəllad əlində ölmədimi? Minlərlə nümunə var tarixdə.

Tale sanki ömrümüzün son gününü gözləyir, uzun illər boyu yaratdığını bir anda dağıtmaq üçün. O bizi Laber kimi hayqırtmaq istəyir: “Lazım olandan bir gün artıq yaşamışam”.

Solonun sözünü belə şərh etmək olar: ömrümüzün xoşbəxtliyi, ruhun sükunətinə, beynin düzəninə bağlı olduğu üçün heç bir insan komediyanın son və şübhəsiz ki, ən çətin pərdəsini oynamadan əvvəl xoşbəxt adlana bilməz.

Son pərdədən əvvəl insan maska taxa, fəlsəfənin gözəl öyüdlərinə başqaları görsün deyə əməl edə bilər. Sarsıdıcı hadisələrlə qarşılaşmadığımız üçün həmişə rahat qala bilərik. Amma ölüm qarşısında son rolumuzda yamsılamaq mümkün deyil, o zaman ana dilimizdə danışmaq, dağarcığımızda yaxşı-pis nə varsa onları ortalığa tökmək lazımdır.


Bax, o zaman ürəkdən tökülər sözlər
Maska düşər, üz qalar ortada. (Lukretsi)

Buna görə də həyatımızın bütün hadisələri son məhək daşına vurulmalıdır. Əsl gün o gündür, bütün başqa günləri mühakimə edən gün odur. “Bütün illərin hesabı o gün verilməlidir”,- deyir qədim bir müdrik. Mən də yazdığım əsəri sınamağı ölümə tapşırıram. O zaman görəcəksiniz düşüncələrimin ağzımdan, yoxsa ürəyimdən çıxdığını…

Tərcümə: Qan Turalı
# 2390 dəfə oxunub

Oxşar xəbərlər

Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

15:00 18 sentyabr 2026
“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər