news-inner
clock18:26 calendar-gray 10 Sentyabr 2019 view-gray606 dəfə oxunub
view-gray606 dəfə oxunub

Naxçıvandakı kankanın sirri - Hədiyyə Şəfaqət yazır...

Kulis.az Hədiyyə Şəfaqətin "Kəhrizlər- torpağın müqəddəs nəfəsi..." yazısını təqdim edir.

Ay işığının soyuqluğunda üşünə-üşünə çölün-düzün canına düşmüsən... Gedirsən, hara getdiyini bilmirsən... Qurumuş otlar ayağının altında xışıldayır. Daşlara ilişib büdrəyirsən, uzaq kölgəlikdə bir sıra quanq ağacı... Kölgəsində bir səs:

-Əyil, aşağı bax - deyir...

Başını torpağa əyirsən, düz ayaqlarının ucunda ay işığı ləpələnir, dayanmır, axıb gedir...

-Doldur, iç...

Hansısa bir əl sənə bir qab uzadır. Götürürsən...

-Ayı işığınımı? – deyə soruşmaq keçir könlündən, amma bu su imiş...

-Necədir?

-Buz kimi...

-Bu kəhriz suyudur...

***

Ay işığının dəyib ləpələndiyi sular yeraltı yolunu tutub gedir... Gedir, gedir, gedir... Bu torpaqların sehri bu suların içində gizli-gizli axır. Kəhriz yolları bu torpaqları qan damarları kimi sarıb-sarmalayıb onu cana gətirir. Həyat bitirir, ruh bitirir, bitirdiyi hər nə varsa canına su təmizliyi, su duası qatır...

Günlərin bir günü, bir gecəsi, yuxudamı, gerçəkdəmi, sənə bir qab ay işığı doldurub uzadırlar:

-İçməsən də günah olar, içirməsəm də - deyirlər...

***

Yolunuz gəzib dolanıb bu yerlərə gəlibsə Naxçıvanın adı dillər əzbəri sularını da tanıyacaqsınız. Təmizliyi, şəffaflığı, əbədiliyi dillər əzbəri sular. Bu yerlərin ruhu göylərdə dolanan insanı ayaqlarını basdığı torpağın ona həyat verəcəyinə inanıb. Kənardan qup-quru görünən bu dağların, qayaların kökündə qaynayan çeşmələr səssiz-səmirsiz axışını davam etdirə-etdirə insan əli, insan əməli gözləyib. O əllərin zəhmətinə, sığalına yatıb. Suyun təmizliyinə bir xal düşməsini istəməyən insan düşüncəsi onu bu torpaqların daha dərinlərinə işləməyini istədiyi köklərinin birinci qoruyucusu hesab edib, onun əbədi hamiliyinə can atıb. Bu yerlərin insanı suları gözdən qoruyub, çirklənməkdən qoruyub, suların küskünlüyündən, gün altında əziyyətindən ehtiyatlanıb torpaq altı çay yolları çəkməyə başlayıb...

***

Kəhrizlər...

Kəhrizlər Naxçıvan torpağının yeraltı həyat yollarıdır...

Bu yerlərin insanı nəyə güvəndiyini bilib, hər əziyyətə, hər zəhmətə qatlaşıb, onun yolunu açıb, başına dolanıb, keşiyində dayanıb... Səxavəti kəhrizlərin qarşısında qəbul gözləyib, ehsanını bu sulara bağışlayıb. El-obanın tükü-tükdən seçən gözləri sularını da adsız qoymayıb, nişan verib, bu suların gözünü açmış, yenidən həyata qaytarmış adamların adını sulara qarışdırıb əbədiləşdirib. Mirzəbədəl kəhrizi deyib, Qələndər kəhrizi deyib, Kalba Musa, Ağaməli, Şahbazağa, Cananbəy kəhrizi deyib. Haqqını itirməyib çeşməsinin, seçib-sonalayıb dibindən çıxdığı qayanın, köksündən qaynadığı dərənin, yerin-yurdun adını adı edib. Kərəmini əsirgəməyən bu zənginliyin Qırx pilləli məqamına yüksəlməyə çalışıb, müqəddəsliyi qarşısında baş əyib, and yeri edib...

***

Yerin dərinliyindən, torpağın bağrında qaynayıb səssiz-səmirsiz ömrünü sürən suların ram olduğu bir qüvvə, bir güc, bir dəstək - Kankan əlləri... Yeraltı cığırların bilicisi, suların bələdçisi...

Kankan əlləri torpağın altındakı hər daşı, hər qayanı, toxunduğu torpağı tanıyır. Kankan əllərinin duyumu yeraltı çayların sultanıdır... Həm müridi, həm mürşididir bu sirli-sehrli inancın... Əbədi ehtiyacın içindən yorulmadan yer-yer, ünvan-ünvan Güman quyuları qazan ustalar... Yaşam ehtiyacına üz tutan gümanlar sulara yetişdimi, ümid doğulur, sonra yol açılır... Torpağın altı ilə axıb gedən yol...

Kankan işıqlı dünya ilə qaranlıq dünyanı birləşdirib... Adına qaranlıq dünya dediyimiz o yerdə isə işıqlı dünyanın canı gizlənib... Kankan iki dünya arasında yol çəkə-çəkə öz dünyasını – Sular dünyasını yaradıb...

Torpağın canına yayıla-yayıla səpələnmiş ümidləri bir yol üstə yığıb, kürə-kürə ünvanlayan Usta kankanların nə özləri unudulur, nə hekayələri...

Hələ bir də bu yerlərin adı kəhriz sularının həzinliyinə, əzminə, saflığına qovuşan bir Yunus dayısı olubmuş...

***

Qədim Naxçıvanı kəhrizlərsiz təsəvvür etmək olarmı? Olmaz. Naxçıvanı kəhrizlərdən ayrı təsəvvür etməklə bu torpağın nə bərəkətinin haqqını vermək olar, nə dərinlərə kök atan köklərinin, nə insanlarının...

Naxçıvan ellərini torpağa bağlayan, yurda bağlayan bağlardır kəhriz yolları. İnsan susuz yaşaya bilərmi, bağ sala, bəhər yetirə, paklana, təmizlənə, gözlərində bir udum parıltı gəzdirə bilərmi?..

Bilməz.

Naxçıvanın həyat damarlarında axan qan misalı kəhriz suları... Bu torpağın ürəyinə yetişib ondan keçir, döyüntü-döyüntü güc verib, güc alır... Yüz illər əvvəl də belə idi, yüz illər sonra da belə olacaq...

***

Gizlilik, var olan hər şeyin duyum məbədgahındakı qapıdır. Hər gizlənmişliyin mənasında bir qapı var. Bir gün ona yaxınlaşacaq addım səslərini, uzanıb döyəcək əllərin hənirtisini gözləyə-gözləyə səbirlə susur, susur, susur...

Susan hər gizliliyin Tanrıda bir bilinmişliyi var...

Nə torpağın, nə səmanın, nə torpaqla səmanın körpüsünün – suların Tanrıdan gizli sirri yoxdur...

Sonra bir işarə... sonra bir nişan... Kimsə titrək barmaqlarıyla bir nöqtəni nişan verib:

-Ordadır - deyir...

Nişan verilən yerdə baxarsan bir xəzinə gizlənər, baxarsan bir məzar... Baxarsan bir işıq qopar o yerdən, baxarsan... yüzillik hekayəsini damla-damla əridib əbədiyyətə aparan sular öz yolu ilə axıb getməyindədir...

Amma gizliliyin üstündəki örtük çəkildimi, qapı açıldımı, Tanrı:

-Götür, apar, artıq sənindir - demişdir...

Su işığı yayılar torpağın köksü üstə...

***

Suyun qəlbinə hopdurub gətirdiyi yaddaş, suyun pıçıltısıyla gələcəyə yollanan həyat... Sular keçib getdikləri yerlərin cövhərini, dadını, havasını, şəfasını gələcəyə yollayır... Sular bir keçdiyi yerdən bir də keçmir deyirlər... Hər udumda yenilənir, hər udumda yenidən doğulur sular...

Suları yolunun hər göz qırpımında bir Güman qapısı gözləyir... Bəlkə də sular özləri yollarına davam edərkən, günlərin bir günü minillik bətnindən dünyaya göz açmaq üçün Güman qapılarını oradan, yeraltı dünyanın içindən döyüb:

-Mən burdayam- deyirlər...

Bu üzdən bir əl uzanır qaranlığa, güzgü ilə güzgü arasındakı sonuncu torpaq qatı ovulub tökülür, sirr üzə çıxır...

Deyirlər, kəhrizlərin yolları boyunca həmişə təmiz bir nəfəs dolanır, o suların köhnəlməsinə, qoxusuna qoxu qarışmasına, şəffaflığına bulanıqlıq enməsinə imkan verməyən bir nəfəs...

O nəfəs günlərin bir günü göylərin – yerlərin hakiminin, yaradıcısının, bilicisinin, əllərindən yapışıb dərin quyusundan gün üzünə çıxır... Amma onun gedişi dönüklük deyil... O nəfəs gəzib-dolaşıb geri qayıdır...Heç zaman sularını tərk etməyir, onda qalır...

***

Bir gün bir yolçu gəlir, bir qab su doldurub içir o nəfəsdən...

Heyrətlə baxır, heyrətlə gözləyir, torpağın ürək döyüntülər köksünə daşınıb orda qərar tutur. Ovuclarını qoşalaşdırıb minillik suların canına uzadır, üzünə-gözünə su vurur... Ovuclarında minillik canın sirrinin izləri qalır... gözlərində həm başı üstündə, həm yerin təkində işıq saçan ay...

Yolçu bilsə də, bilməsə də bundan sonrakı minillər boyunca da nə o sirrin təmizliyi pozulacaq, nə kəhriz sularının ümid qapıları bağlanacaq... Bu yerlərdə - nə yuxarıda - səmada, nə aşağıda – torpağın qəlbində - kəhriz sularında ayın üzünü heç zaman kölgə almayacaq.../nuhchixan.az/

news-inner-user

13958 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Musiqili Teatrda "Fransızsayağı qarnir" olacaq - Fotolar
18:56 18 Yanvar 2020
Xalq artistinin xatirəsi anılacaq
17:44 18 Yanvar 2020
İyirmi ikinci mənzildə - Varisdən hekayə
16:58 18 Yanvar 2020
"Silahdaşlar" sənədli filmi təqdim olundu
15:15 18 Yanvar 2020
Gənc şairin poeziya gecəsi keçirildi - Fotolar
14:05 18 Yanvar 2020
Türkiyəli yazıçı vəfat etdi
13:47 18 Yanvar 2020
Tanınmış dramaturq vəfat etdi
13:15 18 Yanvar 2020
Bu məşhurlar qaraçı nəslindəndir - Siyahı - Fotolar
12:44 18 Yanvar 2020
"Məni bir qadın qucub, mələklər gəzsin barı..." - Pərviz Cəbrayıldan şeirlər
11:03 18 Yanvar 2020
"Mübariz" operası təqdim olundu - Fotolar
10:28 18 Yanvar 2020
Cahandar ağa Allahyarın arvadı Mələyi qaçırmaqda haqlı idi? - Sevda Sultanova yazır...
09:03 18 Yanvar 2020
Gənc yazar: “Aqşin Yeniseyin romanı alınmayıb” – Video-söhbət
21:00 17 Yanvar 2020
100 yaşlı şair AYB-də yubleyinə qatıldı
19:27 17 Yanvar 2020
Yaşamaq istəyən xəstəyə yalan satan həkim - Hekayə
18:58 17 Yanvar 2020
Rövşən Yerfinin yeni kitabı təqdim olunacaq
18:31 17 Yanvar 2020
Amma Anar bilməsin... – Gənc şairdən parodiyalar
18:03 17 Yanvar 2020
Prezident məşhur rejissoru “Şərəf” ordeni ilə təltif etdi
17:37 17 Yanvar 2020
Musiqili Teatrda "İstintaq" olacaq
16:57 17 Yanvar 2020
Bakıda böyüklər üçün ustad dərsləri keçirildi
16:20 17 Yanvar 2020
Qremminin ilk qadın prezidenti işdən çıxarıldı
15:39 17 Yanvar 2020