news-inner
clock06:00 calendar-gray 14 Sentyabr 2012 view-gray1710 dəfə oxunub
view-gray1710 dəfə oxunub

“Yoxsa aldığı “kalqotka” cırıq çıxıb?” MÜSAHİBƏ

Kulis. az saytının “Köhnə tüfəng” layihəsinin qonağı yazıçı-jurnalist Seymur Baycandır.

- Siz jurnalistikadan ədəbiyyata keçid edənlərdənsiniz. Jurnalistikaya gəlişiniz necə olmuşdu?

- İş belə gətirib ki, uşaqlıqdan siyasi proseslərlə maraqlanmağa başlamışam. Müsahibələri oxuyurdum, parlamentin iclaslarına baxırdım. Daima qəzet oxumuşam. Orta məktəbdə oxuyanda “Azərbaycan pioneri” qəzetinə, “Göyərçin” jurnalına abunə yazılmışdım. Evdə “Azərbaycan qadını” jurnalı olurdu, onu da oxuyurdum.

- Belə çıxır ki, ailənizdə oxumağa maraq olub?

- Yox, elə bir maraq yox idi. Sadəcə həmin vaxtlar kütləvi oxunma dövrü idi. Çap məhsulları bu və ya digər şəkildə adamın gözünün qabağına olurdu. İnsanlar kütləvi şəkildə kitabxanaya gedirdi. Özüm rayon kitabxanasının ən aktiv oxucularından biri idim. Kitabları qaytaranda kitabxanaçı oxuduqlarımızın məzmununu soruşurdu, görsün oxumuşuq, yoxsa yox. Oxumaq vərdişim belə yaranıb. O dövrün qəzetlərini də oxuyurdum: “Azərbaycan”ı, “Səhər”i. Sonra siyasi proseslərə qoşuldum, çox gənc yaşda Müsavat Partiyasının üzvü oldum. Aktiv gənclərdən idim, o vaxt partiya ilə “Yeni Müsavat” qəzeti eyni binada yerləşirdi. Tez-tez qərargahda olduğuma görə yazılarını oxuduğum adamları burada görürdüm. Yadıma gəlir, Xalid Kazımlı ilə eyni rayon təşkilatında idik. Bundan əlavə “Xəqani 33” ünvanındakı “Azadlıq” qəzetinin çayxanasında yığışırdıq. Dövrün tanınmış jurnalistlərini orda görürdüm. O vaxtlar Zamin Hacıya oxucu kimi məktub yazmışdım. Baxmayaraq ki Zaminlə aramızda böyük yaş fərqi yoxdur, ancaq Zamin həmin vaxt tanınmış jurnalist idi. Onda email-filan yox idi, poçtla əməlli-başlı məktub yazmışdım. Sonra Zaminlə görüşdük.

- Maraqlıdır, məktubda nə yazmışdın?

- Dostluq, heyranlıq notları üzərində yazılmış məktub idi. Obyektivlik və həqiqət naminə deməliyəm ki, mənə ən çox təsir edən adam Zamin Hacı olub. Bizim jurnalistlər o dövrdə fərqli geyinmirdilər. Zamin o dövrdə geyimi ilə də seçilirdi. O dövrdə yazarlar, jurnalistlər içində ən modern görünüşlüsü Zamin idi. O, mənə həm yazı, həm də fərqli geyim baxımından çox təsir göstərdi. Əsgərlikdə də yanıma gəlib, Bakıdan mənə “West» siqareti gətirmişdi. Sonralar isə bir neçə dəfə başıma vurub ki, ağlayırdın əsgərlikdə... O vaxtlar ovqat yazıları həddindən artıq çox idi. Bilmək olmurdu ki, nə baş verib, müəllifi duyğulandıran nədir. Qızlar var idi ki, üç nöqtə-filanla uzun-uzadı ovqat yazıları qələmə alırdılar. Yağışdan, küləkdən, səssizlikdən yazırdılar. Bilinmirdi ki, nə baş verir, əri bunu döyüb, pulu qurtarıb, yoxsa aldığı “kalqotka” cırıq çıxıb. Kişilər də bunu kimi, səhifə-səhifə ovqat yazıları yazırdılar. Zamin təkbaşına bu söhbətləri dağıtdı. Öz üslubunu ortaya qoydu və bizim publisistikamızda irəliyə doğru çox böyük dəyişiklik etdi.

- Sizlər də məhz Zaminin yolunu davam etdirdiniz...

- Mənə uzun müddət deyiblər ki, sən özünü Zaminə oxşadırsan. Yəqin ki təsirlənmə olub ki, belə bir şey deyirlər. Ancaq sonra bu fikirləri eşitmədim. Bu da mənim öz üslubumu tapmağımla bağlı ola bilər.

- “Reytinq” qəzetinizə gəlişiniz necə baş verdi?

- Qafqaz Universitetində oxuyanda qrup yoldaşım olmuş Ramin Hüseynin dayısı “Reytinq” qəzetinin baş redaktoru idi. Ramin Hüseynin vasitəsilə bu qəzetdə yazmağa başladım. Mənim tanınmağım da “Reytinq” qəzeti ilə başlayıb. “Nəbz” qəzetində də işləmişəm, burda adam az idi deyə məni ora-bura göndərirdilər. Müsahibələr götürürdüm. Ədəbi mühitə gəlməmişdən qabaq bu mühitdə olan adamların əksəriyyətindən müsahibələr almışdım. Hətta öz yaşıdlarımdan da. Sonra yazılarım bədiiləşməyə başladı. Yazı üslubumda, mövzularımda dəyişkənlik baş verdi. 2003-cü ildən sərt yazılarla çıxış etməyə başladım, 60-cılar haqqında yazdıqlarım ciddi reaksiya doğururdu. Demək olar ki, hər yazıma cavab verirdilər. Sonra ədəbiyyatla publisistika yanaşı getməyə başladı. Və böyük çoxluğun dediyinə görə məndə publisistika daha yaxşı alınır. Ancaq ikinci nəfəsim “Gündəlik Azərbaycan” qəzetində açılıb. Bu qəzet gündəlik olduğuna görə həm mövzuları tuta bilirdim, həm də peşəkarlarla, sayılıb-seçilən jurnalistlərlə bir yerdə dərc edildiyimə görə formada qalmağa maksimum səy göstərirdim.

- Jurnalist fəaliyyətinizin “Bakı xəbər” dövrünü necə xatırlayırsınız?

- O vaxt bu qəzetdə işləyən, tanınmış jurnalist Nicat Dağlarla münasibətimiz yaxşı idi. “Bakı xəbər”lə işləməyi o, məsləhət gördü. Bu qəzet o vaxt gündəlik çıxan, çox oxunan, radikal bir mətbu orqan idi. Buna görə onlarla dil tapa bildim. Amma sonra problemlərimiz yarandı. Yazılarımda bir-iki adamın adını çəkdim, vermədilər. Sonra adı çəkilməyəcək adamların siyahısı artmağa başladı. Mən də baş redaktor Aydın Quliyevə dedim ki, kimdən yazmaq olmaz başlıqlı bir siyahı hazırlayın, redaksiyada divardan asın, biz də işimizi bilək. Özümü ən sərbəst hiss etdiyim qəzet isə “Reytinq” olub və bu gün də belədir. “Reytinq”də elə yazılar yazmışam ki, çətin başqa qəzetlər o yazıları verərdilər. Ən səsli-küylü yazılarım o qəzetdə dərc olunub. Mən jurnalist fəaliyyətimin çox böyük hissəsi “Reytinq”lə bağlıdır, bu mətbu orqanı özümə doğma sayıram.

- Sizin mətbuata gəldiyiniz dövrlə indiki dövrü müqayisə edin zəhmət olmasa, nələr dəyişib?

- Çox şey dəyişib. O dövrün jurnalistləri ola bilsin ki, düşüncə və yanaşma baxımından indiki gənclərə uduzsunlar. Texnologiya bizə dünya ilə vaxtında və yaxından təmas qurmaq şansı verir. Bu gün ictimai sektorda elə uşaqlar var ki, mənim o vaxtkı düşüncəmlə müqayisədə daha oyaq və moderndirlər. Səbəblərdən biri bu ola bilər ki, indiki gənclər hazır mühitə gəlirlər. Bizdə isə o şans yox idi. İndi yazarlar daha əlçatandır, o dövrdə belə deyildi. Yenə də deyirəm, ola bilsin ki, o dövrün gəncləri düşüncə baxımından uduzurdular. Ancaq onların ümumi səviyyəsi indiki jurnalistlərin ümumi səviyyəsindən üstün idi. O vaxt “Qoca və dəniz”ini, “Səfillər”i, “Martin İden”i, “Dəniz kənarı ilə qaçan alabaş”ı, “Gün var əsrə bərabər”i oxumayan adamın qəzetə gəlməsi çox çətin, bəlkə də mümkünsüz idi. Həmin adamı hoydu-hoyduya qoyardılar. Köhnə nəslin “baqaj”ı indi nəsildən qat-qat yüksəkdir. Bu gün jurnalistlərin, xüsusilə də saytlarda işləyən gənclərin böyük əksəriyyəti faktiki olaraq diktofon funksiyasını yerinə yetirir. Baş redaktor mövzunu verir, jurnalist kimisə danışdırır və köçürür verir. Bir maraqlı məqam da var: 2003-cü ilə qədər siyasi mövqeyi olan yazarlar çox oxunurdu. Siyasi mövqeyi olan şəxsin oxunmaq problemi yox idi. 2005-ci ildən bu yazarlar ciddi oxucu itkisinə məruz qaldılar. Onlar ilişdilər, uyğunlaşa bilmədilər. Dövrün tələblərinə cavab verə bilmədilər, qoca göründülər. Şahvələd Çobanoğlu və Zamin Hacıdan başqa heç kim yeni dövrə keçə bilmədi. Ortaya yeni oxucu tipi çıxdı. Bizim nəslin yazarları daha çox oxunmağa başladı. Və bu bir dəstənin bizə daha çox nifrət etməsinə şərait yaratdı. Onlar çox ilişdilər.

- O vaxtlar fikrini ironiya ilə çatdıranlar çox idi, ancaq indi belə deyil. Bunu necə izah edirsiniz?

- Görünür münasibətlər daha konkretləşib. Belə olan halda ironiya yersiz görünür. Gülməyin özü də səviyyə tələb edir. Vaxtilə Arif Quliyevə baxıb uğunub gedirdim. Sonra isə özüm-özümə sual verdim ki, mən bu adama niyə gülürdüm. “Deməli, yox yeməli” arxasında heç nə olmayan bu cür ifadələr ibtidai hisslərlə yaşayan insanları güldürə bilər də. Bu günkü şoumenlər- Elməddin, Fərda, Rəfael, Çoşğunun da səviyyəsi yoxdur, kitab oxumayıblar. Şoumenlər kitab oxumadıqlarına görə bizdə gülüş çox tez köhnəlir. Onlar məcburdurlar ki, ləhcə ilə danışsınlar, qayınana haqqında danışsınlar. Gülüşün arxasında intellekt dayanmalıdır. Amma elə komediya filmləri var ki, uşaqlıqda baxmışam, başa düşməmişəm, indi baxıb anlayıram. Çünki bu, mütaliənin olmasından sonra başa düşülən gülüşdür.

- Ədəbiyyat adamları ilə yanaşı siyasi xadimlərdən də müsahibə götürmüsünüz. Ən maraqlı müsahibiniz kim olub?

- Ən maraqlı müsahibələrimdən biri İsa Qəmbərlə olub. Bu müsahibəni əslində üç nəfər - mən, Əli Əkbər, Elmir Mirzəyev götürüb. İsa Qəmbər mədəniyyətin bütün sahələri ilə bağlı suallara tutarlı və ətraflı cavab verdi. İsa bəy çox oxuyub, buna görə də maraqlı müsahibdir.

- Müsahibə aldığın ən mənasız adam kim olub?

- (Bir qədər pauza). Yadıma gəlmir. Ümumiyyətlə müsahibə alan adamdan çox şey asılıdır. Bəzən yazı yazmaq istəmir, müsahibə almaq istəyirəm. Ancaq aşağı qonorara işləmək fikrində deyiləm.

- Jurnalist fəaliyyəti dövründə başınıza gələn maraqlı hadisələrdən hansı daha çox yadınızda qalıb?

- Baş redaktorlardan biri zəng edib dedi ki, yazı yoxdu, tez bir məqalə qarala. Mən də dedim mövzum yoxdur. Dedi ki, ağlına gələni yaz, gətir. O vaxt əllə yazırdım, bir yazı qaraladım, vərəqi arxa cibimə qoyub yollandım redaksiyaya. Girdim redaksiyaya, redaktor dedi ki, yazını gətirdin? Dedim hə. Əlimi atdım arxa cibimə gördüm ki vərəq yoxdur. Ya cibimdən düşmüşdü, ya da nəsə hesab eləyib cibimdən çıxarmışdılar. Baş redaktora dedim ki, yazını itirmişəm, inanmadı. Onun yerinə kim olsaydı inanmazdı. “Gündəlik Azərbaycan”da işləyəndə dövlət qəzetlərindən yazıları götürüb öz adımdan olduğu kimi dərc edirdim. Mənim təqdimatımda o yazıların mahiyyəti dəyişirdi, yazıların müəllifləri çox əsəbiləşirdilər. Bir dəfə yazının içində bir falçının reklamını verib öz nömrəmi qoymuşdum. Elanda bəxtin açılması, biznesin qurulması, göz götürmək kimi bəndlər vardı. Dəhşət zənglər gəldi. Görüşmək istəyir, ünvan soruşurdular. Heç bir yazım elə reaksiya doğurmamışdı. Biri hətta 3 ay zəng etdi. Mən də deyirdim ki, şeyx burda yoxdu, Peterburqa çağırıblar, gələcək. Axırda başa düşdü ki, mən özüməm, güldü. Rəşad Məcid o vaxt deputatlığa namizədliyini vermişdi, Qulu Məhərrəmli də onu müdafiə məqsədilə Ağcabədidə çıxış etmişdi. “Bizim yol”da işləyirdim, bir gün həvəsim yox idi yazı yazmağa, götürdüm bu çıxışı öz adımdan verdim. Başlığını da “Ağcabədi seçicilərinə müraciət” qoymuşdum. O vaxtlar belə şeyləri çox edirdim, başa düşən də olurdu, düşməyən, ciddi qəbul edən də.

- Bəzi redaksiyalardan qonorarı əvvəlcədən alırsan. Bu, inamsızlıqdan irəli gəlir, yoxsa?

- Kiməsə yazı olur, deyirəm pulun var, “hə” deyirsə əvvəlcədən pulunu alıb yazıram. Belə daha yaxşıdır. Ancaq mən qonorarsız çox yazı yazmışam. Dolanışığımı mətbuat vasitəsilə təmin etməmişəm. Mənə kənarda olan adamlar daima kömək göstəriblər. Qonorar mənim dolanışığıma çatmaz, xərcim çoxdur, özüm də elə çox yazmamışam. Bu səbəbdən də daima kənardan olan köməkliklərin hesabına yaşamışam. Amma elə yazılar olub ki, mənə çoxlu pul gətirib.

- Bəzi redaksiyalardan isə bir yazının pulunu bir neçə dəfə almısan...

- Bir neçə dəfə “Quzu” hekayəsindəki kimi eləmişəm. Eynulla Fətullayevdən bir yazının pulunu bir neçə dəfə aldığım olub. Ümumiyyətlə Eynulla pul xərcləməyi bacaran baş redaktordur. Jurnalistə gərək pul verəsən.

- Bu illər ərzində əsasən hansı iradlarla üzləşmisiniz?

- Məni ermənipərəstlikdə, düşmən dəyirmanına su tökməkdə, yazılarımı təkrar verməkdə, cığallıqda ittiham ediblər. Daha bəzilərini başa sala bilmirəm ki, bir adam 12 il cığallıq edə bilməz. Onu da deyim ki, artıq qocaldığımı hiss edirəm. O da maraqlıdır ki, yazılarımı 35-40 yaşlı xanımlar daha çox oxumağa başlayıblar. Reaksiyalardan, məktublardan belə hiss edirəm. Nə məsələdir, bilmirəm, gərək araşdıram, öyrənəm. 20-22 yaşlı qızlar isə mənimlə “əmi2 kimi davranırlar.

- Hansı qəzetləri, hansı saytları oxuyursunuz?

- Hər bazar günü “Reytinq” qəzetini alır, öz yazımı beş dəfə oxuyuram. Həm boşluqları tuturam, həm də yeni mövzular müəyyənləşdirirəm. Sözün açığı çox az adamı oxuyuram. Türk mətbuatını ümumiyyətlə oxumuram. Türk mətbuatını oxuyan adamları da başa düşmürəm. türk yazarlar bəsit, alverçi kimi gəlir mənə. Birmənalı olaraq deyirəm ki, Azərbaycan publisistikası türk publisistikasından qat-qat yüksəkdir. Bizim çətinliklərimizi, bir neçə sferada mübarizə aparmağımızı nəzərə alsaq deyə bilərik ki, Azərbaycan mətbuatı türk mətbuatından qat-qat güclüdür.

- Türk mətbuatını oxumadığınızı deyirsiniz, oxumadan necə bu qənaətə gəlmisiniz?

- Vaxtilə izləmişəm. Nəzərə alın ki, mən üç il türk universitetində oxumuşam. Yəni dişimə vurmuşam. Rus mətbuatını isə həmişə olmasa da hər halda izləyirəm. Ümumiyyətlə çalışıram ki, lazım olmayan informasiyaları beynimə buraxmayım. Azərbaycanda təzə nəsildən oxuduğum az adam var. Təzə nəsil məndən qoca görünür, bu da məni təəccübləndirir.

- Telekanallara baxırsız?

- AzTV-yə baxıram. AzTV Azərbaycanın ən obyektiv kanalıdır, həqiqəti göstərir, sadəcə başa düşmək lazımdır. Biz AzTV-yə təşəkkür etməliyik ki, obyektivliyi bu dərəcədə qoruyur. Space də izləyirəm. Mən iki mövzu qarşısında acizəm: biri Vaqif Mustafayevdir, nə vaxt onun haqqında yazıram, deyirlər, yaxşı dolamısan, məqsədimə nail ola bilmirəm. Mən Vaqif Mustafayevin həqiqətən kim olduğunu göstərirəm, camaat səhv başa düşür, aciz vəziyyətə düşürəm. Bir də AzTV haqqında yazanda yanlış anlayırlar, yenə aciz qalıram. Bu yaxınlarda yenə də AzTV haqqında yazacağam.

- Bir müddət sonra qəzetlərin sıradan çıxacağı ancaq internet saytlarının qalacağı fikri ilə razısınızmı?

- Mən çap məhsulunu çox sevirəm. Bəzi adamlar ağacın qırılmasını bəhanə edirlər. Restoranda bir gündə işlədilən kağız-kuğuz çap məhsullarından çoxdur. Mən yazılarımı görəndə çox rahat oluram. Sayt üçün yazanda elə bilirəm ki, yazı itirildi. Düşünmürəm ki, qəzetin ömrü çox azdır. “Reytinq”də yazım çıxanda təkid edirəm ki, onu sayta bir həftə sonra qoysunlar. Mənim üçün yazılarımı qəzetdən oxuyan adamlar saytdan oxuyan adamlardan daha doğmadırlar. Onlar həqiqi, sadiq oxuculardır. Təcrübə də göstərir ki, onlar daha canıyanandırlar. Qəzet oxucularına çox böyük hörmətim var. Sayt oxucularına qeyri-ciddi yanaşıram. 40 qəpik verib almayan adamın fikirlərini də qəbul etmirəm. Ümumilikdə götürəndə Azərbaycan oxucusu məsafə saxlamağı bacarmır. Sən yazdıqlarını sənə danışır. Roma papasından daha artıq katolik olmaq istəyir. Bu da məni yorur. Həm də istəyir səninlə görüşsün, sonra da dostlarına desin ki, mən o adamla görüşdüm o qədər də istedadlı deyil, ancaq necə olubsa parlayıb.

- Bəyəndiyiniz 5 yazarın adını çəkin zəhmət olmasa...

- Zamin Hacı, Elmir Mirzəyevin yazılarını oxuyuram. Elmirin sizin saytda getmiş “Kasandra kompleksi” son illərdə yazılmış ən gözəl məqalədir. Firudini oxuyuram, ona görə ki başqa sahədən yazır, maraqlıdır. Mövzusu olmayanda yazmır. Şahvələd Çobanoğlunun, Günel Mövludun, Nərmin Kamalın da yazılarını oxuyuram. Yadıma düşməyən adamlar isə inciməsinlər.

Ağa Cəfərli

Oxşar xəbərlər

Xəbər lenti

Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020