Daxili işlər nazirini vuran həmyerlisini həbsdən çıxardı – Maraqlı faktlar

 Daxili işlər nazirini vuran həmyerlisini həbsdən çıxardı – Maraqlı faktlar
1 noyabr 2019
# 15:01

Bu gün tanınmış şair Məmməd İsmayılın doğum günüdür. Onun 80 yaşı tamam olur. Kulis.az bu münasibətlə şairi təbrik edir, onun haqqında maraqlı fakt və əhvalatları oxucuların diqqətinə çatdırır.

Məmməd İsmayıl 2 yaşında atasını itirir. İkinci Dünya Müharibəsinə gedən atası bir daha geri qayıtmır. Atasından xatirə bir şəkli də qalmır. Onu anası Gülzar xanım böyüdür.

***

Əmisi Şəmşəd saz çalır, şeirlər yazırdı. Məmmədə şairlik əmisindən keçmişdi.

***

O vaxt ailələrə böyük vergilər qoyulurdu. Məmməd İsmayıl və anası əsgər ailəsi olduğundan vergidən azad idilər. Ailənin sayına görə vergi alındığından əmisi onları qonşuluqdakı mal damına köçürmüşdü.

***

Əmisi dünyasını dəyişəndən sonra anası ilə özlərinə bir otaqlı ev tikə bilirlər. Bir gün moskvalı şair Leonid Latın onların qonağı olur. “O tək otaqlı ana yadigarı köhnə evi sökdürmə, sökdürsən, daha şeir yaza bilməyəcəksən” - deyən şairin sözünə qulaq asmayan Məmməd İsmayıl evi sökdürür və 10 il şeir yaza bilmir.

***

Yağmurlu bir gündə gənc Məmməd kəndlərindən maşına minib Tovuza ədəbiyyat dərnəyinə gəlir. Məclisə girəndə baxır ki, şeir dəftərini unudub. Gənclər şeirlərini oxuyur, növbə Məmmədə çatanda qəfil qapı açılır, anası ayaqları palçıqlı, paltarı islanmış halda içəri daxil olur. Əlində də Məmmədin şeir dəftəri... O, oğlunun dəftəri unutduğunu görüb 20 km-ə yaxın yolu piyada rayon mərkəzinə gəlmiş və dərnək keçirilən yeri soraqlayıb tapıbmış.

***

Ədəbiyyat müəlliminin onun gələcək həyatında rolu danılmazdır. Belə ki, bir gün müəllim Məmmədə divar qəzetini hazırlamağı tapşırır. İşin öhdəsindən çətinliklə də olsa gələn Məmməd daha sonra qəzetin redaktoru olur. Aradan 30 il keçdikdən sonra Azərbaycan mətbuatı tarixində ən yüksək tirajla çıxan “Gənclik” və “Molodost” jurnallarının baş redaktoru olur.

***

Kənddə sevdiyi qızı kinoya baxmağa dəvət edən şair qızdan müsbət cavab alır. Ancaq cibində bir qəpiyi olmur. Anasından pul istəyir. O da toyuq satmaq üçün bazara gedir. Çifayda. Qarlı, şaxtalı havada toyuqla geri qayıdır.

***

Anası ilə birgə tikdikləri birotaqlı ev sonralar məşhur “Ağacdələn” şeirinə çevriləcəkdi. Həmin ev boş qalmışdı və qapısını ağacdələnlər döyürdü. Məmmədsə o səsi bir gün boş qalmış ana evini ziyarət edəndə eşidir. Deyir, elə bildim, qapını döyən anamdır.

***

80-ci illərdə xalq arasında “Məmməd İsmayılın dərnəyi” adla idi. Dövrün bütün məşhur imzaları “İşıq” nəşriyyatında və “Gənclik” jurnalının redaksiyasında fəaliyyət göstərən bu dərnəyə gəlib-gedirdi.

***

90-cı illərin əvvəllərində Əhməd Cavadın Respublika sarayında keçirilən xatirə gecəsində xalq şairi Bəxtiyar Vahabzadənin çıxışına Məmməd İsmayılın həmyerlisi olan bir şair yerdən kəskin etiraz edir və o dövrün daxili işlər naziri İsgəndər Həmidovun hücumuna məruz qalır. Nazir hirslənərək şairə əl qaldırır, yumruq atır, şair də eyni qaydada ona cavab verir və İsgəndər Həmidova şillə vurur. Nəticədə şairi həbs edirlər. O zaman dövlət televiziyasının rəhbəri işləyən Məmməd İsmayıl bir neçə dəfə ölkə prezidenti Elçibəyə zəng edərək şairin azadlığa buraxılmasını xahiş edir. Nəticədə şair həbsdən azad edilir.

***

Rayon qəzeti nəzdində təşkil olunan ədəbiyyat dərnəyinin son məşğələsində dörd dost - Aydın Qurbanoğlu, Şəmşəd Rza, Telman Tovuzlu və Məmməd İsmayıl çıxıb Tovuzun tozlu küçələrində gəzirmişlər. Birdən Məmməd deyir:

- Bu ədəbiyyat dərnəyinin təşkil olunması yaxşı oldu, heç olmasa, birimizin şair olmasına köməyi dəyər.

Dostlar yer-yerdən səslənirlər:

- Hərif özünü nəzərdə tutur.

Məmməd belə olmadığını deyir. Amma dostları eyni şeyi təkrar edir.

O zaman Məmməd deyir:

- Lap deyək ki, özümü nəzərdə tuturam, hələ görün qarşıda yaşanası nə qədər ömür var, siz sübut edin ki, o şair mən yox, sizsiniz.

O sözün söyləndiyi vaxt gənclərin 20-22 yaşları vardı.

***

Məmməd İsmayıl Ağstafada “Qalibiyyət bayrağı” qəzetində korrektor işləyirmiş, bazar günlərinin birində redaksiya əməkdaşları ilə birlikdə Kürə çimməyə gedirlər. Sözarası redaktor müavini Ələddin İncəli ortalığa bir sual verir:

- Bu gün nə günüdür?

Biri deyir, bazar günüdür, o biri deyir, avqustun biridir. Ələddin İncəli "Tapmadınız" deyir.

- Necə yəni tapmadıq – yer-yerdən dillənirlər.

İncəli:

- Bir qonaqlıq boyun olun, deyim.

Qonaqlıq boyun olular. Ələddin İncəli deyir:

- Bu gün Məmməd aldadılan gündür!

Məmmədin içi sızıldayır. Düz bir il əvvəl, bu gün canı qədər sevdiyi və hətta elçi göndərdiyi qızı qaçırmışdılar!

Sonralar dillər əzbəri olan və Ələddin İncəliyə həsr edilən aşağıdakı şeir beləcə yaranır.

Ay şair Ələddin, şair dostunun,
Açılmır qabağı-qaşı bir ildir.
Olub məhəbbətdən illər xəstəsi,
Ayılmır sevdalı başı bir ildir.

O atdı özünü varın qoynuna,
Bahar günlərindən qarın qoynuna.
Mən həsrət çəkirəm yarın qoynuna,
Orda ləzzət çəkir naşı bir ildir.

Ay Məmməd, haqlayar səni subaylıq,
İslanar, quruyar verdiyi yaylıq.
Onun körpəsinin yaşı üç aylıq,
Mənim həsrətimin yaşı bir ildir.

***

Məmməd İsmayıl sevdiyi qızı görmək üçün kənddən 17 km yolu piyada Tovuza gəlirmiş. Gecələri əmisiqızıgildə qalırmış, hər dəfə əmisi qızı “Özünü bu yollarda niyə əsir-yesir eləyirsən, onsuz da o qızı sənə verməyəcəklər”, deyir. Doğrudan da əmqızının dediyi kimi olur. Aradan uzun zaman keçəndən, o qız başqasıyla evlənəndən, Məmməd Məmməd İsmayıl olandan sonra əmisi qızı deyir:

- O qız səninlə görüşmək istəyir".

Məmməd İsmayılın cavabı belə olur:

- Məni mənim sevdiyim o 16 yaşlı qızla görüşdürə bilərsənsə, görüşdür, mənim bugünkü qadınla nə işim var?

***

Məmməd İsmayılın Mikayıl adlı bir qohumu aşıq imiş və Məmməd istəyirmiş ki, qohumu onun da şeirlərindən oxusun. Amma aşıq müxtəlif bəhanələrlə oxumurmuş. Sonralar Tovuzun ünlü aşıqları onun şeirlərini Məmmədin xəbəri olmadan məclislərdə oxuyanda qohum aşıq giley edir ki, niyə şeirlərini ona-buna verirsən, öz qohumuna yox. Məmməd Xəstə Qasımın “Ay ağalar, bir tərlanım uçubdu, sağ əlimdən sol əlimə alınca” misralarını söyləyib, sən o tərlanı uçurdun, deyir və qohumuna şeirlərini oxumağı qadağan edir.

***

Məmməd İsmayıl ötən il Rumınyada fəaliyyət göstərən bir qurum tərəfindən Nobel mükafatına namizəd verilir. Lakin talesizlikdən həmin il Nobel Komitəsində qalmaqal olduğu üçün mükafat üçün seçim keçirilmir.

***

O, gözəl şair olmaqla yanaşı həm də ədalətli insan kimi tanınır. Azərbaycan Yazıçılar Birliyinin sonuncu qurultayında gənc yazarların yeni namizədinin olmamasını irad tutduğu üçün birliyin rəhbərliyi ilə münasibəti korlanmışdı. Ancaq o, öz mövqeyini müdafiə etmiş, üzvü olduğu birliyin bu nöqsanını mətbuatda da tənqid etmişdi.

***

Məmməd müəllim artıq neçə ildir ki, Türkiyədə yaşayır və Çanaqqala Universitetində işləyir.

# 6543 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #