Roş-Ha-Şana təntənəsi, Şuşa qalasının vitrajı, qədim Tövrat nüsxələri - Dağ yəhudilərinin sinaqoqundan reportaj

Roş-Ha-Şana təntənəsi, Şuşa qalasının vitrajı, qədim Tövrat nüsxələri - Dağ yəhudilərinin sinaqoqundan reportaj
15 sentyabr 2026
# 14:00

Kulis.az Sadiq İsmayılın Bakıdakı dağ yəhudilərinin sinaqoqundan reportajını təqdim edir.

Bakının mərkəzində, tarixi memarlıq nümunələrinin müasir tikililərlə iç-içə ucaldığı ensiz küçələrdə dağ yəhudilərinin sinaqoqunu axtarıram. Çoxdandır buradan reportaj yazmaq istəyirdim, yəhudilərin müqəddəs bayramı Roş-Ha-Şana gününə qismət imiş.
Şəhərin gurultulu nəqliyyat axını, maşın siqnalları, tələsən insanların addım səsləri və gündəlik qayğıların gərginliyi Bakıdakı dağ yəhudilərinin sinaqoqunun ağır, oyma taxta qapısının önünə çatan kimi sanki görünməz bir səddə çırpılıb yox olur. Sinaqoqun önündə xeyli adam toplaşıb. Mühafizə tədbirləri görüldükdən sonra fotoqrafla içəri keçirik.



Qapıdan içəri keçəndə sanki zamanın axarı ləngiyir. Məni qarşılayan ilk şey qədim taxta qoxusu, vitrajlı pəncərələrdən süzülən al-əlvan işıq zərrəcikləri və insana dərin dinclik bəxş edən ruhani sükut olur.
Bu, həm də əsrlər boyu bu torpaqda çiyin-çiyinə yaşamış, sevinci də, kədəri də bölüşmüş fərqli inanclara və milliyyətlərə mənsub insanların bir-birinə bəslədiyi dərin hörmətin və tarixi qardaşlığın mənzərəsidir. Sinaqoqun astanasından içəri addım atanda insan həm qədim səmavi dinlərin müqəddəs atmosferini, həm də Azərbaycanın zəngin multikultural mühitinin mənəvi istiliyini eyni anda hiss edir.


Lakin bu gün ibadətgah adi günlərdən fərqlənirdi. Sinaqoqa təkcə gündəlik ibadət üçün toplaşan dindarlar deyil, həm də yəhudi xalqı üçün müstəsna əhəmiyyət daşıyan tarixi günü qeyd etmək üçün yığışan dövlət xadimləri, diplomatlar, dini konfessiya rəhbərləri və media mənsubları da toplaşmışdı. Fotoqrafımız obyektivin bucağını tənzimləyib uyğun kadrlar tutmağa hazırlaşarkən, mən diktofonumu işlək vəziyyətə gətirib ibadət zalının içərilərinə doğru irəlilədim.
Bu tarixi gündə başqa bir mühüm hadisədə qeyd edilirdi: Yəhudi təqviminin ən əlamətdar günlərindən biri olan Roş Ha-Şana – Yeni il bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülmüş Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevə dövlət mükafatının təqdimolunma mərasimi keçiriləcəkdi.


Fotoqrafımız kameranın obyektivini zalın daxili arxitekturasına tuşlayaraq oyma sənətinin və bərpa olunmuş memarlıq detallarının kadrlarını toplamağa başlayır. Məkana addım atan kimi ilk gözə çarpan məqam sinaqoqun ibadət zalının yaxınlarda həyata keçirilmiş əsaslı təmirdən sonra necə möhtəşəm görünməsidir. Yenilənmiş interyer, cilalanmış taxta konstruksiyalar, bərpa olunmuş divarlar və işıqlandırma sistemi məkana həm səliqəli müasirlik, həm də əsrlərin mənəvi əzəmətini bəxş etmişdi.


Zalın mərkəzində Bima – müqəddəs Tövrat rulonlarının çıxarılaraq oxunduğu xüsusi kürsü yüksəlir. Mahir ustaların işlədiyi zəngin taxta oymaları Bimaya xüsusi monumentallıq qatır. Naxışların üzərində yəhudi fəlsəfəsinin qədim simvolları — Davud ulduzu, Menora (yeddişaxəli şamdan) təsvirləri və ibrani kalliqrafiyası ilə yazılmış müqəddəs dualar əks olunub.


Divarları bəzəyən rəngli vitrajların məkana yaydığı işıq effekti qarşısında heyranlıqla dayanıram. Günəş şüaları qırmızı, göy, qızılı və yaşıl şüşələrdən keçərək zalın mərkəzinə işıq seli tökür. Diqqətlə baxdıqda burada Azərbaycanın tarixi rəmzlərinin, o cümlədən işğaldan azad edilmiş Şuşa qalasının təsvirinin yer aldığını görmək olar. Bir yəhudi ibadətgahının divarında Şuşa qalasının vitrajı! Bu detal dağ yəhudilərinin Vətənimiz Azərbaycana olan dərin bağlılığının və ortaq milli Zəfər qürurunun səmimi təcəssümüdür.



İbadət zalındakı təzələnmiş taxta oturacaqlar və döşəməyə sərilmiş nəfis Azərbaycan xalçaları Şərq və Qərb mədəniyyətinin sinaqoq daxilində necə ahəngdar qovuşduğunu göstərir. Zalın kənarlarındakı rəflərdə dini ədəbiyyat, dəri cildli qədim Tövrat nüsxələri və qızılı On Əmr təsvir olunan daş lövhə modeli məkana məxsusi ab- hava qatır.
Yəhudi ənənəsinə görə, Roş Ha-Şana təkcə yeni təqvim ilinin başlanğıcı deyil, həm də insanın keçən ili mühakimə etdiyi, ruhən təmizləndiyi və gələcəyə ümidlə baxdığı yenilənmə dövrüdür. Zalda toplaşan dindarların sevinci ilk baxışdan nəzərə çarpırdı - bir-birlərini qucaqlayır, təbrik edir və xoş arzularını çatdırırdılar.


Yəhudi təqviminə əsasən, hazırda 5787-ci il qeyd olunur. Bu təqvim ümumi istifadədə olan Qriqorian (ənənəvi) təqvimindən fərqlənir, çünki o, vaxtı İsa peyğəmbərin doğulduğu tarixdən deyil, Bibliya hesablamalarına əsasən "dünyanın yaradılış" anından etibarən hesablayır. Həmçinin, yəhudi təqvimi Günəş dövrü deyil, Ay-Günəş sistemini əsas götürürdü və ayların hərəkəti fəsillərə uyğunlaşdırıldığı üçün Qriqorian təqvimi ilə hər il fərqli aylara düşür. Roş Ha-Şana bayramında ilin şirin və bərəkətli keçməsi üçün süfrəyə bala batırılmış alma, nar və dəyirmi formada bişirilən girda çörək qoyulur. Bayram zamanı günahların bağışlanması və tövbə məqsədilə qoç buynuzundan hazırlanan qədim "şofar" musiqi aləti səsləndirilir.


Məni ən çox təsirləndirən məqam qonaqların milli-etnik tərkibi və onlar arasındakı qardaşcasına aparılan dialoq oldu. Bima kürsüsünə baxanda görünən mənzərə Azərbaycanın multikulturalizm modelinin canlı vizual görüntüsü idi. Burada yəhudi icmasının rəhbərləri və ravvinlərlə yanaşı, digər dini konfessiyaların təmsilçiləri də yan-yana əyləşmişdilər.
Rus Pravoslav Kilsəsinin nümayəndəsinin — sinəsində xaç gəzdirən din xadiminin Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev ilə yan-yana dayanıb zaldakılara xitab etməsini, yəhudi icmasını bayram münasibətilə təbrik etməsini izləmək fərəh doğururdu.


Milix Yevdayev bizə açıqlamasında bildirdi: “Dünyadakı yəhudi icmaları ilə bizim aramızdakı əsas fərq mentalitet və həyat tərzidir. Biz uzun əsrlərdir bu torpaqda yaşayan dağ yəhudiləriyik və bizim dağ mentalitetimiz var. Bizim üçün müqəddəs dəyərlər bu gün də aktuallığını qoruyur - Vətənə hədsiz sevgi, dostluğa sədaqət, ağsaqqala, ağbirçəyə hörmət, uşaqlara qayğı... Bizim adət-ənənələrimiz də Şərq xalqlarının adət-ənənəsidir - mətbəximiz də, musiqimiz də... Sinaqoqumuzun ibadət zalı yenicə təmirdən çıxıb və bundan sonra da gözəl qayələr üçün fəaliyyət göstərəcək. Bütün imkanlardan istifadə edərək çalışacağıq ki, hər günümüzü kiçik bir bayrama çevirək".
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Prezident İlham Əliyevin Sərəncamını oxudu və 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenini və vəsiqəni Milix Yevdayevə təqdim etdi.


Milix Yevdayev bu təltifi yalnız şəxsi fəaliyyətinə deyil, bütövlükdə Azərbaycan yəhudi icmasına göstərilən ali etimad kimi dəyərləndirdi və Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Mərasimdə İsrailin Azərbaycandakı səfiri Corc Dik də iştirak edirdi. Səfirin Bima kürsüsündən etdiyi səmimi çıxışı və Milix Yevdayevi qucaqlayaraq təbrik etməsi zalda böyük coşqu ilə qarşılandı. Bu, Azərbaycan-İsrail strateji tərəfdaşlığının və iki xalq arasındakı mənəvi tellərin sarsılmazlığını bir daha nümayiş etdirdi.


Rəsmi hissə bitdikdən sonra sinaqoq tədricən gündəlik ruhani ritminə qayıtdı. Zalın bir küncündə sol qoluna və alnına Tefilin bağlamış bir dindarın dua etdiyini gördüm. Başını ahəstə və ritmik hərəkət etdirərək fərdi duasını oxuyan bu insanın üzündəki dərin mənəvi dinclik yaddaşıma həkk olundu.


Qədim yəhudi inancının ənənələrini Bakının mərkəzində, yenilənmiş modern ibadətgahda sərbəst şəkildə yerinə yetirilməsi dua edənlər qədər izləyənlərdə də dərin məmnunluq oyadırdı...


Sağollaşıb ibadətgahdan çıxıram, qədim bir yəhudi duası beynimdə dolanır:
“Tanrını bütün qəlbimizlə, bütün gücümüzlə və bütün varlığımızla sevəcəyik. Bu gün və sabah, evdə və uzaqda, səhərlər və axşamlar Tanrımızın kəlamları bizə həmişə doğru yolu göstərəcək...”


# 119 dəfə oxunub

Oxşar xəbərlər

Venesiyada “Ən yaxşı aktyor" mükafatı təqdim edildi

Venesiyada “Ən yaxşı aktyor" mükafatı təqdim edildi

14:30 15 sentyabr 2026
Montrödə Azərbaycanın incəsənət nümayəndələrinin iştirakı ilə qala konsert keçirildi

Montrödə Azərbaycanın incəsənət nümayəndələrinin iştirakı ilə qala konsert keçirildi

13:30 15 sentyabr 2026
Beynəlxalq Bakuvi Konfransının bölmə iclasları keçirildi

Beynəlxalq Bakuvi Konfransının bölmə iclasları keçirildi

13:21 15 sentyabr 2026
Rəngbərəng qələmlər, şəkilli dəftər, su qabı - Məktəb həyəcanının pərdəarxası

Rəngbərəng qələmlər, şəkilli dəftər, su qabı - Məktəb həyəcanının pərdəarxası

13:00 15 sentyabr 2026
Azərbaycanın Montrö festivalında iştirakı caz proqramı ilə yekunlaşdı

Azərbaycanın Montrö festivalında iştirakı caz proqramı ilə yekunlaşdı

12:30 15 sentyabr 2026
Bakıda Bilik Günü - FOTOLENT

Bakıda Bilik Günü - FOTOLENT

12:04 15 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər