news-inner
clock10:44 calendar-gray 17 Sentyabr 2019 view-gray2823 dəfə oxunub
view-gray2823 dəfə oxunub

Ayxan Ayvaz: “Ata-anamı biabır etmişəm” – Qalmaqallı müsahibə

Kulis.az Ayxan Ayvazın Artkaspi.aza verdiyi müsahibəni təqdim edir.

– Ayxan, Gürcastanda yaşamısan və orada da oxucuların var. "Buri” adı gürcülərdə də kitaba maraq yaratmaq cəhdi idi?

– Tiflisdə doğulmuşam və uşaqlığım orda keçib. İndi də xəyalən də olsa orda yaşayıram. Çünki harda xoşbəxt olmusansa, o yer heç vaxt unudulmur. Həyatımın ən gözəl günlərini Tiflisdə keçirmişəm. Qaldı ki, sualına. Mənim orda azərbaycanlı oxucularım var. Hətta təklif etmişdilər ki, kitabın bir imza gününü də Tiflisdə keçirəcək. Amma heyf, alınmadı.

– Niyə?

– Nəşriyyat yenidən nəşr edilməsini uyğun görmədi.

– Yəqin satılmayacağını düşünüblər...

– Elədir...

– Bəs niyə "Buri” adını qoymuşdun?

– "Buri” adının gürcülərdə maraq yaradacağını heç düşünməmişəm. Orda bir neçə hekayəm gürcü dilində də çap olunub. Əslində, çox sadə cavabı var bunun: kitabın içində "Buri” adlı hekayə var idi və məsləhətləşdiyim dostların hamısı kitabın adını "Buri” qoymağımı istədi. Bu, həm ümumi hekayələrin ovqatını özündə ifadə edirdi, həm də ki diqqət çəkmək üçün idi.

– İlk romanının da adı sanki marketinqə hesablanmışdı...

– Bəli. O sırf marketinq idi. Mən "Yayın bitməyən oyunları” adı qoymuşdum kitaba. Naşir dedi ki, gəl bunu "Mən necə Polat Alemdar oldum” qoyaq və kitab da satılsın. Elə də oldu. Kitab bu adla çap olundu və həmin ilin ən çox satılan kitabı oldu. Hətta Çingiz Abdullayevi də keçmişdim (gülür). Yəni nəyisə oxutmaq mənim əlimdə iki vur ikidir.

– Qayıdaq "Buri” kitabına... Hekayələrinin təhkiyəsi, dili ənənəvi ədəbiyyatımızdan fərqlidir. Süjetlər isə astagəl, monoton. Necə düşünürsən, müasir hekayədə dil amili önəmlidir, yoxsa hadisələrin dinamikliyi?

– Süjetlə bağlı deyilənlə razı deyiləm. O kitabda, daxili monoloqlar var, süjet arxa plandadır. Əsas olan qəhrəmanların iç dünyasıdır. Mən heç vaxt zahiri süjetə qaçmamışam. Yəni məsələ süjetdə deyil. Qondarma süjet tapmağa qalsa, hər gün yüzünü taparam. Ancaq şablon da olsa, gərək süjeti içindən keçirə, özününkü edəsən. Modern hekayədə hər ikisi önəmlidir: dil də, yeni, işlənməmiş süjetlər də. Eləcə də forma. Mən hazırda bunun üzərində işləyirəm. O modern dili tapsam, o süjetləri yaza bilsəm, dahi olaram (gülür). Amma hesab edirəm ki, yolu yarılamışam. Hazırda bu söhbətləri məndən yaxşı bilən yoxdur. Necə deyərlər, tale də məndə var, istedad da, mütaliə də. Bircə qalır bütün bunları süzgəcdən keçirib yazmaq. Əmin edirəm səni: nasirlər arasında məndən yaxşı yazan yoxdur.

– Niyə elə düşünürsən ki?

– Səbəbini deyim. Çünki mən uşaqlıqdan ədəbi mühitin içindəyəm. Özüm yazıçı ailəsində dünyaya göz açmışam. Hər gün atam oxumaq üçün mənə əsərlər siyahısı verirdi. Mən onları oxuyub atamla müzakirələr eləyirdim. Hekayəmi yazıb verirdim, oxuyurdu. Redaktələr eləyirdik, bir yerdə hekayənin hansı yeri yaxşı, hansı yeri pisdir müzakirələr aparırdıq. Bütün bunlar mənə ciddi mənada təsir etdi. Sonra mühitdə - sənin tanıdığın, imzası məşhur olan bütün ədəbiyyat adamları ilə oturub-durdum, yeyib-içdim. Bir növ onlardan doydum. İndi isə özüm özümü yetişdirirəm. Ondan-bundan öyrənə-öyrənə, zəhmət çəkə-çəkə daha da ucaldım. Ona görə də deyirəm ki, hazırda məndən yaxşı yazan yoxdur. Məndən əvvəl ədəbiyyatda olan yaşlıdan tutmuş ta indiyə qədər hamıyla söhbət etmişəm. Onlardan aldıqlarımı üst-üstə qoyub böyük bir nərdivan düzəltmişəm. Və indi sadəcə o nərdivanın lap başına çıxıb üfüqdəki səmaya baxmaq lazımdır...

– Səndən öncəki nəsildə bəs?

– Nasirləri deyəcəyəm. Şairləri başqaları deyər. Məndən öncəki nəsildə iki parlaq imza var: adını çəkdiyin Seymur Baycan və Şərif Ağayar. Seymur yazıçılığın nə olduğunu hamımızdan yaxşı bilir. Di gəl, onda bədii təfəkkür zəifdir. Buna görə də onun yazdıqlarını istedadla yazılmış publisistika hesab edirəm. Üstəlik, postmodernist kimi gəlib köhnə təfəkkürlə yazdı. İntellekti də rus ədəbiyyatı və klassika ilə çərçivələnir. Onun Borxes və modern ədəbiyyat haqda dedikləri buna sübutdur. Şərif yazıçı kimi çox gözəl yazıçıdır. Bədii təfəkkürü güclüdür. Ancaq o modernləşə bilmir. Son romanlarında yeniliyə meyl edib və hiss edirəm ki, o köhnə qəlibdən çıxmaq istəyir.

– Bəs öz ədəbi nəslində?

– Bizim nəsildə nəsr yazan Kəramətdi, Cavid Zeynallıdı, Mirmehdi Ağaoğludur. Əsas üzdə olanlar. Kəramətin romanları uğurlu cəhddir, hekayələri isə Əziz Nesin tərzi. Yəni, Kəramətin yazdıqları məni təəccübləndirmir. O, yaxşı əhvalatçıdır, yazıçı yox. Cavid istedadlıdır, sadəcə köhnədir. Elə bil onu oxuyanda Mövlud Süleymanlını oxuyursan. Bunların içində Mirmehdi daha çox modern düşüncəyə yaxındı və günün əsərlərini yazmağa çalışır.

– Səndən sonrakı nəsil bəs?

– Bir-iki ümid elədiyim imza var. Amma hamısı çiydir. Hələ onlara ədəbi nəsil demək olmaz. Biri də onların arasında sənsən. Hələ ki sizin nəsildən imza çıxmayıb. Amma dahilik sindromuna tutulublar.

– Ayxan, dünyada dəbdə olan absurd hekayəçilik bizim ədəbiyyat üçün hələ keçərli deyil. Bu cür nümunələr olduqca azdı... Sən də bir neçəsini yazmışdın...

– Əslində bu tip hekayələrin bizdə yazılmağı daha asandır. Mən absurd hekayələr yazmağa başlamışdım. Bir xeyli yazdım. Hamısı da qısa hekayələr idi. Bizim oxucunun intellekt səviyyəsi məni qane etmədiyindən bilirdim ki, bu tip hekayələri oxuyandan sonra "bu nə səfeh hekayədi" deyəcəklər. Halbuki mənim məqsədim elə qəribə süjetləri olan ağlasığmaz hekayələr yazmaq idi. Və ən qəribəsini deyim: bizim hər gün şahidi olduğumuz hadisələrdən yazırdım, ancaq absurd alınırdı. Əslində, silsilə də beləcə yarandı. Mən hər gün oxuduğum xəbərlərin əsasında hekayələr yazdım və oxuyandan sonra gördüm, absurd alınıb. Ondan sonra silsilənin adını "absurd hekayələr” qoydum. Yəni belə... Bizdə absurd reallıqdır, onu yazan isə yoxdur.

– Kitabdakı məşhur hekayələrdən biri "Evimizdən gecə reportajı”dır. "Eksperimental hekayə” adlandırmaq olar. Romanlarda az-çox istifadə olunur: esselərin, reportajların, müsahibələrin bədii mətnə, süjetə əlavə olunması. Bu, mətnin bədii təsir gücünü azaltmır? Onu rasionallaşdırmır ki?

– "Evimizdən gecə reportajı” necə yaranıb, bilirsən? Bunu heç kimə deməmişəm. İlk sənə danışım. Deməli, mən saytların birinə qonorar qarşılığında köşə yazırdım. O qədər yazmışdım ki, artıq nədən yazacağımı bilmirdim. Bir dəfə rəhmətlik Mövlud Mövluda (indi ona belə demək necə də ağırdır) dedim ki, evə gedirəm, bacım belə, qardaşım belə, üstəlik də köşə yaz, başım şişib, ciddi ədəbiyyat qalıb qıraqda. (gülür) O da dedi ki, evdəki bir günündən yaz, at sayta. Evə getdim, yazmağa başladım. Sonra hiss etdim ki, bu artıq köşə deyil. Və tez Səfər Alışarlının cümləsi başıma çəkic kimi dəydi: "Bədii mətni kapitalistcəsinə köşəyə vermə”. Yazdığımı ordaca saxladım. Bir ay sonra təzədən qayıtdım və bir saatın içində hekayəni yazıb bitirdim. Sonra redaktə filan. Bunları bilirsən. Mövluda zəng elədim, görüşdük. İndiki kimi yadımdadır, "Azadlıq” metrosundan çıxdıq. Mən hekayəni kağızda çıxarmışdım. Mövlud oxuya-oxuya ləzzətlə şaqqanaq çəkirdi. Və o bitirəndən sonra əminliklə dedi: "Bu sənin ən yaxşı hekayəndir”. Sonra başqaları da bu fikri təsdiqlədi. İndi sən deyirsən eksperimental hekayə, nə bilim romanlarda istifadə olunan metod filan. Mən onda qətiyyən bu haqda düşünməmişdim. Təbii, içimdən gələn kimi, bəzəksiz-düzəksiz yazmışdım. Hətta Əsəd Cahangir demişdi ki, bu hekayə yalnız səni tanıyanlar üçün maraqlı ola bilər. Bunu müzakirəyə çıxardıq. Məlum oldu ki, məni heç tanımayan nə qədər adam bu hekayəni dəfələrlə oxuyub və çox bəyənib.

– Hekayələrin bir çoxunda baş qəhrəmanlar ya uşaqlardır, ya da keçmiş sevgililər. Markes deyirdi ki, yazmaq xatırlamaqdır. Amma keçmiş çox vaxt sentimental olur. Modern təhkiyə isə sentimentallıqdan daha çox vecsizliyə, ironiyaya maraqlıdır. Hekayələrində bu ironiyanı etməkdən çəkinirsən, yoxsa dəyərlər sənin üçün sənət müstəvisində də müqəddəsdir?

– Nə danışırsan?! (gülür) Elə "Evimizdən gecə reportajı” başdan-ayağa kimi ironiya ilə doludur. Yaxud "Anam və onun quldur dəstəsi”. Ata-anamı biabır etmişəm o hekayələrdə (gülür). İroniyanın Allahı mənəm. Sentimentallıq indi məndən çox-çox uzaqdadır. O kitabda ikicə sentimental hekayə var: biri "Sənin işğal günü”ndür, o biri də "Kökənin dadı”. Və nə yazıq ki, çoxu elə bu iki hekayəni bəyənir.

– Adamların məhz o iki sentimental hekayəni sevməyinin səbəbi nədir? Niyə bizdə həmişə o cür melanxolik əsərlər daha çox sevilir?

– Bizim oxucuya yeni metodlar işləmir. O, daim köhnənin xiffətini çəkir. Deyir, əvvəllər yaxşı romanlar yazılırdı, gözəl filmlər çəkilirdi. Ona görə də sentimentaldırlar və bu cür yazılanları sevirlər. Mən oxucuları əlimin içi kimi tanıyıram. Onların istədiyi kimi şeylər yazmaq mənim üçün bir içimlik su kimidir.

– Tez-tez "Monoton” hekayəni "Dünyanın ən gözəl ölüsü” hekayəsi ilə müqayisə edirlər. Ondan təsirləndiyini deyirlər...

– "Tez-tez”i elə dedin ki, elə bil hər gün dünyanın aparıcı saytlarında mənim haqqımda müzakirələr, debatlar təşkil olunur. (gülür) Markes sevdiyim yazıçıdır. Ancaq ondan təsirlənməmişəm. Bizim Mirmehdi Ağaoğlu Markeslə məni jurnalist kimi müqayisə etmişdi. O Kolumbiyada reportajlar yazırdı və səs-küy salırdı, mən də Azərbaycanda (gülür). Bu təsirlənmə söhbətini ilk dəfə eşidirəm. Maraqlı gəldi mənə. Açığı, həm də sevindim. Markeslə müqayisə olunuramsa, deməli, həqiqətən söhbəti tuta bilmişəm.

– Ayxan, 60-cılar nəslindən 2000-lərə qədər olan imzaların əksəri sovet ədəbiyyatı atmosferindən hələ də çıxa bilmirlər. Çağdaş nəsrlə ayaqlaşa bilməmək problemi duyursanmı?

– Bizim ən böyük problemimiz budur desən dördəlli razılaşardım. Çünki təəssüf ki, nəsr ənənəmiz ürəyəyatan deyil. Modern nəsr nədir, heç modern dünyayla ayaqlaşa bilmirik. Açığı, bu problemi hər zaman özümdə də, başqalarında da hiss etmişəm. Acığım tutub bu problemə. Ondan qurtulmaq üçün hər gün beynimdə müxtəlif versiyalar qururam. Yavaş-yavaş çıxacağımızı ümid edirəm. Çünki yeni beyinlər gəlir, sosial şəbəkə, yeni trendlər... Bütün bunlar sözsüz ki, öz təsirini göstərəcək. Əslində, sənin sualın yaxşı bir araşdırma mövzusudur, oturub yazasan, kitab çap edəsən. Yəni bir suala sığışmayacaq qədər ağır dərddir, qardaş (gülür).

– Xarici nəşriyyatlara, müsabiqələrə elektron müraciətlər etdiyini bilirəm. Müsbət cavab varmı? Azərbaycanlı imzalara münasibət necədir?

– Dil bariyeri var. Yalnız rus və türk nəşriyyatları ilə əlaqə saxlaya bilirəm. İngilis dilli müsabiqələr də axtarıram. Rastıma çıxdıqca maraqlanıram. Gərək ki, ingilis dilini də öyrənim. Bu mənim qabağımı kəsir. Planımda var, mütləq bu dili də öyrənəcəm. İndi daha çox türk nəşriyyatları ilə danışıram. Açığı, bizim imzalara münasibətləri yaxşı deyil. Səbəbi də aydındır, məncə. Amma elə də sərt münasibət yoxdur. Əlaqələr yaratmağa çalışıram. Əsas nəşriyyatlarla. Müsbət cavablar da alıram. Vəziyyət yaxşıdır. Sadəcə biz tənbəlik. Yazmaq lazımdır. Daha doğrusu, yazmaq üçün şərait yaratmaq lazımdır. Bunu özümüz eləməliyik. Başqa variant yoxdur.

– Bəzən deyirlər ki, Ayxan hekayələrindən çox reportajları ilə məşhurdur. Nə fikirləşirsən bu haqda?

– Yuxarıda dediyim söhbətdir. Bizi maddi ehtiyac jurnalistikaya apardı. Mənə deyirlər, reportaj yaz. Yazıram və reportyor kimi tanınıram. "Hekayə yaz, roman yaz”, deyən yoxdur axı. Olsa, eyni şey olar.

Söhbətləşdi: Rəvan Cavid

news-inner-user

12858 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti