Sağalmaq istəyirsən, get uşaq doğ – Bircənin Romanı

Sağalmaq istəyirsən, get uşaq doğ – Bircənin Romanı
21 iyun 2019
# 09:00

Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Biz Bakıya çatanacan Aqil həkimlə bağlı bütün hazırlıqları görmüşdü. Çatmağımızla Hakimə pul verib bizi Milli Onkologiya Mərkəzinə göndərdi. O xəstəxananın adı gələndə qədəmlərim qırıldı, sinəmi bərk-bərk qucaqlayıb canımdakı titrətməni Hakimdən gizləməyə çalışdım, ancaq qardaşım mənim avazıdığımı sezdi:

- Ay bacı, qorxma, - dedi, - indi çiban çıxaranı da ora göndərirlər.

Tanınmış onkoloq Rasim həkimin üstünə gedirdik. Həmişə mən həkimlərin gülərüz, mehriban olanına inanardım, indisə bizi qaşqabağı sırsıra bağlamış hündürboy, üzüboz bir kişi qarşıladı. Salamsız-kəlamsız soruşdu:

- Neçə uşağın var?

- Bir oğlum var.

Kişi cin atına mindi:

- Niyə bir? İndiki gəlinlər las toyuq kimi bir fal salıb arxalarına baxmadan qaçırlar. Cavan, sağlam gəlinsən, uşağa yazığın gəlmir, heç olmasa özünə rəhmin gəlsin. Anan sağdı?

- Bəli.

- O neçəsini doğub?

- Səkkiz uşağıq.

- Ay maşallah, anan bəlkə də səndən sağlamdı indi.

Dilim kişiyə cavab verirdi, gözüm qalmışdı Hakimin üzündə.

- Sağalmaq istəyirsənsə get bir uşaq da doğ.

Elə bildim başıma guppul vurdular, əlacım olsaydı yumrulanıb girərdim oturduğum kətilin altına. Deyəsən Hakim də mən düşdüyüm hala düşmüşdü – yerindən qalxıb qapıya sarı getdi, bir az duruxub geri qayıtdı:

- Doxtur, bunun yoldaşı həlak olub, hardan alsın uşağı, - dedi. - Bir başqa məsləhətiniz varsa deyin onu eləyək.

Həkimin üzü bir az da bozarıb göyərdi, üzümüzə baxmadan bircə kəlmə:

- Bağışlayın, - dedi.

Eləcə üzümüzə baxmaya-baxmaya uzun bir siyahı yazdı. Bir həftə ərzində o siyahıdakı analizləri verib, ultrasəs müayinəsindən keçib, nəticələr əlimizdə geri qayıtmalıydıq.

Divarlardan ürkə-ürkə düşdüm Hakimin qabağına. Otaqlardan birinin qabağında növbəyə dayananda elə bildim canımın tikişləri, büküşləri indicə süzüləcək, dərim əynimdən çıxacaq: cavan, göyçək gəlinlər keçəl başlarını, tüksüz qaşlarını bir-birinə göstərib heç nə olmamış kimi sakit-sakit dərdləşirdilər.

Üzümü yana çevirdim, əllərimi sinəmdən götürüb başıma atdım – saçlarım, qaşlarım yerindəydi. Demək bir azdan mən də bu qadınlar kimi olacaqdım! Axı mən bu saçların həsrətini çox çəkmişdim! Üzümün qırışmağı, gözlərimin çuxura düşməyi eynimə olmamışdı, saçlarımın üstündə həmişə əsmişdim.

Hakim qadınların çənəsinin altına girib onları dinşədiyimi görcək dedi:

- Gəl düşək aşağı sən otur maşında, mən qayıdım növbəmizi güdüm.

- Yox, getmirəm, sənin yanında duracam, - dedim.

Saçları tökülmüş gəlinlərə baxdıqca canımın qan tuluğuna döndüyünü qardaşım yaxşı bilirdi, ona görə də məni darta-darta aparıb mindirdi maşına, özü qayıdıb qadınların arasında növbəyə durdu. Bizdən irəlidə bir nəfər qalanda Hakim gəlib məni qaldırdı yuxarı, həkimin otağı boşalan kimi girdik içəri...

Ondan sonra nə vaxt həkimə getdiksə Hakim birinci özü qalxıb yaralı-sarıqlı qadınların içində mənə növbə tutdu, çoxu bəlkə də çarəsiz olan ağır xəstələrlə ünsiyyət yaratmağıma imkan vermədi.

Ən ağrılı yoxlanış mammoloqun müayinəsi oldu. Məni televizor ekranına bənzər bir qurğunun qabağında oturdub döşlərimi bir cüt yastı taxta lövhənin arasına salıb sıxdılar, çəkilən şəkillərə ekranda baxıb göstəriciləri qeydə aldılar. Bu proses mənə o qədər ağrı verirdi, elə bilirdim altdan-üstdən sıxılıb əzilən döşlərim qopub qalacaq o iki lövhənin arasında.

Düz bir həftə bacı-qardaş xəstəxana dəhlizlərində taleyinə oxunacaq hökmü gözləyən dustaq kimi dolandıq, həkimlər məni ölümə məhkum olunmuş məhbusu dindirən kimi sorğu-sual elədilər. Hakimin çəkdiklərinin yanında mənimki toya getməliydi; mən nacağımı bir yerə sancıb dururdum, o yazıq gah analizlərin cavabını almağa qaçırdı, gah mənə növbə tuturdu, gah həkimlərlə danışırdı.

***

Həftənin tamamında bir şələ kağız-kuğuzla yenə kəsdirdik Rasim həkimin qapısını. Həkim analizlərin, müayinələrin nəticələrini diqqətlə gözdən keçirdi. Kağızları oxuduqca gah başını qaşıyırdı, gah bığını qarışdırırdı; onun barmaqlarının hər tərpənişi bizə qeybdən xəbər verən bir işarə kimi görünürdü, o hər qımıldandıqca bacı-qardaş oturduğumuz yerdə ölüb dirilirdik. Həkimin sərt üzünün cizgilərinə, taleyin fərmanına dikili gözlərinə dörd gözlə baxa-baxa oralardan bapbalaca bir xeyir xəbər oxumaq istəyirdik.

Ancaq onun üzü-gözü dillənmirdi, qaşqabağı sifətinə niqab kimi çəkilmişdi, gözləri qapalı kitabtək oxunmurdu. Handan-hana uzun, ölümcül sükutu pozub Rasim həkim dilə gəldi:

- Şişin çoxdu. Sevinməli tərəfi budu ki, hələlik şişlər bədxassəli deyil. Müalicəsi uzun sürəcək. Deyilənlərə əməl eləsən, lazımlı dərmanları ala bilsən hər şey yaxşı olacaq.

Məni xəstəxanaya yazdılar. Amma burda qalmaq fikrim yoxuydu. Həkimin yazdığı reseptləri götürüb çıxandan sonra yatacağım palataya baş vurduq: iki gəlin sistem altında uzanmışdı – biri gözlərini qara dəsmalla bağlamışdı, o biri başının üstündən asılmış maye dolu iri şüşəyə baxırdı.

Çönüb Hakimə yalvardım:

- Gəl bu gün gedək evə, sabah burda qalaram.

Axşam Aqil də Laləgilə məni görməyə gəldi. Əlində iri bir torba dərman vardı, bundan savayı xeyli bazarlıq da eləmişdi. Lalə onun alıb gətirdiklərinə baxıb dedi:

- Qardaşım elə bilir biz acından ölürük. Bu qədər əti-yağı, qozu-kişmişi kim yeyəcək?

Aqil aldıqlarını masanın üstünə yığa-yığa:

- Bunların çoxunu Bircəyə almışam, - dedi, - ona güclü iynələr vurulacaq, gərək canı heydən düşməsin.

Qardaşımın ortalığa düzdüyü naz-nemətə gözümün ucuyla da baxmadan:

- Sağalmağımı istəyirsənsə məni o xəstəxanada yatırtma, - dedim.

Aqil nədən qorxduğumu bilirdi:

- Ay sənə qurban olum, axı orda yatmasan sağalmazsan, - dedi. - Sənin bircə balan var, başına bir iş gəlsə onun üzünə necə baxarıq? Sənə ayrıca otaq tutacam, gəlinlər, bacın, mənim baldızlarım növbəylə yanında qalacaqlar.

Aqil mənə toxtaqlıq verdikcə bilmirəm dərddən, ya sevincdən gözümün yaşı qucağıma axırdı. Yaralı canıma sarmaşan qollarım sinəmdə yasa batmışdı. Təsəlli üçün sözü tükənən qardaşım az qalırdı gözümdən daman hər damcını havadaca ovuclayıb toz-torpağa bulaşmaqdan qorusun.

Aqilin naçar qaldığını görən Lalə irəli durub topuğuma yüngülcə bir təpik ilişdirdi:

- Yekə qızsan, nə şivən qoparmısan! Ayrı vaxt dizlərini yerə atıb Allaha yalvarırdın, deyirdin məni tez öldür, canımı bu qeylü-qallardan qurtar. Səsini eşitdi də göy çadırın sahibi, arzuna çatdın, ta bu uşaqların bağrını niyə yarırsan?

Aqil Laləyə göz ağartdı:

- O ölür, bəs biz necə oluruq? Hamımız bir yana, heç Səməndər Bircəsiz durar? Atamızı-anamızı demirəm, bəs Telli mama, bəs Cavid? Özün üçün yaşamağa nə var, oğul ona deyərəm bu qədər adamın xətrinə yaşaya. Möhkəm ol, sən güclü qızsan, gör nələrdən keçmisən! Mütləq sağalıb balanın yanına qayıtmalısan.

Dostum, can doğrudan şirin şeymiş – başım öz dərvayıma necə qarışmışdısa neçə günüdü heç balam da yadıma düşmürdü. İndi Aqilin dilindən Cavidin adı səslənəndə xatırladım ki, mən geridə bir övlad qoyub gəlmişəm. Həm də tamam yad yerdə, yad adamların içində.

Aqil Cavidin tərbiyəçisinə zəng vurub uşağı soruşdu, tərbiyəçisi oğlumu çağırıb mənlə danışdırdı. Qardaşım da, bacım da xəstələndiyimi ona bildirməməyi mənə bərk-bərk tapşırdılar. Cavid Bakıya nəyə gəldiyimi soruşanda dedim:

- Dayıngil məni gəzməyə, evimizə baş çəkməyə gətiriblər...

Aqil gedəndən sonra aldığı dərmanları ortaya töküb bacımla müzakirə açdıq:

- Hər şeyə dözərəm, - dedim, - lap xəstəxanada da qalaram, təki mənə kimyəvi dərman verməsinlər.

Lalə dərmanlarımı ovuclarına yığıb xışmasıyla gözümə soxdu:

- Özün qazıcan da bilirsən, quzucan da, götür hamısının içliyini oxu, gör orda kimyəvi dərman var?

***

Səhəri Hakimlə Lalə məni aparıb dərmanlarımla birgə xəstəxanaya qoydular. Təkadamlıq palatada yatacaqdım. Birinci gün yanımda bacım qalasıydı.

İynə-dərman damarımdan qanıma axdıqca təbdən-təbə düşürdüm. Yenə iki dünya arasında var-gəl eləməyə başlamışdım.

Axşamtərəfi bacımla davaya qalxıb onu evinə göndərdim – Hakim işdən çıxıb mənə dəyməyə gələndə Laləni də qoşdum ona:

- Axı burda nəyə qalırsan, - dedim, - şil-şikəst deyiləm, ağlım da başımdadı. Çıx get evinə, balaların körpədi...

...Əslində dediklərim bir bəhanəydi, Dostum. Çoxdandı Səni görmürdüm, çoxdandı görünmürdün. Ürəyimə dammışdı ki, mənim bu ağır günümdə gələcəksən. Sənlə baş-başa, göz-gözə, ürək-ürəyə qalmaq istəyirdim.

Pərdələr aralandı, adını verdiyim ulduzu axtarmağa başladım. Ancaq tapmadım. Burda sağımı-solumu qarışıq salmışdım, gündoğanı günbatandan, güneyi quzeydən ayıra bilmirdim. Göyü gözümlə yaza-yaza Sənin səmtini tutmağa çalışırdım...

Elə bu dəm gecə növbəsi çəkən gülərüz tibb bacısı başını otağa saldı:

- Yuxu dərmanının vaxtıdı, uzan yerinə gəlim iynəni vurum, rahat yat.

Beynim qıjıldadı:

- Mənə nolub ki, yuxu iynəsi vurursuz? Özüm rahat yatıram.

Xanım güldü:

- Narahat olma, bu dərmanları bədənin ilk dəfədi qəbul eləyir, sənin rahatlığın üçün vurmalıyıq.

Yatağıma uzanıb tibb bacısının gəlişini gözlədim. Ürəyimdən keçdi ki, kaş bu yuxu dərmanı məni biryolluq yatıraydı.

Belə düşünəndə kəndimizdəki Nıtıq Tutunun surəti gəlib durdu gözlərimin qabağında, məni dəli gülmək tutdu. Deyib-gülən, toyda-nişanda hoqqa çıxaran, məzəylə oynayan Tutuya bu işlərinə görə Nıtıq ləqəbi vermişdilər. Bir gün bu Nıtıq Tutunun başı ağrıyar, evi axtaranda əlinə bir dərman keçər. Dərmanı udandan bir az sonra arvadı yuxu tutar.

O yatan Tutunu bir də iki gündən sonra oyada bilmişdilər. Sən demə arvad nə vaxtsa azarlı inəyindən ötrü baytardan aldığı dərmanı udubmuş...

***

Müalicəm on gün çəkdisə də bunun cəmi üç gecəsini xəstəxanada qaldım. Qalan günlər səhərdən-axşama iynə-dərmanım vurulurdu, axşam Aqil işdən çıxandan sonra dalımca gəlib məni evinə aparırdı.

Dərmanlar canımı yerindən oynatmışdı, döşlərim bir az da şişib bərkimişdi. Doğmalarımın yanında ağlayıb-sıtqamasam da daldaya çəkiləndə hara gəldi səvərib it kimi ulayırdım. Ağır yükə vurulmuş örkən doğanağı kimiydim, elə bilirdim iynə-dərmanım bir az da artsa partlayıb ortadan iki bölünəcəm.

Həkimlər təmiz havada çox gəzməyi, piyada çox yeriməyi tövsiyə eləyirdilər. Dərmanlar bədənimdən sorulmurdu, ayaqlarıma, qollarıma yığılıb məni şişirdirdi. Bir yerim sancan kimi elə bilirdim əzrayıldı, qılıncını sıyırıb çaldı canıma.

On beş günün tamamında əvvəlki analizlər, ultrasəs müayinəsi təkrarlandı. Həkim nəticələrə baxanda başını buladı:

- Sən beynini elə şeylərlə doldurmusan ki, canına yeridilən dərmanların faydası olmayıb, şiş başqa yerlərə də kök atıb.

Fındıq boyda şişlər uşaqlığımın divarlarına da yayılmışdı. Həkim Aqili çağırıb onun iştirakıyla mənə yüngül bir müalicə yazdı, sonra əlimi qardaşımın əlinə verib:

- Sakit bir yerdə dincəlməlidi, - dedi, - pis fikirləri başından silib atmalıdı. İnsan özünə pislik arzuladıqca onu sağaltmaq çətin olur. İmkan varsa bunu yaxşı bir psixoloqa da göstərin, bir aydan tez mənim yanıma gəlməyin.

Bacı-qardaş kor-peşman xəstəxanadan çıxdıq. Aqil məndən betər sarsılmışdı:

- Ələmyesir oldun bu xəstəxanalarda, dərmanlar cecəyini çıxartdı, sağalmaq əvəzinə indi də başqa yerdən dişini ağartdı bu kor qalmış qulğuna.

Axşam süfrəsində gəlin ikimizi də zorla yedirtdi. Uca dağların havası-suyuyla mayalanmış Fəridənin xarakteri bu illər ərzində bir az da möhkəmlənmişdi. Evinin, ailəsinin ruzisi artdıqca onun şükranlığı da artmışdı, dilindən dua-səna əskik olmurdu. Qardaşım şəkərə erkən yaxalananda biz başımızı itirdiksə də Fəridə halını pozmadı, qollarını çırmayıb xəstəliklə cəngə çıxdı, sözün gerçək mənasında Aqilin qoruyucu mələyinə çevrildi. Bizi Aqil sarıdan narahat, sınıq görəndə deyirdi:

- Şəkər nə olan şeydi ki, ondan ötəri ağlayıb sıtqayırsız?

Aqilin boğazından keçən hər tikəyə, hər qurtum suya özü nəzarət eləyirdi. İndi də bizi zor-güc yedirib-içirəndən sonra dedi:

- Götür telefonu Ağabəy həkimə zəng vur, məsləhət bilsə günü sabah aparaq Bircəni onun yanına.

Fəridənin sözü Aqilin ağlına batdı, dərhal respublikanın baş psixiatrı Ağabəy Sultanovla – illərdən bəri dost münasibəti saxladığı Ağabəy həkimlə telefon əlaqəsi yaradıb məni onun qəbuluna yazdırdı.

***

Ertəsi gün Aqil Hakimə bir gimrik bağlama verib bizi psixiatrın qəbuluna göndərdi. Hakim məni qapının ağzında gözlədib özü içəri girdi, bir az ləngiyəndən sonra çıxıb dedi:

- Həkim bizi günortadan sonra qəbul eləyəcək, indi xəstəsi, qonağı var.

Xəbər ürəyimdən oldu – xəncər yarasına pir neyləyəsiydi? Mənə olan olmuşdu, yüz təbib yığışsaydı beynimdəkiləri başımdan silib ata bilməzdi.

Qayıdıb Hakimin maşınına oturub gözləməyə başladıq. Qardaşımı dilə tutmağa çalışırdım:

- Gəl çıxaq gedək evə. Məni özümdən yaxşı heç kim tanıya bilməz. Bu qədər dava-dərman canımdakı bəlanı səngidəmmirsə, bunun sözü mənə neyləyəcək?

Qardaş yola gəlmirdi:

- Sənin nəyin var ey, bir az da özün şişirdirsən. Yadında, barmağım sənə toxunan kimi yerə yıxılıb deyirdin, oy, ürəyim getdi. Özünü vururdun ölülüyə, nənəm də məni çəngələyib boğurdu. İndi də ondakı kimi – bir yalançı şişlə kıtılımızı vurmusan.

Düz deyirdi, şətəlim işləməyən yerdə qardaşım barmağını mənə toxundurmamış özümü yerə çırpıb tülkülüyə vururdum, ya da bədənimi yalandan əsdirirdim ki, guya qorxmuşam. Mənim bu hoqqalarımdan sonra Hakimin günü göy əsgiyə düyülürdü.

Ağabəy həkimin qəbul vaxtı çatanacan uşaqlığımızı yada salıb xeyli gülüşdük...

ardı var

# 6056 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #