Cəfər Cabbarlı kinoda: kölgədə qalanlar

Cəfər Cabbarlı kinoda: kölgədə qalanlar
25 oktyabr 2019
# 16:30

Kulis.az Tahir Tahiroviçin “Cəfər Cabbarlının həyatı sovet və müasir sənədli kinoda” məqaləsini təqdim edir.

"Azərkino rəhbərləri ssenari işini kimə desəniz inanıb tapşırırlar, təki o adam azərbaycanlı–türk olmasın. İş burasındadır ki, Azərkino yerli qüvvələrdən ssenariçilərin hazırlığı ilə məşğul olmur. Onların dəvət etdikləri "gəlmələr" isə yerli həyatla tanış olmadıqlarından, bizim türklərin həyatından ağlasığmaz qondarmalar quraşdırırlar"

Bu fikirləri kinodramaturgiyamızın təəssübkeşi C.Cabbarlı «Azərkino hara gedir?» məqaləsində yazırdı və bu cümlələr milli kinokadrlarının yoxluğunun yaratdığı ağrını ifadə edir. C.Cabbarlının bir ədib kimi məqsədi yeni həyatı bədii təhlil prosesindən keçirmək deyil, əsərlərində həyatı qabaqlamaq və cəmiyyətə yol göstərmək idi. «Sənət həyata yol göstərməlidir» devizini qarşıya qoyan C.Cabbarlı məsələn, «Hacı Qara» filminin ssenarisini yazarkən Axundovun realist maarifçiliyini davam etdirməklə sosialist həyatını dərk etmək istəyirdi. O, «Hacı Qara» əsərini dövrün ideoloji tələbi ilə müasirləşdirir; Heydər bəyi, yoxsul çoban Heydərlə əvəz edir, varlılarla yoxsullar arasındakı sosial ədalətsizlik prinsipini dramaturji ziddiyyətə çevirir. Cabbarlı pyesi zamanın tələblərinə uyğunlaşdırmaq, Azərbaycan qadınlarının hüquqsuz vəziyyətini ön plana çəkmək üçün ədəbi ssenarinin “Sona” adlı variantını yazmağa başlamışdı. Sonra kiçik əlavələrlə orijinalı saxlamağı qərara alan dramaturq ilkin niyyətindən də imtina etməmişdi. Bunun nəticəsidir ki, filmin titrində “Hacı Qara” adından sonra kiçik hərflərlə “Sona” adı da yazılır. Ona görə də, SSRİ kino tarixinə dair bəzi ədəbiyyatlarda, məsələn, N.A.Lebedevin “SSRİ kino tarixi oçerkləri kitabında səhv olaraq M.F.Axundovun Şərq qadınlarının hüquqsuz vəziyyətindən bəhs edən “Sona” adlı pyesinin ekranlaşdırılmasından söhbət gedir.

“Zahirən sosializmi tərənnüm edən «Sevil» pyesi əsasında hazırla-dığı ssenaridə (ssenari müəllifləri C.Cabbarlı, A.Beknazarov, Q.Braqinski, 1929) sosialist cəmiyyətinin qarşıya qoyduğu etik–psixoloji normaların daşıyıcısı olan, inzibati amirliklə hər kəsdən nəsə tələb edən və hamını müstəntiq kimi dindirən, günahlandıran Gülüş obrazı ön plana çəkildi və onun mətnindən kadrarxası yazılarda istifadə olundu.” (Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.) Pyesin birinci pərdəsində olduğu kimi, ssenarinin ilk hadisələri Müsavat hökuməti dövrünün son günlərində cərəyan edir. Odur ki, «Sevil» pyesini Cabbarlı Böyük Oktyabr Sosialist İnqilabının onuncu ildönümü günlərində yazmışdır. İnqilabın ildönümü təntənəsi Sevilin şəxsi sevincində öz ifadəsini tapmışdır. Sevil özünün keçdiyi yolu ümumiləşdirərək Azərbaycan qadınının azadlıq yolu kitabını yazır» fikirləri reallığa söykənir.

Cəfər Cabbarlının həm kino, həm də teatr yaradıcılığı sonrakı illərdə rejissorların maraq dairəsində olmuş və bu əsnada bir çox sənədli filmlər meydana gəlmişdi. Lakin bu filmlərdə Cəfər Cabbarlı sovet düşüncəsinin məhsulu, sosialist realizminin parçası kimi təqdim olunur. Halbuki, gənc Cəfər Cabbarlı Azərbaycan Xalq Cümhuriyyəti qurucularının yanında olmuş, Cümhuriyyət süquta uğradıqdan da sonra Məhəmməd Əmin Rəsulzadənin qaçırılmasında fəallıq göstərmiş, gizli istiqlal təşkilatlarının qurulmasında yaxından iştirak etmişdi.

XX əsrin 30-cu illərdə, kinoxronika janrının üstünlük təşkil etdiyi mərhələdə rejissor Mikayıl Mikayılov(1903-1986) Cəfər Cabbarlının dəfn mərasimindən lentə alınmış kadrlarından istifadə edərək, 1935-ci ildə “Cəfər Cabbarlının dəfni” xronikal filmini ərsəyə gətirir; “Film Azərbaycan dramaturqu Cəfər Cabbarlının dəfn mərasiminə və ümumxalq matəminə həsr edilmişdir.”

1944-cü ildə rejissor Həbib İsmayılov(1906-1966) böyük ədibin yaradıcılığından bəhs edən “Cəfər Cabbarlı” sənədli filmini çəkir. Kinolentdə Cəfər Cabbarlının "Sevil", "Aydın", "1905-ci İldə" əsərlərindən parçalar göstərilir.

Həm də filmdə Cəfər Cabbarlının həyat və fəaliyyəti sosialist realizmi nöqteyi-nəzərindən təqdim olunmuşdu. Sosrealizm cərəyanının əmək münasibətlərini insani münasibətlərdən üstün tutması 20–30–cu il-lərin kinosunda da, əks olunduğundan, fiziki əməyin mədh olunması, etalonlaşdırılması bu dövr ekranı üçün səciyyəvidir. Əmək prosesində real problemləri göstərilməyən, əksinə, çox qayğısız təsvir olunmaqla, sanki yorulmayan bu adamlar dəmir yolu çəkir, körpülər salır, neft çıxarır, su elektrik stansiyaları tikir, nəhəng sosialist obyektləri yaradırdılar. Cəfər Cabbarlı da Həbib İsmayılovun sənədli ekran işində məhz bu prosesləri təbliğ edən ədib kimi təqdim olunurdu.

Azərbaycan sənədli kinosunda yeniliklər gətirmiş kinorejissor Oktay Mir-Qasım 1969-cu ildə Cəfər Cabbarlının həyat və yaradıcılığna müraciət edir. O.Mir-Qasımın çəkdiyi “Cəfər Cabbarlı” sənədli filmi hər şeydən əvvəl, Cəfər Cabbarlı bir vətəndaş kimi, mənalı həyatını doğma xalqına xidmətdə görən, qeyri-adi istedadını xalqının maariflənməsi, Azərbaycan qadınının çadra hökmranlığından tamamilə azad olması uğrunda qələmi ilə mübarizə aparan şəxsiyyət kimi əks etdirir. Kinolentdə kino və foto arxivə, müxtəlif sənədlərə müraciət edilmiş, böyük ustadın yaxın qohumları və qələm, sənət dostları ilə söhbət aparılmış, əsərlərindən səhnələr verilmişdir. Dramaturq, şair, nasir, teatr və kino xadimi kimi tanınmış Cəfər Cabbarlının böyük əməlləri bu gün də, sabah da yaşayacaqdır. Bu fikir filmin əsas qayəsini təşkil edir.

1973-cü ildə rejissor Nicat Bəkirzadə Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə “Cəfər Cabbarlı. Səhnə Əsərləri” sənədli filmini çəkir. Kinolentdə əyani dərs vəsaiti kimi istifadə olunmaq üçün Cəfər Cabbarlının səhnə əsərlərindən fraqmentlər verilmişdi.

Lakin kinorejissor Cahangir Zeynallının 1979-cu ildə lentə aldığı “Solmaz bir bahar kimi” sənədli filmi ilə öz həcminə və miqyasına görə Cəfər Cabbarlı haqqında buna qədər çəkilmiş bütün sənədli filmləri kölgədə qoydu. Film Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının anadan olmasının 80 illiyinə həsr edilmişdi.

Filmdə biz onu Moskvada yazıçı Maksim Qorki ilə gəzən qurultay iştirakçıları arasında görürük. (xatırlafdaq ki, 1934-cü ildə SSRİ yazıçılarının I qurultayında C.Cabbarlı da iştirak etmişdi) Bu görüşü əks etdirən xronikal lentdən ilk dəfədir ki, kinoda istifadə olunur. Sonrakı kinokadrda eynək arxasında qaynar gözlər görünür. C.Cabbarlı görkəmli kino xadimi Vsevolod Pudovkinlə söhbət edir. Bu epizod "Sevil" bədii filminin çəkilişi vaxtı lentə alınmışdır. Ekran əsərində "1905-ci ildə" dramından, "Od gəlini" pyesindən, "Sevil" tamaşasından parçalar, "Sevil" və ""Almaz" filmlərindən fraqmentlər daxil edilmişdir. Filmdə Sevil və Almaz rollarının ifaçısı, akademik İzzət Oruczadə, yazıçı Mirzə İbrahimov, aktyor Ağasadıq Gəraybəyli və başqaları C.Cabbarlı haqqında söhbət açırlar. Filmdə dramaturqun ev-muzeyi, onun müxtəlif illərdə buraxılmış kitabları, haqqında yazılmış elmi əsərlər, monoqrafiyalar da öz əksini tapmışdır. Film Azərbaycan Komsomolu Mükafatına, rejissor Cahangir Zeynallı isə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

2019-cu il ədibin 120 ilik yubileyi ilə əlaqədar olaraq “Aranfilm” yaradıcıq mərkəzində rejissor Babək Abbaszadə tərəfində “Zülmətdən doğan işıq” sənədli filmi çəkildi. Xatırlatmaq istəyirəm ki, ekran işində ilk dəfə olaraq Cabbarlının ictimai-siyasi fəaliyyəti burda öz əksini tapır. Təssüf hissiylə bildirmək istəyirəm ki, filmin bədii estetik həlinin yüksək olmasına baxmayaraq “Cəfər Cabbarlı” mükafatını paylayanlar filmin rejissorunu görmədən keçdilər.

# 4857 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
# # #