Külək bizi aparacaq... - Resenziya

Külək bizi aparacaq...  - Resenziya
1 iyun 2019
# 16:50

Kulis.az Abbas Kiarostaminin "Külək bizi aparacaq..." filminə Aliyənin yazdığı resenziyanı təqdim edir.

Heyf ki,

bu bir göz qırpımlıq gecəm

küləyin yarpaqlarla görüşüdü.

bu qısa gecəmdə məni

qopub yıxılmaq qorxusu üşüdür.

dinlə,

kölgələrin hənirini eşidirsənmi,

qaranlığın xəfifliyini..

bu xoşbəxtliyə yadam mənsə,

öz ümidsizliyim doğmadır mənə.

Dinlə,

Kölgələrin hənirini...

eşidirsənmi,

Bir şey keçir gecənin içindən...

Hər an çökəcək damdan asılıb

Təlaşlı, qızılı Ay..

Yasa yığılan qadınlar kimi

yağmağa hazır buludlar

Toplanıb lay-lay...

Bir an...

Sonrasa heç nə...

Pəncərədən o tayda titrəyir gecə

Yer bir an dayanır, dönməyir

Bu pəncərə arxasında bilinməz biri

Səni və məni gözləyir.

Ey,

Başdan ayağa yamyaşıl olan

Yandırıb yaxan xatirələrlə dolu əllərini

Eşqdən tutuşan əllərimə qat.

Varlığın istisini duyduran dodaqlarını

aşiq dodaqlarımın nəvazişinə burax

Külək bizi aparacaq

Külək bizi aparacaq.

İranın əfsanəvi şairəsi Füruğ Fərruhzad bu şeirində həyatın, bəlkə də, ən əsas qanununu kəşf edir: Yaşamaq dediyin indidir. İndi duyduğun sevgidir. Özünü bu duyğuya, həyat duyğusuna həvalə et. Bizə məxsus olan yalnız bu duyğudur. Qalanını külək sovuracaq, külək aparacaq, deyir. Biz bu həyat duyğusuna qapılsaq, o əbədi harmoniyaya qovuşacağıq, həm də heç əziyyət çəkmədən – Külək bizi aparacaq...

İran kinorejissoru Abbas Kiarostaminin adını bu şeirdən götürdüyü "Külək bizi aparacaq” filmindəki mövzulardan biri də budur: özünü həyatın sayrışan sirli işıqlarının seyrinə buraxmaq, heç nəylə müqayisəyə gəlməyən yaşamaq təcrübəsini əldə etmək. Bunun ömrün uzunluğu ilə, ya qısalığı ilə bir əlaqəsi yoxdur.

Zira, çox yaşamaq da uzun yaşamaq anlamına gəlmir. Çox yaşamaq çox duyğu yaşamaqdır, çox dərk etməkdir. Yəni bu çox yaşamanı birinə arzu edəndə çox duyğunun içində əzablar olduğunu da gözardı etməyəlim. Hələ indi bir soruşaq – Çox yaşamaq istərmisiniz?

Sualı elə buradaca açıq qoyub, filmə başlayaq.

Filmin qəhrəmanı Behzaddır, o, yas mərasiminin özəlliyini çəkmək üçün çəkiliş heyəti ilə birgə İranın ucqar bir kəndinə gəlir. Çünki, kəndin ən yaşlı sakini ölüm yatağındadır – yemir, içmir, danışmır. Behzad da yas ayinini çəkmək üçün onun ölümünü gözləyir.

"Nuhla yaşıd” qarının ölümü uzandıqca Behzad daralır. Sifarişçi bir yandan, heyət bir yandan onu qısnayır. Uzun yaşamış o qarı ölmək bilmir. Behzad gözləyir və bu gözləyiş filmin əsas süjetidir.

Bəzən bir işin əsl mahiyyəti onu gerçəkləşdirmə çabaları içində unudulur.

Behzadın çəkdiklərini bir sənət məhsulu etmək kimi bir dərdi varmı? Bilmirik. Amma onun məşğul olduğu sənətinin əsas qayəsi budur: Həyat deyilən o əbədi sirdən nəsə qoparmaq. Yəqin yaşayan hər kəsin əsas qayəsi də elə budur. Amma məsələ sirrin özündə deyil.

Ən önəmlisi duymaq anı, hiss etmək, kəşf etmək çabalarıdır. Ola bilsin ki, indilərdə ucqar bir kənddə yuxa yayan qarı oxlovun ucuyla ocağa çırpı itələyə-itələyə yanındakı gözü acışan qonşusuna sözarası illərlə təhsil almış bir alimin yazdığı ya bir rejissorun yüz əziyyətlə çəkdiyi filmin ən ali ideyasını deyir. Əsas məsələ buna özün gəlməkdir, bu dərketməni yaşamaqdır. Yəni, biri taxıl döyə-döyə, biri kitab oxuya-oxuya dünyanın əbədi sirrindən bir qırıq qopara bilər.

Odur ki, Abbas Kiarostaminin "Külək bizi aparacaq” filmində kamera ot biçən dəryaz kimi, samovarın dəmkeşindəki çaydan kimi sıradan bir aparatdır. Bir üstünlüyü olmayan bir nəsnədir.

Bütün film boyu qarının ölümünü gözləyən Behzad ən sonda niyyətinə çatır. Amma artıq o əvvəlki Behzad deyil. "Heç bilənlə bilməyən bir olarmı?”

İndi məqsədinə çatan Behzadın çəkdiyi fotolarda artıq bütöv bir filmin yükü olacaq. Çün Behzad bir həqiqətə daha varıb. İnsan bir ömür boyu səyahətdədir (hətta öləndən sonra sümükləri də avtomobillə çayla dolaşa bilir). Kiarostami bizə o fotoları göstərmir. Sadəcə çəkilişi görürük. Modernist dünyadan fərqli olaraq incəsənət əsəri fetişləşdirilmir. O, kəndlinin dama düzdüyü heyvalar kimi, kankan Yusifin quyusu kimidir: ötəri görürük. Stop kadr kimi iri planda üstündə dayanmırıq. Rejissor da o heyvalar kimi öz kadrı üçün yetişməlidir. Qarının ölümünü gözləməlidir ki, buradakı həyatdan nəsə anlasın, duysun. Qısası, o bir az yaşamalı, modern dünyanın ondan aldığı bu ciddi bir qabiliyyəti bərpa etməlidir – Zamanla məhdudlanmış icraetmədən imtina edərək, özünü həyata buraxmalıdır.

Ümumiyyətlə, Kiarostaminin bu filmi modern dünya ilə ənənəvi cəmiyyəti qarşı qarşıya qoyur. Başqasının biçdiyi zaman ritmilə yaşayan, daha düzü, "həyatı icra edən” modern insanla – Behzatla vacib bildiyi, lazım hesab etdiyi və ya ata babalarının qoyduğu qayda ilə yaşayan "Qara vadi” kəndinin insanlarını.

Behzat yas mərasimindən maraqlı görüntülər çəkəcək, ekzotik təsvirləri sifarişçiyə çatdıracaq. Behzat modern dünyanın insanıdır, o artıq dağa Tanrıyla danışmaq üçün yox, sifarişçisiylə telefon bağlantısı qurmaq üçün çıxır. Behzatın həyatında daim bir üçüncü var, o həyatı da sanki onun üçün yaşayır. Bu sifarişçidir, yoxsa reportajını oxuyacaq oxucudur, ya da sifarişçi istehsalçı cütlüyüdür, dəqiq deyil. Amma hər şey bu üçüncü üçündür. O, üçüncünü razı salacaq ekzotika axtarışındadır. Modern dünyanın qütblərini asanca tanıyırsan. Bu qütblər arasında qalan yalnız Behzad deyil.

Kəndin müəllimi Behzadla söhbətində ona hansısa ekzotikanın kənardan baxanlar üçün bir aldanış olduğunu deyir. Hər şey sadədir: müəllimin anasının üzündə iki yara izi var. Yasdan qalan yara izidir. Kəndlərdə yasda arvadlar ölənin necə əziz olduğunu ağlayıb üzlərini dırnaqları cızmaqları ilə bəlli edirlər. Müəllimin anasındakı bu yara izləri oğlunun müdiri üçündür (Ana oğlunun müdirinin qohumunun yasında müdirə yarınmaq üçün daha çox acı çəkdiyini göstərib). Onu işdən atmasınlar deyə, bir ananın çabalarıdır. Yəni, Behzatın ayin olaraq çəkmək istədiyinin bir başqa sadə səbəbi ola bilər.

"Külək bizi aparacaq” həyat haqqında kinopritçadır, amma siz buradan yalnız bir fəlsəfə, bir hikmət çıxara bilməzsiniz. Hər bir simvol – Behzadın əlindən düşüb Behzada yoldaşlıq edən yerli oğlan uşağı Fərzada sarı dığırlanan alma da (günah təklifi kimi), arxası üstə çevirdiyi tısbağa da (həyata qarşı çıxmaq), süd də (sevgi), öz quyusunu özü qazan kankan Yusif də, məzarlıqdakı sümük də nəyisə xüsusilə vurğulamaq üçün deyil, amma nələrsə deyir.

Və sanki filmdə baş verən hər şey Behzada öz dililə söylədiyi şeiri ("Külək bizi aparacaq” Füruğ Füruxzad) çatdırmaq, hiss etdirmək üçündür.

Behzad süd üçün tövlələrinə gəldiyi Zeynəbə (Yusifin sevgilisi) bu şeiri oxuyur. Həm də sevgi kontekstində oxuyur. Halbuki, sevgilisinə süd aparan Zeynəb çox güman ki, bu şeiri yaşayır, bəlkə, bunu bilmir, amma yenə də bu şeirə Behzaddan daha yaxındır. Zeynəbin susqunluğunda nələr gizlənib, biz bilmirik.

Bu arada qonağa yoldaşlıq edən Fərzad obrazı da hadisələrin açılmasında rol oynayır. Fərzad imtahanlarına məsuliyyətlə yanaşır. Belə vacib məqamda o, işini atıb Behzada yoldaşlıq edə bilməz. Hərçənd, Behzad üçün bunlar önəmli deyil. Onun fikrincə, çəkiliş işi hər şeydən önəmlidir.

Kankan Yusifin quyuda torpaq uçqununa düşməsi epizodunda ayıq tamaşaçı Behzadın həyəcanını daha aydın sezir: mahnılarından zövq aldığı kankan ölsə, gözlədikləri yas törəni var deməkdir. Həmkarlarını axtaran Behzad həkimdən gah Yusifin, gah da ölüm yatağındakı qarının səhhəti haqda soruşur; onun işi düzəlməsi üçün südündən içib, çörəyindən yediyi kənddə kimsə ölməlidir.

Və bütün bunlarla bahəm, Behzad əxlaqi keyfiyyətini itirməyin narahatlığını da yaşayır. Epizodlardan birində o, Fərzaddan – Səncə, mən yaxşı adamammı? – deyə soruşur.

Kiarostami qəhrəmanını fokusdan qaçırmamaq üçün nə kankan Yusifi, nə ölüm yatağındakı "Nuhla yaşıd” qarını, nə də Behzadın qəzetçi, rejissor, fotomüxbir həmkarlarını, nə də fotokameraya köçürdüyü fotonu göstərir. Biz bir dəfə də olsun onları ekranda görmürük. Vacib olan onun simasında intellektual (Behzad ara sıra şeirlər deyir, deyilən şeirləri tamamlayır) daha düzü, intellegent qəhrəmanın çabalarıdır.

Oysa, çabalamaq lazım deyil, deyir film. Külək bizi aparacaq... /artkaspi.az/

# 2585 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #