writer1

Rəvan Cavid

Məqalə sayı

33
clock11:30 calendar-gray 15 Yanvar 2020 view-gray1506 dəfə oxunub
view-gray1506 dəfə oxunub

Uduzmuş adamlar, sərsəm şeirlər...

Kulis.az Rəvan Cavidin “Fəsillər” yazısını təqdim edir.

Kafedəyəm. Bayırda yanvar ayının üçüncü günüdür. Mənim masamda fevral qarışıq noyabr, yan masalarda mart, qarşımdakı masada sentyabr. Payız asta-asta öz sarı ayrılığını iki sevgilinin önünə sərir. Çaylarından buxar qalxmır, soyuyub. Qəndlərin səliqəli paketləri cırılmayıb. Kafenin müştərilərə xoş niyyətinin şirəli işarəsi olan ağ gilas mürəbbəsi necə var eləcə qalıb. Tez-tez gözləri qaçır. Hesabı istəməyə ərinirlər. Bilirlər ki, küçəyə çıxan kimi yollar qollarından tutub atacaq başqa səmtlərə. Onlar isə ayrılığı gecikdirmək üçün bir küçə daha yan-yana gəzəcəklər. Təqvimdə rəqəmlərin yeri dəyişdikcə Bakıda fəsillər də, iqlim də harasa can atır. Özünü zamanın iradəsindən kənarda tapmaq istəyir. Yaz tez keçir, yay üç ay dözür, payız yubanır, qış yerində sayır.

Evdəyəm. Fəsillər əhvalını, əhvalın yanındakı adamları dəyişir. Sənə, bizə qalan yenə özümüz, otağımızdakı rok qrupunun posteri, dəqiqələr əvvəl süzdüyümüz çay. Yağışı pəncərəni döyən iri damcıların səsindən tanıyırsan. Həyətdəki ağacın yuxudan oyandığını budaqlarının narazı yellənməsindən hiss eləyirsən. Ötən ilin bu ayında, iki il əvvəlin bu ayında, üç-dörd il əvvəlin bu ayında tanış olduğun adamlar, getdiyin yerlər gözünün önündə durur. Onlar sənin ağlında, mindiyin taksilərdə, kitablarda, dinlədiyin mahnının sözlərində, ən pisi isə yenidən yaşaya bilməyəcəyin keçmişində var. Bəlkə də şəhəri tərk edə bilərsən, kafeləri, marşurutu, kitabları, mahnıları dəyişə bilərsən, ancaq keçmişin paltarına hopan qoxu kimi sənin taleyinə hopub. Nə qədər yusan, ətir vursan da, ondan qurtula bilməyəcəksən. O qədər çox arzulayırsan ki, gərəksiz sonsuzluğu ilə səni yoran səhrada manqurt olmağı. Səhra qoy səni yorsun, canını sıxsın, gözlərini uzaqlara, lap yaxınlıqdakı, amma qaçıb çata bilmədiyin uzaqlara öyrəşdirsin, dözərsən. Yorğunluğu unudarsan. Karvanlara baxıb hələ də adamların xoşbəxt olmaq üçün çoxlu şeylər uydurduğunu düşünərsən, sən də xoşbəxt olarsan. Bircə keçmişi, orda olan adamları, səndən nə isə gözləyən kimsələri yadından çıxarasan. Əsl azadlıq. Budur azadlıq. Belə olur azadlıq. Hamının yadından çıxanda, hamı yadından çıxanda başlayır azadlığın bənövşəyi üfüqləri. Kimisə gözləmədən, kimisə axtarmadan. Adamlar bizi bizdən oğurlayır. Oğurlayıb aparırlar öz içlərinə. Onların içində heç nə bizimki kimi deyil. Hər şey sicilləmə. Əvvəldən axıra qədər. Qaçmaq, uzağa tullanmaq, çayı gözüyumulu keçib öz rütubətli bataqlığımıza çatmaq ən gözəli deyilmi?! Heç olmasa orada hər şey bizim istədiyimiz kimidir. Günlərlə gərəksiz xəbər blütenlərindən, uduzmuş adamların uğurlu hekayələrini anladan mahnılardan, sərsəm şeirlərdən can qurtarıb içimizdəki bayatını eşitmək üçün nə qədər darıxmışıq.

Taksidəyəm. Azca duman olan kimi şəhər bürünür öz şərq mistikasına. Ancaq başları görünən adamlar, havadan asılı qalan qəzetlər, gövdəsi olmayan ağaclar, bir-iki kəlmədən ibarət olan mağazalar. Şüşə binaları buludlar gizlədə bilir, daş divarlar isə yenə uzaq keçmişin göz yaşını üstünə hopdurur. Zaman məni də, sürücünü də içinə alıb harasa aparır...

Sahildəyəm. Nələrisə axtarmağa gəlmişəm. Günümün sərgərdanlığına haqq qazandırmağa. Vicdanımda həll etməyə bütün vecsiz qərarlarımı. İncikliklərimi, ağırlığımı, içimə sürüşən güzgü qırıntılarını dənizə atıb qayıdacağam evə. Yolda ümidlənəcəyəm. Yeni şeylər fikirləşib İçəri şəhərdən Yasamala piyada, üzümə külək yağışı çırpa-çırpa qalxacağam. Mən pilləkənləri qalxana qədər ümidlər köhnələcək. Qapının dəstəyinə ilişdirilmiş reklam kağızındakı bəyaz dişli, sarışın qızdan başqa evdə heç kim gülməyəcək. Yanvarın sis yorğunluğu bir otaqlı evdə var-gəl edəcək. Saatlar Dalinin rəsmlərindəki kimi əriyib töküləcək divanın arxasına. Uzun zamandır yazmadığım gündəliyə beş-altı sətir atıb pəncərədən yenə ağacı, yağışı, yanvarı izləyəcəm.

Evdəyəm. Qapı döyülür.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Mədəniyyət Nazirliyinin mətbuat katibi istefa verdi - Açıqlama
11:23 12 Avqust 2020
Əfsanəvi müğənninin gitarası rekord qiymətə satıldı
11:10 12 Avqust 2020
Azərbaycanlı ilahiyyatçı: "Namazı ana dilimizdə qılsaq, daha səmimi olarıq"
10:31 12 Avqust 2020
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edir
09:57 12 Avqust 2020
Yollar bağışlamır gecikənləri - Könül Arifin şeirləri
09:00 12 Avqust 2020
Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020
Dünyanın sonuncu tənha adamı - Kamal Abdullanın romanları haqda...
16:58 11 Avqust 2020
Nənəmin laylası öpür üzümdən – Şeirlər
15:44 11 Avqust 2020
Məşhur şairin məzarı tapıldı - Foto
14:52 11 Avqust 2020
İntihar edən məşhur aktyorun həyatı film olur
14:01 11 Avqust 2020
Sevdiyi kişidən məcbur ayırdılar, əri xalası qızıyla evləndi, gənc yaşında xiffətdən öldü – Faciələrə dözməyən “Nəsimi”nin Şəmsi
13:11 11 Avqust 2020
Uşaqlıqda hərbçi atamın, gənclikdə hərbçi sevgilimin yolunu gözləmiş adamam – Fəridə yazır...
12:06 11 Avqust 2020
"Azərbaycan Böyük Vətən müharibəsi illərində" kitabı nəşr olunub
11:27 11 Avqust 2020
Əri hamilə yoldaşını dənizdə niyə boğdu? -
10:42 11 Avqust 2020
Sevda Ələkbərzadə yeni mahnısını təqdim etdi - Video
10:05 11 Avqust 2020
Atamın əlləri - Sərdar Aminin yeni hekayəsi
09:01 11 Avqust 2020
Özünü Ancelina Coliyə çevirən gənc oğlan - Fotolar
18:43 10 Avqust 2020