news-inner
clock09:00 calendar-gray 21 May 2019 view-gray976 dəfə oxunub
view-gray976 dəfə oxunub

Ağ xalatalı oğlanı boğmağa çalışırdım - Bir dəlinin gündəliyi

əvvəli burada

Kulis.az Oğuz Ayvazın “Bir dəlinin gündəliyi” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

Gözlərimi açanda ətrafımda anam, atam, bacım, qardaşım, ağ xalatlı həkim qadın vardı. Həkim əli ilə saçımı oxşadı: "Gül kimi oğlan nə günə düşüb?!” Anamın hıçqırtısı qulaqlarımda cingildədi. Atamın damağında közərən siqareti otağın tavanına yayılırdı...

Həkim bir-iki dərman yazıb getdi. Onun evdə varlığı hiss edilmədi. Mənimsə fövqəlbəşər günlərim davam etməkdəydi...

Anam atama qonşu qızını sevdiyimi demişdi. Gecələr yatmadığımı, içki içdiyimi, bir sözlə, açmışdı sandığı, tökmüşdü pambığı. Atam vəziyyətimin gərginliyindən nigaran idi. Tez-tez: "Ürəyin nə istəyir? Özünü necə hiss edirsən?” – deyə suallar verirdi. Mən isə yenə hər gün içirdim. Gecədən səhərə kimi boş, soyuq küçələrdə veyllənirdim.

Gecənin yarısında yerimdən durdum. İşıqları yandırdım. Qəfil atam yerindən sıçradı.

- Hara gedirsən? Yıxıl yat...

Onun sözlərini eşidirdim, amma cavab verməyə ərinirdim. Atam qollarımdan yapışıb, saxlamağa çalışdı. Evdəkilər yuxudan oyanmışdı. Mən indi bunun fərqinə varmışdım. Anam aramıza girdi. Atamı sakitləşdirdi. Mənim ünvanıma qarğış yağdırdı.

Sonra araya sükut çökdü. Qardaşım donquldanırdı: "Qoyun, yataq, səhər tez durmalıyam”. Çığırmağa başladım: "Nə yatmaq, durun, qalxın. Mən ölürəm. Dünyada insanlar ölür, uşaqlar ölür. Durun, yatmayaq, yaşayaq, durun!..”

Bir gün də axşam evə gələndə anam tək idi. Qolundan yapışdım ki, gedək qızı istəyək. Anam məndən qorxmağa başlamışdı. Razılaşdı.

Yazıq anam...

Qapını bərk-bərk vurdum. Qızın özü açdı. Gözlərindəki işıq üzümə vururdu. İçəri keçdik. Sevdiyim qızın anasına salam-zad vermədən keçdim mətləbə.

- Ay xala, qızınızı bir həftəlik mənə verin. Mən ona heç nə etməyəcəm. Sadəcə qucaqlayacam. Verin qızınızı mənə. Nə olar, yalvarıram.

- Ay Oğuz, bu hələ olan iş deyil. Universitetini, hərbi xidmətini qurtar, gəl qızı verim.

Sevdiyim qız masada oturub bu mənzərədən böyük bir həzz alırdı.

Evləri elə bil ağ örtüyə bürünmüşdü. Hamı ağarmışdı. Bəmbəyaz görüntü və duman vardı. Anamı görmürdüm. Hiss elədim kimsə arxadan məni dartır. Getdikcə sürətlə geri çəkilirəm.

Geriyə çevriləndə təcili yardım maşınını gördüm. Sirena səsi başımı döyəcləyirdi. Atam, qardaşım yanımda idilər. Elə bilirdim sevdiyim qızın yanına gedirik, elə bilirdim ki, dünyanı xilas edəcəm.

Gedirdik. Pəncərədən tələsən adamları görürdüm. Hamı harasa qaçırdı. Qara zolaqlar gözümü ağrıdırdı. Atam sürücü ilə nəsə danışırdı. Qardaşım uşaqlıq xatirələrimizi yada salırdı. Hər şeyi itirirdim. Daxilimdə partlayışlar gedir, bədənimdən uzaqlaşırdım.

Xəstəxananın binasını görəndə qaranlıq küçəyə tərəf qaçmağa başladım. İki adam sürətlə yetişib məni tutdular. Ağlayırdım. Kimlərisə söyürdüm. Atam saçımı sığalladı.

- Məni aldatdınız...

- Yox, Oğuz, yaxşı olacaqsan, get. Sabah da gələcəm, hər gün də yanına gələcəm..

Palatanın qapısı açıldı. Dəmir qapının cırıltılı səsi sükuta bürünmüş otaqlara doldu. Uzun bir dəhliz qarşımda parıldayırdı. Dəhlizin axırında bir stul vardı. Addımladım. Oturdum. Ətrafa göz gəzdirdim. Divarların boz rəngi, zəif işıq, parıldayan döşəmə. "Anaaaa”, deyə qışqırdım. Palatalarda canlanma oldu sanki. Söyüşlər, təhqirlər... Dəhlizin başında iri cüssəli sanitarın küt sifəti göründü.

Mənim dəlixanada ilk günüm belə başladı...

Divarlar solğun, boz görünürdü. Gecəyarını keçmişdi. Gözümə yuxu getmir, siqaret çəkmək istəyirdim. Palatalara sükut çökmüşdü. Dəhlizin işığı batan günəş kimi narıncıya çalırdı. İşığa doğru addımladım.

Uzun dəhliz divarların arasında çay kimi görünürdü. Küləyin uğultusu pəncərələrin arasından içəri süzülürdü. Ayaqyalın, gözüm torlu ətrafa baxır, heç nə düşünə bilmirdim. Kiminsə toxunuşunu hiss etdim. Uzun ağ xalatlı bir oğlan güllə kimi sözləri üzümə çırpırdı. Onun sözləri səssiz filmlərdəki kimi anlaşılmaz idi.

Sonra bilmirəm, nələr oldu, qulaqlarım elə bil açıldı. Ağ xalatalı oğlanı boğmağa çalışırdım. Tükənməz bir güclə oğlanı öldürürdüm. Onun boğunuq, xışıltılı səsi eşidilirdi.

Gözümü açanda çarpayımda, əl-ayaqlarımın bağlandığını hiss etdim. Həmin ağ xalatlı oğlanın yanında, cüssəli bir kişi mənə qımışaraq baxırdı. Yenə səslər eşidilmirdi. Sifətimə, bədənimə güclü zərbələr dəyməyə başladı. Bu zərbələrin heç bir təsiri yox idi. Çığırırdım, ağlayırdım, ancaq səslər duyulmurdu.

Palatanın səs-küyü səhər məni oyatdı. Bədənimdə, sifətimdə ağrıların olduğunu indi hiss etməyə başlamışdım. Palatalara elə bil günəş doğmuşdu. Zolaqlı pijamalarda gəzişən adamlar mənə həbsxanadakı məhkumları xatırladırdı.

Hər səhər palata dəliləri səhər yeməyi üçün, daha sonra isə dərman üçün növbə gözləyirdi. Arada bir bu gözləməyə səbr edə bilməyən xəstələr yumruq davasına çıxırdılar.

İynə vuran tibb bacısı da hər səhər xəstəxanaya gəlir, saçlarımı oxşayır, bir-iki xoş söz deyib gedirdi. Mən hər səhər onun gəlişini səbirlə gözləyirdim. Bir dəfə dedim ki, axşam da gəl, iynə vur mənə. Təbəssümlü üzünə kədər qonmuşdu. Yaxşı deyib, bir də bizim palataya gəlməmişdi.

Bir səhər gözümü açanda hər yer ağappaq olmuşdu. Elə bilmişdim ki, nağıllar aləminə düşmüşəm. Ancaq pəncərədən görünən o idi ki, şəhərə qar yağmışdı. İlk dəfə qara pəncərədən həsrətlə baxırdım.

Gecələr ağlayırdım, səbəbsiz, anlamını bilmədən. Televizorda göstərilən ölkələrdə adamlar ölürdü. Uzaqdan izlədiyim ölüm xəbərləri məni sarsıdırdı. "Belə xəbərlərə qulaq asma” – həkim böyrümdən çıxıb məsləhət verirdi. Ancaq o xəbərlər idi məni ağladan. Tanımadığım, heç vaxt getmədiyim yerlərin, görmədiyim insanların ölüsünə baxıb ağlayırdım. Eynən arvadlar, uşaqlar sayaq. Ağlamaq məsumluğumun, çarəsizliyimin ifadəsi idi.

Atam, anam, qardaşım hər gün yanıma gəlirdilər. Yemək, ailə doğmalığı, sevinc və göz yaşı gətirirdilər. Onlar üçün darıxdığımı indi anlayırdım. Darıxmaq hissini də burda kəşf etmişdim.

Bir gün anam sevdiyim yeməkdən gətirmişdi. İştahla yeyib, anamı öpdüm, sonra ağlamağa başladım. Kiridə bilmirdilər məni. Gözümün yaşını siləndə gördüm ki, yenə çarpayımdayam. Gözlərim qaralmağa başlayır...

Dəlixananın ətrafındakı divarlar çox hündür idi. Ordan yalnız bir parça göy üzü görünürdü. Bizi heç həyətə də çıxarmazdılar. Qalan vaxtlar isə eləcə dəmir barmaqlıqlardan çölə - söyüd ağaclarına baxardıq. Ağaclıqlardan o tərəfdə dəniz az-maz görünürdü. Qara buludlar həmişə dənizin başı üstündə durardılar. Bu mənzərələr qarşısında biz bir az duruxar, gözlərim yaşla dolardı. Hər dəfə dənizi, söyüd ağaclarını görəndə “burdan nə vaxt çıxacam” sualı beynimdən keçərdi.

Palata mənə həbsxananı xatırladırdı. Filmlərdə gördüyüm həbsxanaları. Bəlkə də bunlar gözümə elə görünürdü.

“Çox vaxt burda ağır cinayət işləyənlərin boynuna zəncir taxıb işlədərdilər. Həmin zəncirlər bir-iki dəfə mənim də boynuma keçirilmişdi. Zəncirlərin ucunda iri, ağır topbuzu xatırladan girdə dəmirlər olardı. Onları daşımaq çox çətin idi. Bunlar qaçmamağımız üçün nəzərdə tutulmuşdu. Sexdə tər tökməkdən başqa ayrı işlərimiz də vardı. Ağacların böyür-başlarını belləmək, zibilləri tökmək, həbsxananın qıraqlarına tökülmüş kağız-kuğuzu təmizləmək, binanın başını qırramaq, bunların hamısı bizim çəkdiyimiz əzabların sırasına daxil idi.

İş vaxtı başımızın üstündə daim yaşlı növbətçilər durudu. Onların yassar və qəzəbli üzündə daim bizə qarşı bir kin duyulur, gözləri isə hər an bizi döyməyə hazırmış kimi iynə kimi canımıza saplanırdı. Bunları görəndə yanımdakı zərərçəkənlərə deyirdim ki, gün gələcək biz onları işlədəcəyik. Bunların da pultu başqalarının əlindədi. Bir gün gələcək o pultu biz ələ keçirəcəyik. Onda onlar bizim əlimizdə qula çevriləcəklər. Bu sözlərdən sonra yazıq dustaqlar bir az ümidlənərdilər. Bizim danışdığımızı görəndə isə növbətçilər əllərindəki dubinkanı kürəyimizə küpəyirdilər. Bundan heç bir vaxt da bezikməzdilər. Daha da ləzzət alardılar.

Boynumuza asılmış ağır, iri toplu zəncirlər, əllərimizdə bellər, kürəyimizə də dubinka geydirirlər, tay siz bizim necə bir qula çevrildiyimizi çox güman ki, yəqin etdiniz. Bu cür ağır işi yəqin ki, heç vətən xainlərinə də gördürmürlər. İşdən boyun qaçıranda da əllərini dilənçi kimi açırlar ki, sümüklərini verək. Düzdü, aramızda əli cibində olanlar da var, amma əksəriyyətimizin kasıblıqdan ayaqqabılarımızın ağzı bir qarış açılmışdı. Varlı ailənin uşaqları çox vaxt həbsxanaya gəlmirdilər. Öz iri, qara maşınlarında həbsxananın həyətini fırlanıb gözdən itirdilər. Bu bizim lap acığımıza gələrdi. Bir-iki dəfə yoldaşlarımız müdiriyyətə şikayət etmək istəmişdi. Amma növbətçilər uzaqdan dubinkalarını göstərəndə heç birimizin cürəti çatmazdı ki, bir söz deyək. Əslində elə günah müdiriyyətdə idi. Onların özləri elə bil bizim bu acınacaqlı həyatımızdan bir filmi çəkir, sonra isə evdə çəkdikləri filmə baxıb ləzzət alırdılar. Səhərisi gün işlədiləcək uşaqların siyahısı müdirin qabağına gələrdi. O da zəhmli baxışları ilə dustaqları süzüb bir-bir adları söyləyərdi. Yazıq dustaqlar adlarını eşidən kimi bir addım qabağa çıxıb boyunlarını irəli verərdilər. Amma burda kimin pulu vardı onu incitməzdilər. Bəzən bir valideyn müdiriyyəti pulu ilə idarə eləyə bilirdi. Biz isə bu acı mənzərələrin tamaşaçılarına çevrilərdik.”

Dəlixanada gördüyüm ilk yuxu idi. Oyananda dəlilərdən biri başımın üstündə durub key-key mənə tamaşa edirdi.

Xəstəxanada günlər bir-birinə bənzəmirdi. Günəşin doğulması, insanların sevincləri, əyləncələri bizdən kosmos uzaqlığı qədər ucsuz-bucaqsız yerdə, əlçatmaz idi. Bizim dünyamızda gözyaşı, anlaşılmazlıq, hamının çıxıb getməyi, tənhalıq vardı.

Palatada boyu az qala iki metrə çatan, dilini qəfəsə qoymadan sözləri üyüdən bir rus dəlisi vardı. Nə gecə, nə də gündüz bilmirdi. Ayaq üstə fasilə vermədən danışırdı. Qəzəblənəndə divarlarla danışırdı, arada bir yumruğunu da işə salırdı. Xəstələrlə danışmazdı. Özündən başqa heç kimi olmayan tənha bir insan idi. Ona yaxınlaşmağa çəkinirdim. Boyunun uzunluğu, vampir dişləri məni ürküdürdü. Gözlərində isə sonsuz və tərifsiz kədər mövcudluğunu qoruyurdu.

Qəfil xəstəxananın dəmir qapısı açıldı. Tez də kilidləndi. Elə bildim sevdiyim qız gəlib. Sonra sükut çökdü, hər yer qaranlığa qərq oldu. Birdən hər şeyin arxada qaldığını anladım. İçimdən getmək istədim. Dayandım. Qorxu içimi titrətdi. Sonra nəsə qəribə bir hiss məni ağuşuna aldı, kürəyimdə istilik hiss etdim. Boğazıma qəhər doldu, ağladım. Yerə çömbəlib gözümün yaşını axıtdım. Gözümün önündən bulanıq, yaşıl xətlər keçirdi. İstilik damarlarıma yayıldıqca gözlərim qapanırdı.

Gözlərimi açanda tavanda ağ, gur işıq seli üzümə bərq vururdu. Tavanda Tanrının qəzəbli gözlərini gördüm. İçimdən burulğan keçdi, nəfəsim kəsilirdi. Yaşıl, ağ-qara xətlər də tavanda görünməyə başladı. Qulağımda insanların pıçıltıları duyulurdu. Zolaqlar çoxalmağa başlamışdı. Qorxu, təşviş, həyəcan. Tanrı ağuşuna alırdı məni. Qışqırdım. Boğazım cırılana kimi çığırdım: Tanrını gördüm! Tanrını gördüm! Bulanlıq görüntüdə ağ rənglər peyda olmuşdu. Əllər yaxınlaşırdı, sonra uzaqlaşırdı. Səslər uğultuya çevrilmişdi. Sonra qaranlıq uddu məni...

ardı var...

news-inner-user
Oğuz Ayvaz

93 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Filmimiz beynəlxalq kinofestivalda
18:45 18 Oktyabr 2019
Azərbaycan kinosunun inkişafı ilə bağlı xərclər 6 milyon manat artırılır
18:17 18 Oktyabr 2019
Quşları heç kəs öpmür – Salam Sarvandan tərcümələr
17:46 18 Oktyabr 2019
Günel Natiqin kitabı çıxdı
17:01 18 Oktyabr 2019
Şoka düşən Bakı, diri-diri yanan əsgərlər, 5 dəqiqənin hökmü - Səbuhi Sədəf yazır...
16:16 18 Oktyabr 2019
Performativ meditasiya: Eucenio Barbanın tənqidi – Aydın Talıbzadə yazır...
15:47 18 Oktyabr 2019
“Bir şeir” müsabiqəsinin mükafatlandırma mərasimi - Video
15:14 18 Oktyabr 2019
Azərbaycan teatrının Oyun Babası - Vaqif İbrahimoğlu 70
14:21 18 Oktyabr 2019
Milli azlıqların antologiyası təqdim olunub
13:41 18 Oktyabr 2019
Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim edilib - Fotolar
13:02 18 Oktyabr 2019
İsi Məlikzadənin hekayələri Kulis-də
12:51 18 Oktyabr 2019
Qadını pisdir deyə narkotikaya qurşananlar – İlqar Kamil yazır…
12:01 18 Oktyabr 2019
Müstəqil Azərbaycanın ən yaxşı romanları - Siyahı
11:25 18 Oktyabr 2019
"Netflix" "Eşq" romanından serial çəkəcək
10:55 18 Oktyabr 2019
Xalq artistinə ev verildi
10:15 18 Oktyabr 2019
“Yuğ”da "Müəmmalı bir qətlin üç versiyası”
09:52 18 Oktyabr 2019
Ucdantutma hamını bir-bir öpürdüm – Bircənin romanı
08:55 18 Oktyabr 2019
Nobeli alan yazıçının ilk müsahibəsi: “Qorxuram...”
21:00 17 Oktyabr 2019
Adil Cəmilin 65 illik yubileyi qeyd edilib
18:40 17 Oktyabr 2019
“Bir şeir” yarışmasının qalibləri mükafatlandırıldı - Fotolar
18:00 17 Oktyabr 2019