"Bu şəhərdə"nin növbəti rəzaləti – Sərdar Amin yazır...

"Bu şəhərdə"nin növbəti rəzaləti – Sərdar Amin yazır...
21 yanvar 2020
# 12:10

Fransız rejissor Jak Odiarın 2015-ci ildə Kann Festivalının qalibi olmuş “Dipan” filmindəki bir epizod, demək olar ki, hər zaman üzümə təbəssüm qonanda ağlıma gələn səhnədir; Şri-Lankadakı atışmalardan canını götürüb Fransaya qaçmış yad qadın və kişi bir evdə yaşayırlar... Onlar burada da narkotik aludəçisi olan avara fransız gənclərdən qaçırlar... Lift xidmətçisi olan kişi əlində tapança dolaşan, bərkdən gülən sarışın fransız gəncləri göstərib qadına deyir:

- Fransız dilini öyrənmişəm, hər gün lifti təmizləyəndə onların danışdıqlarına qulaq asıram, dedikləri hər şeyi başa düşürəm. Sonda şaqqanab çəkib gülürlər, amma danışdıqları mənə gülməli gəlmir. Onlar nəyə gülürlər? Söhbətlərində gülməli heç nə yoxdur.

Odiar bu yerdə millətləri, mədəniyyətləri fərqləndirən əsas nəsnələrdən birinin “gülüş hədəfi”nin olduğuna diqqət çəkir. Avropalı və asiyalı həm də güldükləri ilə fərqlənirlər. Gül, deyim kimsən! İnsanı güldüyü söhbətlə də tanımaq olur.

Əzəldən toplumun problemləri, insani çatışmazlıqlar, naqisliklər məzhəkəçilərin, yumoristlərin əli ilə düzəldilib.

İnsan güləndə, ağlayanda qarşı tərəfin hüzurunda tərksilah olur. Ona görə də sənət tarixən bütün mesajlarını yumor, kədər, sentimental lokomtivlərlə insanlara nüfuz etdirib.

Toxunmadan güldürməyi, ağlatmağı bacaran adamlar cəmiyyətin seçilmişləridir. Bu bacarıqları həm də onun göstəricisidir ki, o şəxslər yaşadıqları cəmiyyətin həm toplumsal, həm də fərdi boşluqlarına bələddir. Sırf bu üzdən bütün “mayak adamlar” kimi yumoristlərin də çiyinlərində anadangəlmə maarifçilik və öndərlik prinsipi yer alır.

Həmin şəxslər bütün bacarıqlarını kommersiyaya qurban verəndə, yaxud cəmiyyəti qurban verib kimlərinsə rıçaqına çevriləndə işıqları sönür, sonda elə güldürdüyü cəmiyyətin ayaqları altında qalır.

Bütün bu müddəları göz önünə alıb “Bu şəhərdə”nin “KefAl” adlı konsertinə baxanda insanın bəri başdan ağlamağı gəlir.

Özündə heç bir sosial-ictimai məsuliyyət hiss etməyən ssenarist Müşfiq Abbasov xitab etdiyi, pul qazandığı cəmiyyətin sabahına gözlərini qapayıb. Bütün səhnəciklərdən cahillik, “qaqaş zarafatları” fışqırır. Konsert əvvəldən sona qədər homofobseksist “zarafatlar” üzərindədir. Bütün səhnələrdə qadın cinsinə “arvad” kimi baxılır.

Sözügedən konsertin bir səhnəciyində ərəb turisti ilə otelə gələn azərbaycanlı qadın deyir:

- Mənim qardaşım olsa, burda neyləyirəm?

Və bütün zal bu zarafata ürəkdən uğunub gedir.

Belə çıxır ki, Azərbaycanda qadının əxlaqı birbaşa qardaşı tərəfindən qorunmalıdır. Yaxud, bir qadın bədənini satmağı hədəf seçibsə, bu və ya digər səbəbdən fahişəliklə məşğuldursa, bu, daha çox özünün deyil, qardaşının problemidir.

Sırf bu baxış ucbatından ölkəmizdə hər həftə bir qadın öz kişi doğması tərəfindən bıçaqlanır, öldürülür. Hər gün bu “sorumluluq” ucbatından yüzlərlə qardaş bacısını döyür, ona müxtəlif qadağalar qoyur. Sırf belə səbəblərdən qadınlar müstəqil qərarvermə şansını itirir.

Bu geridəqalmış mental məsuliyyətə görə yüzlərlə azərbaycanlı xanım arzuladığı peşəyə, sənətə sahib ola bilmir. Bir qızın bütün əxlaqi məsuliyyətinin qardaşa yüklənməsi milyonlarla insanın baxdığı konsertdə niyə leqallaşdırılır?

Əslində isə Azərbaycan reallığında bu səhnənin qəhrəmanı əks səbəblərdən yaranır; qadının hüquqları yaxınları tərəfindən əlindən alınır, zamanında sevdiyi sahədə çalışa bilmir, “ər çörəyi”nə göz dikib xilaskarını gözləyərək illərini əldən verir, sonda sevmədiyi, sevilmədiyi bir şəxslə ailə qurur, bir müddət sonra isə boşanır.

Artıq bu zaman gənclikdə onun yolunu kəsən qardaşın da başı öz ailəsinə qarışır. Yaxud, qardaş sonda bir cümlə ilə məsuliyyətdən yaxa qurtarır: “Mənim o adda bacım yoxdur!”.

Gallery

Bu gün əxlaqsızlıqla pul qazandığı üçün “Bu şəhərdə” konsertinin lağ hədəfinə çevrilən qadın obrazı bu səbəbdən yaranır. Təəssüf ki, bu kimi səhnələrə ən çox şaqqanaq çəkənlər də elə zalda əyləşmiş qadınlarımızdır. Halbuki inkişaf etmiş ölkələrdə bu tip səhnəcik hazırlayan yumor ustalarını elə səhnədəcə yumurta atəşinə tutarlar.

“Kefal” konsertinin əsas hissəsi olan “Ərəblər Azərbaycanda” səhnəciyi başdan-ayağa rəzalətdir.

Ərəb turistlərin Azərbaycanda elədiyi bəzi nalayiq hərəkətlər hər kəsə aydındır; amma etiraf edək ki, ölkəmizdə milyonlarla pul xərcləyən bu turistlərin həmin hərəkətləri həddindən artıq şişirdildi və həm cəmiyyət, həm də KİV tərəfindən sözügedən şəxslər ifrat dərəcədə alçaldıldı.

Ölkənin kütləvi mədəniyyət tribunalarından olan “Bu şəhərdə” konsertində ərəblərin bu səviyyədə alçaldılması bu komandanın ən azından peşəkarlıq baxımından hələ çox geridə qaldığının göstəricisidir. Yəqin, ərəb ölkələrinin konsulluq və səfirliklərinin bu konsertdən xəbəri yoxdur, əks halda bu biabırçılığa susmazdılar.

Sözügedən səhnədə iki aktyorla yanaşı ərəb qiyafəsində daha bir aktyoru görürük, səhnəcik boyu aktyorlar “bunlar” deyərək müraciət etdikləri “ərəb obrazı” üzərindən ərəblərə olmazın təhqirlər yağdırırlar: “Dəsmalı bunlar istifadə etdikdən sonra heç kəs istifadə etmir”, “Bunlar liftdən çıxandan sonra “osvejitel” vururuq”, “Bunlar çiməndən sonra hovuzun suyunu dəyişirik...” Ən dəhşətlisi... Otel administratoru pozğun qadına müraciət edərək deyir ki, “Müdir Ərəbistandan xüsusi səhra qumu gətirib ki, bunlar oteldə doyunca AĞNASINLAR”.

Gallery

Bu yumoristlərə 10-15 ərəb turistinin Bakıda törətdiyi (bəlkə də törətmədiyi, hansısa işbazların bilərəkdən şişirtdiyi) bəzi naqisliklərə görə böyük bir milləti təhqir etmək ixtiyarını kim verib? Bunlar bilmir ki, “ərəb” deyərək lağ etdiyi millətin bir nümayəndəsinə enən dinə görə bu gün 1,6 milyard adam hər gün diz çökür, alnını yerə qoyur? Ərəb ölkələrindən çıxmış yüzlərlə alimi, ictimai xadimi sadalamağa məncə ehtiyac yoxdur. Hansısa tur çərçivəsində Bakıya düşmüş 5-10 burnufırtıqlı turistin biədəb hərəkətlərinə görə sayı 500 milyona yaxın olan bir milləti təhqir etməyin adını siz qoyun!

İkinci məsələ... İllərdir Azərbaycan xalqının gülüş nəbzini tutmağı bacaran bu komanda görəsən onu başa düşmürmü ki, Bakının mərkəzi küçəsi olan Nizamidə yerləşən bütün obyektlərin, eyni zamanda şəhərin bir sıra otellərinin ayaqda qalmasına görə onların eşşəyə bənzətdiyi turistlərə borcluyuq?! Təbii ki, pul xərcləyirlər deyə turistləri belimizdə gəzdirəsi deyilik, amma bu, bir danılmaz faktdır ki, turistlər səfər etdikləri bütün ölkələrə pulla yanaşı müxtəlif problemlər gətirir. Bir qonağın səfasını görürsənsə, cəfasını da çəkməlisən. Elə bilirsiniz, bizim vətəndaşlarımız inkişaf etmiş Qərb ölkələrində olarkən heç kəsin ürəyini bulandırmır! Elə bilirsiniz, orada bizə lağ edənlər yoxdur?! Amma heç vaxt bu münasibət televiziya, konsert səviyyəsində baş vermir. O ölkələrdə belə bir hadisə baş versə, ağızlarını cırarıq.

Əttökən musiqi mətnləri, pafoslu qadın obrazları, Coşqunun göbək rəqsləri, Rafaelin rayon ləhcəsində qışqırması və s...

İradlarıma aparıcının Müşfiq Abbasovu səhnəyə çağırarkən yağdırdığı təriflər, titullar və bu təqdimata qəhrəmanımızın təvazökarlıq xətrinə belə etiraz etmədən mikrofonu götürüb danışması möhür vurur. İnanın, dünya üzrə ən prestijli ədəbiyyat mükafatı olan Nobelin təqdimatı zamanı qalib müəllifləri belə bunca pafosla şərəfləndirmirlər: “Bitib-tükənməyən, sərhəd tanımayan fantaziyası, ürəyi, zəkası nur saçan və s. və.i.a”

Sözsüz, bu qrupun istedadı və bacarığı danılmazıdır. Əminəm ki, bu talant daha ciddi müstəvidə təqdim olunsa biz istəyən hədəfə çatarlar. Təəssüf ki, 20 ildir eyni yerdə saymaqdan mazoxistcəsinə zövq alırlar. Tam da bu üzdən konserti bitirənə qədər canımı dişimə sıxdım. Etiraf edim, çox səhvlərim olub, amma bu günə qədər özümə ardıcıl 2 saat mütəmadi hörmətsizlik etməmişdim.

Bu şəhərdə onu da yaşadım.

# 71763 dəfə oxunub

Oxşar xəbərlər

"Dedpul"un üçüncü hissəsi haqqında açıqlama

"Dedpul"un üçüncü hissəsi haqqında açıqlama

18:30 17 aprel 2024
"Loki"  ilham mənbəyini açıqladı

"Loki" ilham mənbəyini açıqladı

18:00 17 aprel 2024
“Retro” mövzusunda poeziya yarışı keçirildi

“Retro” mövzusunda poeziya yarışı keçirildi

17:30 17 aprel 2024
Xalq rəssamının 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

Xalq rəssamının 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

17:00 17 aprel 2024
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - Açıqlama

Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - Açıqlama

16:50 17 aprel 2024
"Qıfıl" filminin çəkilişləri üçün hazırlıqlar başladı

"Qıfıl" filminin çəkilişləri üçün hazırlıqlar başladı

16:30 17 aprel 2024
# # #