"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid
24 aprel 2026
# 12:00

Kulis.az Rəvan Cavidin "Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" yazısını təqdim edir.

Həmid Herisçinin müsahibəsini oxudum.

Həmid bizim nəslin dəniz fənəridir. Onun nişan verdiyi limanlara üzmüşük.

Həmid həm də Azərbaycan şeirinin genetikasını dəyişmiş iki şairdən biridir.

Həmid postmoderni bizə tanıdandı.

Həmid inqilabı yaşayan, inqilabla yaşayan, inqilab etmək istəyən iki şairdən biridir.

Və Həmid özünə məğlub olan, ona inanan onlarla gəncə yalan söyləmiş bir şairdir.

Həmid Herisçinin Azərbaycan (ədəbiyyatında deməyəcəyəm, o, ədəbiyyatdan böyükdür) mədəniyyətində yerini və təyinatını dəqiq təsvir etmək, öz təbiri ilə desək, “müşahidə edib dəqiq koordinasiyasını tapıb”, “dəqiq zərbə endirmək” çətindir. Mən indi iyirmili yaşlarımın sonunda Həmid ağa kimi inqilaba könül verib onun nostaljisi və ümidi ilə yaşayarkən, ikimizin də inandığı “qırxlardan”, “yeddilər”dən tək istəyim Həmid ağanın yaşına çatanda onun kimi olmamaqdır.

“Dahilərin divanı” verilişi ilə tanımışdım. Sonra Bakının tüstü-duman altı kafelərində “SSRİ” kitabını oxuyub ləzzət aparmışdım. Möhtəşəm şeirlər idi. Sadəcə möhtəşəm. Həmid Herisçi kim olursa olsun, həmin şeirlərə və poeziyaya xəyanətinin vəbalını ağır ödəyəcək.

Sadəcə üç dəfə qarşılaşmışıq. Birinci dəfə (hansı məqsədə qulluq etdiyini bilmədiyimiz) kitab fuarlarından birində on beş saniyəlik ayaqüstü söhbətimiz, daha doğrusu, davamız oldu. Hazırda adını və simasını xatırlamadığım bir şairlə Küçük İskender haqqında danışanda Həmid ağa araya girib “O, Mayakovskinin pis təkrarıdır” demişdi. Mən də “Müəllim, yaxından-uzaqdan əlaqəsi yoxdu axı...” demək istəyirdim ki, başını alıb getdi. Arxaya dönmədən bizə “Vaxtı gələndə başa düşəcəksiniz” deyib sürətlə salondan ayrılmışdı. Vaxtı gəldi-keçdi, Həmid ağa. Və ümid edirəm ki, Mayakovskini oxuyanda vicdan əzabı çəkmirsiniz. Çünki Mayakovski məhz sizin başladığınız yerdən başlayıb sizin çatdığınız yerdə olmamaq üçün intihar etmiş biri idi.

İkinci görüşümüz ad günü məclislərinin birində olmuşdu. Bütün sərtliyini kənara atıb olduqca mülayim şəkildə gənclərlə təcrübələrini bölüşürdü.

Üçüncü dəfə isə Səlim Babullaoğlunun otağında qarşılaşmışdıq. İkimiz də eyni məqsəd üçün ordaydıq. Amma bir fərq var idi aramızda. Mənim “SSRİ” kitabım yox idi və mən heç vaxt heç kimi ədəbiyyatın böyüklüyünə inandırmamışdım. O otaqda Həmid ağanın gözlərinin içindəki atəşin söndüyünü, içində dəli leysanların yağdığını və qibləsi olan Təbrizə xəyanət etmək üçün “kod adı” almaq üçün sonuncu dəfə orada olduğunu gördüm. Məhz bu görüşdən sonra Həmid Herisçi mifi (ən azından) mənim üçün dağıldı.

Bir gün Bakıda dördüncü dəfə görüşmüş olsaq, Həmid ağa mənim gözümdəki atəşi və inancı görəcək. Mən isə hələ də onun gözlərində minlərlə misralardan asılmış cəsədlər görəcəyəm.

“Kulis”ə müsahibəsi İran-ABŞ/İsrail müharibəsi haqqındadır. Axıra qədər oxudum. Həmid ağa müsahibə boyunca bircə dəfə də olsun cəsarətlənib müharibənin əsl səbəbindən danışa bilməyib. Gündəliyinə yazdıqları əgər müsahibədə dediyi kimidirsə, təəssüf. Deməli, gündəliyinə, yəni özünə də yalan danışıb. Təbrizliyəm deyən, SSRİ kitabını yazan, partizanlara salam göndərən, pirlərdə ilahi ədalət axtaran bir şair bu qədər ciddi və həssas mövzuda dəqiq fikrini ifadə edə bilmir. Müharibə niyə baş verdi, Həmid ağa? Ata yurdun(m)uz Təbriz bu müharibənin harasında qaldı? Əminəm ki, bilirsiniz. Və əminəm ki, müsahibədəki kimi gündəliyinizə yandaş-yandaş şeylər yazmamısınız, yenə bizimlə "məzələnirsiniz".

Şahın xəyanətini görüb, mollaların sürgününü yaşayan atalarınızın xətrinə bu müharibəyə mollavari yas tutub, Təbrizə “şah tərifi” vurmağınız da yəqin ki hansısa maraqlarınızın bir yanıltmasıdır.

Siyasi atmosferdə bu yazını davam etdirib sizə “uzunmənzilli raketlərlə zərbə vurmaq” istəmirəm. Qoy onlar bizim üzbəüz görüşümüzə qalsın. Sizin postmodern ədəbiyyatınızın şəxsinizdə və yaradıcılığınızda necə dekadansa çevrildiyindən bəhs edəcəyəm. Sizi örnək verib postmodernizm və iyirmi birinci əsr dekadanslığından yazacağam. Mətnə akademik dillə davam edəcəm ki, məzələnmədiyimdən əmin olasınız.

İncəsənət və ədəbiyyat təkcə estetik ifadə sahəsi deyil, həm də cəmiyyətlərin düşüncə tərzlərini, böhranlarını və transformasiyalarını əks etdirən bir güzgü rolunu oynayır. Hər dövr öz ruhunu yaratmış və hər ruh sənətin dilini dəyişdirmişdir. 20-ci əsrin ikinci yarısından etibarən bu dəyişiklik ən görkəmli formasını “postmodernizm” adlanan anlayışda tapmışdır. Lakin bu gün bu anlayış daha parçalanmış, daha qeyri-müəyyən və tez-tez “dekadent” kimi təsvir edilən yeni bir düşüncə tərzi ilə əvəz olunur.

Postmodernizm modernizmin “böyük hekayələrinə” etiraz olaraq yaranmışdır. Modernizm dünyanı ağıl, tərəqqi və elm vasitəsilə izah etməyə çalışarkən, postmodernizm bu qətiliklərə şübhə ilə yanaşır. Orada reallığın vahid təfsirinin olmadığı və hər şeyin nisbi olduğu iddia edilir. İncəsənətdə bu yanaşma böyük bir transformasiyaya səbəb olub. Əsərlərin artıq aydın başlanğıcı və sonu yoxdur. Hekayələr parçalanır, zaman xətləri pozulur və personajlar uyğunsuzlaşır. Müəllif oxucuya “bu, yeganə həqiqətdir” demir, əksinə, onlar “bir çox ehtimal var” deyirlər.

Postmodern ədəbiyyatın ən vacib xüsusiyyətlərindən biri istehzadır. Müəllif həm danışdıqlarına inanmış kimi davranır, həm də onu sorğulayır. Reallıqla uydurma arasındakı xətt bulanıqdır. Məsələn, roman tarixi bir hekayə kimi görünə bilər və eyni zamanda tarixin özünü sorğulayır. Bu anlayış yalnız ədəbiyyatla məhdudlaşmayıb. Postmodern təsirlər rəssamlıqda, kinoda, memarlıqda və hətta musiqidə də müşahidə olunub. Populyar mədəniyyətlə yüksək incəsənət arasındakı sərhədlər bulanıqlaşıb. Cizgi filmi və fəlsəfi mətn eyni səviyyədə qiymətləndirilməyə başlayıb. Lakin zaman keçdikcə postmodernizmin bu azadlığı özündə də bir yorğunluq yaradıb. Daim parçalanmış məna, daim sorğulanan reallıq müəyyən bir nöqtədə bəşəriyyəti yeni bir boşluğa sürükləyib. Dekadensiya sözü “çöküş” və “degenerasiya” mənalarından qaynaqlanır. Ədəbiyyatda bu, xüsusilə 19-cu əsrin sonlarında ortaya çıxan bir tendensiyaya aiddir. Bu hərəkatında sənətçilər cəmiyyətdə dəyərlərin itirilməsi, mənəvi tənəzzül və fərdin daxili çöküşü məsələlərinə toxunurlar.

Dekadensiya ədəbiyyatında gözəllik çox vaxt xəstə, kövrək və melanxolikdir. Ölüm həyatdan, tükənmə ümiddən, dağılma isə tərəqqidən üstündür. Bu ədəbiyyat bir növ estetik pessimizm yaradır.

Məsələn, dekadensiya yazıçıları üçün şəhərlər canlı məkanlar deyil, ruhsuz labirintlərdir. Fərd güclü bir subyekt deyil, öz daxili dünyasında itmiş bir varlıqdır. Buna görə də, dekadensiya ədəbiyyatı çox vaxt “sonluqlar ədəbiyyatı” kimi qəbul edilir.

Burada vacib bir məqam var: Dekadensiya təkcə pessimizm deyil, həm də estetik seçimdir. Yəni yazıçı sadəcə çöküşü təsvir etmir; onlar onu gözəlləşdirir, formal bir sənət formasına çevirirlər.

21-ci əsrə qədər postmodernizmin açdığı məkan yeni bir nöqtəyə doğru inkişaf etmişdir. İnternet, sosial media, rəqəmsal mədəniyyət və daim sürətlənən informasiya axını reallığın qavranılmasını daha da parçalayıb. Problem artıq sadəcə “reallıq tək deyil” deyil. Problem reallığın tamamilə parçalanmasındadır. Hər şeyin eyni vaxtda mövcud olduğu, lakin heç bir şeyin tam məna kəsb etmədiyi bir dövr yaranıb. Bu vəziyyət postmodernizmi bir addım daha irəli aparıb: artıq mənanın çoxluğu ilə deyil, mənanın tükənməsi ilə bağlıdır. Dekadensiyanın yenidən ortaya çıxdığı yer budur.

21-ci əsrin dekadensi klassik mənada mənəvi tənəzzüldən daha genişdir. Bu, rəqəmsal dövrün yaratdığı daimi yayındırıcı amillər, səthilik və sürət mədəniyyəti ilə birləşən bir növ mənəvi yorğunluqdur.

İnsanlar indi təkcə dəyərlərini deyil, həm də diqqətlərini itirirlər. Daim istehlak edən, lakin heç nə ilə dərindən əlaqə qura bilməyən bir fərd ortaya çıxır. Ədəbiyyat da bu yeni vəziyyətdən təsirlənir: parçalanmış hekayələr, bitməyən hekayələr, daim kəsilən düşüncələr... Bunlar yeni dövrün estetik formasına çevrilir.

Bu kontekstdə postmodernizm keçid mərhələsi kimi görünür. Onun açdığı azadlıq məkanı 21-ci əsrdə bir növ məna böhranına və estetik yorğunluğa çevrilir. Öz növbəsində, dekadans bu yorğunluğun dilinə çevrilir. Bu nəzəri çərçivəni Azərbaycan ədəbiyyatına nəzər saldıqda konkret şəkildə görmək olar. Xüsusilə Həmid Herisçi bu transformasiyanın bariz nümunəsidir.

Herisçinin ədəbi dünyası postmodern qırılmaların və dekadent həssaslıqların bir-birinə qarışdığı bir məkan hesab edilə bilər. Onun əsərlərində reallıq və bədii ədəbiyyat tez-tez bir-birinə qarışır. Və yaradıcılığı getdikcə saxtakarlaşır. Tarix, mifologiya, şəhər həyatı və fərdi yaddaş eyni mətn daxilində bir-birinə qarışır. Bu baxımdan, Herisçi postmodern texnikalarından istifadə edərkən dərin bir çürümə və yadlaşma hissi də daşıyır. Xüsusilə son şeirləri çürümənin və məğlubiyyətin dayanacağında dayanıb müti şəkildə boynunu büküb gözləyir. Təəssüf...

Həmid Herisçinin müsahibəsi 22 apreldə yayımlandı. Mən də bu yazını 22 apreldə yazdım. 22 aprel həm Həmid Herisçi üçün (xüsusən gəncliyi üçün), həm də mənim üçün xüsusi bir dəyər daşıyır. 22 aprelin xətrinə Həmid Herisçiyə uzun ömür və mübarizə yolu arzulayıram.

# 220 dəfə oxunub

Oxşar xəbərlər

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
Satiralarına görə teatra senzura tətbiq edilən ingilis yazıçı kim idi?

Satiralarına görə teatra senzura tətbiq edilən ingilis yazıçı kim idi?

12:30 22 aprel 2026
Məhəmməd İqbal - Böyük Moğollar dönəminin son yadigarı

Məhəmməd İqbal - Böyük Moğollar dönəminin son yadigarı

13:00 21 aprel 2026
Ceyrana görə Fransaya gedən yazıçı - Çingiz Aytmatov ona  məktubunda nə yazmışdı?

Ceyrana görə Fransaya gedən yazıçı - Çingiz Aytmatov ona məktubunda nə yazmışdı?

11:30 20 aprel 2026
"Balkan ədəbiyyatının Qorkisi" - Hansı məşhur yazıçı onu ölümdən qurtarmışdı?

"Balkan ədəbiyyatının Qorkisi" - Hansı məşhur yazıçı onu ölümdən qurtarmışdı?

12:40 16 aprel 2026
"Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir..." -  O, Tanrı haqqında nə yazırdı?

"Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir..." - O, Tanrı haqqında nə yazırdı?

13:00 15 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər