Evin içində unudulan Məmmədbağır – Yeni hekayə

Evin içində unudulan Məmmədbağır – Yeni hekayə
6 dekabr 2019
# 14:58

Kulis.az İlham Əzizin “Biri var idi, Məmmədbağır” hekayəsini təqdim edir.

Novruzdan günlər keçmişdi, kəndə yaz gəlmişdi, torpaq təzələnmişdi, su təzələnmişdi, göy təzələnmişdi... Günəş təzə gəlin kimi bulud arxasından gülümsəyib yaşmaqlanmışdı. Ağaclar, otlar, çiçəklər göyün bulud pəncərəsindən gülümsəyən gözəlim günəşi görcək, canlarına isti yayılmışdı, hamısı o pəncərəyə boylanmışdı, baxmışdı. Qızlar gəlinlər çiçək açmışdı, güllü geyinmişdi, al geyinmişdi. Nişanlı qızlara bayramcalığı gəlmişdi, hamısı sevinmişdi.

Bu vaxtlar Kürqırağı meşələrinin ayrı ləzzəti olur, yemlik ətri, cincilim ətrinə qarışır, göbələklər belindən torpağı töküb üzə çıxır, ağaclar zahı qadınlar kimi utana-utana tumurcuqlarından yarpaq doğur. Hər il bu vaxtlar kəndə gəlirəm, meşəyə gedirəm, Kürə gedirəm. Kürün suyunda əl-üzümü yuyuram, su üzümə dəyir, ruhumu yuyur, məni xoşbəxt edir. Yuxarıda bayramcalığı gəlmiş nişanlı qızların gülüşləri havaya fişəng kimi açılır, göyə qalxır, çiliklənir, axşama qədər yol gedir, gecələr ulduzlara dönür, ulduz taleyimiz olur, sayrışır.

Kürə axıtdığı səmənilər, çayın sünbül saçına dönür, sərin mehdə körpə teli kimi əsir. Ayaqlarımı Kürə sallayıram, suyun nanə sərinliyi içmə, ruhuma yayılır, mən də bu suya qarışıb dünyanı gəzirəm, olduğum-olmadığım yerlərə gedirəm, sahillərə çıxıram, düzlərə yayılıram, çiçəklərin, ağacların canına hopuram, sonra budanmış ağacların gözündən yaş kimi torpağa düşüb yenidən ümmanlara qarışıram.

Kürdə su yaddaşım qaynayır, xatirələrim axır. Kürə düşüb bir zamanlar sahilində yaşadığım Aqidel çayına, Çıqanskaya Polyana kəndinə gedirəm, orda keçirdiyim günlərimə gedirəm, orda yuxudan ayılıram, orda nə baş verir xəyalımda canlandırıram. Mən o kənddən ayrıla bilmirəm. Ömrümün xəyali hissəsi orda keçir, orda yaşlanıram və mənə elə gəlir ki, ölümü də orda duyacam, orda dadacam. Adamın keçmişində elə hadisələr, vaxtlar var ki, havasıyla, ətriylə yaddaşında daşlaşır, ora qayıda bilsən, o vaxtlar yenidən canlanar, hərəkətə gələr, o günləri, o çağları yenidən yaşaya bilər. Mən orda sarı-sarı qapılar, bu sarı qapıların arxasında, yaşıl əkinlər, bu əkinlərdən o yana rəngli-rəngli taxta evlər və bu evlərdə sarı-sarı gözəllər gördüm. Bu sarı-sarı qapıların arxasında sarı-sarı sevdalar duydum, eşitdim...

Çıqansakaya Polyana uşaq yaylığı kimi Ufa şəhərinin başına dolanan Aqidel çayının sahilindədir. Yamyaşıl bir kənd! Bu kəndin sarı gözəlləri yaşıllıqlar içindən göyə dikilən günəbaxanlar kimi hər yerə xoşbəxtlik saçır. Sizə danışacağım əhvalat da bu yarıqaraçı, yarıtatar kənddə baş verib. Mən ora Piterdən uçdum. Günün günorta çağı yer dəyişdi, göy dəyişmədi, saat dəyişmədi. Piterdən uçduğum saatda Ufada oldum. Bu iki saatlıq qurşaq fərqi Ufada qaldığım günlərimi daim müşayiət etdi. Hava limanından şəhərə gedən yolda ucsuz-bucaqsız yaşıllıqlar, uzaqdan adama gəl-gəl deyən Ural dağları sinəmi genişləndirir, uşaq kimi sevinirdim. Bu yerlərin havası bir başqadı, havasında dad var, ətir var və bu dadı, bu ətri bir də heç yerdə duymadım, dadmadım.

Bazara getməli idim. Orda məni gözləyirdilər. Bazarın giriş qapısında qara kostyumlu, ağ köynəkli nazik bığlı - bizimkilərə oxşayan bir kişi durmuşdu. Yaxınlaşıb azərbaycanlıları soruşdum, Şəki ləhcəsində laqeyd-laqeyd dedi:

- Gir içəri, hardan dolma iyi gəlsə, bil ki, ordadılar.

Xülasə bizimkiləri tapmaq çətin olmadı. Dostumu soruşdum, yarı təəccüblü, yarı qorxulu baxışlarla ünvanı göstərdilər. Ünvanı alıb Çıqanska üz tutdum. Yolda hiss etdim ki, gəldiyim yolları geri qayıdıram. Çatan kimi ilk diqqətimi çəkən girəcəyim həyətin qapısı oldu - bu qapıdan başqa bütün qapılar sarı idi. Sonralar bildim ki, bu qara qapı arxasında baş verənlərə görə bütün sarılardan fərqlidir. Bu qara qapı kəndin rəngli qapılarının ürəyinə xal kimi düşmüşdü.

Qara qapıdan içəri keçdim. Ətrafa göz gəzdirdim, heç kim yox idi. Birdən qəhəldə donuzların vurnuxduğunu hiss etdim. Diqqətlə baxanda donuzların arasında uşaq kimi iməkləyən adam görüb duruxdum. Demə, axşam qumarda üzüyünü udub donuzlara atıblarmış. Qumar oynayanda həmişə üzüyünü qoyurmuş. Üzük hərlənib-fırlanıb yenə özünə qayıdır, rəqiblərini əsəbiləşdirirmiş. Axırda kimsə üzüyü udan kimi donuzlara atıb ki, axmaq heyvanlar yesin, hamının canı bu sarı ilandan qurtarsın. Amma olmadı, səhəri gün üzük yenə qumar masasındaydı.

Məni ilk qarşılayan Elşən oldu. Xoş-beşdən sonra Elşən harasa çıxdı. Mən də birinci mərtəbədə divanda oturub dincimi alırdım ki, üz-üzə yemək yeyən iki nəfərin söhbətinə qulaq şahidi oldum. Şirin-şirin zarafatlaşırdılar. Yaşlısı soruşdu:

- Rəhim, Bakının adını hardan götürüblər?

Cavan oğlan elə bil, illərlə bu sualı gözləyib. Köynəyinin qoluyla burnunu silə-silə əminliklə cavab verdi:

- Əhməd Bakıxanovun adından!

Elə bunlara matdım-matdım baxırdım ki, içəri qıvrımsaç, iri cüssəli, əsəbi bir adam girdi. Narahat oldum. Çünki bura azərbaycanlıların “obşaq” evi idi. Elşən əvvəlcədən azdan-çoxdan danışmışdı. Hərəkətlərimə fikir verməli idim. Özümü bir az da yığışdırdım. Adam stulu çevirib üzü mənə oturdu. Bir az məni nəzərdən keçirdi. Dedim, yəqin nəsə səhv eləmişəm, səhv yerdə oturmuşam. Gözləri gözlərimdə cəld əlini yandakı masaya atıb tabağı götürdü. Dəmir tabağı dəf kimi döyə-döyə başladı, nə başladı:

“Qara tellər, Qara tellər...”

Aşpaz imiş.

Dedim, başlandı...

Bu an Elşən içəri girib iti məsciddən qovan kimi üçünü də qovdu. Axşama hazırlıq başladı, stollar düzüldü, həyətdə donuzun bağrına xəncər saplandı, manqala od salındı, hərə bir işin qulpundan yapışdı. Bir azdan bu həyətin, bu evin, bu düzənin yiyəsi gəldi, yanında da idmançı uşaqlar... Oturdular, dedilər, güldülər, birdən üz-gözləri tutuldu, qaraldılar, qara buluda döndülər, çeçenlərdən danışdılar, oğrulardan danışdılar, doğrulardan danışdılar. Yeməklər düzüldü, hamı süfrə ətrafına cəm oldu. Elə yeməyə başlayacaqdılar ki, bu evin, bu düzənin yiyəsi Əli dilləndi:

- Ay uşaqlar, Məmmədbağır hardadır? Neyləyir?

Qəhəldə üzük axtaran dilləndi:

- Bu gün bazardaydı. Deyirlər, çox içir, “bomj” olub.

Əli tutuldu, əlin süfrədən çəkdi, papiros yandırdı. Ortalığa tüstü sakitliyi çökdü, hamı gözünü Əliyə dikdi:

- Gedin, tapın, gətirin!

Söz qəfil güllə kimi açıldı, hədəfə dəydi, üç adam birdən durdu, maşına minib getdilər, bir saat çəkməmiş qayıtdılar. Yanlarında bazarın qapısında gördüyüm həmin adam; qara kostyumlu, ağ köynəkli, nazik bığlı... Amma kostyumu, köynəyi əzilmiş, üz-gözü şişmiş, tüklü... Elə bil, bayaq gördüyüm adam deyil. İçəri girər-girməz tanıdım. Əli məzəmmətlə salam verdi Məmmədbağıra:

- Məmmədbağır, bu nə gün-güzərandı?

- Gün həmən gündü, güzəran yoxdu!


Əli gözünün ucuyla masanın aşağılarında stul göstərdi, Məmmədbağırı ora oturtdular, yemək verdilər, araq vermədilər. Məmmədbağır qurdalandı, qurdalandı, yemək boğazından keçmədi, zəhərə döndü.

Məmmədbağır şəkili idi. AZİ-ni qurtarandan sonra təyinatla Ufaya işləməyə gəlib. Çox keçməyib, tatar qızına aşiq olub, ailə qurub. Bir qızı da var. Həyatdı da, alınmayıb, boşanıblar. Amma vətəndə də bir uzunsaçlının əllərin qoynunda qoyub, yuxuların ərşə çəkib. O yuxular Məmmədbağırın yaxasını buraxmayıb, izləyib, gün verib, işıq verməyib. Bütün qohum-qardaşı üz döndərib ondan, sonda ən ağır cəzaya məhkum ediblər: unudublar Məmmədbağırı! Ağlamayıb Məmmədbağır, elə hey gülüb, belə qisas alıb taleyindən, belə zülm edib özünə.

O gün, bu gün qurşanıb içkiyə. İndi burda ona araq süzülməyəndə, bu süfrədə də unudulanda əli əsmirdi, üzü əsirdi. Sanasan, üzünə meh əsir - ölüm mehi! O gündən Məmmədbağır bizimlə bir yerdə - bu evdə, bu qan çanağında yaşadı.

Bu evdə nələr gördüm, nələr...

Döyülən, söyülən, boynuna pul qoyulan, oğrular, doğrular...

Məmmədbağır bu evdə bircə yır-yığışa baxan orta yaşlı Mariyadan başqa heç kimlə dil tapa bilmirdi. Altdan-altdan Mariyanı süzməyi vardı, gəl-görəsən. Mariya da nə Mariya? Ağappaq maya. Fikri-zikri qalırdı Mariyada, uşaqlar da bir-birinə him edib, məzələnir, yeri gəldi gəlmədi zarafatlaşır, kişinin canını boğazına yığırdılar. Məmmədbağırsa imkan tapan kimi gülürdü.

Əli günün birində, əhvalının yaxşı vaxtında hamını yığıb, Məmmədbağırla Mariyanı evləndirmək istədiyini söylədi. Güldülər, amma tez də razılaşdılar. Əmr böyük yerdən idi. Mariya da razılaşdı. Toyun vaxtını, vədəsini danışdıq. Hərə bir şey söz verdi. Əli Mariyaya pul-para verib göndərdi ki, ev-eşiyini sahmana salsın. Necə olmasa, adımızdı, gəlingətirdiyə gedəcəyik, ev abırlı olsun.

Toy günü yetişdi, maşınlar bəzəndi, şəhərdən gətirdiyimiz çalğıçıları da götürüb gəlingətirdiyə getdik. Mariyanın qapısında bizim adətimizlə çal-çağır, oynamaq... Kənd-kəsək tamaşaya durmuşdu, qoşulub bizlə oynayanlar da oldu. Rafo da gündə qumarda uduzub əldən-ələ keçən üzüyünü barmağından çıxarıb Məmmədbağırın barmağına saldı. Gəlin maşınını siqnallaya-siqnallaya qapıya gəldik, çaldıq-oynadıq, yedik-içdik, axşam da bəylə gəlini yola saldıq evlərinə.

İki gün keçmədi Mariya ağlaya-ağlaya gəldi ki, Məmmədbağır yoxdu. Sən demə, toyun səhəri cibinə qoyduğumuz şabaşları da götürüb aradan çıxıb. Əli uşaqları göndərdi ki, tapıb gətirsinlər. Köhnə uşaqlardan biri dedi, içəndə aeroporta gedir, oralarda sülənir. Soruşanda da deyir, bura Şəkiyə ən yaxın yerdi...

Məmmədbağırı tapıb gətirdilər. Əli cin atına mindi, nə mindi! Söyüb-sulayandan sonra dedi, çəkin bunu çarmıxa! Uşaqlar bu sözə bənd imiş. Məmmədbağırı həyətdəki rus hamamının qabağında həzrəti İsa kimi mismarladılar taxtaya, amma şalvarından pencəyindən...

Əli hamıya tapşırdı, vedrələrə pomidor yığıb Məmmədbağıra atsınlar. Uşaqlar həyasız-həyasız, irişə-irişə pomidor yığıb gətirdilər. Başladılar var güclərilə Məmmədbağıra pomidor atmağa. O da dayanmadan söyür, gah gülür, gah da tüpürürdü. Mən də bir iki pomidor alıb Məmmədbağıra tolazlamaq istəyirdim ki, göz-gözə gəldik. Birdən susdu, söymədi. Anidən üzünə biçilmiş zəmilərin kədəri çökdü, gözlərindən gözlərimə mağara soyuğu əsdi, yayın ortasında üşüdüm, göyə baxdım, günəş səndələdi, şüaları topuq çaldı. Hardansa kilsə zəngi gəldi, qadın xoru başladı... Hamının əli-qolu sustaldı , gülüşlər kəsildi, pomidorlar əlimdə günahlarım oldu, od tutdu hər yerimi qarsıdı, buz üstündə yanan ocağa döndüm.

Birdən hamı dağıldı, yoxa çıxdı. Məmmədbağırın paltarına vurulmuş mismarları çıxara-çıxara üzürxahlıq etmək, hamının əvəzinə yalvarıb-yaxarmaq istədim, amma edə bilmədim. Ağzımda dilim şişmişdi! Üzündə xəzrinin əldən saldığı dəniz yorğunluğu görünür, sinəsi canı boğaza yığılmış Xəzər kimi qabarıb-çəkilirdi...

O gündən Məmmədbağır bizimlə qaldı, heç yerə getmədi, içkini atdı, dumanlandı, dumana düşdü. Zaman da, məkan da Məmmədbağırın əleyhinə işləyirdi, elə bil Allah da qəsdinə durmuşdu. Bir iynə boyda ümid yeri Əli idi, o da təzəlikcə qəzada ölmüşdü. Bu yer, yurd başsız qalmışdı. Onu bu dünyaya bağlayan son sim də qırılmışdı, çırağı sönmüşdü. İmkan tapan kimi təkliyə çəkilir, öz-özünə nəsə pıçıldayırdı.

Arada Məmmədbağırdan tay-tuşlarını, iş yoldaşlarını soruşurdum. Heç kimlə “salam-sağ ol”u qalmamışdı. Təklənmişdi Məmmədbağır, tək qalmışdı. Mən uşaqlıqdan eşitdiyim qəribliyin özü idi Məmmədbağır. Dünyanın ən qərib adamıydı, elə kövrəlmişdi, sanardın bir sözdən çilik-çilik olacaq, səpiləcək aləmi-zərrə...

Günlər keçir, bu səsli-küylü evdə bir Məmmədbağır səssiz gülür, səssiz yaşayırdı. Onun bu evdə varlığı-yoxluğu bilinmirdi, xəyali adama çevrilmişdi, hərənin bu evdə öz Məmmədbağırı vardı. Birinin yazığı gəlirdi, birinin zəhləsi gedirdi.

Günlər keçdikcə bu evin içində də unudulurdu Məmmədbağır. Amma bir gün qara-qışın qar vaxtı, şəhərdə sınıq-salxaq “Niva”mla dolaşdığım vaxt, elə bil nəsə məni kəndə, Çıqanska çəkdi. Şəhər anbaan mənasızlaşdı, hara getmək istədimsə, həvəsdən düşdüm. Bir də ayıldım ki, kəndə çatıram, evə çatıram.

Bu qayıdışın sirrini indi də anlamıram. İçəri girəndə hamı stol başında, yemək süfrəsində məni gözləyirdi. Çörək gözləyirdilər, çörək almışdım. Çörəyi alan kimi, süfrəyə yemək qoyuldu, hamı yeməyə daraşdı. Hamı burdaydı, bircə Məmmədbağır gözümə dəymədi. İndi anlamışdım ki, niyə evə tələsmişəm, niyə bu gen dünya başıma dar gəlib. Məni o çağırırmış...

Məmmədbağırı soruşdum. Öldü dedilər. İlahi, nə qədər soyuq adamdılar! Evin içi Sibirdən soyuq oldu. İlahi, bu adamları buz kəsib. Bunlar niyə rahatdılar, axı ölən var. Başqa vaxt zarafat sayardım, amma indi inandım, inandım ki, ölüb Məmmədbağır. Ölməsəydi, mən bu hallara düşməzdim, məni evə çəkən sirr ölüm sirriydi...

İçəri otağa keçdim , Məmmədbağır həmişəki yerində - kresloda oturub. Gözləri qapalı, bağayarpağına oxşayan əlləri üzündə... Məmədbağırın daş kitabələrə bənzər alnı - o alın ki orda Məmmədbağırın yox, ora baxanın öz taleyi apaydın yazılmışdı - çuxura düşmüş, dibi görünməyən gözləri - o gözlər ki , onlara dikiləndə itib batırdın, özünü unudurdun, orda əriyib yox olurdun - adamı vahiməyə salırdı. Üzündə daim təbəssüm gəzdirən bu adamın bir gün hönkürüb ağlayacağına əmin idim.

Ağlamadı Məmmədbağır, ağlamadı! Üzündən asdığı təbəssümlə köçdü bu dünyadan. Qaytarıb bu dünyadakı yerinə qoya bilmədi üzündən asdığı təbəssüm pərdəsini. Bir də gözümə sarı ilan kimi soxulan sarı üzük... Ölməmişdən üzüyü çıxarıb masanın üstünə qoyub. O üzük ki, mənə görə dünyanın ən haram malı, ən pis sarı bəzəyi idi. Bu sarı üzüyü çıxarmaqla Məmmədbağır öz-özünə qüsl vermişdi, paklanmışdı.

Köməkləşib morqa apardıq Məmmədbağırı. Təhvil-təslimdən sonra, bizi içəri dəvət etdilər. Sorğu-sual başladı. Ölənin ad-familiyasını soruşdular. Lapdan ayıldıq, axı Məmmədbağır bunun öz adı deyil, ayamasıydı. Kimdən soruşduq, kimə zəng vurduq, Məmmədbağırın adını bilən olmadı. Qabaqlar sözarası eşitmişdim ki, bu oxuyan Məmmədbağıra oxşadığından adını belə çağırırmışlar. Məmmədbağırın əsl adını bilmədiyimi düşünəndə canım üşüdü. Uzanmış, ağarmış bu cansız cəsədin adı belə yox idi. Bəlkə də Məmmədbağır bu dünyanın ən ünvansız meyiti idi. İndi bu soyuq, üzündən zəhrimar tökülən sarı qapının arxasında sarı sevdaların içinə gömülmüş adsız bir qərib var, elsiz-obasız, bacısız-qardaşsız.

O gündən sonra mən hər yazayağı Aqidel çayının sahilindəki tuqay meşəsinə gedib Məmmədbağırı xatırlayırdım. Bir də onu gözləyə-gözləyə əlləri qoynunda qarımış ilk sevgilisini...

Aqidel çayının sahilindəki tuqay meşəsinin ətri indi Kür qırağındakı bu meşədə, arağaş çinarın bakirə kölgəsində məni məst edir, o günlərə aparır. Yuxarıda bayramcalığı gəlmiş qızların fişəng kimi açılan səsləri eşidilmirdi. Kürə axıtdıqları səməni karvanı qarşımda dayanıb mənə bahar salamı verirdi. Meşənin dərinliyində qoyun otaran balaca uşağın əlindəki radiodan Məmmədbağırın sirli səsi meşəni başına götürmüşdü: “Səməni nazlı gəlin, incə belində kəmər...”

Görüntünün olası içeriği: Ilham Azizov, sigara ve yakın çekim

# 6828 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #