Qəbir əzabı – Orxan Saffaridən Yeni Hekayə

Qəbir əzabı – <span style="color:red;">Orxan Saffaridən Yeni Hekayə
7 may 2019
# 17:32

Kulis.az gənc yazar Orxan Saffarinin “Qəbir əzabı” adlı yeni hekayəsini təqdim edir.

- Bismillahir-rəhmanir-rəhim

- Əlhəmdulillahi Rəbbil aləmin

- Ər-rəhmanir-rəhim

- Maliki yəvmiddin

- Iyyakə nə'budu və iyyakə nəstəin

- Ihdinəs-siratəl mustəqim

- Siratəlləzinə ən'əmtə ələyhim,

- ğəyril məğzubi ələyhim vələzzallin.

...Mərhumun ənvatına bir salavat zikr edək!

- Əşhədu əllə iləhə illalah və əşhədu ənnə Muhəmmədən rasulullah!

- Allah rəhmət eləsin!

- İlahii, amiiin...

...Yas çadırına qəribə bir uğultu düşdü. Hamı bir ağızdan kəlmeyi-şəhadəti təkrarlayır, bilməyənlər isə digərlərinə baxıb guya nəsə deyirmiş kimi yalandan dodaqlarını tərpədir, əllərini qunut tuturdu.

***

Hava o qədər isti idi ki, mağarda quraşdırılmış sərinkeş belə sərinlə də bilmirdi içərini. Amma adamlar dayanmadan çay içirdilər. Çadırda isə heç kim çox qala bilmirdi. Qıraqdan baxanda kişilərin hamısının boynunun arxasındakı dəsmal elə gülməli görsənirdi ki, utanmasan, bu mənzərəni bəy hamamına bənzədə bilərdin.

Gələnlər çadırın yan-yörəsinə düşən kölgəlikdə üç-üç-beş-beş dayanıb söhbətləşirdi. Qapıdakı it də özünü kölgəliyə daldalayıb ətrafa baxırdı. Mənə elə gəlirdi ki, o it hər şeydən xəbərdar idi, hər şeyi başa düşürdü.

Mehdi isə gah qıraqda dayanıb gələnləri qarşılayır, gah da ora-bura yüyürürdü. Ehsandan nuş edib nəmərini yazdırıb getmək istəyənlər də elə Mehdiyə yaxınlaşıb ayaqüstü baş sağlığı verib gedirdilər. Mehdi gedənlərə baxıb döş cibindən dəsmal çıxardır, boynunu-boğazını silirdi.

Zərnişan xanımdan isə danışan yox idi. Adətən, insan öləndən sonra arxasınca yaxşı sözlər deyilir axı. Amma bu dəfə gözlənilən kimi olmamışdı. Bir-birinin qulağına əyilib, hətta Zərnişan xanımın goruna söyənlər belə tapılırdı.

Bir də hamı Mehdinin başına toplaşır, hərə bir yerə dartışdırıb bu illər ərzində harda olduğunu, nə etdiyini soruşurdular.

Deyən lazım, bu qaçhaqaçda yeridirmi heç?!

Yalandan da olsa kişilərin mağarında "əşi, vaxtsız-vədəsiz getdi, heç ölməli adam deyildi" sözünü belə bir nəfər demirdi. Zərnişan xanımın şəkli elə miskin qalmışdı ki, çadırda, başını çevirib baxan belə yox idi. Şəklin üzündən darıxmaq yağırdı sanki. Həm də elə bil, qəsdən qaşqabaqlı şəklini vurmuşdular çadıra. Qıraqdan elə təəssürat yaranırdı ki, baxanda, elə bilərsən Zərnişan xanım şəkildən danışır, qışqırır, insanlar isə ona fikir vermirdi.

Bütün bunların fonunda isə Molla Quran oxuyur, adamlar ara-sıra can dərdi salavat çəkirdi.

***

Günorta saat 3 idi. Təxminən bir saat sonra mağarda heç kim qalmadı. Mehdi və başqa bir neçə yaxın qohumu əlavə adamların gələ biləcəyini də düşündüyündən, gözləyirdilər.

Bu dəm doqqazın ağzında dayanan polis maşınından müstəntiq ağır addımlara yeriyərək Mehdiyə yaxınlaşdı.

- Allah rəhmət eləsin, başınız sağ olsun!

Mehdi:

- Ölənlərinizə rəhmət, buyurun, keçin, içəri də oturun - deyib, mağarın qapısından həyətdəki uşaqlara boylandı:

- Bura əlavə boşqab, yemək gətirin. Ay uşaq, sən də çay gətir!

- Yox, mən keçməyim, heç nə lazım deyil. Çox sağ olun. Zəhmət olmasa, Siz mənimlə gəlin gedək. Bilirsiz, artıq iş başladılmalıdır. - Müstəntiqin soyuq cümlələri Mehdinin tərini soyutdu.

***

Rəhmətlik 75 yaşlı Zərnişan xanımla bağlı cinayət işi başladılmışdı. Daha doğrusu, bu ölüm hadisəsində gizli qalmış tərəflər, qaldırılmış iddialar var idi.

Zərnişan xanım uzun illər idi ki, tək yaşayırdı. Oğlu Mehdi də illərdir ki, Norveçdən Allahın bir məktubunu belə göndərməmişdi. Nə qədər axtarsalar da, heç kim tapa bilməmişdi onu. Günlərin birində də Zərnişan xanımın son günlərində qəfildən peyda olmuşdu.

Yaxınlarından birinin dilindən ironiya ilə eşitdim:

"Mehdi anasının ölümünə yaxın zühr elədi".

Cinayət işinin təfərrüatında Zərnişan xanımın yaxınları tərəfindən sui-qəsdlə öldürüldüyü var idi. Bu, bir az da inandırıcı səslənirdi. Şəhərin müxtəlif yerlərində bahalı mülkləri, banklarda adına yarım milyona yaxın pul və başqa əmlaklar olan, buna baxmayaraq ortada bir varisin olmaması, Mehdinin qəfil gəlməsi və Zərnişan xanımın ölümü bundan şübhələnməyə əsas verirdi. Bütün oxlar isə Mehdini göstərirdi.

Düzü, Zərnişan xanım kobud desək, bəlkə də çox yaşamışdı. Çoxu onu qəddarlığına və əzazil olduğuna görə sevmirdi. Ahıl yaşında belə başqalarına əzab verən, xoş davranmayan bir qadını sevmək, məncə də çətin məsələdir. Həyətində işləyən fəhlələrdən tutmuş, getdiyi yerlərdə gördüyü heç kəslə xoş danışmaz, heç kimə gülməzdi. Saçında bir ağ tük belə yox idi bu ahıl yaşında.

Baxımlı qadın idi. Həmişə xına qoyar - lap cavan qızlar, gəlinlər kimi tez-tez gözəllik salona gedərdi. 75 yaşı heç cür vermək olmurdu ona. Adətən, onun yaşında qadınlar yekə bir kəlağayını başına salıb, ucunu da çiynindən atırdı. Zərnişan xanımda isə nənəliyi xatırladan heç nə yox idi. Bircə yaşından başqa.

Bir nənə təsəvvür edin, saçları qaynaq, dartılmış üz və qaşlar, pedikürlü, çantası ilə eyni rəng pomada, son model Android telefonu, pulqabısı və daha nələr nələri. Qəribə idi. Onun bədəni də qırışıb əldən düşməmişdi. Bu yaşda, bu qədər şarmla onu Alla Puqaçovaya bənzətmək olardı.

Nədənsə, mənə elə gəlir ki, nənə belə

olmalı deyil. Əlini məmədanına atıb pul çıxardan, kapron corabını pul qabı edənlərdir nənə. Amma məndən kimsə bu barədə soruşmadığı üçün susub yerimdə oturmuşam.

***

Əslində, cinayət işi Zərnişan xanımın yoxluğunun 30-cu günündə açıldı. Ona qədər 10 gün ərzində 3 dəfə polis idarəsinə gedib ifadə vermişdi Mehdi. Amma tam prosedur üçün mərhumənin 40-nın çıxmağını gözləyirdilər.

Mehdi hazırlaşıb müstəntiqlə yola düzəldi. Onsuz evdə adam çox idi, əgər başsağlığına əlavə adam gələrdisə, qarşılayacaq kimsə vardı.

Ortada gəzən söz-söhbətlərdən qonşular belə Zərnişan xanımı oğlu Mehdinin öldürdüyünü düşünürdülər. Axı, həm də hadisələrin gedişatı bunu göstərirdi. Amma heç kimin əlində buna dair sübut yox idi.

Başqa da heç kimdən şübhələnmirdilər hələ ki. Çünki Zərnişan xanımın evinə heç kim gəlib-getməzdi. Oğrular belə.

Ona görə oğrular belə deyirəm ki, bir neçə il əvvəl yaşadığı yerdə oğurluq hadisəsi də olmuşdu. Qonşuluğundakı kasıb bir evə oğru girmişdi. Amma evdən cəmi bır qızıl apara bilmişdi.

Ev sahibi hadisədən xəbər tutanda məhəllənin ortasında hövlnak şəkildə üzünü evinə tutub, "Ay oğru, ağlın yoxdu? Görürsən qoca arvaddı, evi də saray kimi. Niyə onun evinə girmirsən, gəlib mənim ikiadamlıq evimi dağıtmısan? Ay sənin bağrın yarılsın elə" demişdi.

O vaxtdan hamı bu söhbəti deyib uğunurdu..

***

Müstəntiq Mehdini sorğu-suala tutmuşdu.

- Bu illər ərzində harda idin? Düz 12 ildir ki, səndən xəbər yoxdur!

-25 yaşım var idi evdən çıxanda. Atamla yola getmirdim. Düzü, atamdan zəhləm gedirdi. Gün verib işıq vermirdi mənə. Bir dostumun köməkliyi ilə ölkədən çıxdım o vaxt və bir daha nə olur-olsun qayıtmamağı özümə söz verdim.

- Niyə yoxa çıxmışdın?!

- Dedim axı, atama görə. Heç vaxt sevmədim onu. Onun əlindən qaçdım. Çox keçmədi ki, atam öldü. Amma yasına da gəlmədim. Bir ara Azərbaycanda yaşayan yaxınlarımın vasitəsi ilə xəbər alırdım ailəmdən. Sonradan onlarla da əlaqəni kəsdim.

- Bəs indi niyə qayıtdın? Ananla da münasibətlərin yaxşı deyildi?

- Qayıtmağımın səbəbini dəqiq deyə bilməyəcəm. Mən orda evliyəm, övladlarım var. Xüsusi bir səbəb yoxdur həm də. Sadəcə, vətənə gəlmək istədim, gəldim. Böyüdüyüm yerlər üçün, vətən üçün yaman darıxmışam. O da ki belə oldu. Açığı, o qədər bezmişdim ki, həyatdan. Heç kim üçün darıxmır, heç kimin ölümünə pis olmurdum. Anam mən gedəndən sonra 5 il məni axtarmağa davam edib, tapmayıb. Sonra ümidi kəsib, sonra hər şey yoluna düşüb və mən yavaş-yavaş heç kimin yadına düşməmişəm. Bəziləri də öldü bilib. Bunların hamısı əzabdı mənə. Qınamayın e, bərkimişəm bir az da. Bəlkə rahat danışmağım sizə qəribə gələ bilər. Qadın olsam, saçlarımı yolardım bəlkə də. Nə bilim... Anamla münasibətlərim deyəndəki illərdi üzünü görmür, səsini eşitmirdim. Evə gəlib çıxanda həyəcandan özünü itirmişdi. Yaşlı qadındı. İllərdi oğlunu görmür. Başqa necə olmalı idi ki?

- Aydındır. Bəs, Zərnişan xanım necə keçindi? Yanında idinmi? Yanında deyildinsə, harda idin?

- Ürəyi tutub anamın. O, lap cavanlıqdan şəkər xəstəsi idi. Yaşlanıb arvad, yəqin özünə yaxşı baxmayıb... Mən o keçinəndə yanında deyildim. Xəbəri alıb evə qaçmışam. Həyətdə keçinib, səs-küy salıb əvvəlcə, qonşular görüb.

- Hadisə baş verən vaxt harada idin?

- Uşaqlıq dostumgildə. Evimizə yaxın qalır.

...Mehdi verilən bütün suallara səbrlə, tək-tək cavab verirdi. Müstəntiq onu çaşdırmağa çalışsa da, sualları nə qədər təkrar versə də eyni sözləri deyirdi. Amma sorğudan sonra ifadə üçün gələn qonşuların əslində, Zərnişan xanımı dünyasını dəyişən zaman yox, dəyişdikdən sonra gördükləri bəlli oldu. Ortada onun qəsdən öldürüldüyü çıxırdı bu məqamda. Bəs, Mehdi niyə elə demişdi ifadəsində? Qonşular onu öldükdən sonra, Mehdi isə öləndə gördüyünü demişdi qonşuların.

***

Zərnişan xanım Bibiheybət Məscidinin qəbiristanlığında dəfn edilmişdi.

Bir neçə gün davam edən istintaq proseslərindən sonra qəbrin açılması üçün məhkəmənin qərarı çıxdı. Cinayət işinə baxan müstəntiq, prokuror və məhkəmədən bir nəfər gəlmişdi. Zərnişan xanımın bir yaxın qohumu və Mehdinin özü də prosesdə iştirak edirdi.

Qəbri açıb, qadının üzərində zorakılıq əlamətlərinin olub-olmamasını müəyyənləşdirmək üçün ekspert müayinəsi lazım idi.

Qəbrin açılması üçün elə qərarın sabahı gün məzarlığa gəldilər. Fəhlələrə göstəriş verildi. Çox keçmədi ki qəbirin üstü götürüldü.

Təxminən 20-25 dəqiqə sonra necə deyərlər, kəfənin ucu da göründü.

Elə ki, kəfəni açdılar, hamını heyrət bürüdü bir anda. Dəhşətli mənzərə idi. Qadının saçları o qədər uzun idi ki, ayaqlarına bağlanmışdı. Gözləri bərəlmiş, ağzı açıq, bədəninin yarı hissəsi çürümüş bir vəziyyətdə. Bir anda ətrafı bürüyən cəsədin iyi adamın az qala başını çartlatsın. Hamı bir-birinin üzünə baxır və nə deyəcəyini bilmirdi. Adətən, cəsəd yerindəcə müayinə olunur. Amma bu vəziyyətdə morqa aparılmalı idi. Zərnişan xanımın bədənində kəsilmiş-deşilmiş yerlər var idi. Boğazı isə gömgöy.

Başladılmış cinayət işinə əlavə adamlar - meyiti yuyan 2 qadın da cəlb edildi. Kiçik ehtimal olsa da, onlardan da şübhələnirdilər

Bəlkə meyiti yuyanlar belə etmişdi?!

İlk dəfə bu cür halla qarşılaşan müstəntiq belə nə olduğunu anlamağa çalışır, məhkəmələr zamanı hamını dəfələrlə sorğu-sual edirdilər.

İlkin ifadələrdə Zərnişan xanımla onu yuyanların bir əlaqəsinin olmadığı və heç bir səbəbə belə edə bilməyəcəkləri bəlli oldu. Zərnişan xanımın saçlarının ölməmişdən əvvəl çiyinlərindən olması isə vəziyyəti çətinləşdirirdi.

Mehdi artıq saxlanılmışdı. Məhkəmə bitənə, cinayət işinə xitam verilənədək azadlıqda ola bilməzdi.

Bu işdə Zərnişan xanımın bütün yaxınları sorğuya çəkildi. Əsas şübhəli isə oğlu Mehdi idi. Hətta saxlanılan zaman Mehdini döymüşdülər də. Sonuncu məhkəməsində dırnaqları qopmuş, gözlərinin altı göyərmiş və sallanmış vəziyyət idi. Amma Mehdi belə iş tutmadığını deyir, cinayəti boynuna almırdı.

Məhkəmədə ifadə zamanı Zərnişan xanımın yaxınlarından biri bu hadisənin Allahın onun günahlarına qarşı verdiyi əzab olduğunu bildirdi. Əlavə etdi ki, bunu ona Məcsidin Axundu da deyib. Necə oldu ki, saçlar birdən-birə uzandı və ayaqlarına bağlandı? Qəbir əzabıdır, Allahın qəzəbinə tuş gəlib, cənab hakim! - deyə, həyacanlı şəkildə ifadə verirdi.

Artıq hamı bu məsələdən xəbərdar idi. Bir anda bütün eşidən-bilən bu hadisədən danışır, söz düşəndə isə Allahın verdiyi bir işarə olduğunu, ona ibadət etməyənləri də belə əzab gözləyəcəyini deyirdilər bir-birilərinə.

Hərədən bir söz çıxırdı. Biri qəbrin içində ilan olduğu, biri onu şeytanın boğduğunu, biri də ağzına nə gəldi deyirdi. Amma təbii ki, məhkəmə məsələyə hüquqi yanaşmalı idi.

Mehdi isə hər dəfə eyni sözləri deyir, eyni ifadəni verirdi.

Aylarla davam edən cinayət işinə heç cür xitam verilmirdi. 7 ay sonra isə əsaslı bir dəlil olmadığından sonuncu məhkəmədə işin icraatına xitam verildi. Sanasan, məhkəmə belə Zərnişan xanımın cəsədinin o halda olmasını qəbir əzabı deyə qəbullandı.

Azadlığa çıxan Mehdi evə - Zərnişan xanımın keçindiyi yerə gəlib başını göyə qaldırdı. Ətrafda heç kimin olmadığını yəqin etdikdən sonra həmin yerə baxıb gülümsündü.

Görüntünün olası içeriği: Orxan Saffari, yakın çekim ve açık hava

# 5930 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #