Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli
20 avqust 2026
# 13:10

Kulis.az Nəcəf Nəcəfovun "Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli" yazısını təqdim edir.

Ağlasam sesimi duyar mısınız,
Mısralarımda;
Dokunabilir misiniz,
Gözyaşlarıma, ellerinizle?
– söyləyən, "Garip" ədəbi hərəkatının lideri və banilərindən biri olan Orhan Veli Kanık Osmanlı klassik şeir qaydalarını dəyişdirərək türk poeziyasını gündəlik həyatla, sadə insanlarla və xalq danışıq dili ilə sintez edib, Cümhuriyyət dövrü türk ədəbiyyatında yeni bir mərhələnin əsasını qoymuş, öz dəsti-xəttini formalaşdırmış məşhur şair olub.

Orhan Veli Kanık 13 aprel 1914-cü ildə İstanbulun Beykoz rayonunda anadan olmuşdur. Atası Mehmet Veli Kanık Osmanlı dövründə Muzıkayı Hümayun orkestrində klarnet ifaçısı olmuş, daha sonra isə Cümhuriyyət dövründə Atatürk tərəfindən Ankaraya dəvət edilən şəxslərdən biri olmuş və Cumhurbaşkanlığı Sinfonik Orkestrinin dirijoru, Ankara radiosunun rəhbərlərindən biri kimi fəaliyyət göstərmişdir.

Belə bir mühitdə böyüməsi Orhan Velinin estetik zövqünün formalaşmasına, incəsənətə və musiqiyə bağlı olmasına mühüm təsir göstərmişdir. Uşaqlığında dəcəl, şıltaq olan Orhan Veli çox gözəl təqlid etmək və yazı qabiliyyəti olduğu üçün Beykozdakı evlərinin arxasında uşaqlarla səhnə qurmağı, rol aparmağı çox sevərmiş. Hətta insanların izləməsi üçün bağçaya stullar da düzərmiş.

Ailəsi sonradan Ankaraya köçdüyü üçün o, orta təhsilini Ankara Erkek Liseyində (Ankara oğlanlar liseyində) almışdır. Burada gələcəkdə türk poeziyasını tanınmış simalarına çevriləcək Oktay Rifat Horozcu və Melih Cevdet Anday (hər üçü "Garip" hərəkatının baniləridir) ilə tanış olmuşdur. Liseydə onların müəllimlərindən biri görkəmli yazıçı və ədəbiyyat tarixçisi Ahmet Hamdi Tanpınar olub.

Tanpınarın klassik ədəbiyyata dair bilikləri Orhan Velinin ədəbi düşüncəsinə təsir etsə də, şair sonradan tamamilə fərqli bir poetik yol seçmişdir. Lakin o, klassik divan ədəbiyyatını, əruz və heca vəznini də mənimsəmişdir. 1933-cü ildə İstanbul Universitetinin Fəlsəfə fakültəsinə daxil olsa da, maddi və şəxsi səbəblərdən təhsilini yarımçıq qoymuşdur. Daha sonra müxtəlif yerlərdə məmur və dövlət qulluqçusu kimi çalışmışdır. Ədəbiyyata olan sevgisi və yazmaq həvəsi onun həyatında böyük rol oynayıb.

Həmçinin Qərb klassiklərinin əsərlərini, xüsusən fransız dilindən türk dilinə tərcümə etmişdir. Ömər Xəyyam, Mövlanə Cəlaləddin Rumi, Alfred de Müsse, Artür Rembo, Jan Batist Molyer və digər ədəbiyyat incilərinin əsərlərindən də tərcümələr etmişdir. 1949-cu ildə dostları ilə birlikdə "Yaprak" adlı ədəbi jurnalı nəşr etdirməyə başlamışdır. Jurnal "Garip" hərəkatının ideyalarının yayılmasında mühüm rol oynamışdır və cəmi 28 nömrəsi dərc edilmişdir. Onu da qeyd edək ki, həyatı boyu kasıb yaşamış şair mal-mülkünü dərgini açmaq üçün satmışdır. 1950-ci ilin 10 noyabrında Ankarada küçədə bələdiyyə tərəfindən qazılmış açıq qalan xəndəyə düşmüş və başından yaralanmışdır. İki gün sonra İstanbulda birdən vəziyyəti ağırlaşmış və içki zəhərlənməsi diaqnozu ilə xəstəxanaya aparılmışdır. Əslində isə beyin qanaması keçirən şair 14 noyabr 1950-ci ildə cəmi 36 yaşında vəfat edib.


Orhan Velinin türk ədəbiyyatında xüsusi yeri


Orhan Veli Kanık əruz və heca vəznlərini mükəmməl bilməsinə baxmayaraq, Osmanlı klassik poeziyasının forma, üslub və dil xüsusiyyətlərindən öz istəyi ilə uzaqlaşmışdır. Onun fikrincə, şeir qafiyə, vəzn və digər formal qaydalarla məhdudlaşdırılmamalı, şair duyğu və düşüncələrini sərbəst şəkildə ifadə edə bilməlidir.

Bu baxış türk poeziyasında yeni estetik düşüncənin formalaşmasına mühüm təsir göstərmişdir. Bununla yanaşı, Orhan Velinin klassik poeziyanı tamamilə inkar etdiyini söyləmək düzgün olmazdı. O, klassik şeirin ədəbi irs kimi əhəmiyyətini qəbul etsə də, müasir dövrün tələblərinə uyğun olaraq poeziyanın yenilənməsinin, müasirləşməsinin zəruri olduğunu müdafiə edirdi. Məhz bu səbəbdən onun yaradıcılığı və irəli sürdüyü poetik prinsiplər dövründə həm ciddi tənqid olunmuş, həm də geniş rəğbətlə qarşılanmışdır.

Orhan Veli və ümumilikdə "Garip" ədəbi hərəkatı türk poeziyasına mühüm yeniliklər gətirmişdir. Bu ədəbi hərəkat ağır poetik ifadələri, bənzətmələri, mürəkkəb qafiyə və vəzn sistemini arxa plana keçirərək şeiri xalqın gündəlik danışıq dilinə yaxınlaşdırmışdır. Beləliklə, poeziya yalnız müəyyən bir ziyalı təbəqənin deyil, cəmiyyətin müxtəlif təbəqələrinin başa düşəcəyi və zövq ala biləcəyi bir sənətə çevrilmişdir. Orhan Velinin poeziyasında əsas yer sadə insanların həyatına, gündəlik məişət hadisələrinə və adi insanın daxili aləminə verilir. Onun poeziyasında emosional səmimiyyət, rasional müşahidə, incə yumor və ironiya ilə vəhdət təşkil edir. Məhz bu xüsusiyyətlər şairin yaradıcılığını fərqləndirən, özünəxas edən əsas cəhətlərdəndir.

Bundan əlavə, Orhan Velinin poeziyasında insan psixologiyası, həyatın paradoksları və gündəlik hadisələrin fəlsəfi mahiyyəti sadə, lakin olduqca təsirli bədii ifadələrlə təqdim olunur. Onun poeziyası türk ədəbiyyatında sərbəst şeirin inkişafına, müasir poetik düşüncənin formalaşmasına və yeni müasir şairlərin yetişməsinə mühüm təsir göstərmişdir. Şairin şeirləri “Yaprak”, “ Varlık” , “Demet” , “Ülke” kimi dərgilərlə dərc edilirdi.


Bıktım usandım sürüklemekten onu,
Senelerdir, ayaklarımın ucunda;
Bu dünyada biraz da yaşayalım,
O tek başına,
Ben tek başıma... – söyləyən şairin bir çox şeirlərində insanın daxili yükü və həyatın yaratdığı yorğunluq hissi öz poetik əksini tapıb. Keçmiş xatirələrdən, mənəvi yükdən və digər müxtəlif səbəblərdən duyulan yorğunluq, insanın tənhalığı və nəticə etibarilə özü ilə baş-başa qalması şairin yaradıcılığında mühüm motivlərdən biri kimi çıxış edir.

Ümumiyyətlə, onun poeziyasında tənhalıq hissi ilə yanaşı, qoca insanın daxilindəki uşaq duyğuları, uşağın isə daxilən yaşlanması kimi bir-birinə zidd və psixoloji vəziyyətlər də öz əksini tapır.

Orhan Veli burada yenə də sadə danışıq dili ilə dərin psixoloji məna yaradır və Garip poetikasına uyğun olaraq mürəkkəb bədii təsvirlərdən deyil, gündəlik ifadələrdən istifadə edərək oxucunu düşündürür.


Beni bu güzel havalar mahvetti,
Böyle havada istifa ettim,
Evkaftaki memuriyetimden.
Tütüne böyle havada alıştım,
Böyle havada aşık oldum;
Eve ekmekle tuz götürmeyi
Böyle havalarda unuttum;
Şiir yazma hastalığım,
Hep böyle havalarda nüksetti;
Beni bu güzel havalar mahvetti – deyən Orhan Velinin buna bənzər şeirlərində hava, təbiət, məkan kimi məfhumların insanın psixologiyasına, düşüncəsinə, duyğu və hisslərinə təsir etdiyini görürük. Son iki misrada yaradıcılığın da ani ilham və emosional vəziyyətlə bağlı olduğunu göstərir. Orhan Veli sadə danışıq dili və gündəlik həyat hadisələri vasitəsilə insan psixologiyasını səmimi və təbii şəkildə ifadə etməyi bacaran şair idi.


Orhan Velinin yaradıcılığında İstanbul mövzusu geniş yer tutur. Bunun əsas səbəbi şairin uşaqlıq və gənclik illərinin böyük hissəsini bu şəhərdə keçirməsi, İstanbulun gündəlik həyatını, insanlarını və mədəni mühitini yaxından tanımasıdır. Onun poeziyasında İstanbul yalnız şəhər deyil, xatirələrin, sevginin, azadlığın və həyatın simvolu kimi təqdim olunur. Bu xüsusiyyət şairin şəhərə olan xüsusi dərin bağlılığını və sevgisini aydın şəkildə əks etdirir.

Alınlardan akan ter, Cephelerde harcanan kurşun; Sizin için mezarlar, mezar taşları, Hapishaneler, kelepçeler, idam cezaları; Sizin için; Her şey sizin için... - yazan Orhan Veli insanı həyatın və kainatın mərkəzinə yerləşdirərək humanist dünyagörüşünü ifadə edir. Bütün gözəlliklərin, təbiətin, zəhmətin və cəmiyyətin insan naminə mövcud olduğunu vurğulayan şair cəmiyyətin acı reallıqlarına da yer verir.

Poeziyası boyu şair həyatın faniliyi, ölüm, ədalətsizlik, müharibə, şöhrətin müvəqqətiliyi, tənhalıq, sevgi, təbiət kimi mövzulara toxunmuşdur. Orhan Velinin poeziyası humanizm və ekzistensial düşüncə ilə səciyyələnir. Şair göstərir ki, poeziya yalnız bir zövq deyil, həm də insanın özünü və həyatı dərk etməsi üçün yoldur.

Orhan Velini bir çox türk şairlərindən fərqləndirən “Garip” hərəkatının banilərindən biri olması deyildi.

O, ən sadə hadisələrdə belə poetik gözəllik və fəlsəfi məna tapa bilən, yumor, ironiya, səmimilik və xüsusi müşahidə qabiliyyəti ilə seçilən ədib idi.

Məhz bütün bunlara əsasən Orhan Veli Kanık XX əsr türk ədəbiyyatına yenilik gətirərək xüsusi dəsti-xəttini formalaşdıran, bu gün də türk xalqlarının sevə-sevə şeirlərini oxuduğu əbədiyaşar şairdir.

# 112 dəfə oxunub

Oxşar xəbərlər

Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

10:00 20 avqust 2026
"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

15:10 19 avqust 2026
"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

13:15 18 avqust 2026
"Daxili  ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..."  - "Şeytan əməli" haqqında qeydlər

"Daxili ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..." - "Şeytan əməli" haqqında qeydlər

14:00 16 avqust 2026
"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

10:00 15 avqust 2026
Salamın 60 yaşına — 40 ildən çox gecikmiş, amma vaxtında yazılmış təbrik

Salamın 60 yaşına — 40 ildən çox gecikmiş, amma vaxtında yazılmış təbrik

10:30 13 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər