Vunderkind

Vunderkind
27 may 2019
# 18:32

Sara İbrahim

O məndən iki sinif yuxarı oxuyurdu. Uzaqdan-uzağa qohumluğumuz da çatırdı. Məktəbimizdə onun kimi bilikli uşaq yox idi. Əsl vunderkind idi. Yuxarı siniflərə keçdikcə onun fenomen uşaq olduğu daha aydın görünürdü. Camal bütün fənnləri həmin fənni tədris edən bəzi müəllimlərdən də yaxşı bilirdi. Bəzən çətin bir məsələ olanda, onun həllini tapmaqda çətinlik çəkəndə hamının yadına Camal düşərdi. Camal çox asanlıqla ən çətin məsələləri həll edərdi.

Bir dəfə riyaziyyat müəlliməmiz xəstələnib məktəbə gələ bilməmişdi. Məktəbimizdə iki riyaziyyat müəllimi vardı. O biri müəllimin də dərsi olduğundan bizim dərsimiz boş keçməliydi.

Direktor bir az götür-qoy edəndən sonra Camalı bizim sinfə müəllimi əvəz etməyə göndərdi. O vaxt Camal sonuncu,mən doqquzuncu sinifdə oxuyurduq.

O, özünü əsil müəllim kimi aparırdı. Çox ciddi görkəm alaraq lövhənin qarşısında dayanıb bizə yeni mövzunu başa salırdı. Zəhmli görünüşüylə sinfi ələ ala bilmişdi. Otuz nəfərin olduğu sinifdə milçək uçsaydı qanadının səsi eşidilərdi.

O vaxta qədər bir məktəbdə oxusaq da onu bu qədər yaxından görməmişdim.

Azca yuxarıya meyllənmiş dik burunlu, geri daranmış cod qıvrım saçlı bu oğlan yaşına görə özünü çox böyük aparırdı. Qaraqabaq, zəhmli göründüyündən özü yaşda uşaqlar da ondan çəkinərdilər.

O heç kimlə dostluq eləmirdi. Hər zaman tək gəzib dolanan vunderkindin əlindən kitab əskik olmazdı. Mənə elə gəlirdi ki, o, yatanda yuxuda da hansısa riyazi məsələni həll edir, çətin teoremi isbat etməyə çalışır.

Qızlarla ümumiyyətlə arası yox idi. Həmişə yanından ehtiyatla keçməyə çalışırdıq. Bəzən qızlarla tənəffüsdə dəhlizlərdə bərkdən danışıb güləndə istehzayla bizə tərəf baxıb üz-gözünü turşudurdu.

Bu adamayovuşmaz vunderkindin bir gün kiməsə aşiq olacağını təsəvvür də edə bilməzdim. Sevgi hara, o hara? Onun işi yalnız kitab oxumaq, çətin düsturları açmaq, bir də qızlara tərəf hirsli-hirsli baxıb üz-gözünü turşutmaqdır.

Amma təsəvvür də edə bilmədiklərimiz bəzən gerçək olur.

Camal aşiq oldu, elə aşiq oldu ki, məktəbdəki bütün “ Məcnunlar” onun yanında yalan oldu.

Bir dəfə kimya dərsində kitabımı açanda arasından səliqə ilə qatlanmış kağız parçası yerə düşdü. Əyilib yerdən götürdüyüm kağızı özümün qaralamam hesab edərək atmaq istəsəm də, səliqə ilə bükülməyi diqqətimi çəkdi. Mən heç vaxt qaralama elədiyim vərəqləri belə dördkünc, səliqəli qatlayıb qoymazdım.

Sevgi etiraflarıyla başlayan kağızı oxumağa başlayanda əvvəlcə bunu qızlardan hansınınsa zarafatı kimi başa düşdüm. Hərdən öz aramızda belə zarafatlarımız olurdu. Kağızın küncündəki adı görəndə heyrətdən bir neçə dəqiqə nə düşünəcəyimi bilmədim. Orda Camaldan başqa kimin adını desən görməyi ağlıma gətirərdim.

Sinfə göz gəzdirdim, bunu kim edə bilərdi. O, özü bunu edə bilməzdi, mənimlə eyni sinifdə oxuyan biri tənəffüsdə mən çıxanda gizlicə kitabımın arasına qoymağa fürsət tapmışdı. Heç kimdən şübhələnə bilmirdim, onun dostluq elədiyi kimsə yox idi bizim sinifdə. Məktubu çantama qoyan kimidisə, yəqin ki indi gözünün ucu ilə məni izləyirdi. Kağızı cırıb atdım. Amma bu sonuncu cırdığım məktub olmadı.

Camalın əlindən evdən eşiyə çıxa bilmirdim. Mağazaya, məktəbə, bulaqdan su gətirməyə gedəndə gizləndiyi hansısa kolun, ağacın arxasından çıxıb qarşımı kəsir, dili dodağı əsə - əsə hisslərini izhar edirdi. Belə qaraqabaq adamayovuşmazın hansısa qızın qarşısında özünü belə sındırmasını kimə desən inanmazdı.

Onu sevmədiyimi, yalnız bir qohum kimi hörmət etdiyimi dəfələrlə deməyimə baxmayaraq Camal fikrindən dönmürdü. Onun hər addımda qarşıma çıxıb məndən cavab istəməsi məni bezdirmişdi.

Bir dəfə dərsdən çıxıb kəndarası yolla evə gedəndə yenə yerdən çıxmış göbələk kimi qəfil qarşımda bitdi. Üzümü bozardaraq:

- Sən necə adamsan,sözü neçə dəfə deyərlər, səninlə qohumuq, sənə başqa münasibətim yoxdur, anlamırsan bunu, təhqir olunmağını istəmirsənsə, bir də qarşıma çıxma!

O, sözlərimdən qıpqırmızı qızardı, görünür belə kəskin danışacağımı gözləmirdi. Bir neçə dəqiqə heç nə deyə bilmədi. Gözləri yaşla dolsa da tez özünü ələ alıb bayaqdan mənə vermək üçün əlində saxladığı yenicə açmış yasəmən budağını sındırıb çiçək qarışıq əzərək yerə atdı:

- Mənə bu sözləri deməyinə peşman olacaqsan! Mən ən yaxşı universitetə qəbul olacam, elmlə məşğul olub ixtiralar edəcəm, varlı məşhur olacağam. Səni daha axtarmayacam, bir də sənin qarşına çıxanda məni tanımayacaqsan. Mənə bu sözləri dediyinə peşman olacaqsan, yanıb yaxılacaqsan, amma gec olacaq!

İllər keçdi, biz böyüdük, yaşa dolduq, həyat hərəmizi bir tərəfə atdı. O gündən sonra bir də Camalı görmədim. Amma mənə dediyi sözlərə əməl elədi. Xaricdəki ən tanınmış, məşhur universitetə daxil olmuşdu. Onun adını tez-tez eşidirdim. Televiziyada, mətbuatda onun etdiyi kəşflərdən, yazdığı elmi məqalələrdən bəhs edir, onun gələcəkdə ölkəni dünyada tanıtdıracağından danışır, yazırdılar. Qohumumla fəxr edirdim, gələcəyi çox parlaq görünürdü...

Tale elə gətirdi ki, mən Camalın yaxın qohumu, onun əmisi oğluyla ailə qurdum. Həyatımdan razıydım, ailəsinə, uşaqlarına bağlı bir insan olan ömür- gün yoldaşımı seçməkdə yanılmamışdım.

İllər sonra Camalı yenidən qarşımda görəcəyimi ağlıma da gətirmirdim. Eşitdiyimə görə xaricdə yaşayan Camal vətənə demək olar ki, gəlmirdi.

Birinci sinfə gedən oğlumun dərslərini hazırlamaqda ona kömək edirdim. Qapının zəngi çalınanda oğluma yeni keçdiyi hərfi yazmağı tapşırıb qapını açmağa getdim.

Qapının ağzında üz-gözünü tük basmış, uzun, pırtlaşıq saçları çiyninə düşən, təhər-töhründən hərdən küçələrdə rastlaşdığım “bomjları “xatırladan biri dayanmışdı. İçki düşkünü olduğu hiss olunurdu. Evdə tək olduğumdan, bir az da belə adamlardan çəkinib qorxduğuma görə dərhal qapını onun üzünə bağlamaq istədim. Amma eşitdiyim tanış səs bunu etməyimə mane oldu.

- Deyəsən, tanımadın, Fuadı görmək istəyirdim, evdədi?

Heyrətlə əyin başı tökülən bu müqəvvaya oxşayan adama baxdım. Bircə gözlərindən Camalı xatırladırdı....

Bu yaxınlarda rayona gedəndə bacısından onu soruşanda “içkiyə qurşanıb, özünü məhv elədi” deməyini xatırladım...

Mənə elə gəldi ki, illər öncə mənə aşiq olduğunu, şairanə məktublar yazdığını indi heç xatırlamır da.

Ona baxır, nə deyəcəyimi bilmirdim. Handan-hana Fuadın evdə olmadığını ona deyəndə əllərini ovuşdurub, saqqalını qaşıdı.

Mənə bir az borc pul lazımdı, Fuad gələndə deyərsən, sabah gəlib götürərəm, imkanı nəyə çatırsa versin...

Uzun illər bundan əvvəl məni peşman edəcəyinə and içən, hamının gələcəkdə ən yüksək zirvələrdə olacağını güman etdiyi o vunderkindi xatırladım...

Bəlkə də çox erkən qapısını döyən şöhrət onun başını gicəlləndirmiş, gözünü kor etmişdi...

İçki, pis vərdişlər onu zirvələrdən həyatın dibinə sürükləmiş, ləyaqət hissini itirən, başqalarına əl açan bir miskinə çevrilmişdi...

İllər öncə sevdiyi qıza dünyanı bağışlamaq istəyən indi onun qarşısında əl açıb dilənirdi...

“Bir də qarşına çıxanda məni tanımayacaqsan, peşman olacaqsan, yanıb- yaxılacaqsan, amma gec olacaq”.

Bu sözləri bir zaman qarşımda dayanıb üzümə hökm kimi oxuyan Camal yox idi artıq...

Mən çox peşman idim, onu tanıya bilmirdim, yanıb-yaxılırdım, amma gec idi.....

# 5801 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
#
#
# # #