news-inner
clock14:40 calendar-gray 14 May 2019 view-gray502 dəfə oxunub
view-gray502 dəfə oxunub

Bir qolu ilə ailə saxlayan Saday – Hekayə

Kulis.az Salman Alıoğlunun “Çadır düşərgəsi” silsiləsindən “Taleyin tərs üzü” adlı hekayəsini təqdim edir.

Arı pətəyinə bənzəyən çadır düşərgəsinin üzərinə qərib bir axşam düşürdü. Yavaş-yavaş yoldan-izdən əl-ayaq yığışırdı. Bu balaca çadırlar erməni işğalı nəticəsində yurd yerlərindən, evlərindən didərgin düşən adamların ümid yerinə, pənahına çevrilmişdi. Qarabağ müharibəsindən qurtulub sağ qalan insanların nəzərində həmin çadırlar doğrudan da nicat işığı kimi qiymətli bir şey idi. Bərdə ərazisində, ilan mələyən düzlərdə üç belə çadır düşərgəsi salınmışdı.

Ancaq, hər çadırlar özü boyda bir kədər, bir qəm oylağı idi. Bu çadırlarda yaşayan ailələrin demək olar ki, hər biri elan olunmamış müharibədə fiziki və maddi itki vermişdi. Ona görədə axşam düşən kimi həmin çadırlar elə bil inildəyirdi, bu dilsiz- ağızsız çadırlar ah naləyə dözə bilmir, göz yaşlarından islanırdı. Buradan, elə bil göy üzündəki ayın üzərinə də kölgə düşürdü.

Elan olunmamış müharibə isə davam edir, hər gün cəbhədən qara xəbərlər gəlirdi.

Saday cavan yaşında sağ qolunu elə bu müharibədə itirmişdi. Bir əlin umuduna qalan Saday qolunu itirdiyinə görə peşiman olmamışdı, hər dəfə söhbət düşəndə deyirdi ki, bir qolum yox ey, canım bu vətənə qurban olsun. Özünə kişi deyənin torpağı işğal altında qala bilməz. Bizim kolanı ellərində təkcə bir balaca kənddən qırx iki nəfər döyüşlərdə həlak olub. Üç nəfər isə itkin düşüb. Bu torpaqlar hamınındır. Elə rayon var ki, oradan heç on nəfər şəhid olmayıb. Belə müharibə olar?

Saday bir siqaret yandıraraq tüstünü hirslə ciyərlərinə çəkərək onun başına toplaşmış adamlara dedi:

-Dədə, babamız gözü kölgəli, başı aşağı, xəcalətli yaşamayıb. İndi bizə nə olub? Yardım üstündə bir birinizi qırırsınız, hələ bir kişilikdən də danışırsınız. Hamı şahiddir ki, ilk gündən mən o yardımdan imtina etmişəm və onu gətirənlərə də demişəm ki, bunlar mənə lazım deyil. Torpağımı, evimi qaytarın.

Saday bu sözləri yana-yana desə də çox adam onun dediyinə istehza ilə yanaşır və öz aralarında deyirdilər ki, ə, bunun başı xarab olub. Gəlin gedək yardım davamızı eliyək. Guya, Sadaya canları yandığından deyirdilər ki, beş altı gündən sonra aclıq onu yardım növbəsinə gətirəcək,yaxud da, elə aclıqdan bu çadırların arasında gəbərib öləcək.Yazıq onun arvad uşağının halına.

Həmin günün axşamı Sadaygilin çadırına səssizlik çökmüşdü. Saday gözaltı baxdı ki, arvadı Səltənətin üz-gözündə qəm-kədər yuva qurub, göz yaşları üzündə iz buraxıb. Səltənət nimdaş paltarının süzülmüş yerlərini sığallayır və sanki ciddi-cəhdlə həmin süzülən yerləri əllərinin hərarəti ilə örtmək istəyirdi. Saday başını yerə dikdi, gözləri bir nöqtəyə ilişib qaldı. Uşaqlar isə hər şeydən xəbərsiz yatmışdılar.

Səltənət bayaqdan Sadaydan gizlətdiyi göz yaşlarını saxlaya bilmədi və eləcə hıçqıraraq dedi:

- Ay Saday, indi neyləyək? İki gündən sonra məktəb açılır, Alxanın ayaqqabısı yoxdur, heç bilmirəm tifil neyləyəcək? Bacıları heç olmasa keçən ilki ayaqqabılarını sahmana salıb geyinəcəklər. Elə bir dəyərli şeydə qalmayıb, sən qospitalda yatanda olan qalanı satıb sənin dərmanlarına vermişəm. Allah haqqı, səndən gizlin iki-üç gündür ki, Bərdəyə ayaq döyərək iş axtarıram.Camaat öz hayındadır, hərə bir tərəfə üz tutub, bu Allah vurmuş müharibə də qurtarmaq bilmir.

Saday Səltənətə təsəlli verə bimədi və dərindən köks ötürərək lal dinməz dayandı. Amma Saday hiss etdi ki, müharibədə itirdiyi qolunun yeri bərk sızıldayır və həmin o qəddar sızıltı ürəyinin başına köz kimi yapışıb.

Saday səhəri dirigözlü açdı. Çadır düşərgəsinin yaxınlığından keçən magistiral yola çıxdı. Heç nəyə gümanı olmasa da piyada yola düzəldi və Günəş dan yerindən bir barmaq boyu qalxanda şəhərdəki köhnə univermağın qarşısına çatdı. İşsizlərin, imkansızların, köçkünlərin çoxu buranı Qul bazarına çevirmişdilər. Günortaya qədər qul bazarı seyrəlməyə başladı.

Sübh tezdən ayaq üstə dayanan Saday hiss etdi ki altı yamaqlı ayaqqabısının içində ayaqları şişib. Taqətsiz halda səkinin qırağında oturdu. Aclıqda bir tərəfdən onun ürəyini üzürdü. Nigarançılıq da bir tərəfdən, Bir qolu olmayan adamı kim işə aparardı?! Yeganə ümidi olan sol əli ilə dizini ovuşdurur və ürəyində öz taleyinə asi düşmüşdü.

Yadına acı bir xatirə düşdü. Atasının üzərinə şər ataraq onu həbs etdirmişdilər. Böyük qardaşı onda sovet ordusunda hərbi xidmətdə idi. Saday hələ uşaq idi və əli-qolu çox kövrək olduğu üçün işləyə bilmirdi. Anası xəstə düşmüşdü. Çox kasıb yaşayırdılar, Saday günlərlə ac qalırdı.

Bir gün axşamüstü Saday aclığa tab gətirməyərək ağlamağa başladı. Anası məcbur qalıb, onu kəndin ayağında yaşayan xalasıgilə çörək dalınca göndərdi. Kəndin itlərindən qorxsa da ayrı çarəsi yoxuydu. Getdi.

Para təndir çörəyini sinəsinə sıxaraq iti addımlarla geri qayıdan da qəfildən ayağı ilişdi və Saday üzü üstə yerə yıxıldı. Çörək əlindən düşdü. Elə bu zaman yaxınlıqda dayanmış bir it çörəyi qaparaq qaçdı. Bir az o tərəfdə dayanmış iki-üç kişi gülməyə başladı. Sadayın əllərinin içi və dizlərinin gözü qanamışdı. Qanlı əlləri ilə göz yaşlarını sildikcə yanaqları aşağı qan axırdı... Saday özünün çox köməksiz və yazıq olduğunu ağrı ilə birlikdə dərindən hiss etdi.

Günortadan xeyli keçsədə Saday iş tapa bilməmişdi. Hamı çəkilib getmişdi. Hara gedəcəyini bilmirdi, çadıra nə üzlə qayıtsın? Ürəyinin başını xəncər kimi deşən fikir xəyal da bir yandan onu üzürdü. Elə bu zaman ona yaxınlaşan bir kişi salamsız-kəlamsız soruşdu:

-Ə, burda səndən başqa adam yoxdur?

-Yox .

Bu tosqun, üz-gözündən simiclik yağan kişi öz-özünə deyinməyə başladı:

-Bəs,mən bu quyunu kimə qazdırım? Belə dar macalda kimi tapım?!

Saday sanki yuxudan ayıldı və tez dedi:

-Qardaş,mən ölmüşəm ki, adam axtarırsan, gedib o quyunu qazaram.

Kişi çəp-çəp Sadaya baxaraq dedi:

-Ayə, sən şikəst adamsan, quyu qaza bilməzsən.

Saday tez dilləndi:

-Qardaş, şikəstliyimə baxma, cəbhədə o qədər səngər qazmışam, heç narahat olub eləmə.

Görünür həmin o quyu çox vacib olduğu üçün kişi Sadayı aparmağa məcbur oldu. Yolda şərt də kəsdi:

-Bax qaza biməsən, sənə kor qəpikdə verməyəcəyəm.

Şərtindən razı qalan kişi Sadaya dedi ki,üç metr quyunu qaza bilsən, sənə beş manat verəcəyəm.

Saday dedi:

-Qardaş, Allah haqqı, çox ehtiyacım var, pulu bir az qaldır. Quyudan başqa da nə iş desən, görəcəyəm. Razılaşdılar.

Günəş dağların arxasına çəkiləndən sonra qaş qaralmağa başladı, axşam düşürdü. Saday qan tər içində işləyirdi, elə bil ilahi, onun tək qoluna qüvvət vermişdi. Əli heydən düşəndə torpaq yığdığı vedrəni dişilərinin arasında bərk sıxaraq daşıyırdı. Lap taqətdən düşəndə Saday torpaq dolu vedrəni sürünə-sürünə itələyib aparmağa başladı. Bütün gecəni işlədi. Dan yeri qızaranda ev sahibinin dediyi ölçüyə lap az qalmışdı.

Günorta işini qurtardı.Tək qolu zoqquldayırdı, dünəndən ac olduğunu da indi hiss etdi. Ev sahibi Sadayın qoçaqlığını görəndən sonra həyət qapısının yanına tökülmüş mişar daşlarını da daşımağı tapşırdı.

Saday enli bir dəmir parçası tapdı və çətinliklə olsa da onun bir qırağın deşərək ora ip bağladı. Sonra mişar daşlarını tək əlli itələyərək onun üstünə yığaraq daşımağa başladı. Bu işi də qurtaranda Sadayın kürəyinin arasıyla tər seli axırdı.

Ev sahibi yaxşı işlədiyinə görə Sadaya iyirmi manat pul verdi. Axşam düşsədə mağazaların çoxu işləyirdi. Saday səkkiz manata oğluna bir cüt ayaqqabı aldı, qalan puluna da, beş ədəd zavod çörəyi, yarım kilo mal əti alaraq zənbilinə yığdı. Çadır düşərgəsinə qayıtmaq üçün saxladığı yol pulunu da verərək Səltənətin ən çox sevdiyi “Düşes” limonadından bir şüşə aldı və payi-piyada düşərgəyə tərəf getdi.

Çadır düşərgəsinə çatanda artıq gecəyarıdan keçmişdi. Həmin gecəni nə Saday, nədəki Səltənət çimir eləmədilər. Səhər Alxana təzə ayaqqabı geyindirib məktəbə yola saldılar. Bir cüt ayaqqabı bu ailəyə sonsuz sevinc gətirmişdi...

Uşaqlar məktəbə gedəndən sonra Səltənət Sadayın tək qolunu öpüb oxşayaraq hönkü-hönkür ağlayırdı...

news-inner-user

13454 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

"Yuğ"da yenə "Vəsvəsə" olacaq
18:00 07 Dekabr 2019
Müdirinin katibəsi ilə evlənən kişi - İkinci Mahmudun hekayəsi
17:00 07 Dekabr 2019
İngiltərə Elif Şafakın bu romanını ilin ən yaxşısı elan etdi
16:00 07 Dekabr 2019
Məşhur aktyor sətəlcəmdən dünyasını dəyişdi
15:00 07 Dekabr 2019
Tanınmış şairin qızı Qüdsdə konsert verdi - Foto
14:01 07 Dekabr 2019
Azərbaycanlı naşir: “Kitablarımız Fransanın 70 min kitab mağazasında satılacaq” – Müsahibə
13:28 07 Dekabr 2019
Əlil aktyorların iştirakı ilə "Solğun çiçəklər" nümayiş olundu - Foto
12:30 07 Dekabr 2019
Azərbaycanlı dramaturq 65 yaşında vəfat etdi
12:00 07 Dekabr 2019
Ermitaj Muzeyi Çingiz xan daş kitabəsini Monqolustana hədiyyə etdi
11:20 07 Dekabr 2019
"Bu şəhərdə" 200 minlik "Şabaş"ı təqdim etdi - Foto
10:40 07 Dekabr 2019
"Qaranlıqdan reportaj" təqdim olunacaq
10:00 07 Dekabr 2019
Arvadbaz, dəlisov, qadın düşkünü... - Yeni layihə
09:00 07 Dekabr 2019
Cəmi 1 saata həyatınız dəyişə bilər
21:00 06 Dekabr 2019
"Mələk" filmi nümayiş olunacaq
18:53 06 Dekabr 2019
"Audio Kitab" layihəsində Nəsiminin qəzəlləri səsləndirilib
18:20 06 Dekabr 2019
Bütün dualara əngəldi İsa - Rəşad Nağı şeirlərini oxuyur - Video
17:46 06 Dekabr 2019
Məktəbli qızın oğurlanmasından bəhs edən roman çap olunub
17:21 06 Dekabr 2019
“Sözlər və nəsnələr” kitabı təqdim edildi - Fotolar
16:51 06 Dekabr 2019
Kənan Hacı ABŞ-ın nüfuzlu mükafatını qazanıb
16:20 06 Dekabr 2019
Nizami Gəncəvinin türk dilində nəşr olunan "Xəmsə"si təqdim olundu - Foto
15:37 06 Dekabr 2019