Yaşardan yeni novella: "Qonaq"

<span style="color:red;"> Yaşardan yeni novella:<span style="color:red;"> "Qonaq"
3 may 2019
# 13:21

Bu gün tanınmış yazıçı Yaşarın doğum günüdür. Kulis.az bu münasibətlə yazıçını təbrik edir və onun “Qonaq” novellasını oxucuların diqqətinə çatdırır.

Tanrı bir gün tamam heydən düşdü. Amma yorğunluğunu canından çıxarmaqdan ötrü o sonsuz göy üzündə özünə yer tapmadı. Onda göylərdən küsüb, ürəyində «öz yaradanına bir quruca rahatlığı da çox görən bir evdə qala bilmərəm» – dedi.

Əslində, öz səhviydi: hələ o vaxt bu yeri-göyü yaradanda ağlına da gəlməzdi ki, bir gün belə yorula bilər.

Tanrı başa düşdü ki, yeganə çarəsi yerə enməkdi, yaratdığı gündən bir kərə də ayağı dəyməyən yer üzünə qonaq getməkdi.

Əvvəl rastına çıxan bir qoca kişiydi, əyilib yerdən çır-çırpı yığırdı. Tanrı qocaya yaxınlaşıb:

– Ey bəni-adəm, – dedi – mənə dincəlməyə yer göstər.

Qoca belini dikəldib bir xeyli zənlə bu naməlum məxluqa baxdı. Həmin məxluqun üzünün nurundan qocanın az qala gözləri tutulacaqdı.

– Məni işimdən-gücümdən eləyən kəs, de görüm, kimsən?

– Mən yeri-göyü yaradanam.

– Sözündən belə çıxır ki, məni də sən yaratmısan?

– Mən yaratmışam.

– İndi də məndən dincəlməyə yer istəyirsən?

– Dincəlmək istəyirəm.

– Bil ki, o yeri, məni bu dünyaya gətirdiyin gündən axtarıram. Amma görürsən ki, tapa bilmədim. İndi bu dünyayla uzağı beş-on günlük haqq-hesabım qalıb. Bu dünyada olub-qalan qazancım bir o xırdaca ümidiydi ki, onu da sən aldın. Deməli, mənə o dünyada da dinclik olmayacaq.

Qocanın bu sözlərindən xəcalət çəkən Tanrı tez oradan uzaqlaşdı. Bir xeyli yol gəlib göz yaşı kimi dupduru gölə yetişəndə ayaq saxladı. Suyu üzlərinə sıçrada-sıçrada göldə oynaşan çıl-çılpaq qızla, oğlanın gözəlliyini görən Tanrının az qala ağlı başından çıxacaqdı. İlahi, görəsən, bunları da mən yaratmışam?

Əvvəl qız sudan çıxdı. Eləcə, çıl-çılpaq gəlib Tanrının qabağında dayandı. Elə bil ovsunlanmışdı. Əslində, Tanrı özü də karıxan kimiydi. Deyəsən, yorğunluğu da yadından çıxmışdı. Qız handan-hana dilləndi:

– Ey üzünün nuru göz qamaşdıran, kimsən?

– Mən səni yaradanam.

– Sən mənim atamsan?

– Yox, mən sənin atanı da yaradanam.

– Sən mənim babamsan?

– Yox, mən sənin babanı da yaradanam.

– Bəs onda sən kimsən?

– Mən Adəmlə Həvvanı yaradanam.

– Söhbəti qısa elə, de görək sözün nədi?

Tanrı bu səsdən diksinib qızın yanında dayanıb-duran oğlanı ancaq indi gördü. Nəsə bir azca utanan kimi oldu, lap astadan:

– Yorulmuşam, – dedi, – dincimi almağa yer gəzirəm.

Oğlan gözü ilə qıza işarə eləyib gülümsədi:

– Elə biz də bir-birimizə rast gələndən dincələ bilmirik, – dedi.

Tanrı məsələnin nə yerdə olduğunu başa düşüb hər ikisindən üzr istədi və dönüb dinməzcə yoluna davam etdi.

Gəlib bir imarətin qabağına çıxdı. Darvazanı döyüb kənara çəkildi. İçəridən səs gəldi:

– Sizə kim lazımdı?

Tanrı tamam heydən düşmüşdü:

– Şikayətçiyəm, dərdimi deməyə adam gəzirəm.

– Dərdin nədi?

– Yorulmuşam. Yəni bu boyda imarətdə də mənə dincəlməyə bir künc-bucaq tapılmayacaq?

– Üz vurma, a kişi, baş tutan sövda deyil.

– Sən nə əzazil bəndəsən.

– Əzazil nədi, məndə bəndəlikdən də əsər-əlamət qalmayıb. Nökər babayam. Məsələ bu imarətin yiyələrindədi. Bir vaxtlar ər-arvadın ikisinin də cındırından cin hürkərdi. Beş günlük dünyanın dörd gününü sərasər eşşək kimi işləyirdilər ki, bəlkə, qarınları bir tikə çörək gördü. Amma baxma, beşgünlük dünyanın qalan o bir gününü özləri üçün saxlayardılar. Həmin gün hələ desən, deyib-gülərdilər də. Amma o andıra qalmış bir küp qızılı tapandan günləri qara əsgiyə bükülüb. Ər-arvad üçün nə gecə var, nə gündüz, bütün günü o küpün keşiyini çəkirlər ki, oğurlayıb-eləyən olmasın. Di indi, toxta, yolunla get, lap Tanrı göydən düşüb gəlsə də darvazanı açan deyillər.

Deməli, bu qapı onun da üzünə bağlıydı. Tanrıda nəsə hirsə oxşar bir hiss yarandı. Diksinib ürəyində – əstəfürulla, – dedi və birtəhər səbrini basdı.

– Hara gedim? Heç olmasa mənə yol göstər!

– Nə çoxdu Allah evi, məsciddən, kilsədən bir yer tap dincəl.

Tanrı oradan da uzaqlaşdı. Nişan verilən yerə gəlib çatanda kilsə əvəzinə xarabalıqla rastlaşdı. Balaca bir uşaq külün içində eşələnirdi.

– Övladım, kilsə hardadı?

Uşaq öz məşğuliyyətindən ayrılmayıb:

– Gördüyün bu yer elə kilsədi, – dedi, – amma bu səhər məsciddən beş-on molla gəlib buranı yandırdı.

Tanrının təmkini tükəndi və bu dəfə nə illah eləsə də səbrini basa bilmədi.

– Bu işi tutanların Allah özü cəzasını versin!

Bu, Tanrının həyatında ilk qarğışıydı. Amma nədənsə bu söz öyrəncəli olduğu bütün sözlərin hamısından fərqli olaraq boğazından yağ kimi keçdi. Ardınca Tanrı qəflətən hiss elədi ki, milyon illər zorla pak, təmiz saxladığı içində nəsə astaca qırıldı, əridi, itdi, qeyb oldu.

Birtəhər özünü məscidə çatdırdı. Azan vaxtıydı, amma məscidin minbərində dayanıb-duran qalstuklu, kostyumlu adamın mollaya-zada azca da oxşarı yox idi. Həmin adam camaatı iclasa çağırırdı. Qəflətən Tanrının gözü kənarda büzüşüb dayanan əmmaməli, saqqallı bir bəndəsinə sataşdı. Deyəsən, mollaydı. Amma duruşunda mollalıqdan əsər-əlamət qalmamışdı. Əgər həmin bəndənin saqqalını qırxıb əmmaməsini başından götürsəydin, molladan savayı nəyə desən oxşamağa hazır idi. Tanrı ona yaxınlaşıb məzəmmətlə:

– Oğul, kilsəni yandırmaqda heç yaxşı iş tutmamısız, – dedi.

Bayaqdan məzlum-məzlum dayanıb duran molla elə bil himə bənd idi, qəflətən dönüb Tanrının üzünə bozardı:

– Qoca, nə səfehləyirsən?

Bu vaxt Tanrının həyatında ikinci dəhşətli hadisə baş verdi. Tanrı hiss etdi ki, gözləri hədəqəsindən çıxan bu bəndəsindən əməlli-başlı qorxur. Amma ha eləsə də, bu məxluqdan ona nə xətər toxuna biləcəyini qandıra bilmədi.

– Mən bura dincəlməyə gəlmişəm.

– Deməsən də bilirəm, amma burnunu hara gəldi soxursan.

– Mən sizə bircə kəlmə dedim.

– Sən elə o bircə kəlmənlə də hər şeyi alt-üst elədin.

– Mən bir də ömrüm boyu danışmayacağam.

– Onsuz da bundan sonra danışmağa sözün də olmayacaq.

– Son sözümü deyirəm. Kilsəni niyə yandırdın?

– Son cavabımı verirəm. Kilsəni bayaq minbərdən camaatı iclasa çağıran adam yandırdı. Partiyasının iclas keçirməyə yeri yoxuydu. Kilsəni yandırıb adımıza çıxdılar ki, məscidə də yiyə dursunlar. Di indi get işinlə məşğul ol.

Molla sözünü bitirən kimi yıxılıb canını tapşırdı.

Tanrı mollanın öldüyünü dərhal hiss elədi, amma nəfəs-nəfəsə olsalar da canını ona tapşırmadı. Və Tanrı həyatında ilk dəfə rastlaşdığı bu mənzərədən çaş qaldı, ruhun onun içindən yox, çölündən ötüb-keçməsindən əməlli-başlı incidi. Odur ki, başını göylərə qaldırıb mollaya dişinin dibindən çıxanı demək istədi. Amma Tanrı nə illah eləsə də ruhun hara uçduğunu görə bilmədi.

Göydə yiyəsizlik idi.

# 2419 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #