news-inner
clock12:00 calendar-gray 24 Fevral 2018 view-gray115 dəfə oxunub
view-gray115 dəfə oxunub

Tofiq Abdin, daha sənə ölüm yoxdu!Fəxri Uğurlu yazır

Bu gün yazıçı Tofiq Abdinin anım günüdür. Kulis.az bu münasibətlə Fəxri Uğurlunun “Tofiq Abdinin saatlı bombası” yazısını təqdim edir.

Tofiq Abdinin ölümü məni ölüm mövzusuna bir də qaytardı. Doğrusu, bu mövzudan aralanmamışdım da – gecə-gündüz canında daşıdığın bir varlıqdan... yox, düz demədim, yoxluqdan necə aralanasan? Üstəlik də, ölüm mövzusuna gəlib çıxandan sonra dünyada bundan ayrı bir mövzu, bundan özgə bir mətləb olmadığını anlayırsan. Anlayırsan: hər canlının gövdəsini torpağın üstündə dik saxlayan bir güc var – onun adına elmin dilində “özünüqoruma instinkti”, elin dilində “qorxu” deyirlər. Qanırsan: hər qorxunun bir qaynağı var – ölüm. Görürsən: hər ölümlü varlığın tək bir diləyi var – ölməmək, olduqca olmaq, durduqca durmaq, diriliyə çatmaq.

“Ölüm haqdı” deyimi mənim könlümə heç yatmır. Ölüm – şərin zirvəsi, materiyanın təntənəsi, şeytanın ən öldürücü silahıdı. Şeytan hər kəsi içindən dağıdır, hamını öz ölümüylə vurur, bir gülləni ikinci cana tuşlamır. İnsan gövdəsi hələlik o gülləyə tab gətirmək gücündə deyil.

İnsan ölümü – insan ruhunun insan bədənindən qovulmasıdı. Bizim bədənimiz bizim ruhumuzu doymadan, usanmadan, bezmədən yüz illərlə, min illərlə ürəyinin başında gəzdirmək üçün hələ yetişməyib.

Onun Salyandakı yuvasından pərvazlanmış quş çəkili gövdəsi də ölümün zəhmindən qanad saldı, əcəlin zərbi onun da gövdəsini çatlatdı. Şeytan Tofiq abini düz ürəyindən vurdu...

Bilənlər bilir: Tofiq Abdin ölümdən bərk qorxurdu. Ölümdən qorxmayan kimdi ki! Böyük Lev Tolstoy da ahıl yaşında dərin ölüm qorxusu keçirmişdi; hətta ömrünün o dilimi “Arzamas dəhşəti” adıyla bir termin kimi Tolstoyun bioqrafiyasına da düşüb. Ancaq şeytanın qurduğu bu tilsimin açarı – ölümün yerə-göyə hökm eləyən gücünün sirri də elə bundadı: sən ondan qorxub-çəkindikcə ona bir az da yaxınlaşırsan, sən ondan hayana qaçsan, onun düz üstünə qaçırsan.

Mən Tofiq Abdini ən çox da ondakı gənclik şövqünə, yaşamaq həvəsinə görə istəyirdim. Torpaq ana onun quş çəkili vücudunu qucağında atıb-tutduqca Tofiqin üzündən ayağının yerdən üzülmədiyinə arxayınlaşan uşağın sevinci dalğalanırdı. O dalğanın altında dərin bir burulğan, qatı bir vəlvələ olduğunu biləndə mat qalmışdım. Qorxu o həyat çəpərinin harasından yol tapıb onun içinə lağım atmışdı?..

O qorxu ondakı yaşamaq həvəsiylə ekiz doğulmuşdu. Onun içindən qaynayan həyatı ömrü boyu ölüm qarabaqara izləmişdi. Bəlkə elə bu təqibdən qurtulmaq, ya da iz azdırmaq üçün bir yerdə bənd almırdı, iti, qıvraq yerişiylə səkirdi. Tofiqin irəli baxdıqca həyatın işığını güzgüləndirən üzünə geri boylandıqca ölümün kölgəsi düşürdü. Ona görə də halı tez-tez dəyişirdi: gah içində dirilik suyu qaynayan gil qab kimi buğlanır, gah da qurumuş arx kimi öz yatağında can verir, həyatsız olurdu.

Yaşlandıqca onu izləyən ölümlə arası azalırdı, azaldıqca ona təskinlik verənlərin sayı çoxalırdı. Kimsə Tofiq Abdinə yaşından az yaş verəndə dostları onu muştuluqlayırdılar, həkimdən xoş xəbərlə qayıdanda ona gözaydınlığı verirdilər. Onu soluxmuş, ütüsü pozulmuş görəndə adam az qalırdı canını ruhunun əynindən çıxarıb bir dəst ütülü paltar kimi ona bağışlasın, “sağlıqla geyin, Tofiq abi, çox yaşa”, desin.

Öz bağrını çatlatmasaydı, kim bilir, bəlkə doxsanı da aşıracaqdı. Ancaq doxsanda da olsa, yüzdə də olsa, bir gün qarı fələk onu haqlayıb caynağına keçirəcəkdi. Tofiq Abdin o günü, o saatı gözləyib ölümə sağ can vermək istəmədi, ürəyini saatlı bomba kimi işə salıb özünü partlatdı. Əcəlin zəhmli nadzor baxışları altında yaşamaqdan yorulmuşdu. Damarlarını, sinirlərini tikanlı məftillər kimi qırıb-töküb ölümün qapalı zonasından çıxdı...

...İndi sən zamansız, qorxusuz, ölümsüz bir yerdəsən... yox, düz demədim, yerdə yox, yersizlikdəsən. Daha nə şeytan var, nə ölüm, nə də ölüm qorxusu. Ölüm qurtardı – “Arzamas dəhşəti”ndən söz terapiyasının gücünə sıyrılıb çıxan Tolstoy “İvan İliçin ölümü”nü belə bitirmişdi.

Gözlərin aydın olsun, Tofiq Abdin, ölüm qurtardı, daha sənə ölüm yoxdu!

Diriliyin mübarək, ölümsüzlüyün mübarək!

6 mart 2014-cü il

news-inner-user
Fəxri Uğurlu

14 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Əkrəm Əylisli “Kulis”dən nə xahiş etdi?
12:01 06 Dekabr 2019
“Nəsimi” kompozisiyası təqdim olunub
11:34 06 Dekabr 2019
Dadaşlinskinin gözümüzdən asdığı 3D pərdəsi
11:01 06 Dekabr 2019
“Joker–2” çəkilir? – Rejissordan açıqlama
10:47 06 Dekabr 2019
Yaltaqlığı idman növünə çevirənlər – Etimad Başkeçid yazır...
10:20 06 Dekabr 2019
“Stalinlə ixtilaf xatirələri” kitabı fransız dilində nəşr edilib
09:46 06 Dekabr 2019
Rusiyadan gəlib ən gözəl qızlarımızı bədbəxt edən kişilər
09:02 06 Dekabr 2019
Atamın həyat yoldaşı... - Şəhriyar del Gerani yazır
21:00 05 Dekabr 2019
Bakıda klassik vokal festivalı keçiriləcək - İlk dəfə
18:53 05 Dekabr 2019
Bakı Uşaq Teatrı premyeraya hazırlaşır
18:47 05 Dekabr 2019
Edqar Ponun hekayəsi: Kütlə adamı - Dilimizdə ilk dəfə
18:11 05 Dekabr 2019
Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - Sərəncam
17:22 05 Dekabr 2019
“Şairə ithaf” müsabiqəsinin vaxtı uzadıldı
16:52 05 Dekabr 2019
Türkoloq-alimin 120 illiyi keçiriləcək
16:15 05 Dekabr 2019
“Ustad” dərgisinin 32-ci sayı yeni formatda
15:40 05 Dekabr 2019
Dünyamızı gözləyən fəlakət: Robotlar azadlıq istəyir!
15:01 05 Dekabr 2019
Kulis 2019-cu ilin yazıçısını, şairini, tənqidçisini seçəcək
14:21 05 Dekabr 2019
“Yeddi nar çubuğu” səhnəyə gəlir
13:52 05 Dekabr 2019
Nejat İşler Zeki Demirkubuzun layihəsində
13:11 05 Dekabr 2019
Qədir Rüstəmovun xatirəsi yad ediləcək
12:31 05 Dekabr 2019