news-inner
clock09:00 calendar-gray 05 İyun 2019 view-gray1608 dəfə oxunub
view-gray1608 dəfə oxunub

Tahir İmanovun uğursuz rejissor işi, bəsit aktyor oyunu

“Yeni filmlərimiz” layihəsində Tahir İmanovun “Ölülər XXI” əsr filmini təqdim edirik.

Süjet: Nəsrulla Şeyxov (Tahir İmanov) dələduzdur. O, pul qazanmaqdan ötrü gah falçı olur, gah özünü tanınmış müğənni kimi qələmə verir, gah da başqasının əmlakını ondan iznsiz satır. Amma qazandığı pullar ona kifayət etmir. Bunun üçün o, köməkçisi Əhmədlə (Rovşən Kərimduxt) uzaq bir kəndə yola düşür. Kənddə millət vəkilliyinə namizədliyini vermək istəsə də, fırıldaqda ondan geri qalmayan kənd məmurları onu qovurlar. Nəsrulla özünü qəbul etdirmək üçün kəndin rəhbərlərindən biri Hacı Həsənin (Valeh Kərimov) ölmüş qardaşı Fətullanın cildinə salır. Və bütün kənd onun dirilməsinə inanır. Bundan sonra kənd onu qəbul edir və namizədliyini dəstəkləyirlər. Həsən qızı Nazlını dövlətli çoban Vəliyə (Bəhram Bağırzadə) yox, Nəsrullaya ərə verir. İsgəndər izdivacın qarşısını almaq üçün (Elnar Qarayev) polisdə işləyən dostu Hikməti (Vusal Murtuzəliyev) köməyə çağırır. Toy gününə yetişən Hikmət Nəsrullanın cinayətkar olduğu haqda faktları göstərir. Finalda Nəsrulla, Hacı Həsən və digər günahkarlar həbs olunur...

Mirzə Cəlilin məşhur “Ölülər” pyesinin motivləri əsasında çəkilən film 2016-cı ildə ekranlara çıxıb. Pyesi ilk dəfə Tofiq Tağızadə 1991-ci ildə ekranlaşdırıb. “O dünyadan salam” adlanan filmin birinci yarısı sadəcə bədii mətnin səthi təsviridir. Filmin ikinci yarısında isə rejissorun öz traktovkası başlayır, o, əhvalatı müasirləşdirir, onu 1990-cı illərin reallığına proeksiya edərək, hadisələri ictimai-siyasi məzmunda işləyir. Bundan başqa ayrı-ayrı epizodlara maraqlı yanaşmalar edib. Misalçün, Şeyx Nəsrullahı qəbiristanlıqda gözləyən adamların məzar daşları arasında rəqsi və rəqsin folklor musiqisi çalarları ilə müşayiəti bayram tamaşalarını xatırladır. Məzarlığa gələn İsgəndər Şeyx Nəsrullahdan Mirzə Cəlili diriltməyi xahiş edəndə, hamı onun xalqa pisliyini əsas gətirərək dirilməsinə etiraz edir. Dirilən Mirzə Cəlil onları əsl insan kimi yaşamaq uğrunda mübarizəyə səsləyir.

Tahir İmanov pyesi XXI əsrə adaptasiya edərək, əhvalatı, personajları müasirləşdirir. Və onun müasirləşdirməsi zahiri xarakter daşıyır.

Ola bilsin ki, Tahir İmanov yaxşı prodüserdir, amma o, kinorejissor deyil. Onun aktyor və rejissor kimi yaradıcı imkanları “Planet Parni iz Baku” teatrının yumoristik səhnələrinin sərhədləri ilə məhdudlaşır. Həm bədii-estetik, həm məna miqyası, həm aktyor, həm də rejissor keyfiyyəti baxımından. Bu sərhəddən kənarda o, özünü spesifik dili olan kinematoqrafiyada əfsus ki, realizə edə bilmir.

Yuxarıda dediyim kimi əhvalatın, personajların “yenilənməsi” dekorativdir, zahiridir. Müəllif əsəri özününküləşdirmir, Mirzə Cəlilin əsəri haqda individual fikir, yozum ortaya qoymur, onun yeni oxunuşuna yol açmır. Və “Ölülər” kimi dəfələrlə tamaşaya qoyulmuş, haqqında elmi-publisistik məqalələr, analizlər yazılmış klassik əsərləri ekranlaşdırmaq risklidir.

Fikrimi daha aydın ifadə etmək üçün dünya kinosundan bir misal çəkim. Aki Kaurismyaki “Hamlet”in motivləri əsasında çəkdiyi “Hamlet dünya biznesində” filmində əhvalatı müasir Finlandiyaya uyğunlaşdırmaqla kifayətlənmir. O, Hamleti çağdaş biznesin çirkinliyi, burjua dəyərlərinin, ailə institutunun böhranı kontekstində göstərir. Onun Hamleti soyuqdur, biganədir, personajlar arasında ən hiyləgəri, sinikidir və atasının öldürülməsində iştirak edir. Və rejissor aşağı təbəqəni Hamletdən yuxarıda qoyur.

“Ölülər XXI əsr”in ssenarisindən belə təsəvvür yaranır ki, ssenaristlər (Ələkbər Əliyev, Tahir İmanov, Mütəllim Həsənov, Anar Ömərov, Məmmədəli Kazımov) əsəri oxumaqla kifayətləniblər və onu daha çox üst qatdan anlayıblar. Kefli İsgəndər müasir geyinir, mobil telefondan istifadə edir, amma obrazın konsepsiyası da, Elnar Qarayevin ifası da klişedir, sözün mənfi anlamında klassikdir. Yaxud, Nəsrullanın, Hacı Həsənin əsrimizdə yalnız fəaliyyət sferaları dəyişsə də obrazlar dekonstruksiya olunmayıb.

Süjetin əsas xətlərindən olan məmur korrupsiyası, təhsil və tibb sahəsində problemlərə - günümüzün gerçəkliyinə münasibətdə emosional-estetik satirik güc yoxdur, yaradıcı mənada provakativ yanaşmadan məhrumdur, təsvir, situasiyaların həlli baxımından film yoxsuldur. Problemlər birbaşa-vizual həll, ifadə vasitələri olmadan çatdırılır. Həsənin qızını - Nəsrullaya ərə getmədiyi təqdirdə, öz oğlu İsgəndərin cibinə nəşə atdıraraq tutdurması şantajı da, təhsildə islahat kimi məktəblərə kalkulyator paylanması vədi belə əhvalatı burleskə, absurda çatdırmır, yalnız KVN tərzində bəsit, teatral komizm doğurur.

Mirzə Cəlilin cəhalətə qarşı qoyduğu İsgəndər passiv üsyankar olsa da, onun sosiumda davranış modeli öz dövrü üçün inqilabi idi. Amma XXI əsrdə Mirzə Cəlildən daha proqressiv, hər halda dünyagörüşləri daha geniş olan nəvə-nəticələri İsgəndəri çağdaş görə bilmirlər. Onların İsgəndəri arxaikdir, mağmın və zəif iradəlidir, Nəsrullayla qeyrət-namus polemikası aparır, ədalətsizlik haqda sentimental monoloqlar deyir.

Janr etibarilə film komediya-müzikldir. Yüngül musiqi nömrələri (bəstəkar Faiq Sücəddinov) süjetdə dramaturji rol oynamır.

Aktyor ifaları arasında ən yaddaqalan Dilarə Əliyevanın Mərziyə müəllimə obrazıydı. Aktrisa qrim, psixi, emosional və fiziki tapıntıları hesabına maraqlı obraz yaradıb.

Final xoşbəxt sonluqla bitir: problemlər həlli olunur, təhsil və tibb sahəsi inkişaf edir və İsgəndər vəzifə alır.

Oxşar xəbərlər

Xəbər lenti

Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
14:15 29 Mart 2020
Spirtlə dəstəmaz almaq zamanı
13:31 29 Mart 2020
Mərhum Xalq artistinin qonşusu: "Binamızın problemini bircə təbəssümlə həll etdi"
12:30 29 Mart 2020
Dünyanın ən qədim şeiri - 4 min yaşlı mətn
11:41 29 Mart 2020
AzTV-dən evdə darıxanlara sürpriz
11:03 29 Mart 2020
Şərif Ağayarın hekayəsi: “Şeqlov üsulu”
09:30 29 Mart 2020
Xalq şairi vəfat etdi
08:05 29 Mart 2020
Bob Dilan 8 il sonra sükutu pozdu
18:07 28 Mart 2020
Pandemiya günlərinin Təpəgözü
17:33 28 Mart 2020
Gənc şair karantindən şeir yazdı: Mənə kölgəni göndər
16:41 28 Mart 2020
Özünə gizli toy eləyən, içkiyə qurşanıb ailəsini atan, yataqdan videosu yayılan reper – Maraqlı faktlar
15:40 28 Mart 2020
Anar Nağılbazın ən çox istifadə etdiyi söyüş
15:04 28 Mart 2020
Tanınmış müğənnidən cəsarətli addım: "Bir-birimizə dəstək olaq"
14:50 28 Mart 2020
Şahbaz Xuduoğlu: "Kitab sifariş edən daha çox yaşlılardır"
13:17 28 Mart 2020
Seymur Baycandan yeni yazı - Bu əcinnə gərək mənim qarşıma çıxaydı?
12:23 28 Mart 2020
Nazirlik televiziya kanallarına filmlərlə bağlı müraciət etdi
11:28 28 Mart 2020
Respublika Uşaq Kitabxanasından balacalara tövhə
10:14 28 Mart 2020
Masonların sirrini açan bəstəkarı əslində kim öldürüb? - "Sehrli fleyta"nın sirri
09:00 28 Mart 2020
Azərbaycanlı jurnalist vəfat etdi
21:58 27 Mart 2020
Xalq artisti torpağa tapşrıldı - Belə dəfn görmədiniz - Fotolar
16:49 27 Mart 2020