Dost evinə həyat yoldaşlarını deyil, sevgililərini aparanlar

Dost evinə həyat yoldaşlarını deyil, sevgililərini aparanlar
14 mart 2020
# 09:00

Kulis.az “Ad günü” filmi haqda məqaləni təqdim edir.

1977-ci ildə premyerası baş tutan “Ad günü” filmi Rüstəm İbrahimbəyovun “Ezamiyyətdə” və “Ad günü” hekayələri əsasında ekranlaşdırılıb. “Ad günü” hekayəsinin qəhrəmanı Bahadır (filmdə adı Əlidir) rəngsazdır. Bahadır yetkinlik vaxtında dostları ilə münasibətdə bir növ identifikasiya problemi yaşayır. Onun dostlarının hamısı ali təhsillidir, Əlinin isə müəyyən səbəblərdən buna imkanı olmayıb. Ali təhsilli olmaması, nitq mədəniyyəti sarıdan qüsurları üzündən xoşuna gələn savadlı qızlar ondan qaçır, dostları onunla az görüşür. Bununla belə o, özünə yaxşı gün-güzəran qurmağı bacarır, yaxşı yerdə mənzil, bahalı mebellər alır, üstəlik, ali təhsilli qızla evlənir. Milliyətcə erməni olan arvadı Anya isə rus dili müəllimi olur. Filmdə isə o, azərbaycanlıdır-Rəna rolunu Şükufə Yusupova ifa edir. Oğlunun ad günü ona bəhanə verir ki, dostları ziyafətə gəlsin və onun yaxşı güzəranını görsünlər. Hekayədə Bahadırın ailəsi, atası, bacıları haqda da geniş danışılır. Maraqlı bir məqam var. Bahadırın böyük bacısı bir az sərbəst, azad həyat tərzi keçirir. Gənc qızın həyat tərzi Bahadırın dostu Faiq tərəfindən narazılıqla qarşılanır və ona ailəsinin namusunu qorumağı tövsiyə edir. Bahadırın isə bacısına acığı tutmur, düşünür ki, müharibə vaxtı əziyyət çəkən bacısı da bir gün görməliydi ya yox. Onun da istədiyi kimi yaşamaq, həyatdan zövq almaq haqqı var.

Gallery

Digər hekayə ”Ezamiyyətdə”nin əsas qəhrəman neftçi-mühəndis Altaydır və o, ezamiyyətə Moskvaya gedir. Filmdə isə adı Mustafadır (Hacı İsmayılov), o, coğrafiya müəllimidir və Bakıya konfransa iştirak etmək üçün gəlir. Altay elmi işi ilə bağlı Moskvaya gedir və təsadüfən Nina adlı qatar bələdçisi ilə tanış olur. Ninayla münasibət qurmaq istəsə də, alınmır. Nina obrazı filmdə Fəirdə (Şəfiqə Məmmədova) adı ilə əvəzlənir. Hekayəyə müəyyən korrektələr olunsa da, əksər epizodlar saxlanılıb. Bir məqamı deyim ki, filmdə Mustafa ilə Fəridənin münasibətinin davamlılığı dramaturji baxımdan özünü doğrultmur. Vaxtilə Bakıda təhsil alan Mustafanın Fəridədən onu şəhərlə tanış etdirməsini istəməsi məntiqsizdir. Hekaydə isə o, təsadüfən Ninanın corabını mürəkkəbə batırdığı və yenisini almaq üçün onunla görüş təyin edir. Əslində filmdə də Mustafa Fəridənin üzərinə mürəkkəbi dağıdır. Amma münasibətlər Mustafanın qadına onu şəhəri göstərməsi xahişi ilə davam edir.

Filmdə hər iki hekayənin qəhrəmanı Bahadır (Əli) və Altay (Mustafa) ilk və son epizodda qarşılaşır. İlk qarşılaşmada eyni məkanda olsalar da onları rejissor tanış eləmir. Mustafa və digərlərini bələdçi briqadir (Muxtar Manıyev) yeni tikililərlə tanış edir. Və Əli həmin tikilidə işləyən fəhlə kimi görünür.

Gallery

Beləliklə, Rasim Ocaqovun lentə aldığı “Ad günü” filmində əhvalat iki paralel xətt üzərində qurulur: Əlinin oğlunun ad günü hazırlıqları görməsi və Bakıya konfransa gələn Mustafanın macəraları. Əsas ideya müasirləşən, sənayeləşən, öz ritmi olan şəhərdə sakinlərin yadlaşma məsələsidir. Ümumiyyətlə, Rüstəm İbrahimbəyovun yaradıcılığında özgələşmə diskursu aktualdır. Mustafanın qohumu Nazim (Fuad Poladov) o qədər özüylə məşğuldur ki, onu Mustafanın fikirləri, yaşantıları maraqlandırmır. Bu özgələşmə, etinasızlıq münasibəti Nazimin modern interyerli, geniş mənzilində daha dəqiq ifadə olunur. Nazim Mustafanın dediklərinə əhəmiyyətsiz yanaşır, onu yeni evi, şəraiti maraqlandırır.

Əli dostlarını ziyafətə dəvət etmək üçün köhnə məhəlləyə gedəndə soyuq, etinasız qarşılanır. Üstəlik, Əlinin xahişini nəzərə almadan dostlar ziyafətə həyat yoldaşlarını yox, sevgililərini gətirirlər. Əldən düşüb yorulan Əli yatanda isə, onu xatırlamadan əylənirlər. Əslində Əli də səmimi deyil. Onu oğlunun yaşından, arzusundan çox, evini dostlarına göstərərək qürrələnməyi qayğılandırır. Bu, həm də autsayder vəziyyətində qalmış personajın öz eqosunu qabartmaq cəhdidir.

Elə rakurslar seçilib ki, hər iki qəhrəman dostları, kütlə içində tək göstərilir. Mustafanın Fəridəni gözləməsi epizodunda, yeniləşən şəhərin görüntüsü fonunda onun portret planı təsvir olunur. Və ya oturacaqda məyus oturması ilə ön planda harasa tələsən adamların görüntüsü onun təkliyinə vurğudur. Yaxud ad günündə əylənən qonaqlarla yorulub yatmış Əlinin təsviri paralel montajda verilir. Ümumiyyətlə isə, iki fərqli xətt arasında emosional bağlılıq montajla uğurlu həll olunub.

Gallery

Fəridənin peşəsində və xarakterindən dolayı formalaşan maskulinliyini, kobudluğunu Şəfiqə Məmmədova dəqiq ştrixlərlə oynayır. Hacı İsmayılovun fakturası Mustafanın mağmın, aciz obrazına uyğundur.

Rasim Ocaqov Mustafa roluna bir çox filmdə ikinci rejissor işləmiş Akif Rüstəmovu çəkmək istəyib. Sonra təsadüfən kinostudiyanın yeməkxanasında Hacı İsmayılovu görəndə, fikrini dəyişərək onu çəkib. Mustafa Hacı İsmayılovun kinoaktyor kimi ilk işidir.

Əli rolunun ifaçısı, gürcü aktyoru David Uplisaşvilini Rasim Ocaqov Gürcüstanda olarkən, tamaşada görüb və bəyənib.

Final səhnəsində qarmonu Avtandil İsrafilov ifa edir. Rejissor səhnənin çəkilişlərinə A. İsrafilovu dəvət edir, o, gürcü aktyora qarmondan necə ifa edildiyini göstərir. Epziod bir neçə dubla çəkilir.

Bazar səhnələri koloritli, təbii alınıb. Bu səhnələr “Təzə bazar”da çəkilib. Təbiiliyi təmin etmək üçün epizod gizli çəkilib (operator Zaur Məhərrəmov). Ümumiyyətlə, Əlinin ət aldığı səhnədən başqa hamısı - meyvələrdən dadması, tərəvəzlərlə maraqlanması və s. bazardakı satıcılardan xəbərsiz çəkilmişdi. Ət səhnəsində isə satıcının çəkilişdən xəbəri var idi.

Yeri gəlmişkən, bazar səhnəsi Moskvanın Mərkəzi televiziyasının Bədii Şurasında qəbul edilməmişdi. Çünki o vaxt sovetlərdə yağ, ət talonla satılırdı. Bazarda isə bolluq nümayiş olunurdu. Onların fikrincə, bu səhnə qıtlıqla üzləşən sovet adamlarına pis təsir edə bilərdi. Bununla belə rejissorun təkidi sayəsində bazar səhnəsi saxlanılır. Ancaq Azərbaycandan fərqli olaraq, Mərkəzi televiziyada filmin nümayişi vaxtı həmin epizod çıxarılır.

Gallery

Əli və Fəridənin ev səhnələri kinostudiyada çəkilib (rəssam Kamil Nəcəfzadə). Əlinin bazarlıqdan qayıdarkən pilləkənlərlə evə qalxdığı səhnə isə gerçək interyerdə lentə alınıb.

Ziyafət səhnəsində sağlıq deyən Səməndər Rzayev rejissordan həqiqi sampan şərabının olmasını istəyib. R.Ocaqov buna etraz etməyib.

“Ad günü” filminə 1979-cu ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalında birinci mükafat, 1978-ci Azərbaycan dövlət mükafatı, bir il sonra Berlində ADR televiziyasının diplomu verilib.

Filmin sseanri müəllifi Rüstəm İbrahimbəyov, bəstəkarı Emin Sabitoğludur.


Yazıda bəzi faktlar Ulduzə Qaraqızının “Azərbaycan filmlərinin yaranma tarixindən” kitabından götürülüb.

# 20692 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
# # #