Peyğəmbər evinə bənzəyən çayxana

Peyğəmbər evinə bənzəyən çayxana
14 fevral 2020
# 11:29

Peyğəmbərin Mədinədəki evinə bədəvi ərəblər gələr, qışqır-bağır salardılar. Kimi sual verər, kimi narazılıq edər, kimi eləcə rəsuli-əkrəmi görmək istəyərdi. Bu bədəvilərin heç biri cavabsız getməzdi, hərə öz başa düşdüyü dildə, məntiqdə cavabını alar, iman gətirərdi.

Şərif Ağayarın “Arıların səssizliyi” hekayəsində qaçqın qəsəbəsindəki çayxana, peyğəmbərin Mədinədəki evinə oxşayır. Bu çayxanada çox sualların cavabı var. Şərif yuxarıdakı bənzətməni təkcə çayxananın görünüşünə görə yazmayıb, oradakı insanların bədəvi xarakterlərini göstərməklə, yazıçı oxşarlığı tamamlayır oxucunu tarixə səyahətə çıxarır.

Bu çayxanada da toplumun dərin qatlardakı problemləri gün işığına çıxır, hamı öz payını alır.

İnsan oğlu hekayə yazandan bəri fərqli əsərlər ortaya çıxıb. Hekayələr var ki, oxucudan hazırlıq tələb edir. Hekayənin enerjisini özündə hiss etmək üçün, toxunduğu mətləblərdən hali olmalısan. Bu əsər də o qəbildəndir. Tarix, həqiqət, müharibə və insanın iç dünyası haqda bilgilərə sahib olmasan, yazıçının ağrısını lazımınca hiss edə bilməzsən.

“Arıların səssizliyi” hekayəsini oxuyarkən istər-istəməz Mixael Hanekenin 2009-cu ildə ərsəyə gətirdiyi “Ağ lent” filmi yada düşür. Bu film müharibəni silahsız, atışmasız anladan dünya film incilərindəndir. Filmdə rejissor müharibənin insanların elementar arzularını puç edən, onların indiyə kimi vərdiş etdikləri və bu üzdən haqqında çox düşünmədikləri, lakin məna etibarı çox böyük olan gündəlik yaşamlarını necə məhv etdiyini ustalıqla göstərir. Minlərlə insanın yarımçıq qalan sevgiləri tamaşaçıya vizual dildə aşılanır.

Amma bunu nəsrdə etmək daha böyük ustalıq və ürək tələb edir. Əgər bu filmdə əsas məsələ iki sevən gəncin müharibə ucbatından baş tutmayan taleyidirsə, Şərifin hekayəsində mətləb, mənə elə gəlir, daha böyük, işğal ərazisində qalmış “arıların” taleyinə qəhrəmanın biganə olmaması, onlara görə dəli olmasıdır. Bu, insanlığın daha böyük təzahürü və əzəmətidir.

Hekayədə düyünün açıldığı məqam:

“Təbəssümlə xeyli baxdı, baxdı, qəfil şəhadət barmağını dodaqlarına söykəyib sakit ol işarə verdi:

“Şşş! Arıların səsi gəlir.”

Şərif bu hekayədə mentalitetimizə üsyan edib, bizə qəhrəmanı sevdirə bilib. Hekayədə qızının yeznəsi ilə səhvən də olsa yatmasını və bu hadisəyə görə Mədət kişinin el içində hörmətini itirməsini görürük. Və yazıçı burdan “U dönüşü” edərək bəşəri hisslərə, duyğulara dönür və qəhrəmanını sənin ən əziz adamına çevirir. Şərifin ədəbiyyatı kosmopolit deyil, kökünə bağlı, yeniliyə açıqdır.

“Arıların səssizliyi” hekayəsi fikrimcə çağdaş nəsrimizdə müharibəni bu cür qansız-qadasız, amma şiddətli ağrı fonunda anladan ən gözəl nümunədir.

Şərifin mətnləri xəstəlik kimi adamın iç dünyasına yayılır, artır, mutasiya edir, adamı bədii yazıya yoluxdurur. Odur ki, mətndən qopmaq olmur, oxucunu acgözə çevirir. Mənə elə gəlir ki, Şərif yalnız yazmaqla özü bu “bəladan” xilas olur.

Son illərin bədii əsərlərin oxuyanda Şərif məndə “buzqıran” gəmi təsəvvürü yaradır. Gənclik onun geniş sinəsinin açdığı yolla daha rahat irəliləmək şansı qazanır. Ona tutulan iradı vaxtilə Markesə də tuturdular. Deyirdilər ki, sən ancaq Amerika adamının problemini, həyat tərzini, tənhalığını yazırsan. Sonra nə oldu? Markes dünyada ən oxunan və sevilən yazıçıya çevrildi.

Eyni iradları Şərifə bildirənlər onu bilməlidir ki, insan hər yerdə insandır, istər kənddə, istər şəhərdə. Əsas məsələ onun bəşəri probleminin bədii həll olunmasıdır.

Bəzən hekayələrdə qəhrəman özünü, iç dünyasını sərgiləmək üçün çox danışır, özünü yeyib tökür. Bu hekayədə isə yazıçı mətni gətirib elə bir dalana çıxarıb ki, qəhrəman danışmır, kiçik bir əl hərəkətilə özü, dünyası gün kimi aydınlığa çıxır. Biz onu tanıyırıq və sevirik:

“Mədət kişi duruxdu, zəndlə qızına tamaşa edəndə dodaqları əsdi, yenə ciblərini eşib quru çörək qırığı çıxartdı, barmaqlarının ucunda tutaraq and içmək istəyəndə Şəkurə onun qolundan yapışdı:

“İnanıram, ay dədə, inanıram, Vallah inanıram! Gəl gedək”.

Əsərin dili, ahəngi barədə çox danışmayacam, çünki Şərifin təhkiyəsini bilməyən yoxdur. O, bu üfüqdə incə, nazik qırmızı xətti o qədər gözəl bilir ki, bu haqda danışmaq yersiz olar. Bəzən adama elə gəlir ki, yazıçı istəsə də mətndə gedişatı dəyişə bilməz. Şərif Ağayarın mətnləri su kimi çuxurunu tapır.

Varqas Lyosa yaxşı deyib: “Çox vaxt yazıçılar nə etdiklərinin fərqinə varmırlar və bu zaman oxucular əsərin yaratdığı fərdi təəssürata görə çox güman ki, haqlı olurlar”.

# 3500 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #