Adsız adam - Simran Qədimdən hekayə

Adsız adam - Simran Qədimdən hekayə
30 yanvar 2020
# 16:27

Kulis.az Simran Qədimin “Adsız adam” hekayəsini təqdim edir.

Qoca hər dəfə ürəyindəki ağrılardan şikayətlənəndə həm qonşu, həm də həkim kimi köməyinə gəlirdim. Yenə belə olmuşdu, ona təcili özünü yoxlatdırmasını məsləhət görüb, bir-iki dərman yazdım. Getmək istəyəndə məni tutub saxladı. Qabağıma armudu stəkanda pürrəngi çay qoyub divanda uzandı, gözlərini bir nöqtəyə zillədi. Danışmaq istəyirdi, sadəcə danışaraq yüngülləşmək. Daha deyə bilmədim ki, psixoloq deyiləm, mənə ürəyini boşaldasan. Hərçənd beyinlə qəlb arasında bəlli bir əlaqə var. Tək-tənha yaşayan qocanı ünsiyyətdən məhrum etmək olmazdı. Bəlkə də, çənəsinin altına keçən adamlarla uzun-uzadı danışmaq, daha dəqiqi, onlara monoloq söyləməklə təsəlli tapırdı. Xoş əhvalla, ola da bilsin, özünü belə göstərməyə çalışaraq ordan-burdan danışmağa başladı. Sonra isə söhbətin səmtini dəyişib kəndlərindəki bir nəfərdən söz açdı:

- Mən sənə gör nə vaxtdan danışıram, lap uşaqlığımdan. Uşaqlıq xatirələri çox güclü olur. Bir də görürsən, səhər nə yediyin yadından çıxır, amma lap balacalıqda deyilən bir söz, ya danışılan bir hadisə yaddaşın dərinliklərində iz qoyur. Beyninə möhkəmcə qazılır – bir də heç vaxt çıxmayacaqmış kimi. Boş söz danışan deyiləm, gör yaşı yetmişi haqlamış bu qoca nə söyləyir. Deməli belə, bizim kənddə bir oğlan vardı. Adı... adını bilməsən də olar. İndi bunun nə önəmi var ki? Gəl ona şərti olaraq “Adsız” deyək.

Mən arabir başımı aşağı-yuxarı tərpədib dinməzcə qulaq asır, qoca isə sanki öz-özüylə danışırmış kimi, arxayın-arxayın sözünə davam edirdi:

- Adsız çox yaraşıqlı, boy-buxunlu bir uşaq idi. Ağıllı, bacarıqlı, zirək. Kasıb ailədə doğulmuşdu, amma çoxlarının gözü onu götürmürdü. Sənə bir sirr açım: insanlar üzə vurmaq istəməsələr də, ətrafdakıların puluna yox, məhz ağlına həsəd aparırlar. Təbii ki, bu ağlı görə bilənlərdən söhbət gedir. Adsız kənddə böyüyüb boya-başa çatmışdı, uşaqlığında maddi-mənəvi çox çətinliklər görüb. Atası adi kəndliydi, anası isə evdar qadın. Yoxsulluq içində ailə saxlamaq müşkül məsələdir, bilirsən. Bununla belə, evin tək övladı olan Adsızdan ötrü valideynləri əllərindən gələn heç nəyi əsirgəmirdilər. Adsız da pis oxumurdu dərslərini, ata-anasının ümidlərini doğrultmaqdan ötrü, necə deyərlər, dəridən-qabıqdan çıxırdı. Axı belə davam eləyə bilməzdi, böyüyüb bir mənsəb sahibi olmalı idi. İmkanlarına görə hamı onlara yuxarıdan aşağı baxırdı, bu ailəni, bu uşağı saya salan yox idi.

Zaman keçdi, vədə dolandı. Adsız məktəbi bitirib, universitetə daxil oldu. Tale üzünə gülmüşdü, ya da zəhmətinin məntiqi nəticəsini görürdü. Belə desək, daha düz olar. Bakıda təhsilini başa çatdırıb, müstəntiq kimi işə düzəldi. Adama qəribə gəlsə də, ta uşaqlıqdan diqqətdən kənar qalan Adsız, otuz yaşına çatanda artıq prokuror olmuşdu. Bu onun həyatda qazandığı çox böyük bir uğur idi. Vəzifəsi, nüfuzu və pulu vardı. Maşını, evi, bağı. Adsız çox şeylər əldə etmişdi. Heç vaxt ağlının ucundan belə keçirməyəcəyi qədər çox şeylər!

Amma bir məqamı da gərək unutmayasan: təkcə savadla, nailiyyət qazanmaqla iş bitmir. İnsanlığın çox şərtləri var. Səni “sən” eləyən xüsusiyyətlərindir. Ünsiyyətli, adamayovuşmaz, mərhəmətli, ya qəddar olmağın. Bəs bu xüsusiyyətlərin nisbəti necədir? Özünü ağıllamı idarə edirsən, ya səni xarakterlərin yönləndirir? Axı saysız xüsusiyyətlərin nisbətlərindən sonsuz fərqliliklərdə insan yaranır. Nə qədər ümumi çeşidləmələr olsa belə... Bax, indi mən sənə Adsızın bu yönündən danışacam. Onun necə biri olduğuna toxunmasam, yanlış təəssürat yaranar. Sənə onun insanlığından, xislətindən söhbət edəcəm, – qoca dərindən nəfəs alıb sözünə fasilə verdi. Bir neçə saniyə gözlərini dikdiyi nöqtədən ayırmadan dayandı, sonra isə sanki razılıq istəyirmiş kimi, sualedici nəzərlərlə üzümə baxdı.

- Danışın, danışın, qulağım sizdədir, - mən yenə başımı yellədib diqqətimin onda olduğunu bildirdim. Həm də özümdə maraq yaranmışdı artıq.

- Deməli, belə: Adsızda uşaqlıqdan müsbətlərlə yanaşı, mənfi cəhətlər də vardı, onda ikili xüsusiyyətlər gözə çarpırdı. Bu cür adamlara nə qədər desən, rast gələrsən. Bəzən çox sakit, fağır, bəzən də hədsiz kobud, dalaşqan idi. Çevrəsindəkilərlə ünsiyyəti sabit deyildi. Səmimi də ola bilərdi, ikiüzlü, riyakar da. Bir də baxırdın, Adsızın hansısa uşaqdan, ya xırda bir şeydən xoşu gəlmədi, başladı dava salmağa. Onun çılğın olduğunu deyirdilər, amma bu ayrı şeydir. Yaşa dolduqca onda qəddarlıq, amansızlıq kimi xüsusiyyətlər əmələ gəlməyə başladı. Onun içində heç özünün də baş aça bilmədiyi ikinci, üçüncü bir şəxs yaşayırdı elə bil. Hərdən hiss edirdin ki, normal olmağa çalışır, amma beyni çox tez dönürdü. İçindəki həmin o digər insanlar üzə çıxıb azdırırdılar onu. Şüurda daim qarmaqarışıq proseslər gedir, tək bircə xarakterimiz olsaydı, nə vardı ki?! Hərdən də, Adsız özünü heç nə olmamış kimi aparırdı. Uşaqlıqda bu, sadə hadisələrlə – evdə, dərsdə, həyətdə oynayan zaman ortaya çıxır. Amma böyüyəndə... həyata atılıb ciddi qərarlar verməli olursan, gərək taleyüklü məsələlərdə seçim edəsən. Səhv buraxmaqla ya öz həyatını korlayacaqsan, ya da başqalarının. Heç kəs isə geri dönüşü olmayan addımlar atmaq istəməz.

Bir yandan da, dəyişməyimizə bir səbəb olur. Həyat yolumuz, sosial durumumuz, çevrəmizdəki insanlar. Adsızın da başqalaşmasına səbəb vardı – pul! Maddi imkan, vəzifə onun gözlərini tutmuşdu. Daha heç kəsə məhəl qoymur, hamıya yuxarıdan aşağı baxırdı. Elə bilirdi ki, ona hər şey olar. Əvvəllər az-çox özüylə mübarizə aparırdısa, indi tamam dəyişmişdi. Daim özünü tərifləyib, hədsiz qürrələnirdi. Onda özünəvurğunluq, yekəxanalıq əmələ gəlmişdi.

Yaşı keçsə də, Adsız ailə qurmadı. Bu barədə heç fikirləşmirdi də. Yavaş-yavaş ətrafına yaltaq adamları toplayıb, zamanını ancaq eyş-işrətə xərclədi, içkiyə qurşanıb özünü tamam buraxdı. Gündəlik kef məclisləri onu reallıqdan ayırmışdı, ayaqları yerə dəymirdi artıq. Sanki ağlı başından çıxmışdı. Ondan yararlanmaq istəyənlər isə çox idi, hər fürsətdəcə başına dolanıb nəsə qoparmağa çalışırdılar. Adsız da sanki xoş bir yuxunun içindəydi. Gözü heç nəyi görmür, qulağı heç bir sözü eşitmək istəmirdi.

Pulun çoxluğu bəzən insani keyfiyyətləri, bəzən də mənfi cəhətləri qabardır. Adsızda ikinci hal idi. Əldə etdikləri onun qüsurlarının, çatışmazlıqlarının önə çıxmasına təkan vermişdi. Uşaqlıqdan şəxsiyyət kimi formalaşmadığından çox tez dəyişdi. Heç cür tapa bilmədi özünü. Əgər mənəvi zənginliyi olsaydı, pula belə asanca boyun əyməzdi. Axı adamın içi dolu olmayanda boşluğu pul, vəzifə, şöhrət kimi dəyərsiz şeylər tutur. Paralel aləmlərə düşüb ayrı bir varlığa çevrilirsən elə bil.

Adsızın ağlını başına yığan yox idi. Canıyananların hamısını özündən uzaqlaşdırmışdı, yoxsulluq içindəki yaxınlarıyla, qohum-əqrəbayla əlaqələri kəsmişdi. Həndəvərində təkcə yaltaqlar, ləyaqətsizlər, şərəfsizlər vardı. Üzdə gülüb, dalda ayağının altını qazanlar! Hə, bir dəfə belə bir hadisə oldu. Təfərrüatlar dəqiq bilinməsə də, bu haqda çox danışırlar...

...Adsızın yanına rayondan uşaqlıq dostu gəlir. Adsız onu pis qarşılamır, restoranda qonaq edib məclis qurur. Dostu onun uğurlarına çox sevindiyini deyir, amma Adsızın dəyişməsi də gözündən qaçmır.

Davranışlarından, söhbətlərindən çox şeylər tutur. Başa düşür ki, bu adam əvvəlki adam deyil. Adsız üzdə xoş qarşılasa da, köhnə dostunu hər fürsətdəcə aşağılayıb, atmacalarıyla alçaldır. Buna dözməyən dost ona dəyişdiyini, pulun, vəzifənin gözünü tutduğunu eyham vurur. Adsız bərk qəzəblənir, içki havasına özündən çıxıb qışqır-bağır salır, dostunu açıq-aşkar söyüb hədələyir... Həmin gecə qaranlıq bir küçədə dostun meyitini tapırlar. İşin üstü açılmır. Kimi-kimsəsi olmayan, kasıb oğlan idi, kim düşəcəkdi ki, cinayətin dalınca? Bəs bu işdə Adsızın əli vardımı? Sualın cavabı tapılmır. Bizim kənddə hələ də bu haqda söz-söhbətlər gedir. Adsızı cinayətdə ittiham edənlər də var, danışılanların sadəcə bir şayiə olduğunu deyənlər də...

Qoca yenə dərindən köks ötürüb, nəzərlərini bir nöqtəyə zillədi. Mən isə susurdum. Səbirsizliklə söhbətin mətləb üstə gələcəyini gözləyir, Adsızın hekayəsini onun mənə niyə danışdığını anlamağa çalışırdım. Axır, sanki yuxudan ayılıbmış kimi, qoca fikrindən aralanıb sözünə davam etdi:

- Adsız bu hadisədən sonra da həyatında heç nəyi dəyişmir. Yenə səhərdən-axşamacan kefdə-damaqda, öz bildiyi kimi yaşamağına davam edir. Tədricən işinin də başını buraxır. Ona elə gəlir ki, həmişə belə olacaq, həyat da, vəzifə də əbədidir. Amma belə deyilmiş. Az sonra onu işdən çıxarıb bayıra atırlar, yavaş-yavaş bütün əldə etdiklərini, qazandıqlarını itirməyə başlayır. Şirəyə yığılan “dost”lar da qısa zamandaca uzaqlaşırlar. Əgər qopara biləcəkləri bir şey yoxdursa, niyə də onun çevrəsində hərlənsinlər ki? Pul üstündə qurulan münasibətlər pulla bir yerdə də yox olmağa məhkumdur.

Adsız çox acınacaqlı bir duruma düşür. Axı uzun zaman davam edən yanlışlıqlar öz nəticəsini göstərməyə bilməzdi. İri qaya parçasına bir damcı su düşüb onu ikiyə bölür. Əslində isə qayanı parçalayan axırıncı damcı deyil, ondan əvvəlkilərdir. Adsız da ilk başda içindəki o səlis, düzgün insanla üzüyuxarı qalxmışdı. Sonra isə qazandığı uğurların “başgicəlləndirici” sehri qarşısında duruş gətirə bilmədi, yolunu azıb həmin o geri dönüşü olmayan addımları atdı.

Artıq onun yanında kimsə yoxdu, həyatda tamam tək qalmışdı. Əsas məqam da bundan sonra başlayır. Nə qədər istəsə də, uşaqlığındakı o saf günlərə dönmək mümkün deyildi. Zamanla özünü itirib batdıqca batır. Olan-qalan nəyi varsa, hamısını satıb xərcləyir, ticarətə girişib ağılsız risklər edir; aldadır, aldanır, başına min oyun gəlir. İçki düşkünlüyü, psixoloji sarsıntılar keçirməsi, səhhətinin korlanması da bir yandan. Adsız gözünü açanda görür ki, artıq səfil olub. Heç çörək almaq iqtidarında olmayan birinə çevrilib küçələrə düşür, saç-saqqalı uzanır, parklarda yatmağa başlayır. Bir sözlə, içki düşkünü zavallı bir səfil!..

Yaddaş elə şeydir ki, bəzən sahibinə zülm edib yaşamağa qoymur, keçmiş daim bizi geriyə boylanmağa vadar edir. Bu, səhvlərimizi görüb nəticə çıxarmaqdan ötrü yaxşıdır. Amma keçmişin adamın yaxasından yapışıb bataqlığa çəkdiyi hallar da olur: “Sən bu duruma düşəcək adam deyildin, gör nə günlərə qaldın. Ya əvvəlki kimi olmalısan, ya da... belə yaşamaqdansa, ölmək yaxşıdır!” Bu səslər qulağımızda əks-səda verir. Geriyə baxıb qəm çəkirsən, bu gündən, gələcəkdən əlin üzülür. Halbuki sıfırdan başlamaq həmişə olar.

Bax, Adsızı da ayağa qalxmağa qoymayan bu idi. Elə bir saniyə olmur ki, əvvəlki vaxtlarını yada salmasın, geriyə dönmək istəməsin. Keçmiş var gücüylə onu boşluğunda, heçliyində batırmağa çalışırdı. Batırırdı da... Adsız əvvəl pulun çoxluğundan özünü itirdi, sonra isə yoxluğundan. Artıq yaşamağı özünə əzab sanırdı, onun üçün hər şeyin sonu gəlmişdi. Fikirləşirəm ki, bu adam özü öz taleyini yaradıb yaşadı. Günahı nə taledə axtarmağın mənası var, nə də həyatda.

Amma ard-ardına baş verən faciələr dayana da bilirmiş. Günlərin bir günü külək istiqamətini dəyişib başqa səmtdən əsir. Bir dəfə yolu keçəndə Adsızı maşın vurur... Ya təsadüfən, ya da intihara cəhd zamanı, bilmirəm. Qəzadan sonra Adsız beyin silkələnməsi keçirib yaddaşını itirir. Daha keçmişin onunla işı yoxdu, tamam əlini çəkmişdi. Təzə doğulan körpə kimi, həyata yenidən başlamaq olardı. İndi Adsızın ağlında yaşamaqdan başqa heç nə yox idi.

Tezliklə xəstəxanadan çıxıb həyatını qurmağa başlayır. Qolunu çırmalayıb sakitcə işləyir, başını salacaq daxması, yeyəcək bir tikə çörəyi olur. Əgər ilk baxışdan faciəvi, eyni zamanda möcüzəvi hadisə – qəza baş verməsəydi, şübhəsiz, onun ömrü yarıdaca qırılacaqdı. Ya kiminləsə dalaşarkən, ya küçənin ortasında soyuqdan donaraq, ya da elə bu cür bir qəza üzündən. İndi isə yaşayırdı. Yazın gözoxşayan gül-çiçəyinə, yayın qızmar günəşinə, payızın qızıl xəzəlinə, qışın bəyaz qarına baxıb həyatdan zövq alırdı. Axı başqa da nə lazımdır ki insana?!

Bəs Adsız geriyə dönə bilsəydi, səhvlərini təkrarlayardımı? Demək çətindir! Həyatda başlarına gələnlərdən nəticə çıxara bilənlər də var, lap min dəfə də olsa, eyni şeyləri təkrarlayanlar da. Əslində onun bəxti gətirmişdi. Bu qəza sanki həyatına yeni bir nəfəs verdi. Sükanın çarxını burub maşını uçurumun kənarından döndərən bir nəfəs! Bəlkə hələ çox-çox əvvəldən bütün bu olanların qarşısını ala bilərdi, amma, görünür, şüuru donmuşdu. Həqiqətlərə qarşı qulaqlarını da qapamışdı, gözlərini də.

Qoca yetərincə uzun çəkən monoloqunu burda dayandırıb, artıq neçənci dəfə dərindən köks ötürdü. Sözünün dalını gətirəcəyini, Adsızın hekayəsini tamamlayacağını düşündüm, amma o dinmirdi. Axır anladım ki, gözləməyin mənası yoxdur, getməliyəm.

Qocanın daxmasından çıxıb bir xeyli Adsızın hekayəsini, onun başına gələnləri beynimdə çək-çevir etdim. Onun həyatına həm acıyır, həm də qocanın dediyi kimi, taleyini özü yazan bu adama acımağın düz olmadığını fikirləşirdim. Hər şey insanın öz əlindədir axı...

Hərdən bu Adsız qəhrəmanın kimliyi, əsl adı barədə düşünürəm. Bəlkə də, qoca həyatını danışmışdı mənə. Çünki o da eynən Adsız kimi tək-tənha yaşayan kimsəsiz biri idi. Neçə dəfə yanında olmuşdum, amma hələ də onun keçmişindən, həyatından heç nə bilmirdim.

Gallery

# 2774 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
#
#
# # #