Mən onu edam eləyəcəm – Bircənin Romanı

Mən onu edam eləyəcəm – Bircənin Romanı
28 iyun 2019
# 09:00

Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Baş psixiatrın gözəl atmosferi olan təmiz, səliqəli kabineti vardı. Divardan fotoşəkillər, diplomlar, tərifnamələr asılmışdı, pəncərə qarşısına düzülmüş dibçəklər, masanın üstündəki qızılı aksessuarlar otağa sakitlik gətirirdi. Gördüyüm ilk həkim otağıydı ki, havası dərman qoxumurdu.

Kürsüdən televizorda dönə-dönə gördüyüm, boynundan alabəzək qalstuk asılmış gülərüz, şirindil, dolu bir kişi boylanırdı. Bizə yer göstərib oturtdu, mənim xəstəlik kağızlarımı alıb vərəqlədi, orda yazılanları diqqətlə oxuyandan sonra iri masasının üstünə tolazladı:

- Burda nə var ki, sən burnunu sallayıb, qara geyinib yanıma gəlmisən?

Bunu deyib üzünü Hakimə tutdu:

- Siz çıxın foyedə gəzişin, mən Bircəni edam eləyəcəm.

Hakim kişinin qırımından bir şey anlamadı, karkas üzümə baxa durdu. Həkim yenə dediyini dedi:

- Mən xanımla təklikdə söhbət eləyəcəm. Sizin bir saat asudə vaxtınız var, hara istəyirsiz gedin. Vaxtın tamamında gəlib bacınızı apara bilərsiz.

Hakim ayağa durdu, yarı canını içəridə qoyurmuş kimi:

- Bircə, mən qapının ağzında gözləyəcəm, sən narahat olma, - deyib bayıra çıxdı.

O çıxandan sonra həkimin ilk sualı bu oldu:

- Kimsən sən? İndi mənə de görüm sən kimsən, nəçisən? Aqili çox gözəl tanıyıram, onu demə. Özündən danış görüm səni.

Dilim tutuldu, bilmədim nə deyim, nədən danışım. Dolaşdığımı görən həkim özü mənə aydın dillə suallar verməyə başladı. Gəncliyimdən üzübəri başıma gələnlərlə, yaşadıqlarımla maraqlandı, həyatımın ən dalda, qaranlıq nöqtələrinə yol almaq istəyəndə lap çaşdım. Danışmağa qorxurdum. Mənim çəkingənliyimi görəndə oturduğu yerdən qalxıb yanıma gəldi, bir-birinə çataqladığım əllərimi dartıb araladı, çiyinlərimdən tutub məni silkələdi:

- Danışmasan mən sənə yardım göstərə bilmərəm. Mən həkiməm, hər sözünü-sirrini mənə etibar eləməlisən. Bəlkə qorxursan danışdıqlarını Aqilə xəbər verərəm? Belə şeyi heç ağlına gətirmə.

Kişi məni silkələyəndə nənəmin illər əvvəl dediyi bir söz beynimdə səsləndi: “Həkim el anasıdı, ondan heç nə gizlətmək olmaz”.

Gözümü divardakı şəkillərdən birinə zilləyib fikrə dalmışdım. Ağabəy həkim gah mənə baxırdı, gah otağının iri pəncərəsindən çöl-bayırı süzürdü, gah da masasının üstünə qalaqlanmış kitablardan birini götürüb vərəqləyirdi. Mənim dillənmədiyimi görəndə siyirməsindən bir topa kvadrat şəkilli karton çıxarıb pişik cəldliyi ilə qarşıma düzdü. Hər kvadrat bir rəngdəydi. Kvadratları düzəndən sonra həkim dikəlib üzümə baxdı:

- İndi bunların arasından sevdiyin üç rəngi ayır ver mənə.

Kvadratları diqqətlə gözdən keçirdim, qara, bənövşəyi, mixəyi rəngdə olanları götürüb həkimə uzatdım. Həkim üç kvadratı məndən alıb yerinə keçdi:

- Bilirdim bu rəngləri seçəcəksən, - dedi. - İndi mənim suallarıma cavab ver: neçə yaşında ərə getmisən, neçə yaşında ana olmusan, neçə il ailəli olmusan?

Dilim açılmışdı, Ağabəy həkimin suallarına aramla da olsa cavab verirdim. Həyatımın ən incə məqamlarıyla maraqlananda özümü unudub gördüyüm-bildiyim nə varsa danışırdım, elə bilirdim qarşımdakı şöhrətli psixiatr Ağabəy Sultanov deyil, hər gün dərdləşdiyim bir rəfiqəmdi.

Hakim başını içəri uzadanda vaxtın tez bitdiyinə pəjmürdə oldum. Ağabəy həkim üzünü qardaşıma tutub dedi:

- Gəlin bu müftəxoru aparın, bu günlük bəsdi.

Onun müftəxor deməsinə bacı-qardaş ikimiz də devikdik. Halımız həkimin gözündən yayınmadı:

- Bu xanım bu yaşına qədər heç bir yerdə işləməyib, beləsi bəyəm müftəxor deyil?

Kişinin dedikləri Hakimin canına yağ kimi yayıldı:

- Həkim, bu qızı göydən səbətdə göndəriblər, biz də bunun nökər-qaravaşlarıyıq. Onun qulluğunda durmaq bizə ləzzət eləyir, təki hıqqıldayıb ora-burasını tutmasın.

Qapıdan çıxanda həkim gözünü üzümə dirəyib dedi:

- Sabah saat üç tamamda səni burda gözləyəcəm. Yolu öyrən ki, özün gəlib-gedə biləsən.

Hakimə də göstəriş verdi:

- Siz də gedin işinizin dalınca, bu yaşda xanımı uşaq kimi əlindən tutub gəzdirməyin. İndi hərənin cibində bir telefon var, istəsən də azıb itə bilməzsən. Bax elə mənim özüm hərdən elə itmək istəyirəm, elə yerə qaçmaq istəyirəm ki, heç kəs məni tapa bilməsin, bacarmıram.

***

İkinci görüşdə başımı içəri salan kimi Ağabəy həkim üstümə qışqırdı:

- Çıxart üzündəki dul qadın maskasını, belini dikəlt, başını qaldır! Guya Xəzər daşıb bütün Bakını yuyub, təkcə sən qalmısan bu şəhərdə.

Əl çantamı divana atıb əllərimi saçlarıma çəkdim, yubkamı aşağıya doğru sığalladım, qoftamı sahmanladım. Xəcalətimdən bir az da əyildim, qulaqlarıma kimi pörtdüm. Qapısına şəfa dilənməyə gəldiyim həkim yenə susmadı:

- Pəncərədən baxırdım, sən yolu qaça-qaça gəlirdin, elə bil səni qovurdular. Gözəl-göyçək xanımsan, belə yerişi hardan öyrənmisən?

Ürəyimdə özümü asıb-kəsirdim: “Sənə bu da azdı, axı nə itin azmışdı buralarda?” Dalın-dalın gedib əlimi qapının dəstəyinə atdım, bayıra çıxıb qapını arxamca örtəndə kişi lap bərkdən qışqırdı:

- Hara gedirsən, gəl otur!

Başımı qaldırıb həkimin üzünə baxdım – ekrandan gördüyüm mehriban, gülərüz adam doğma təbəssümüylə qarşımda dayanmışdı. Əlimdən tutub məni uşaq kimi yumşaq divana oturtdu. Pəncərənin ağzındakı qrafindən dolçaya su süzüb mənə uzatdı, qənşərimdə durub danışmağa başladı:

- Bəzən səninlə mehriban olacam, bəzən də qəddar. Qardaşını tanımasaydım sənin kimisini qəbul eləməzdim. Yadında saxla, mən sənə xəstə kimi baxmıram, çünki sən xəstə deyilsən, ərköyün, ipə-sapa yatmaz birisən.

O danışırdı, mənimsə fikrim ala buludda alma dərirdi. Nənəm belə yerdə deyərdi: “Anam mənə öyüd verincə sıpanın irtməyində qırx milçək saydım”. Həkim ona qulaq asmadığımı görəndə dönüb pəncərənin ağzına düzülmüş dibçəklərdən birini gətirib qoydu qucağıma:

- Bax sən bu dəqiqə bu kaktussan.

Dibçəkdə uşaq topu boyda, sərt tikanlı bir kaktus vardı. O kaktusun tikanlarına baxa-baxa matım-qutum qurumuşdu. Ortalığa pərt bir sükut çökmüşdü, sevinə-sevinə döydüyüm qapını açdığıma peşman olmuşdum.

Handan-hana həkim dibçəyi qucağımdan götürüb yerinə qoydu, mənlə üz-üzə oturub danışmağa başladı.

- Qardaşın Aqil sənə görə zülüm-zülüm ağlayır, elə bilir sənin ciddi bir xəstəliyin var. Mən ona tezliklə şad xəbər vermək istəyirəm ki, narahat olma, bacının heç bir qorxulu xəstəliyi yoxdu. İndi yanıma bir nəfər gətirəcəklər, ona diqqətlə bax, sonra danışarıq.

Qalxıb kiməsə zəng vurdu, bir neçə dəqiqədən sonra otağa saçları dağınıq, ovurdları batıq, gözləri çuxura düşmüş bir gəlin gətirdilər. Üz-gözündən dərd-ələm yağan bir yaşlı kişiylə bir yaşlı qadın sağdan-soldan gəlinin qoluna girmişdilər. Həkim qalxıb gəlinlə qabaq-qənşər dayandı, üzünü kişiylə arvada tutub dedi:

- Buraxın qollarını, özünüz də əyləşin.

Kişi xəstənin qolunu buraxıb kürsüyə çökdü, qadın tərəddüd elədi, ancaq həkimin dirəşməsindən sonra o da gəlindən aralandı. Gəlin azad olunmuş qollarına baxıb şaqqanaq çəkdi, sonra qəfil irəli atılıb mənim indicə əlimdən yerə qoyduğum su dolçasını götürüb həkimə sarı tulladı. Ardınca da bildiyi nə söyüş-latayır vardısa təpəmizdən yağdırmağa başladı. Kişiylə arvad tez durub qızın qollarından yapışdılar. Ana dəsmalının ucuyla gözünün yaşını silə-silə dedi:

- Ay həkim, üç gündü dilinin altından su keçmir, dərmanlarını içmir, yatızdıra da bilmirik.

Ağabəy həkim vərəqə resept yazdıqca mən gəlinə baxıb ağlayırdım. Ürəyimdən qalxıb ona sarılmaq, dağınıq saçlarını sığallayıb daramaq, onu danışdırmaq keçirdi. Ancaq gəlin mənə baxıb dişlərini şaqqıldadanda az qaldım oturduğum divanın içinə girəm. Həkim yazdığını dərdli ataya uzadıb dedi:

- Çalışın yedizdirin, dərmanlarını heç olmasa yeməyinə qatıb verin, bəlkə rahatlıq tapa.

Ana qızının qoluna girib qapıya sarı dartmaq istəyəndə qız anasını itələyib yapışdı onun saçından. Kişi qızın əlini dişləyib arvadın saçlarını onun əlindən birtəhər aldı, di gəl, nə illah elədisə qızı dartıb bayıra çıxara bilmədi. Gəlin durduğu yerə mıxlanıb otaqdakıları bir-bir gözündən keçirdi, həkimə yenə bir ağız söydü, ayaqları aşağı şırhaşır işəyəndən sonra qollarından sallaşmış valideynlərini sürüyüb içəridən çıxdı.

Dərman qoxuyan sidiyin iyi otaqla bir oldu. Həkim başını çölə uzadıb xadiməni çağırdı, dərhal toppuş bir xanım içəri girib döşəməni silməyə başladı.

Ağabəy həkim qapı-pəncərəni açıb havanı dəyişdi, əllərini spirtləyib yerinə oturdu, nurlu gözlərini üzümə zilləyib dedi:

- İndi gördün, hörmətli Bircə xanım, gördün xəstə necə olur?

Qollarımı gizildəyən döşlərimə dayaq verib divanda büzüşdüm.

- Xəstə gözlərindən, dərisindən, dırnaqlarından, saçlarından bilinir. Sənin sünbülündən su damır...

***

Dördüncü görüşümüzdə biz artıq ədəbiyyatdan danışır, Hüqonu, Tolstoyu, Müşfiqi, Əli Kərimi müzakirə eləyirdik. Hansı dünyaca məşhur əsərdən danışırdısa mən əlüstü:

- Oxumuşam onu, - deyirdim.

Ovodun edamqabağı yazdığı məktubu əzbər söyləyəndə həkim ürəkdən güldü:

- Elə düz eləyib səni oxutmayıblar, oxusaydın bəlkə də bunları bilməzdin.

Ağabəy həkimin çox zəngin, hərtərəfli mütaliəsi olsa da şeir əzbərləməklə arası yoxuydu. Mən Müşfiqdən, Əli Kərimdən əzbər söylədikcə barmağını silkələyib deyirdi:

- Yox, sən əməlli-başlı xəstəsən, çətin sağalarsan.

Bir gün də sağollaşıb ayrılanda:

- Sabah dırnaqların, saçların belə gəlsən səni qəbul eləməyəcəm, - dedi.

Mən dibindən tutulmuş boyasız dırnaqlarıma baxıb soruşdum:

- Doxtur, dırnağımı bildim, saçlarımı neyləyim?

- Saçlarını dartıb arxada elə bərk düyünləmisən, alnın keçəl kişi başı kimi parıldayır...

Yolumun üstündəki dükandan dırnaq boyası alıb getdim Laləgilə. Ha əlləşdim dırnaqlarımı səliqəli boyaya bilmədim. Lalə uşaqlarını yatızdırandan sonra məni qarşısında oturdub dırnaqlarıma boya çəkdi. Səhəri həkimin otağına girən kimi əllərimi masanın üstünə qoyub sərgilədim. Həkim dırnaqlarıma baxıb gülümsədi, sonra üzünü yana çevirib soruşdu:

- Bəs saçların?

- Ay həkim, saçlarıma dəyə bilmərəm.

- Bircə, bir tanış qadın var, gəl səni göndərim onun yanına saçlarını boyasın, sənə kəkil düzəltsin, saçını qaydaya salıb çiyninə töksün.

- Doxtur, vallah ondan sonra gərək anamın yanına qayıtmayam. Anam o kəkili dırnaqlarıyla yolub tiftiyini çıxardar.

- Niyə, sənin anan saçlarını heç boyamayıb?

- Gəncliyində rəng yaxırdı, indi xına qoyur.

- Xına rəng deyil bəyəm?

- Bilirsiz, mən dul qadınam, siz dediyiniz saçlarla kəndimizə qayıtsam hamı mənim əxlaqımdan şübhələnər.

- Cəhənnəmə şübhələnsinlər! O fironlar idi ey, öləndə cavan arvadlarını boğub qəbirlərinə qoyurdular. Sən indi ömrün boyu özünü qaraya büküb, saçlarını dartıb arxada düyünləyib kaktusdan don geyinəcəksən?

O danışdıqca mən gülürdüm, arada elə bildim gülüşüm həkimi yaraladı. Oturduğu kürsüdən qalxıb boynundakı alabəzək şərfi düzəltdi, alnının tüksüz yerinə sərdiyi bir çəngə saçı ehmalca sığallayıb əllərini belinə vurdu:

- Bu boyda şəhərdə belə qalstuku, güllü şərfi bir mən vururam, bir də Toğrul Nərimanbəyov. İlk vaxtlar çoxları ağız büzdü, lağ elədilər, mənim heç vecimə də olmadı, çünki ürəyim belə istəyirdi.

Mən bu bənzərsiz insanı başdan-ayağa süzüb dedim:

- Həm də bu tərz sizə çox yaraşır.

Üzümə baxıb ciddiləşdi:

- Onda sən get bığlarına bir az gübrə ver.

Tez əlimlə ağız-burnumu örtdüm – həkim məni yenə boşnağımdan vurmuşdu.

- Gör bu şəhərdə hansı gözəl qadın bığlı-saqqallı gəzir? Özünü küpəgirən qarıya oxşat, sonra da get məktublar yaz özünə. Axı üz-gözünə bir balaca əl gəzdirsən sənə o məktubların yüzünü yazarlar. Sən qorxaq, aciz, müftəxorsan.

Həkim məni nə günə qoydusa o xəstə gəlin kimi mənim də əlimə keçəni onun başına yağdırmağım gəldi.

- Qorxaqsan, ona görə ki, özünü dəyişmək istəmirsən. Sən dediklərimə əməl eləsən kəndindəki başqa dul qadınlar üçün də stimul olarsan. Oxuduğun kitabların içində batıb qalmısan, ay yazıq! Müftəxorsan – səni hər görəndə bunu deyəcəm. Oturmusan qardaşlarının çiynində – ver yeyim, ört yatım... Səni, üstəlik oğlunu da nə vaxta kimi yedizdirəcəklər bu yazıqlar? Niyə gedib işləmirsən? Əlin-ayağın sağ, gözün qırğı gözü kimi.

Qalxıb masasının siyirmələrini hikkəylə eşələməyə başladı. Az sonra qarşımda dayanıb əlindəki şəkli gözümə soxdu:

- Tanıyırsan bunu?

Şəkli alıb diqqətlə baxdım: saçları təpəsinə yığılmış çatmaqaş, eybəcər bir qadının gözü gözümə zillənmişdi.

- Bu Fridadı, Frida! Qəzada onurğası sınıb, qolu qırılıb, ömürlük yataq xəstəsi ola-ola dünyanın ən məşhur muzeylərini bəzəyən şəkillər çəkib. Sən də ora-buranı tutub ufuldayırsan.

Şəklə bir də zənlə baxıb soruşdum:

- Bu qadın çoxmu məşhurdu?

- Bəli.

- Mən ondan qəşəngəm ki! Baxın onun da bığları var, saçları da nə gündə.

Hirslə şəkli əlimdən dartıb aldı:

- Ən azından o Fridadı, bəs sən kimsən, kimsən axı sən?!

Qalxıb çantamı götürdüm, sağollaşmadan qapıdan çıxıb düşdüm küləyin qabağına. Bir əlim də dodağımın üstündə. Yol boyu qarşıma çıxan bütün qadınların bığ yerinə diqqətlə baxırdım. Metroya düşdüm, burda da qadınların üzünü gözümdən keçirə-keçirə gedib perronun baş tərəfindəki iri güzgünün qarşısında durdum. Dodağımla burnumun arasındakı narın tükləri görəndə diksindim; ağ dərinin üstündə tük aydınca seçilirdi.

Bu dəm bir əl çiynimdən yapışıb məni kənara çəkdi – lopabığ, yağlısaç bir polis idi:

- Ay xanım, bura güzgülənmək yeri deyil, kənara çəkil, qatar gəlir, - deyib üzümə irişdi.

Yenə əlimi ağzıma atdım, elə bildim o da bığlarıma baxıb qımışır.

Metrodan çıxanda Laləgilin evinin yanındakı salona buruldum. İçəri girən kimi iki qadın üstümə qaçdı:

- Nə lazımdı – saç, üz?

Cavabım bir az kobud səsləndi:

- Heç biri.

Qadınlar yerlərinə qayıdandan sonra özüm dilləndim:

- Bığlarımı aldırmaq istəyirəm.

Bu səfər şar kimi üfürülmüş bir qadın çənəmin altına yeriyib diqqətlə üzümə baxdı, sir-sifətimi əlləşdirib dedi:

- Elə bir şey yoxdu, otur sapla sıyırım götürüm.

Qadın üst dodağımın yuxarısını yüngülcə pudraladı, dişləriylə tutduğu sapı əlləriylə düyünləyib akrobat cəldliyi ilə bığ yerimdə gəzdirdi. Gözlərimdən od çıxdı, toy hazırlığım zamanı çəkdiyim tanış ağrı yenidən canıma doldu.

Sapı burnumun altında kəndirbaz ipi kimi bilmirəm neçə dəfə oynadandan sonra qadın mənə balaca bir güzgü uzatdı. Gözümdən su axa-axa güzgüyə baxdım: narın tüklərin yeri qıpqırmızı qızarmışdı.

Laləgilə çatanacan əlimi dodağımın üstündən götürmədim. Qapını üzümə açanda məni bu halda görən bacım dedi:

- Gözəlağa çox gözəl idi, indi də çiçək çıxartdı? Deyəsən dişin ağrıyır.

Dillənmədim, əlim ağzımda başımı yellədim. Hakimi divanda oturan görəndə uşaqlıqda oynadığımız lal oyunu yadıma düşdü. Əlimi dodağımın üstündən götürmədən qardaşımı gözümlə salamlayıb özümü uşaqların otağına təpdim, Anarın çarpayısına səvərib adyalı üstümə çəkdim. Bacım bir əlində dərman, bir əlində su otağa girəndə başımı çölə çıxarmadan dedim:

- Yolda dərman alıb atmışam, mənə toxunmayın, bir hovur dincəlim.

Bığ əhvalatından sonra üç gün Ağabəy Sultanovun qəbuluna getmədim.

ardı var

# 7032 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #