Rəngbərəng qələmlər, şəkilli dəftər, su qabı - Məktəb həyəcanının pərdəarxası

Rəngbərəng qələmlər, şəkilli dəftər, su qabı - Məktəb həyəcanının pərdəarxası
15 sentyabr 2026
# 13:00

Kulis.az Maya İmranın “Qəpik-qəpik sevinclər” adlı yeni yazısını təqdim edir.

Məktəbə bu il qədəm qoyan bütün balalara sonsuz sevgilərlə...

Dizə qədər, yanlarında muncuqlu bəzəyi olan məktəb corablarım hələ də yadımdadır. İlk dərs günümə mənim istəyimlə alınan tək o idi. Qalan hər şey böyük bacımın ötən il geyindikləri idi...

Məktəbin başlamasına sayılı günlər qalanda evimizdə sevincdən çox gözlənti hökm sürərdi. Siravi ailə üçün dörd uşağı məktəbə hazırlamaq asan məsələ deyildi axı. Anam tökərdi ötən dərs ilindən qalanları- kimin köynəyi əyninə kiçilib, kimin ayaqqabısı yenilənməlidir, böyüyün çantasını balacaya verib, balacanın ətəyinə düzəliş edib alınacaqları minimuma endirərdi. Bununla da, yekun siyahı çıxarıb atama “məruzə edərdi”: “10 şirvan bəs edər”. Əksər dərs illərində yeni geyim istəyim anamın o sərt “məruzəsi” ilə xəyala dönərdi. Evin ikincisi olmaq bu baxımdan həmişə gözümü yaşlı qoyurdu. Çox ağlayıb üzüləndə də anam “məktəbə oxumağa gedirlər, ya geyimini nümayiş etdirməyə?!” deyib məsələni kökündən bağlayırdı. Beləcə, məktəbə geyimimi nümayiş etdirmək üçün getmədiyimi anama 11 il sübut etdim - köhnə paltarlarla, əla qiymətlərlə.

Sonra universitet həyatım başladı. Anladım ki, geyim məsələsi üçün anam məndən sübut filan istəmir, sadəcə, mən kasıb ailənin övladıyam.

Hər ay evdən göndərilən kiçik məbləğin üzərinə anam məktub yazıb qoyurdu. Bütün məktublar eyni cümlə ilə bitirdi: “Pulu ehtiyatla xərclə”.

Pulu ehtiyatla xərcləmək ifadəsi “qənaət et” tapşırığının könüloxşayan formasıdır. “Yox”lar gözümüzün önündə olduğu, illərlə günlərimizin, aylarımızın içində kök saldığı halda, anam onu məharətlə pərdələyirdi: “Şükür Allaha nəyimiz yoxdur ki?! Hər şeyimiz də var, amma daha vacib şeylər üçün bəzi şeylərin yoxluğuna göz yummaq lazımdır.” Bəlkə də yox olanın dərdini çəkmək əvəzinə, var olması üçün əlimizdə olanı mükəmmələ çevirə bilmək bacarığını bizə anamdan başqa heç kim bu qədər gözəl öyrədə bilməzdi. Yoxluqla mübarizənin bir yolu var idi - oxumaq! O yoxluqda dörd təhsilli övlad yetişdi. Yetişdirildi. Qəpik-qəpik, qram-qram. Valideynlərim üçün maddi müqayisələr həmişə maraqsız idi.

“Əşi nəyimizə lazım kim nə geyinir, nə xərcləyir?!”

Amma “qrupda ən yüksək balı mən aldım”, “bu çıxış üçün təkcə məni seçdilər” kimi “kiçik zəfərlər” gözlərini parladır, yanaqlarına fəxarət təbəssümü qondururdu onların. Xoşbəxtlikdən, bu bumeranq getdikcə biz övladların zövqverici missiyasına, valideynlərimin isə mənəvi qidasına çevrilirdi - o kasıb evimizin büdcəsindən - atamın əllərindən çıxıb bizə çatan bir manat da heyif olmurdu, hər biri uğur şəklində geri qayıdırdı. İllər boyunca qoyub getdiyimiz o kiçik evimizdə bizim yerimizi uğurlarımız doldurdu. Anam qazandığımız diplom, tərifnamə, ən adi sertifikatı belə tullamırdı, divardan asırdı, bəsləyirdi, əzizləyirdi.

Atamın adı ilə qürrələndiyimiz şəhərə bizim adımıza, hörmətimizə təriflər, təşəkkürlər gəlməyə başlayırdı. İllər boşa getməmişdi - biz təkcə yaşca, boyca böyüməmişdik, həm də adımız, ağlımız böyümüşdü. “Yox”larla qazandıqlarımız bizi daha əzmkar, daha qətiyyətli etmişdi. Bizə cəlbedici görünən mahiyyətlər başqa idi - daha çox ağıl, daha çox bilik və daha az təkəbbür. Əziyyətsiz başa gələn hər şey dadsızdır. Və yaşanmışların insana qatdığı dəyərlər zamanın özündən daha qiymətlidir. O qədər qiymətli ki, bunu yalnız övlada aşılamaq olar.
İndi atam nəvəsinin ilk dərs gününə hazırlaşır - bu il oğlum 1-ci sinifə gedəcək. Daha böyük həvəs, daha böyük gözlənti. Bu dəfə alınacaqları anam təyin etmir, atam almır. Amma biz onlardan öyrəndiklərimizlə daha bir məktəbli böyütməyə hazırlaşırıq.

Bir ildən çoxdur ki, oğlum məktəbə gün sayır, “Yaydan sonra məktəb başlayır?”, “Məktəb başlayanda payız başlayır?!”, “Mənim ad günümdən sonra məktəblər açılacaq?!”- az yaşının və böyük ürəyinin mərkəz nöqtəsi məktəbdir. Məhz məktəb sevgisinin sayəsində babasının ilboyu verdiyi qəpikləri xərcləməyib, uşağa xas olmayan səbirlə şüşə qaba doldurub, yığıb. Arabir bildiyi rəqəmə qədər sayır, “bu qədər qəpiyə nələr almaq olar?” deyib, pulunun miqdarını “ölçüb-biçir”. Mən də bu sevgisinin etibarını yoxlamaq üçün “Artıq böyüyüb məktəbə gedəcəksən. Məktəbə lazım olan şeyləri elə öz pulunla alarıq sənə” dedim. Kiçik qəpiklər uşaq dünyasında onu padşaha, şüşə qəpik qabını isə xəzinəsinə çevirmişdi. Gözlərindən sevinc qığılcımlanırdı. Babasından gələn ovuc-ovuc qəpiklər “xəzinəsini” aydan-aya “zənginləşdirirdi”. Bir manata, 10 manata, 20 manata “sığan” qəpikləri saymağı bacardıqca, məktəb üçün daha çox səbirsizlənir, alacaqlarının siyahısını gündən-günə uzadırdı.

“Çoxlu, rəngbərəng qələmlər”, “böyük albom”, “şəkilli dəftər”, “su qabı”...

Nəhayət, böyük gün yetişdi- birlikdə məktəb alış-verişinə getdik. Alınacaqları mən seçir, o bəyənir, “pulunu ödəyim?” deyib fərəhlə bizdən önə atılırdı. Bəzi anlar, hisslər təkrar yaşanmır. Ona görə elə anlar olur ki, bilərəkdən yubadılıb yavaş-yavaş yaşanmalıdır.

Bunu Çingiz Aytmatov daha gözəl deyir: “Bəzi duyğuları anlatmağa yetəcək qədər kəlimə yoxdur. Buna ehtiyac da yoxdur.”

Artıq mən də valideynəm. Amma hələ indi başa düşürəm ki, atamın zəhməti anamın dualarına qarışıb deyə qəpik-qəpik sevinclər qalaq-qalaq uğurlara dönüb. Bu xoşbəxt həyatın ən sadə gerçəyidir.

Əziz oğlum, məktəb sevgin heç azalmasın. Düz bilirsən - məktəb seviləcək yerdir. Bizdən - evimizdən başlayan “sən”in daha ağıllı, daha savadlı, daha uğurlu insana döndüyün yerdir. Əslində, hər şey sənin anladığın kimi sadə və gözəldir. Sadəcə, sevgi, əzm və qətiyyət lazımdır.

Hətta qəpiklərin sevinclərə dönməsi üçün də...

Əziz balalar, sizə bol həvəs və uğurlu təhsil həyatı arzulayıram.

# 65 dəfə oxunub

Oxşar xəbərlər

Montrödə Azərbaycanın incəsənət nümayəndələrinin iştirakı ilə qala konsert keçirildi

Montrödə Azərbaycanın incəsənət nümayəndələrinin iştirakı ilə qala konsert keçirildi

13:30 15 sentyabr 2026
Beynəlxalq Bakuvi Konfransının bölmə iclasları keçirildi

Beynəlxalq Bakuvi Konfransının bölmə iclasları keçirildi

13:21 15 sentyabr 2026
Azərbaycanın Montrö festivalında iştirakı caz proqramı ilə yekunlaşdı

Azərbaycanın Montrö festivalında iştirakı caz proqramı ilə yekunlaşdı

12:30 15 sentyabr 2026
Bakıda Bilik Günü - FOTOLENT

Bakıda Bilik Günü - FOTOLENT

12:04 15 sentyabr 2026
"Biz buraya ölməyə gəldik, dönməyə yox..."- Bolşeviklər Bakıda nəyə heyrətlənmişdilər?

"Biz buraya ölməyə gəldik, dönməyə yox..."- Bolşeviklər Bakıda nəyə heyrətlənmişdilər?

12:00 15 sentyabr 2026
"Emmi 2026"nın qalibləri açıqlandı

"Emmi 2026"nın qalibləri açıqlandı

11:00 15 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər