Əlin qurusun, ay gəlin! - Sevinc Elsevərdən yeni hekayə

Əlin qurusun, ay gəlin! - Sevinc Elsevərdən yeni hekayə
27 sentyabr 2019
# 17:30

Kulis.az Sevinc Elsevərin “Karpal tunel sindromu” hekayəsini təqdim edir

Müəllimlərə sayğılarla

Həkim danışdıqca, Zərəfşan xalanın səsi gəlirdi qulaqlarına: “Görüm elə əlin qurusun, ay gəlin! Niyə qırırsan bu uşaqları? Məktəbdə xalxın balalarını gözüqıpıq eləmisən, evdə də nəvələrimi. Nə istəyirsən bu uşaqlardan, ay zalım?! ”

“Zərəfşan xalanın qarğışları tutdu məni”,- ürəyində fikirləşdi.

-“Karpal tunel sindromu median sinirin eyniadlı kanalda sıxışması nəticəsində yaranan bir patalogiyadır. Bu tunel çiyin qurşağının altından qollar boyunca biləyə doğru uzanan bir çuxurdur, tərkibini median sinir və doqquz flexor əzələ vətərləri təşkil etməkdədir. Median sinir kanalın yuxarı hissəsində biləyin köndələn bağının altından keçir. Biz barmaqlarımızı median sinirdən çıxan sinir şaxələri sayəsində hərəkət elətdiririk. Karpal tunel sindromu o zaman yaranır ki, kanal daralır”.

-Niyə belə olur? Kanal durduğu yerdə niyə daralır?- Göyçək həkimin tibbi dilindən bezərək, hövsələsizcə xəbər aldı.

-Bunun bir çox səbəbləri var. Zədələnmələrdən, əli gücə salmaqdan tutmuş şəkərli diabetə qədər.
Ən çox əlləriylə işləyən adamlarda olur: ev qadınlarında, kompüterdə çalışan, yazı yazan, maşın sürən adamlarda. Müalicə ilə keçməsə, cərrahi müdaxilə edəcəyik. Çünki xəstəlik çox irəliləmiş. Əliniz artıq gücdən düşüb.

- Doktor, bağışlayın məni, ancaq saçımı daraya, dişimi fırçalaya, düymələrimi, ayaqqabımın bağını belə bağlaya bilmirəm. Bu gün sabah məktəb də açılır. Mənim işim yazı-pozuyladı. Necə qələm tutacam?

Həkim gülümsədi.

- Uşaqları əlinizlə vururdunuz?

Göyçək köks ötürdü:

- Olanda olurdu. Vururdum əlimlə. Bax bu sağ əlimlə,- Göyçək əlini havaya qaldırmağa çalışdı. Amma əlində hey yox idi.

- Narahat olmayın, bədəbəddə əlinizi əməliyyat eləyəcəyik.

Göyçək avtobus dayanacağında çantasını açmağa çalışdı. Bu sadə işi görmək indi onun üçün dəhşətli dərəcədə çətin idi. Solaxay bir şagirdi vardı. Gedib-gəlib onun əlinə döyür, sağaxay olması üçün gözümçıxdıya salırdı. “İt uşağının ahı tutdu məni, yəni? Onun –bunun yetimləri üçün özümü öldürürdüm. Əsəbdən ürək ağrısı tapmışdım. Bu da bir yandan çıxdı. Kişiyə qulaq asmadım. Elə deyinirdi ki, camaatın uşağı oxumur, cəhənnəmə oxusun. Dədəsi-nənəsi dərdin çəksin. Bəs onda da deyəcəkdilər ki, Zərəfşan yaxşı müəllim deyil, şagirdləri oxumur, sözünə qulaq asmır. Ay məni qınayanın atası belə, babası belə”, -Göyçək deyinə-deyinə birtəhər çantanın zəncirbəndini açdı.

Avtobusda yer tapıb oturdu, başını oturacağa atıb gözlərini yumdu.

“Hanı mənim nar çubuğum? Göyçək, qaç get çubuğu gətir!”- nənəsinin səsi lap qulağının dibində eşidildi. Nənəsi onları əliylə vurmazdı. Bunun üçün xüsusi çubuqlar düzəldib saxlayardı. Dəcəllik elədiklərində onları cəzalandırmaq istəyəndə çubuğun dalınca özlərini göndərərdi. Göyçək yüz dəfə ürəyi əsə-əsə, əlləri titrəyə-titrəyə çubuğun dalınca getmişdi. Özü öz ayağı ilə çubuğu gətirib nənəsinə vermişdi. Divarın dibində əsə-əsə çubuğun yolunu gözləyən qardaşlarının büzüşüb cücəyə döndüklərini görmüşdü. İlk zərbəni özü almışdı hər dəfə. Həmişə də çılpaq qıçlarından.

İbtidai sinif müəllimini xatırladı. Şəms müəllimə də hansısa stulun sınmış bir ayağını saxlayırdı sinifdə. Dərsə gecikdiyində, arxa partadan onu çağıranın səsinə sarı döndüyündə, əzbərlədiyi şeirin bütöv bir bəndini unudanda müəllimi sağ əlini açdırmış,- həmin bu sağ əlini, dirsəkdən aşağı quruyan əlini,- stulun yoğun ayağı ilə zərbəni endirmişdi. Əlinin giziltisi nəinki bir qırx beş dəqiqədən sonra, hətta dərs qurtarıb evə gedincəyədək keçib getməmişdi.

Sevdiyi oğlan olduğunu, universitetdən biriylə görüşdüyünü evdəkilər öyrəndiyində, atası başına-başına döymüşdü. Əliyləmi? Yox. Onun imtahana hazırlaşdığı, oxuduğu kitablardan biriylə. Həm də ən qalınıyla.

Göyçək onun özünü döyənlər qədər hiyləgər olmamışdı. Yalın əlləriylə döymüşdü öz uşaqlarını da, şagirdlərini də.

Qaynanasının qarğışı da tutmuşdu. Əli qurumuşdu. Qiymətini aşağı yazdığı şagirdlərinin ahını demirdi hələ. Anası məktəbə gəlib onunla dilləşdiyi, qanını qaraltdığı üçün Rəşadın qiymətlərini kəsib tökdüyünə görə də özünü yamanladı. Uşaq həmin gün dərsin axırına qədər ağlamışdı. Dərsə mane olmasın, başını aparmasın deyə hələ üstəlik uşağı basıb döymüşdü də. Sonra da deyinmişdi: “uşağın başı elə bil daşdandı. Mənim əlim ağrıdı. Bunun başı ağrımadı, səsini kəsmədi ki, kəsmədi”.

Gözünün qabağına qorxu içində titrəyən, çiyinlərini ata-ata ürəyində ağlayan uşaq simaları gəldi. Bu günədək uşaqlara yaxşılıq elədiyini düşünmüşdü. Övladları ağıllı-tərbiyəli böyümüşdü, hərəsi bir universitetə girmişdi. Şagirdlərinə gəlincə, elə onların da əksəriyyəti böyüyüb bir tərəfə çıxmışdı. İçindən hələ nə oğrusu çıxmışdı, nə cinayətkarı. Çoxu oxumuşdu. İndi də onu harda görsələr, qucaqlayıb üzündən öpürlər. Hətta keçmişdə Göyçək müəllimələrindən necə hürkdüklərini, onun qorxusundan çalışqan olduqlarını indi gülə-gülə danışırlar.

Amma yox, görünür, hər şey göründüyü kimi sadə deyilmiş. Göyçək müəllimənin əli qurumuşdu. Özü də deyəsən bunu haqq eləmişdi.

Avtobus dayanacaqlardan birində saxladı. İçəri bir qadın, bir uşaq mindi. Uşaq avtobusa minmək istəmirdi. Qadın onu az qala sürüyə-sürüyə yuxarı dırmaşdırdı. Uşaq aşağıda mağazalardan birində nəsə görmüş, istəmişdi. Ərköyünlük edir, dartınır, anasının əlindən çıxıb aşağı düşmək istəyirdi. Gənc qadın hövsələdən çıxaraq, sağ əliylə yağlı sillələr ilişdirdi uşağın yanına, qoluna.

Göyçək müəllimə oturduğu yerdən dik atıldı.

- Əlin qurumasın, ay qızım, yazıqsan! Vurma uşağı! Uşaqla elə danışmazlar!- istədi ki, sağ əlini qaldırıb uşağı yanına çağırsın, hıqqandı, əli başına qalxmadı.

# 2836 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #