19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı - Bu məxsusi tarix necə yarandı?

19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı - Bu məxsusi tarix necə yarandı?
19 may 2026
# 12:40

Bu gün - Atatürkü Anma, Gənclik və İdman Bayramı günüdür.

Kulis.az bu bayramın yaranma tarixi haqqında materialı təqdim edir.

19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı həm Türkiyə, həm də bütün türk dünyası üçün sadəcə təqvimdəki bir istirahət günü deyil; bir millətin küllərindən yenidən doğulduğu, gələcəyini gənclərə əmanət etdiyi xüsusi bir tarixdir.

Hər şey bir gəmi və 18 nəfərlə başladı. Mustafa Kamal Paşanın 16 may 1919-cu ildə İstanbulla vidalaşaraq mindiyi "Bandırma" köhnə bir gəmi idi. Üstəlik, Qara dənizdə ingilis hərbi gəmilərinin təqibi altındaydı. Gəmidə Mustafa Kamalla birlikdə cəmi 18 nəfərlik heyət var idi. Onlar 19 may 1919-cu ildə Samsun sahilinə ayaq basanda, əslində bir imperiyanın sonundan müasir bir respublikanın doğuluşuna doğru ilk addımı atırdılar.

Atatürkün "rəsmi" ad günü də 19 maydır. Mustafa Kamal Atatürkün dəqiq doğum tarixi (gün və ay olaraq) rəsmi sənədlərdə qeyd olunmamışdı. İllər sonra ondan doğum gününü soruşduqda, o, heç tərəddüd etmədən "Mənim doğulduğum gün 19 maydır" cavabını vermişdi. O, azadlıq hərəkatının başladığı bu günü özünün də rəsmi olaraq yenidən doğulduğu gün kimi qəbul edirdi. Hətta bir dəfə İngiltərə Kralı VIII Eduard Atatürkün doğum gününü təbrik etmək üçün rəsmi sorğu göndərəndə, Türkiyə Xarici İşlər Nazirliyi rəsmi cavab olaraq 19 may tarixini bildirmişdi.

Çox maraqlı bir tarixi fakt isə odur ki, ilk bayramı gənclər yox, uşaqlar keçirib. 19 may tarixi ilk dəfə rəsmi olaraq gənclik bayramı kimi qeyd olunmayıb. 1926-cı ildə Samsunda bu gün ilk dəfə "Qazi Günü" adı ilə yerli səviyyədə qeyd olunmağa başlayır. 1935-ci ildə isə "Atatürk Günü" kimi ümumrespublika miqyasında qeyd edilir. Həmin il keçirilən idman tədbirlərində Himayə-i Ətfal Cəmiyyəti (Uşaqları Qoruma Cəmiyyəti) ön qrupda olduğu üçün bayram mahiyyətcə bir qədər uşaq şənliyi xarakteri daşıyırdı. Şənliklərin möhtəşəmliyini görən Atatürk, bu günü gənclərə həsr etmək qərarına gəlir.

Hər 19 mayda coşğu ilə oxunan "Dağ başını duman almış" ("Gənclik Marşı") mahnısının melodiyası əslində bir İsveç xalq mahnısıdır. Müəllifi Felix Körling olan bu melodiyanın orijinal adı "Tre trallande jäntor" ("Üç oxuyan qız") idi. 1916-cı ildə bəstəkar Ali Ulvi Elöve bu şən və ritmik melodiyaya türkcə sözlər yazır. Mustafa Kamal və dostları Samsundan Havzaya doğru gedərkən yolda bu marşı oxuyurlar və marş o gündən etibarən İstiqlal Mübarizəsinin simvoluna çevrilir.

Bu gün həm də dünyada gənclərə həsr olunmuş ilk bayramdır. Atatürk gəncliyi sadəcə bioloji yaş dövrü kimi görmürdü; onun düşüncəsində gənclik, idealları olan və fikirləri yeniliyə açıq olan hər kəs idi. Dünyada gənclərinə xüsusi bir gün həsr edən və bunu dövlət bayramı elan edən ilk və tək ölkə Türkiyədir. Bu, Türkiyə Cümhuriyyətinin gələcəyi köhnəlmiş ideyalara deyil, gənclərin enerjisinə və elminə əmanət etdiyinin ən böyük sübutudur.

Bayramın adının illər üzrə təkamülünə baxsaq, qısa xronologiya bu şəkildədir: 1926-cı ildə Samsunda yerli bayram kimi "Qazi Günü" adı ilə qeyd olunan tarix, 1935-ci ildə "Atatürk Günü" adını almış, 1938-ci ildə "Gənclik və İdman Bayramı"na çevrilmiş və nəhayət, 1981-ci ildə bugünkü adı olan "Atatürkü Anma, Gənclik və İdman Bayramı" adlandırılmışdır.

Bir millətin azadlıq mübarizəsinin başladığı günün gənclərə əmanət edilməsi, gələcəyə və gənc nəslə verilən ən böyük dəyərin bənzərsiz bir göstəricisidir.

# 1138 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər