“Bir şeir” yarışmasına əsər qəbulu başa çatdı - Son Mətnlər

“Bir şeir” yarışmasına əsər qəbulu başa çatdı - Son Mətnlər
10 oktyabr 2019
# 18:00

“Bir şeir” yarışmasında əsərlərin qəbulu başa çatdı. Portalımızın Facebook səhifəsində elektron səsvermə (laykla) oktyabrın 15-i, saat 18:00-a qədər davam edəcək. Mükafatlandırma mərasimi 18 oktyabr – Müstəqillik Günü ərəfəsi keçiriləcək. Mükafatlandırmaya qədər ardıcıl olaraq yarışmanın 20-liyi və 10-luğu açıqlanacaq. Xatırladaq ki, yarışmaya indiyə qədər 200-dən çox şeir təqdim olunub və şərtlərə uyğun olanlar qəbul edilərək yayımlanıb.

Kulis.az yarışmada iştirak edən son müəlliflərin şeirlərini diqqətinizə çatdırır.

***

Fərid Hüseyn

Təşbehə ağı

I

Sənin hicrətindir mənim ömrüm, –
uzun bir səfər etmisən –
xəyallarımdan xatirələrimə köçmüsən.

Həyat bəzən bizlə
yalnız sevişdiyi günlər mehriban olan
meşşan kimi davranır,
və eşqin rahatlığı
bizim yalnızlığımızda quyulanır...

Olanları xatırlatmaq vaxtın işidi,
ürəyim yaralar muzeyidi,
ancaq xatirəsi olanlar içəri buraxılır.
Şüşənin altında qorunur
dilimin zəhəri,
divardan asılıb
günahın şeytan təbəssümü...

Cümə yorğunluğuyla baxıram şəklinə, –
heç nə dəyişməyib,
hər şey eynidi –
sənli günlər üzünə parça atılmış,
ayaqları açıq qalan ölüdü.

Sıyrılmış dəri kimi göynədir tale,
qədər...
Dirilərin gözlərinə,
ölülərin ayaqlarına çökür kədər...

Hardasan indi,
hansı qaralanmış sözün altındasan?
Yenə nöqtəli hərflər kimi
səhvlərin astanasındamı yaşayırsan?

Beynimdə bir-birinə qarışır
qadın xəyalları:
vaxtı və yeri unudub
xatırlayıram onları.

Heç zaman yaranmadı
iztirabla mehrin ülfəti,
ehtiras vaxtı soyunulmuş
paltarlar kimidi günahlar, –
hərəsi tələskən bir ananın əbədiyyəti...

II

Getdiyim yolların qəlbi daş,
içdiyim şərablardan
tövbə əmir ürəyim.
Ayaqlarım gəzdiyimiz yerlərdən
izlərini gəmirir.


Kim ki özündən qaçır,
qamçılasın özünü.
Hamı yaxşı tanıyır
günahın güzgü üzünü.

III

Səndən xatirələri soruşsalar
kəsilməsin səsin,
solmasın bənizin,
de ki mən də sevmişdim

aşiqlərlə bərabər,
de ki nəğməm qocaldı, –
öz səsimlə sərasər.
De ki söndürülmüş işıqları

ovutmaq üçün
lay-lay deyirəm nur dilində,
de ki günah təzə-tərdi,
yada düşən hər gündə.

Gəl xatirən tərəfə –
özünlə bir qarşılaş,
mən keçmişdən dərs keçim –
nəyi bilməsən soruş.

IV

Çox şey tarix olurmuş,
tarixçilər
Heredotun şəkli uydurulmuş otaqlarda
danışmazlar belə günlərdən.
Yaddaşın işğal tarixi başlar,
gözlərinin önündən.

Çox şey tarix olurmuş:
məsələn, gözəl bir qadının qocalması...
Haçandan başlayır o faciəli gün?
Dırnaqlarını boyamağa
ərindiyi səhərdənmi,
ona yaraşan papağı
hardasa unutmasındanmı,
olmaya çəkələkləri ayaqlarına oxşamayandan?

Məndən olsaydı,
sənin əllərinlə ömrümü ovub,
yaşadığın günlərə qarışardım.
Əgər Allah kimi hər şeyi bilsəydim,
yenə də səndən adını soruşardım.

V

Keçmişi arzulamaq
bir başqa üzümüzdür indi,
təmiz,
pak,
ləkəsiz üzümüz,
əyintisiz sözümüz...
Keçmişi xatırlamaq bəzən
yüngüləxlaqlı qadının
evdarlıq arzulamasına taydır, –
ilişdirirsən yaxanı ümid ilgəyinə,
sən paklığına qovuşacağını düşünürsən,
ancaq insanlar inanmır sənin dəyişəcəyinə.

VI

Sənin əllərinin cadarlarına
hansı günləri izləri düşüb?
Mənim dilimə oyuncaq
sevgilərin qırıq yerləri hopub.
Mən sözlərimi köksümdə
sən əllərini ciblərində gizləməklə
geriyə qayıda bilərik,
ancaq sən mənə əl uzatmalısan,
mən də nəsə deməliyəm sənə.
Səndən danışırlar mənə,
sanki heç nə eynimə deyil,
amma ürəyimdən buzlar sınır,
Səni heç vaxt görmədiyim,
adamlarla düşünürəm,
heç vaxt getmədiyim
yerlərə gedirsən xəyalımda,
eşitmədiyimiz mahnılar dinləyirsən,
saçlarının rəngi fərqlidi,
gülüşün də dəyişib,
yad ifadələr daşlaşıb üzündə,
səni hər şeyə yadlaşdırmaqla
qoruyuram içimdə.

VIII

Xoşbəxt günlər
bir işıq xəyalıdır yaddaşımda,
sənin adına yandırdığım şamlar ölüb,
ürəyində arzu tutma...

Yığmışam qəlbimə,
yanmış kibrit çöplərini
sənəd səliqəsiylə...

IX

Bax, indi düyməmi tikirəm,
subaylıq əlimə batır,
anamın ağrısı
iynənin gözündən keçir...

Çay dəmləyirəm,
sən yadıma düşürsən,
gedib yapma gülləri sulayıram...

Şəklinə baxıram, – bu sənsən.
Gözümün görməyə
alışmadığı qədər gözəlsən.

Gündüzün yorğunluq qandalın
gecənin sükutuna taxıram.
Günəşi söndürüb yatıram.

Sabahsa həminki – eynidi.
Nolar, tanıma sən məni –
dəyişən içimin əynidi.


***

Şamil İbrahimov

Yağar, yağar, yağar... elə hey yağar

Yağışlar ömürə gecələr yağar.
Hər damcısından bir giley yağar,
hər damcısı günahını yuduğu,
qucaq-qucaq şahid küçələr yağar.

Axar o damcılar üstdən aşağı.
Üstünə göylərdən xəyanət yağar.
Gələnlər qıraqdan, gedənlər gendən,
hərəsi bir küncdən gizlincə baxar.

Yağanda yağışlar lap həzin-həzin,
analar ağlayar, dağlar ağlayar.
Damcının aynada açdığı izin,
baxarsan altından bir qız boylanar.

Yağar səhərəcən bütün gecəni.
Baxıb pəncərəndən kölgə işarar.
Dan vaxtı çoxalar dumanı, çəni,
hardasa közərmiş ümid qaralar.

Qaçarsan gecədən, səhər gün doğar.
Bəzəyər ömrünü beləcə anlar.
Dünənki gecənə yağan damcılar,
yağar taleyinə, elə hey yağar...

***

Gülay Tahirli

Sonra...
Sonra unudursan hər şeyi...
Olub keçənləri,
Ölüb köçənləri...

Doğulub böyüdüyün o uçuq-sökük evi də...
Həyətdəki yamyaşıl ağac da
Yavaş-yavaş tökür yarpaqlarını,
Heç olmamış kimi
silinib gedir xəyalından...

Sonra unudursan hər şeyi...
Unudursan gecənin,
Gündüzün rəngini,
Sən ki heç tuta bilmədin
Bu dünyanın ahəngini...

Əlifbandakı hərflər ölür,
Rəqəmlər bircə-bircə düşür təqvimdən,
Boşluqların rənginə boyanmış
O doğulduğun gün də
Başqa günlər kimi sürüşür təqvimdən...

Sonra unudursan hər şeyi...
Qorxub qışqırırsan güzgüdən boylanan
O yad gözlərin dəhşətindən...
Qovuşa bilmir kirpiklər də

Donmuş göz yaşları düşər deyə.

İllərdir qoruduğun o heykəl

Ayılar, küsər deyə...

Sonra unudursan hər şeyi...
Kimdir bacın, qardaşın?
Sirdaşın, yoldaşın?
Kimsən sən?
Axı kimdir
Səni dünyaya gətirən qadın?

Sonra unudursan hər şeyi...
Qırıq-qırıq nə qalıbsa yadında
Üçüncü adam kimi baxırsan ona da...
Qonşunun ağrısını hiss edə bildiyin qədər

Hiss edirsən özünü,
Sən çoxdan söndürmüsən
Ürəyinin yanğısını, közünü...

Sonra unudursan hər şeyi...
Unudursan,
başlayırsan yaşamağa...

***

Emin Piri

Venesiyaya məktub-"SƏNSİZM" in “ağ”bayatıları

Səni sevmək
zülüm bir iş,
burda doğulmaq kimi,
Alın yazısını
sondan əvvəlinə
oxumaq kimi...

Səni sevmək
müsəlman orucunda iftara gələn
çoxillik şərab kimidi...

bu qədər vazkeçilməz
bu qədər günah...

Qapımızın cəftəsinə çevrilib əllərim
bəlkə döyəcəksən qapımı.
Daha mövsümüdü gəlişinin,
Qapımdan əl izlərini dərirəm.

Küsər,
baxışları-
Şimal buzlu okeanın sahilə vurduğu
sərt, dondurucu ləpələr kimi.

Yollar qovuşmaq yox, ayırmaqçündü.
Bütün yolları dağıtmaq lazım,
körpüləri uçurtmaq...
Ayaqlar getmək üçün yox,
Qayıtmaqçündü...

Düşünmə qəlbə gedən yolları,
O yol bəlkə elə özünsən.
Səni qısqanan göyərçinlər
həyətinizdən
ayaq izlərimi dənləyir.

Ayaqlarımın addımlamağı
əllərimi aldatmaqdı
səcdə edir getdiyin yollara.
Dünyanın ən qulaqbatırıcı səsidir
sevdiyin adamın sükutu.

Barmağındakı üzük də soğan kimi
dil açar gözlərində
xatirələr boğaza dirənmiş ülgücə çevrilər.
Unutmaq
yeri yaddan çıxan basdırdığın
mina kimidir.
bir gün üzər ayaqlarını həyatdan
gözləmədiyin anda.

Şəklinə baxdıqca
qapım üstdə yuva quran
balasına yem aparan qaranquş
dənləyir ürəyimi.
Cikkildəyir:

"Niyə bitmir bu ürək,

elə bil sinə üstdə ürək deyil
taxıl zəmisi gəzdirir, zalım balası".
…Xatırladınmı,
ata anası savaşarkən
oyuncağının gözlərini tutan
qızcığaz
bu gün “xilaskar” kimi

“Can qurtarırdı” abort masasında.


Qurmaq istərsən
o uşaq kimi dünyanı.
Divardan endirib ata rəsmini
silib qoltuq ağaclarını onun şəklindən,
ayaq çəkirdi atasına
Mərmilərin acığına.

Məktəbdə kökə bölüşdürən uşaqları
burda mərmilər bölüşdürür
öz aralarında...

Bilirsənmi, necə dəhşətlidir
ilk kərədən qınanmaq.
Başının üstünü kəsdirən qızın:
“Niyə ayağa qalxmır, bu mədəniyyətsiz” baxışı.
Deyə bilməzsən

ayaqlarının iki il öncə
mina üstündə centlmenlik etdiyini...
Protez ayağın utanar özündən
qayıda sənə:
“Xahiş edirəm, daha mənsiz get”

…Necə edim,
necə qovuşum sənə?
bütün dualarım auta düşür
Roberto Bacconun final "11"i kimi.

Çiyinlərim qabar olub
Allahın tabutunu daşıyıram.
Şəhər-şəhər gəzdirirəm
kimsə yox tabut altına girməyə
şeytan ayağını yumaqda hamı.

...Orda
həbsxana divarları ucalır,
bir ağac boylanır həyətindən.
hər mövsüm gözətçi budayır
divarlardan

azadlığa çıxan budaqlarını.
Azadlığı
məftillərdən kənara çıxan
kölgəsi dadır bu ağacın.
Sənə uzanan əllərimdi o budaqlar...

Heç bir quruluş ovutmur məni
nə kapitalizm, nə də kommunizm
indi hər yer “Sənsizm”di.

***


Ülvi Bahadır

Brunoya

Cordano
bütün ağaclar yeni doğulmuş körpələrin gülüşündən alır öz köklərini...
körpələr gülümsədikcə ağaclar boy atır...
körpələr gülümsədikcə ağaclar çiçəkləyir...
ağaclar çiçəklədikcə körpələr böyüyür...
...böyüyür və əllərini ağacın cod sinəsinə sürtüb gülümsəyir...
Günəş çıxır körpələrin köksündən...

Sonra biri də...biri də...biri də...
Ağacların budaqlarına qonurlar...xəfifcə...
Sənsə gəlib keçirsən onların yanından...asta-asta
Xurcununda bir ovuc kül...

Baxırsan...baxırsan...baxırsan...

Sonra yavaş-yavaş yol alırsan yoxuş aşağı...
Cordano...

Tez-tez yuxuda qarışqayeyənləri görürəm...
Bir cüt qarışqa da oturub başının üstündə...qısılıb bir-birinə tanrını gözləyir
Aslanlar dövrəyə alıb ana fili...
Ana fil də balasını xortumunda gizlədir...
Sonra bala fil anasının xortumundan çıxır...
əl sallayır aslanlara...
gülməyə başlayır...
aslanlar da əvvəl ona, sonra bir-birinə baxıb gülüşməyə başlayırlar...
sonra da əl-ələ verib yallı gedirlər ana-balanın ətrafında...
vəhşi quşlar da onlara qoşulub dövrə vurur səmada...

ilanlar ayaq-ayağa verib tanrıya xoşbəxtlik mesajı ötürür
sənsə xurcununda bir ovuc kül yavaş-yavaş keçirsən bu qutsal mənzərənin yanından...
tək yox...xəfif bir rüzgarla qol-boyun...

Cordano...
Bax,Günəş nur atır ardınca...
Səma hələ bu qədər işığa möhtac olmayıb...
İşıq hələ bu qədər gerçəyə ulaşmayıb...
İnsanlar...hə, insanlar
İnsanları bağışla, Cordano
Bağışla insanları...
“Onlar nə etdiklərini bilmirlər”.


***

Təvəkgül Boysunar

Sərhəddəki qəbiristanlıq


Novruz gəlsə, neyləyəssən,
Sərhəddə tənha məzarlıq?
Heç kəs gəlməyəcək ziyarətinə,
Gəlsələr də arabir,
Bizlər gələcəyik səngər qazmağa,
Güllələr gələcək baş daşlarına,

Mərmilər gələcək tarix yazmağa.
Qucaqla qəbirləri, tənha məzarlıq,
Yenə tək qal bu bayramda.
Axı neyləyirsən ziyarətçini?

Novruzlar gələcək hələ nə qədər,
Bayramlar olacaq dünya durduqca,
Buğdalar səməni yetirəcəklər,
Əsgərlər külüngü sənə vurduqca.
Unut səmənini, unut Novruzu,
Qucaqla qəbrini sərhəd ağzında,
Güllələr gəlməsin təki başına
Dünyanın yasəmən iyli yazında.

***

Ruslan Dost Əli

Bu payız vaxtın eşqinə
qaş-qabağınla yer süpür,
alnını qırışdır, getsin…

O buz otaqda az üşü,
göndərdiyim məktubları
yığ, topla, alışdır, getsin.

Divardakı mən deyiləm,
şəkildi də, kin saxlama,
bir söz de, danışdır, getsin.

Yenə səksəndim, ay dəli,
belə qəfildən yadıma
düşməyi yığışdır, getsin…

***

Elşən Süleymanlı

Yun saplardan
Yazıq anam,
Dərd hörərdi özünə
İlmə ilmə,
Milçi milçi üstünə.
Zəif lampa işığında,
Əlində hörgü,
Başında sabah nə yeyəcəyik fikri?!

Tez-tez düyərdi ilgəyləri ilmə başına.
Bəxtsizliyinin acığını ilmələrdən çıxardı sanki,
Tökərdi ilmələrin üstünə
susqunluğunun altında gizlənmiş bütün hirsini.
Ya da gecə-gündüz nəsə tikərdi
Köhnə paltartikən maşında

bizi böyütmək üçün.
Gecə yarı keçərdi,
Məni yuxu basardı,
Qıvrılıb bir qırağda
Odun peçinin istisində xoşallanıb yatardım.

Bir gün söz verdim anama,
-qoy böyüyüm,
Çıxaracam bu zillətdən səni,
Qoymayacam səni bir də işləməyə.
O gündən neçə illər keçib.

Dəyişən elə bir şey yoxdur əslində.
Bir mən böyümüşəm,
Bir də anam qocalıb o gündən bu günə.
Bir də yerimizi dəyişmişik anamla.
Sözümü tutdum-
O zillətdən anamı çıxardıb özümü saldım.

indi mən zillət çəkirəm anama baxmaq üçün.
Anam da qocaldıqca uşaqlaşıb elə bil.
Varın-yoxun nə olduğunu bilməyən balaca uşaqlar kimi,
Hərdən məndən nəsə istəyir
-filan şey al mənə.
Ya da təzə paltarını geyinib mənə göstərir

Mənim uşaq vaxtı elədiyim kimi.
Hərdən qabağıma qoyub danlayıram da,
Onun məni tərbiyə edərkən danladığı kimi.
Əslində övladlıq etmirəm anama indi,
Mən indi anama analıq edirəm.

Anam da mənə uşaqlıq edir.
Tarixmi təkrar gedir nə?!

***

İsa Həsənoğlu

Klassik ailə dramı

Evliliyin 10 yaşı olmuş gecə...
Gündəlik işlər arasında unudulmuş gecə...
Zəng gəlir evdən kişiyə "zırhazır".

Yaş gününü yoxdu alan diqqətə,
Baş qarışıb gəzməyə, əyləncəyə, xoş söhbətə.
Dostlar ilə dadlı olur "hırhahır".

Gircək evə, batmamaq üçün gözə,
Çox çalışır pəncədə sakit yerisin dəhlizə,
Səs yayılır hər otağa "cırhacır".

Mürgüləyən zatı görüb süfrədə
Baxdı dərin gözlərinə, qüssə də var, hikkə də.
Sandı həmən başlayacaq "vurhavur".

Söz demədən topladı tez süfrəni,
Mədədə insaf nə gəzir, sanki, qürur düşməni.
Aclığın ifşa eləyir "qurhaqur".

Sezdi kişi evdəki söhbət nədi,
Səhvini idrak eləyib yüz kərə üzr istədi.
Yağmasa da, gurladı o, "gurhagur".

Ta yuxu tutmur xanımı, bax işə!
Get-gəl edir çarpayısında boğulan keşmişə,
Qəmli gözündən yaş axır "şırhaşır".

Bax beləcə yetdi gecə hasilə,
Çarpayının bir yanı çevrilsə də sakit gölə.
Bir yanını silkələyir "xorhaxor".

***

Sonası Vəliyeva

Müharibəni rəngləmək

Müharibənin tən ortasında,
Qara bir qutuda gizlənirdi,
Aclığını güllə səsləriylə doyuzduran qadın.

O və körpəsi,
Hər gecə mərmi səslərinə diksinən körpəsi.

Qadın indi beşiyə sığmayan körpəsinin üzünə baxa bilmir,
Hələ də körpəm deyə səsləndiyi oğlundan utanır,
Oğlunun hər gecə yuxuda sayıqladığı konfetləri,
Ona bağışlaya bilmədiyi üçün utanır.

Axı, bir zamanlar,
İndi mərmilərin tüstüsündə boğulan şəhərdə,
İnsanlar bir-birini didib-parçalamırdı,
İndi qara qutulara qısılan uşaqların,

Səsinə oyanan küçələrdə,
Qadın oğlunun istədiyi konfetləri axtarıb-tapırdı.

Lakin o inanır,
Bir gün yenidən həmin konfetləri axtarıb-tapacaq,
Qaradan da qara qutusunu,

Rəngli konfetlərlə boyayacaq.
Və konfetləri oğluna qaytarandan sonra,
Yuva boyda qutusunu tərk edib,
Müharibənin tən ortasında dayanacaq.
Rahatca qışqıracaq,
Rahatca güləcək,
Rahat öləcək.

***

Sitarə Ağasoy (Ağayeva)

Qayıdarmı xatirələr?

Keçsə də saatlar, günlər
Yenə sızlasa ürəklər
Söylə, əgər
Dilə gəlsə yerlər, göylər,

Qayıdarmı xatirələr?!
Dünyanı versələr, yenə
İllər çatmaz ötən günə.
Xoş günlərin xatirinə
Qayıdarmı xatirələr?!
Dönüb baxıram səmaya,

O, əvvəlki səma deyil,
İndi göydə yanan Günəş
Heç əvvəlki Günəş deyil,
İçimdəki bir səs deyir,
Qayıdarmı xatirələr.
Ara-sıra yada düşər

Bəlkə keçən ömür hədər
Əssə də indi küləklər
Qayıdarmı xatirələr?!
Bəsdir daha, ayağa qalx!
Dünənə yox, bu günə bax.

Düşün, əgər
Boğsa səni yenə qəhər,
Qayıdarmı xatirələr?!
Dünya dönür, hey fırlanır, dayanmır heç,
İndi ötən illərə də qayıtma heç!

Nə üzülmə, nə ağlama,
Üzünü tut göyə sarı,
Düşün bir az, geriyə bax,
Eləmisən yolu yarı.
İndi məgər
Geri qayıtmaq istəsən,

Qayıdarmı xatirələr?!
Sənə vəd etsələr yenə
Ötən günü, ötən anı, ötən ili,
Gəl, inanma,
O günlər qayıtmaz geri.
İllərini versən də sən,

Lap dünyanı versən də sən,
Heç nə ovundurmaz səni.
Gəl indi sil göz yaşını,
Ötən ilin nə yazını, nə qışını
Gəl axtarma!

Bəlkə, verdik o xoş günü, o xoş ili, ömrü bada...
İndi yenə o xoş anlar hərdən gəlib düşər yada.
Kimə yalvarsan Dünyada,
Bil ki, hədər.
Qayıdarmı,

Axı söylə,
Qayıdarmı xatirələr?..

***

Sadıqova Banuçiçək

"O an" hər an yaşanır...Günəş, hər gün doğulur..
mənim çılpaq günəşim abırına bükülür..
heç ölmədən doğulur.
Mənə dəli deyirsən..

Bu gün bir fərqli cürə
Mənim öz lüğətimdə..
Məndən eşit necəyəm?

dinlə azca..sən astaca..
Mənim kimi ol azca..
Qucaqla yastığını gir qaranlıq otağa..
Bağla pəncərələri..izah edim xırdaca..

Mən dəliyəm..gecənin gözləri üzərimdə..
Dənizin ortasında qaralan bir adayam.
Üzməyi bacarmıram.

Mən dəliyəm..
rənglər və zövqlər heç bir şey izah etməz mənə..
sonun başlanğıcından gedirəm
bütün başlanğıcların son tapacağı yerə

mən dəliyəm..
Mənim günəşim batmaz..dünyam dönməz.
küləklərim şimaldan gələr..sənə dəyməz..
bəlkə yüngül toxunar..sığalçəkər..incitməz..
ürəyim küçələrdən ibarət deyil ki hamısına qapı qoyum.

qədəhimə doldurduğum həsrətinin girdabında boğulmaqdır işim gücüm.
yenə sənə anlatmaqdır ürəyimi bu şəhərdə..qəsəbədə yalnız özüm..
mən dəliyəm..sənə sərxoş
inanmazsan...çərəzimdir bir baxışın hər gülüşün..

yaşayarkən savaşmağın çarəsidir
gedib..gedib..gözdən itib..gözləmədən hər dönüşün..
Aclığımın dərmanıdır..gözlərimə gizli-gizli hər baxışın..

barmağıma barmağınla toxunuşun..
mən dəliyəm sən ümidsən..
yağmayan yağış yoxdur..yağışsız isə payız..
mənim mövsümüm dəyişməz..

bildiyim tək quş göyərçindir.
ürəyim qanadlarınla birgə döyünər..
sən təki qal..çox keçməz bütün gələnlər mütləq geri dönər..

amma sən gəl..
mən dəliyəm..mənə bir bax..
çəkdin bəsdir sən mənə dağ..
gəl oturaq geniş yolun kənarında

uzaqlara yetər etdik "bizsiz " fərəğ..
mən dəliyəm..çayı çox tünd sevirəm..
ən gizli arzum budur..dinlə məni..deyirəm:

-qarşımda sən oturasan
Çaya bu üzdən baxım..o üzündə güləsən..
gözlərimi çəkmədən dodağının süzüm mən..
Hər zaman dediyim söz-sən bu başıma gələn ən gözəl hadisəsən..

mən dəliyəm..
bəlkə buralara heç aid də deyiləm..
gözləri qkşa almam..baxışları qığılcım..

saçları ipək dənli..astagəl bir yarım var
payızımda yağışım,yayımda qışım olur..
əllərim çatmayanda ürəyimdə qan donur..
mən dəliyəm..məsumundan
danışığından gülüşündən..vücudundan..
yanağıma qondurduğun öpüşündən..
dəliyəm..

mən dəliyəm.pərvanə şəm arar kimi..
dalğasını daşa çırpan dəniz kimi..
dənizlərə göy üzündən baxan bulud kimi..
mən dəlinəm..
pıçıltım qulaqlarında..
ərməğanım dodağının kənarında qalsın..
götür uzaqlaşan hər günümü..
qəlbinə qeyd elə..

səni sevdiyimi..
məni sevdiyini lap demə mənə..
inan.."o" an hər an yaşanır..
gözümü yumduğum qırpım içində..
günəş hər gün yenidən doğulur..
bəlkə gözlərimdə doğuldun deyə..

***

Yeva Qabilqızı

(8-ci sinif şagirdi)

Yaşıl söz

Deyirdin, yeni söz yaz.
Bəsdir vərəqlədin keçilənləri...
Yaxşı insan tapa bilmərəmmi keçmiş səhifədə?

Keçmiş səhifədə pislər, təzəsində yaxşılar...
Hansını seçər, görəsən, daim narahat analar?
Deyirdin, yeni vərəqdə hərf səhvi etmə.
Bu gün hərf səhvi etsən,

sabah ona cavab verərsən.
“Həyat sanki bir nərdivan
Ora qalxmaq çox çətin.
Köhnə səhifədən düşən sən,
Yeni səhifədə qalxa bilərsən.
Bəzən əlindən tutmazlar,
bəzən qəsdən yıxarlar.

hərdən kömək edərlər”...
Deyirdin, sənin nərdivana gücün çatmadı...
Amma ən güclü olan heç birimizi atmadı:
“Kədərdən, dərddən, qəmdən
bir çıxış yolu vardır.
Ürəyimin içində
hələ də ümid vardır...

Bu ümidin sönməsin
əriyən şamlar kimi.
Sönməsin ki o sənə
daima işıq saçsın.
Var olan hər bir ümid
min həqiqət olacaq.
Bu həqiqətlər isə

arzuları tapacaq.
Həqiqətlərinlə
həyatına baxasan.
Əsas odur, həmişə
Allaha inanasan!”
...Eşidirsənmi, anacan?
Hərf səhvi etmirəm daha.
Verdiyin nəsihəti
unutmuram heç zaman...

***

Furqan

Əslində

1.

əslində
eyni şeydi elə
yoxuş və eniş…

birində sən gedirsən,
birində ayaqların…

2.

məsələn,
bu ağac
öz kölgəsini qoruyur
günəşin istisindən…

…və biz də
yarpaq olmalıydıq əslində…
olammadıq -
heyif…

3.

sağ əlim qaşınır,
nəyəsə yozurlar…

sol əlim qaşınır,
yozurlar yenə…

daha
bilmirlər ki,
etmədiyim dualardı -
qaşındırır ovcumu…

4.

açıq-aydın eşidirəm:
bu qoca ağac
hər dəqiqə,
hər saat,
hər gün
yarpaq pıçıltısıyla
şükür edir Allaha-
insan yaradılmadığı üçün…

5.

gedəndə
arxamca su atdılar

və dedilər ki, yeri!


atdıqları su
ləpirlərimi yuyub apardı,
qayıda bilmədim geri…

6.

bu yağan yağışın
ucundan tutub
ancaq yoxa çıxmaq olar, qadası -
toz üstə yıxılıb qalmış
bir sərxoş ləpir kimi…

7.

çərçivədə şəkiltək
zamanın buz halıyam…
və yaxud da kiminsə
sülənən xəyalıyam…

saat neçədi?
bilmirəm…
həyat necədi?
bilmirəm…

Səadət Qərib

Boş çərçivə

Gələndə özüylə nə gətirdisə
Gedəndə hər şeyi aldı əlimdən.
Qəlbimə çəkdiyim portretini,
Artıq çıxarmışam çərçivəsindən.

Silmişəm, adı yox xatirələrdə,
Çəkdiyim acilar gəlməz günaha,
Qəlbimdən asılmış boş çərcivəyə,
Bir daha şəklini qoymaram daha.

Bəlkə də eşqimin gözü tutulub,
Bəlkə də qocalıb, esada gəzir,
Üz tutdum yalvardım, sordum Rəbbimə,
Dedi ruhun ölüb, burda ne gəzir?!

A bəxtim, burnumun ucu göynəyir,
Səni harda gəzim, harda axtarım,
Səni gəzmədiyim bircə yer qalıb,
Son evim, son yuvam , o son məzarım.

Mükafat fondu aşağıdakı kimidir:

Birinci yer: 500 manat

İkinci yer: 300 manat

Üçüncü yer: 200 manat

Əsər qəbulu sentyabrın 16-dan oktyabrın 10-dəkdir.

Qeyd: Şərtlərlə uymayan iştirakçılar müsabiqədən kənarlaşdırılacaq.

Şərtlər

Şərtlərdə yenilik

Göndərilən mətnlər

Yeni mətnlər

Növbəti mətnlər

# 5150 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #