"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən
4 sentyabr 2026
# 10:00

Bu gün tanınmış yazıçı, ictimai xadim, ədəbiyyatşünas Əzizə Cəfərzadənin anım günüdür.

Kulis.az onun "Natəvan haqqında hekayələr" silsiləsindən "İki arzu" hekayəsini təqdim edir.

Üç il keçdi. Bu üç ildə Şuşanın qərbində, Xəlfəli kəndindən on kilometrə qədər aralı olan Sarıbaba bulağından şəhərə su kəməri çəkildi. Üç il... Bu üç ildə Natəvan dönə-dönə, hər həftədə iki-üç dəfə atlanıb iş üstünə çıxdı, fəhlələri mükafatla, mehriban sözlərlə ruhlandırdı. Su yolunda çalışanlar üçün dağlarda alaçıqlar qurdurdu, hər gün onlar üçün qoyunlar kəsdirdi. Fağır Qonçaya və Sədra xalaya xörək-çörək bişirməyi həvalə etdi.

Su yolunda çalışan muzdlu fəhlələrdən başqa köməyə gələnlər də çox idi. Avanes kirvə, çölqalalı Zeynal kişi, mərdinli Nəcəf, ləzgi uşaqları Usta Məhərrəm və Məhəmməd, hətta qoca dərzi Nikolay və başqaları suyun şəhərə tez çatması üçün əllərindən gələni edirdilər. Sarıbaba bulağından Şuşanın Köçərli və erməni məhəllələrində tikilən daş bulaqlara qədər iyirmi beş-otuz kilometrlik su arxları qazılır, içərisinə saxsı novlar qoyulur, üstü örtülürdü. Su çəkilişində bu üç il ərzində çox hadisələr baş vermişdi. Bunlardan biri bəyimin yadından çıxmır. Bir gün arabalarla fəhlələrə yemək ehtiyatı aparan aşpaz Əliqara qayıdıb bəyimə xəbər gətirdi ki, su kəməri çəkilən yol gəlib bərk bir qayaya dirənib. Qayanı yarmaq, nə də arxı onun çox yüksək olan üstündən keçirmək mümkün deyil. Yol yalnız dərə boyu həmin qayanın belindən keçən ensiz cığırdan çəkilə bilər. Yer bərk və qorxuludur. Təkcə Usta Murad, Surxay könüllülərdən iş çıxmaz. Tutma fəhlələr isə işləməkdən boyun qaçırırlar. Usta Murad bəyimə ismarış göndərmişdi ki, «əlimdən bir şey gəlməz, vaxtı olsa bir özü zəhmət çəkib iş yerinə buyursun».

Xan qızı xəbəri alan kimi atlanıb arx çəkilən yerə yollanmışdı. Bəyim atdan düşəndə fəhlələr cəld cilovdan yapışdı. Doğrudan da hər şey onun eşitdiyi kimi idi, hiç kəs işləmirdi. Qoca Muradın ona izah etdiyi kimi suyu bu yerdə qayanın üstünə qaldırmaq olmazdı. Arx, mütləq qayanın altı ilə uçurumun üstündəki ensiz çığırla keçməli idi. Sərt yarğanlardan su sızırdı. Üstdən baxanda göz qaralır, dərənin dibi görünmürdü. Bəyim azacıq diqqətlə baxdı və qəti bir səslə əmr etdi:
— Kəndir verin!

Kəndirin nəyə lazım olduğunu başa düşməyən fəhlələr cəld əmri yerinə yetirdilər. Bəyim kəndiri belinə bağlayanda Usta Murad məsələni anladı; bir addım irəli gəldi.
— Bəlkə mən enəm, bəyim, — deyə yavaşca pıçıldadı.
Bəyim eyni səslə cavab verdi:
— Yox, usta, belə lazımdır.

Aralıda duran fəhlələr, xüsusilə Surxayın etiraz səsləri xəfif bir uğultu kimi eşidildi və yavaş-yavaş ucaldı. Usta arxasına dönüb Surxaya göz ağartdı.
— Biz ola... ola... nə düşüb... Olan döyü...
— Sənnik iş yoxdu.

Usta, bəyimin nə edəcəyini bilməsə də haqlı olduğunu dərk edirdi. Bəyim qayanın kənarına çatanda usta pıçıldadı:
— Bəyim, üzü qayaya tərəf sürüş, dərəyə nəbadə-nəbadə baxasan...
— Yaxşı, arxayın ol, usta...

Usta Murad, Surxayı və qüvvətli cavanlardan ikisini irəli çağırdı, kəndiri onlara verdi:
— Ehtiyatla, yavaş-yavaş ipi boşlayın, birdən boşaltmayın.

Qəzəbli və narazı gənclər xəcalətdən qızarmış üzlərini harda gizlədəcəklərini bilmədikləri halda ipi əllərinə dolayıb ehtiyatla bəyimi aşağı buraxmağa başladılar. Bəyimə yalnız Usta Murad baxırdı, qalanları isə çəkilib xəcalətlə aralıda durmuşdu...

...Nəhayət, bəyimin ayağı yerə toxundu. O, kəndirdən yapışıb yavaş-yavaş sərt qayanın beli boyu uzanan ensiz çığırla irəlilədi. Onun hərəkəti ilə həmahəng olaraq ipi tutmuş gənclər də yuxarıda irəliləyirdilər. Arxın yarımçıq kəsildiyi və cığırın nisbətən enli olduğu yerə çatanda bəyim durdu, burada bel-külüng tökülmüşdü. Fəhlələr bundan o yana işi davam etdirməkdən çəkinmişdilər.

Bir an gözü mamır, yosun basmış yarğanlara, ondan aşağı boz duman qalxan qaranlıq dərəyə baxdı. Üşəndi, başı gicəlləndi. Əlləri titrək bir hərəkətlə ipdən daha bərk yapışdı. Lakin bu bircə an oldu. O, cəld gözlərini firuzəyi səmaya çevirdi, qəlbində pıçıldadı: «Yox, yox, ixtiyarım yoxdur, mənə yüz göz baxır, bütün arzularım məhv olar...» O özünü ələ alıb irəlilədi.

Usta Murad Xurşidbanunun hər bir hərəkətini izləyirdi. Burada bəyim əlini şalvarının cibinə salıb bir kisə çıxardı. Kisədən bir pul götürüb durduğu yerə qoydu, sonra iri bir addım atıb yenə əyildi və bir pul qoydu, yenə də bir iri addım atıb bir pul qoydu... beləliklə, bəyim düz yüz beş dəfə əyilib qalxdı və hər dəfə də yerə bir pul qoyub qalxdı. Nəhayət, sərt cığır qurtardı, bu yerdən bəyim nisbətən asanlıqla yuxarı qalxdı. Yalnız indi onun məqsədini dərk edən Usta Murad öz yoldaşlarının əvəzinə utandığı halda başını aşağı dikib durmuşdu. Bəyim yuxarı qalxan kimi əllərini bir-birinə çırpdı, tozunu təmizlədi, mehribanlıqla gülümsəyib dilləndi:
— Sənə ağır gəlməsin, usta. O yüz beş qızıl bulağın mehridi. Yol orda doğrudan da çox çətindi. Kim o yerdən keçdi, hər addımını qazdıqca mehrin bir qızılı ona düşür.

Sonra fəhlələrə döndü, bir qədər ərkyana ucadan dedi:
— Siz bəs necə kişisiz, mən zənən xaylağı endim, siz enməyə qorxursunuz...

Fəhlələri doğrudan-doğruya xəcalət təri basmışdı: bəyimin cürətinə, səxavətinə heyran qalmışdılar. Onlar atı yaxına çəkdilər. Bəyim quş kimi ata qalxdı. Uzun müddət arxasınca «Sağ olsun, bəyim» sözlərini eşidirdi.

İndi işlər qurtarmaq üzrə idi.
Bu gün də Natəvan öz yaxın rəfiqəsi Fatma xanım Kəminə və xidmətçisi Gülzamanlə birlikdə şəhərin qərb tərəfinə seyrə çıxmış, yolüstü iş yerinə də dəymişdi.

Onlar buraya gələndə məzəli bir əhvalatın şahidi oldular. Uzunqulağının üstündəki güyümlərdən yol fəhlələri üçün qoyulmuş qazanlara su boşaldan suçu Arutyun zarafatla deyirdi:
— İçin, için, qadanız qara günlüyə, su arxını olub qurtaranda borcumu verərsiniz.
— Ərtun kirvə, məhəllənizə bulaq çəkiləndən sonra suyu neynəyəcəksən?
— Su aşı bişirəcəm, dərdin alım... Hamı gülüşdü, Natəvan Kəminəyə dedi:
— Mirzə, görəsən, bu kişini qazancından əl çəkib fəhlələrə su daşımağa vadar edən nədir? Mən ki ona əmr etməmişəm. Güzəranı da bir bu uzunqulağa, bir də o güyümlərə bağlıdır.

Fatma xanım gözlərini rəfiqəsinin nur saçan ilhamlı çöhrəsinə zillədi:
— Bəs səni nə məcbur etdi? Hər kəs varına görə, bacarığına görə iş tutur. Əzizim, sən minlərlə pul qoyub su yolu çəkdirəndə, kasıb Ərtunun gücü də bir uzunqulaq yükü suya çatar, Fağır Qonçanın da qüvvəsi çörək bişirməyə yetər. Elə deyilmi, mənim Xurşidim? Bu savab işdə kim işləməz?

— Mane olan da az deyil, Mirzə, özün ki bilirsən, — deyə o, dərindən köksünü ötürdü.
— Sən heç kəsə qulaq vermə, Xurşidim, heç kəsə! Qoy xalq özü sənin zəhmətinə qiymət versin, o da ki verir. Öz gözünlə görürsən.

Kəminə xəz haşiyəli göy məxmər kürdüsünü sahmanladı. Abı haşiyəli qara kəlağayısının ucunu boynuna dolayıb çənəsinin altında bərkitdi. Əllərini yanlardan gen tumanının büzmələri arasında gizləyib, üşənirmiş kimi rəfiqəsinə qısıldı. İki iri üzüm giləsinə oxşayan dəyirmi gözlərini Natəvanın baxdığı üfüqə zillədi. Bu gözlərin hər birində bir günəş parıldasa da, onlardan qadınlığın ağır, acı dərdi, kədəri süzülürdü. Şairə Mirzə Fatma rəfiqəsinin dalınca deyilən qeybətləri çox yaxşı bilirdi. Dedi:

Dönübdür qanə könlüm Şişə içrə çox zəif haləm,

Buna şahid rüxi-zərdü do çeşmi-əşkbarımdır.

Natəvan rəfiqəsinə yanakı baxdı. Beytdə təsvir olunan yaş dolu qara gözləri gördü, dərdinə şərik, həmdəminin əlini usulca sıxdı:
— Sağ ol, Mirzə, — dedi. Sonra onun məğrur baxışları uzaqdan duman içindən güclə seçilən Murovdağa dikildi. Onun da sıx sürməli kirpikləri nəmləndi, nazik dodaqları pıçıldadı:

— Dünyada iki böyük arzum vardı, Mirzə. Birinə budur - çatdım, — deyə o, əlinin xəfif hərəkəti ilə su yolunu göstərib susdu...

Fatma xanım Kəminə Natəvanın əlindən tutdu:

— Bəs o birisi? — deyə soruşdu.
Natəvan dikəldi, sanki bu hərəkəti ilə ağır düşüncələri xəyalından silib atmaq istədi.

— O birini də çatanda deyərəm... — deyə gülümsədi.

Onlar irəlilədikcə yol boyu, arx üstü basdıran fəhlələrlə qarşılaşır, salamlaşıb ötürdülər. Yol ayrıcında sıldırım qaya altından keçən dar keçiddə Usta Muradla, əlində külüng olan Surxaya rast gəldilər. Gəncin görkəmi xeyli dəyişmişdi. Çoban Surxay üç ilə yaxın idi ki, otardığı sürüdən ayrılıb, Usta Murada şagird gəlmişdi.
— Salam, usta!
— Əleykəssalam, bəyim!
— İşlər necədir?
— Gün xoşla, ay bəyim, bu gün-sabah suyu şəhərə çatdırarıq.
— Şagirdindən necə, razısanmı, usta? — deyə Natəvan əvvəl Surxaya sonra da öz şirindillisi Gülzamana baxdı.

Bu üç ildə o hər zaman Gülzamanla birlikdə iş üstünə çıxanda hər iki cavanın bir-birinə meyl göstərdiyini gözlərinin parıltısından, üzlərinin qızarmasından duymuşdu; iş üstünə Gülzamansız gələndə evdən çıxarkən qızın bura çatanda Surxayın nəzərində oxumuşdu. Küskün intizar, sonsuz həsrət şairənin gözlərindən yayınmamışdı.
— Yaxşıdır, bəyim, üzə tərif olmasın, Fərhad kimi dağ çapır, külüngünün ağzından od-alov çıxır.

— Çox yaxşı dedin, usta, elə siz hamınız bu dağların Fərhadısınız...

Qayıdan baş o, gülə-gülə Kəminəyə dedi:

— Mirzə toya hazırlaş, sənə yaxşı bir toy şənliyi vəd edirəm.
— Nə toy, Xurşid? Kimin toyu?
— Gülzamanım qanad çalıb uçacaq, Mirzə, o da mənitək qoyacaq!
— Yox a? Ha... ha... ha...
— Boy, başıma xeyir, sözciyəzinmi yoxdu, ay bəyim? — deyə Gülzaman kirpiklərini yerə endirib pıçıldadı. — Yaxşı bəs toy haçandı?

— Su şəhərə çatan günü. Birinci saqimiz Gülzaman olacaq. Cavan fəhlələrdən birinci kimə su versə, qızcığazımı ona verəcəyəm.

Hər ikisi güldü, utandığından arxada qalmış Gülzaman isə son sözə qulaq kəsildi.

Dayan, dərviş, bayramdır

Tam üç il bellər, külünglər, kürəklər işlədi, yerin bağrını sökdü; xərəklərdə torpaq, daş və palçıq daşındı; onlarla Surxaylar çıxıb Fərhad kimi dağlara sinə gərdi, adlı igid oldu, qayalarla güləşdi. Sarıbabadan gələn su yolu qıvrıla-qıvrıla dağ aşdı, dərə keçdi, sıldırım adladı. Nəhayət, o əziz gün gəlib çatdı. Bu gün şəhər bayramsayağı bəzənmişdi; hamı ən yaxşı paltarını geymiş, nəyə gümanı gəlirdisə götürüb el bayramına gəlmişdi. Köçərlidə daş atsaydın yerə düşməzdi. Meydana yığılan camaat uşaqlı-böyüklü hamı sükut və həyəcan içində gözünü bir nöqtəyə — daş bulaqdan çıxan nova zilləyib dururdu.

Birdən su novda səsləndi, əvvəlcə xırıltılı, boğuq bir səslə novdakı havanı çölə püskürdü, sonra fışıltı-gurultuyla axdı. Su həsrətində olanlar sevincdənmi, həyəcandanmı susurdular. Səssizliyi yalnız suyun şaqraq səsi pozdurdu.

İnsanlar qurumuş səhrada ilkin su görmüş yolçular kimi heyran-heyran, məftun-məftun baxırdılar; onlar sanki qorxurdular. Elə bil səs çıxarsaydılar suyun səraba çevrilib yox olacağından çəkinirdilər.

Lakin gördükləri həqiqət idi, ürəklərə axan həyat qüvvəsi idi. Bu qüvvə dinməzcə duranları hərəkətə gətirdi. Su həsrəti ilə yanıb qovrulan sinələr həyəcanla qalxıb endi, cadar-cadar olmuş titrək dodaqlar dilləndi:
— Natəvan!.. Bəyim!.. Xan qızı!

— Sağ olsun!

— Var olsun!

— Yaşasın!..

Bağırtılar ucaldı, ucaldı... Bu ara Usta Murad və Avanes kirvə Natəvana yanaşdılar. Usta əlindəki bürünc, naxışlı qırxaçar camı şairəyə uzadıb:
— Al, bəyim, — dedi, — birinci camı sən doldur.

Şairə həyəcanla ətrafında durmuş əyanlara, ruhanilərə, başda Nəvvab və Piran olmaqla dayanmış şairlərə, camaata baxdı, əlini uzadıb camı aldı; onun uzun, ağ barmaqları da kirpikləri kimi titrəyirdi, bəyaz simasına xəfif bir qızartı çökmüşdü; coşqun bir ilham zərif sinəsinə dolub köksünü qabardırdı, söz və hissin çoxluğundan nazik dodaqları aralanır, ancaq danışa bilmirdi. Nəhayət özünü ələ aldı; intizarla boş cama baxan Usta Murad və Avanes kirvəyə sarı dönüb:
— İcazə verin, birinci camı Gülzaman doldursun, ona söz vermişəm, — dedi.

Natəvan ətrafına göz gəzdirdi. Bayramsayağı bəzənmiş gəlin və qızlar içərisindən ən əvvəl gözünə çarpan Xanbikə oldu, ondan azacıq arxada isə Gülzaman dayanmışdı. O, başı ilə işarə edərkən gənc qız quş kimi səkə-səkə xanımının yanına gəldi. Utancaqlığını güclə yenib, bürünc camı aldı, baxdı, camın içərisində, kənarında Gülzamanın oxuya bilmədiyi müxtəlif yazılar və naxışlar vardı. Gülzaman bulağa tərəf döndü, ayaqları sözünə baxmır, dizləri əsirdi. O, səkiyə çıxdı, camı suyun altına tutub doldurdu və xanımına tərəf qayıtdı:
— Birinci cam sənindi, başına dönüm, nuş olsun!

Natəvan camı alıb içdi, yalnız bundan sonra naxışlı bürünc cam əldən-ələ keçməyə başladı. Gülzaman bulaqdan camı doldurub verdikcə susayan da içirdi, susamayan da.

Növbə gənc fəhlələrlə birlikdə gələn Surxaya çatanda, Gülzaman daha da qızardı, üzünü yana tutub camı gəncə uzatdı. Onun bu sadəlöhv hərəkəti Natəvan və Kəminənin gözündən yayınmadı, onlar bir-birinə baxıb səmimiyyətlə gülümsədilər.

Elə bu zaman saz səsi eşidildi. Xalq aralandı, ortalıqda geniş bir meydan yarandı, aşıq dəstəsi ortaya girdi. Birinci oxuyan yaşlı Sar aşıq idi:


Bulaq üstə duran gözəl,

Qara birçək buran gözəl,

Əlin belə vuran gözəl,

Bir cam su ver əllərindən.

İçib o badədən qannam,

Alışıb oduna yannam,

Hər nə desən bil inannam,

Tuti şirin dillərindən.

Avanes kirvə şairəyə yanaşdı. O, örpəyini düzəltməyə çalışan bir erməni qızının əlindən tutub Natəvanın qarşısına çəkməyə səy edirdi:
— Gəl, utanma! Bəyim, başına dönüm, bu qızım yaxşı oxuyur, söz də qoşur, izin versən... axı, bir də bu gün bayramdı... lap çoxdan arzulayıb... deyib oxuyacağam...
— Buyursun, kirvə, izindi.
— Başla, Susanna, utanma...
— Oxu, qızım...

Susanna balaca üçtelli sazını qabarıq köksünə basıb, üzünü indicə oxuyan aşığa çevirdi, onun da təhrik etdiyini, icazə verdiyini görüncə məlahətli bir səslə oxumağa başladı. O hər bir misranı dedikcə bir addım bulağa yanaşır, gülə-gülə onun üçün bir cam su tutub gözləyirmiş kimi duran Gülzamana baxır, sanki nəğməsinin sözlərini məhz ona, parlaqgözlü qıza söyləyirdi:


Xəbər verin ellərimə,

Bilsin qoy cahan, ay gəlin!

Su içməyə bulağımdan,

Gəlsin hər insan, ay gəlin!

Ocağa qoymuşam sacı,

Günüm bir-birindən acı,

Sən ol mənə əziz bacı,

Gülsün hayastan, ay gəlin.

Susannanın can sirdaşı,

Dostluğumun təməl daşı,

Kim görüb bacı-qardaşı,

Belə mehriban, ay gəlin!

O yanda isə artıq mərəkə qızışmışdı, suya qurbanlıq qoyunlar kəsilir, manqallar, təcili düzəldilmiş ocaqlar tüstüləyir, şişlərə kabab çəkilirdi. Meydançanın aşağı başında bayramsayağı düzəldilmiş süfrəyə qarılar duz-çörək, gəlin-qızlar qırmızı yumurta düzürdülər. Bu el süfrəsinə kimin nəyə gümanı gəlirdisə onu gətirmişdi.

Xurşidbanunun işarəsi ilə məclis şənliyə başladı. Bir dəstədə Tuğ aşıqları oxuyur; ikinci dəstədə isə gənc xanəndə Hacı Hüsü özü kimi cavan, lakin artıq yüksək sənətkarlığı ilə tanınmış məşhur tarzən Sadıqcanın müşayiəti ilə zəmin-xara muğamını başladı. Nəvvab, Növrəs, Piran, Natəvan başda olmaqla şeir və musiqi pərəstişkarları doğmaqda olan bu yeni sənət ulduzunu məftunluqla dinləyirdilər.

Qonaqlığın şirin yerində aşağı yoldan Köçərli məhəlləsinə doğru qalxan bir yolçu nəzəri cəlb etdi. Uzaqdan gəldiyi məlum olan bu yolçu dərviş idi; çiynində təbərzin, əlində əsa, qolunda kəşkül olan bu adamın başında çalma, ayağında yun corab və tünd mixəyi rəngli dikburun dəri ayaqqabı, belində ise qurşaq vardı. Dərvişin gündən yanmış sağlam çöhrəsi, pərakəndə saçlarına və uzun saqqalına uymayan zil qara və parlaq gözləri, enli qara qaşları onu çox gənc göstərirdi. Uzun, zəhmətli yol keçməsinə baxmayaraq, əynindəki paltar təmiz idi. Ümumiyyətlə, o, dərviş geyimli olsa da çox səliqəli bir ziyalıya bənzəyirdi. Dərviş aram-aram yaxınlaşdıqca, bayram süfrəsi başına yığılmış camaatı seyr edir; düşünürdü; əgər bayramdırsa, nə bayramıdır? Müsəlmanlarınmı? Xristianlarınmı? Toydursa — yox, deyil, süfrəyə qırmızı yumurta yığıblar, həm də Süleymana hədiyyə gətirən qarışqa kimi hərə bir şey gətirib qoyur...

O yaxınlaşdı, ucadan salam verib keçmək istəyirdi ki, Nəvvab səsləndi:
— Dayan, ağa dərviş, bayramdır, el süfrəsindən tikə kəs! — Sonra məsələni dərvişə söylədi.
— Yolun hardandır?
— Təbrizdən. Bayramınız mübarək olsun, suyunuz soyuq, çörəyiniz isti olsun! Xeyirli günlər görəsiniz, əzizlərim! — deyə o, bulağın yanına gəldi. Gülzamanın doldurub verdiyi piyalanı içdi.
— Nuş olsun, baba dərviş!
— Xoşbəxt ol, qızım! — deyə dərviş gözəl bir səslə oxumağa başladı:

Übürndə səri-bazarə çünki düşdü yolum,

Göründü çeşmimə bir çeşmə abi-kösərdir.

Əbəs yerə bu təvanaya Natəvan dedilər,

Onun zəkası, gücü, şeiri dildə əzbərdir.

Təəccüb eyləmə, Dərviş, cəlalına sən onun,

Deyillər Xan qızıdır — Xurşidi-münəvvərdir.

Yığılan şairlər: Nəvvab, Piran, Məmai, Fani və başqaları hamı bir səslə Dərviş təxəlluslu şairin bədahətən söylədiyi bu şeirə "afərin" dedilər. Bulağın adını isə «Xan qızı bulağı» qoydular. Su bayramı belə qurtardı.

Nağıl deməyə həvəsli nənələr belə deyir ki, Xan qızı bulağı çəkilib qurtaran günü yetmiş yerdə qazan asıldı, yetmiş tağar buğda unundan çörək yapıldı, yetmiş yerdə süfrə açıldı, yetmiş eldən, yetmiş iki millətdən qonaq gəldi, yedilər, içdilər, «bayramınız mübarək, suyunuz şirin, bəxt ulduzunuz parlaq olsun» dedilər.

# 75 dəfə oxunub

Oxşar xəbərlər

"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

12:40 3 sentyabr 2026
"Ana kitabımızın hafizi və yorulmaz təfsirçisi..." -  Əcəba, əbədiyyət yaddaşsızlıq deməkdirmi?...

"Ana kitabımızın hafizi və yorulmaz təfsirçisi..." - Əcəba, əbədiyyət yaddaşsızlıq deməkdirmi?...

12:00 3 sentyabr 2026
Qırğızıstanın ən böyük 5 yazıçısı – Çingiz Aytmatov və digərləri

Qırğızıstanın ən böyük 5 yazıçısı – Çingiz Aytmatov və digərləri

15:00 1 sentyabr 2026
"Qara kabus"un kölgəsində insan taleləri - Hansı məqamda yanlış seçim edilir?

"Qara kabus"un kölgəsində insan taleləri - Hansı məqamda yanlış seçim edilir?

10:30 29 avqust 2026
Həm yaşlı nəslin, həm də gənclərin sevimlisi Nəriman Həsənzadə...  - Qəzənfər Paşayev

Həm yaşlı nəslin, həm də gənclərin sevimlisi Nəriman Həsənzadə... - Qəzənfər Paşayev

17:00 28 avqust 2026
"Niyə mən sizi hələ Bakıdaykən tanımamışam?" - Əzizə Cəfərzadə ilə Ramiz Abutalıbovun yazışmaları

"Niyə mən sizi hələ Bakıdaykən tanımamışam?" - Əzizə Cəfərzadə ilə Ramiz Abutalıbovun yazışmaları

10:00 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər