Avtobusda hamının gözü qabağında döyülən qızcığaz

Avtobusda hamının gözü qabağında döyülən qızcığaz
31 may 2019
# 14:26

Kulis.az Cavi Danın “Elina dərsi” yazısını təqdim edir.

Bir Elina dərsimiz oldu bu tədris ilində.

İki həftədən sonra bitəcək, üç ay yarımdan sonra yenisi başlayacaq.

Bizsə yavaş-yavaş unudacağıq o hamımızdan zərif, hamımızdan güclü balaca qızı.

Yalnız yeni elinaları görəndə düşəcək yadımıza, od qoyacaq ruhumuza, yandıracaq.

Mən bilirəm, əksəriyyətimizin ürəyinə məhz bu təəssüf vardı: Kaş tanıyaydım onu, kaş qoruya biləydim...

Tanımadıq, qorumadıq.

Amma başqa elinalar var, onları tanımaq imkanlarımız var, onları qoruya bilərik.

İstəsək, təbii.

Qorxmasaq...

Kimdən qorxmasaq?

Elinaların doğmalarından, onların sahiblərindən.

Məsələn...

Bu günlərdə Bakıdan evə gələrkən öz rayonumuza gedən avtobusa gecikdiyim üçün bizə yaxın rayonlardan birinə sərnişin aparan mikroavtobusla yolu yarı etməyə məcbur qalmışdım. Yanımda bir ortayaşlı, bir nisbətən gənc qadın oturmuşdular, aralarında da beş yaşlarında oğlan və səkkiz yaşlarında çəlimsiz qız vardı. Oğlan çox dəcəl idi, sürücüyə söz atır, digər kişilərə ağzına gələn, mənasını bilmədiyi söyüşləri bağırırdı. Qadınlar da xısın-xısın gülüb onu elgözünə sakitləşdirirdilər. Sonra yoldan aldıqları kökə və kola ilə doyuzdurdular oğlanı, “yat” dedilər. Və həngamə də bundan sonra başladı. Oğlan bütün yol boyunca zarıyıb anasını istədi. Arxa cərgədəki qadınlar narazılıqlarını bildirəndə oğlanı qucaqlamış ortayaşlı qadın onlara acıqlandı: Oğlan uşağıdır, neynim, döyüm arvadlaşsın? Ağlayır da, uşaqdı. Gənc qadın isə ümumiyyətlə, yarıayağa durmuş vəziyyətdə geriyə qanrılıb kimsəyə ana-bacı saxlamadan ürəyini boşaltdı və hamını susdurub, özü də sakitləşib oturdu.

- Ananın yanına gedirik, yaxşı, ağlama daha, gedərik, ananı görərsən, - ortayaşlı qadın oğlanı qucaqlayıb deyirdi və kənara da fısıldayırdı, - kül sənin elə ananın da başına.

- Anası kənddədir? – soruşdum.

- Yox e, nə kənd? Yalan deyirəm ki, sakitləşsin. Anası Bakıda qaldı. Orada işləyir. Mən də bu yetimləri saxlamalıyam. Nənə oldun belədir də.

Düzü, söhbətin davam etməsini istəmədiyim üçün üzümü pəncərəyə sarı çevirdim. Günəş batmağa hazırlaşırdı. Bir anlıq telekanallardakı sosial verilişlər gözümün qabağında canlandı. Bu dəqiqə mən o verilişlərin hər hansı birinin qəhrəmanları ola biləcək (bəlkə də bir gün mütləq olacaq) adamlarla bir cərgədə oturub yol gedirdim. Çox güman ki, uşaqların anası ilə dalaşıb, uşaqları alıb özləri üçün aparırdılar. Geyimləri, dəriləri, gözlərinin içi eyni rəngdə idi bu qadınların – bozumtul tüstülü qəribə qarışıq rəngdə. Zarıyan balaca oğlanın köynəyi də qara idi. Bircə iki qadının arasında sıxılıb büzüşmüş balaca qızın geyimi rəngli idi: yaşıl şalvar və çəhrayı köynək geyinmişdi. Çiçək kimi görünürdü. Heyf bu uşaqdan, onu da özlərinə bənzədəcəklər bir azdan, düşündüm.

Və... şapalaq səsinə diksindim.

Yanımda oturan qadın balaca qızı vurmuşdu.

Arxadakı qadınlar səslərini qaldırdıqları üçün hirsini qızın üstünə tökmüşdü.

- Niyə vurursuz onu? – qəzəblə soruşdum.

- Əcəb eləyirəm! Sakit-sakit ağlayır bayaqdan, oğlan da görür o da ağlayır, başlayır anasını istəməyə.

Dəhşət!

Qızla gözlərimiz qarşılaşanda az qaldı ürəyim dayansın. Nə qədər qəm vardı o sakitcə göz yaşı axıdan gözlərdə... Sanki yalvarırdı ki, susum, dinsəm, daha çox vuracaqlar onu, indi vurmasalar da, evdə mütləq əvəzini çıxacaqlar, onları pis vəziyyətdə saxladığı üçün, davaya saldığı üçün... Ruhum min-bir yerdən sızıldadı.

Bu qız indidən ölmüşdü.

Bu qadınlar onu öldürmüşdülər.

Onun anasının həyatını da dağıtdıqları bəlli idi...

Onu Bakıdan kəndə dəfn eləməyə aparırdılar. Diri-diri basdıracaqdılar o ağlamağa belə ixtiyarı olmayan bapbalaca məsum çiçəyi öz qaramat, tüstü-duman həyatlarının içində.

Nə təhsil görəcəkdi o qız, nə kitab oxuyacaqdı, nə də xoşbəxt ana ola biləcəkdi haçansa. Eləcə bu şapalaqları hər gün nənədən-bibidən və bir azdan da bu balaca kişidən ala-ala qul kimi qulluqlarında dayanacaqdı. Sonra da az yaşında başqa bir evə gəlin verəcəkdilər, yenə qul kimi qulluqda dayanması üçün.

Ah, balaca Kozettam mənim...

Kömək edə bilmədiyim Elinam...

Yaşasa, ömrü yetsə, Fantinam...

Nə qədərdirlər onlar, bir bilsəniz!

Bütün kəndlərdə, bütün yollarda, bütün qaramat qadınların və bütün zarımaq ixtiyarı olan kişilərin evlərində, zərif, məsum çiçəklər kimi, boyunlarını büküb, ovuc-ovuc üzərlərinə atılan dəfn örtüyünün altında səslərini belə çıxara bilmirlər...

Bizsə heç nə etmirik...

Dərs ili bitir, ikicə həftə qalır.

Elina dərsi isə bitmir, davam edir, tənəffüs olmur ki, olmur...

# 2490 dəfə oxunub

Oxşar xəbərlər

"Dedpul"un üçüncü hissəsi haqqında açıqlama

"Dedpul"un üçüncü hissəsi haqqında açıqlama

18:30 17 aprel 2024
"Loki"  ilham mənbəyini açıqladı

"Loki" ilham mənbəyini açıqladı

18:00 17 aprel 2024
“Retro” mövzusunda poeziya yarışı keçirildi

“Retro” mövzusunda poeziya yarışı keçirildi

17:30 17 aprel 2024
Xalq rəssamının 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

Xalq rəssamının 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

17:00 17 aprel 2024
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - Açıqlama

Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - Açıqlama

16:50 17 aprel 2024
"Qıfıl" filminin çəkilişləri üçün hazırlıqlar başladı

"Qıfıl" filminin çəkilişləri üçün hazırlıqlar başladı

16:30 17 aprel 2024
#
#
# # #