news-inner
clock12:11 calendar-gray 09 Yanvar 2018 view-gray634 dəfə oxunub
view-gray634 dəfə oxunub

Nizami güclüdür, yoxsa Şekspir? - TƏHLİL

Kulis.az şair-esseist Dalğa Xatınoğlunun “Şekspir və Nizaminin fərqli və oxşar tərəfləri” məqaləsini təqdim edir.

Klassisizmin təməllərinin laxladığı dövr, 16-cı əsrin ən önəmli şairi Şekspir ilə təxminən eyni çağda olan Füzulinin, digər tərəfdən Qərbdə ədəbiyyatın sükuta qərq olduğu 11, 12-ci əsrdə Şərqin ən parlaq şairləri Mövlana ilə Nizaminin yaradıcılığının oxşar və fərqli cəhətləri haqda yazmaq istəyirdim.

Məqalə çox uzanmasın deyə, öncə, Nizami ilə Şekspir haqda ayrıca bir məqalə yayımlamaq qərarına gəldim.

Hər dörd şairi orijinal dildə oxuyanda həm insan vəcdə gəlir, həm də təəssüf edir. Çünki Azərbaycan dilinə tərcüməsində, üç şairin orijinal əsərlərində olan gözəllikdən əsər-əlamət qalmayıb. Füzulinin divanında olan saysız səhvlər bir yana, o qədər yad sözlər var ki, artıq çağdaş oxucuya anlaşılmazdır. Əlbəttə eyni problem hər dörd şairdə var, bu isə normaldır. Zaman keçdikcə, dil gəlişib, dəyişir.

Qısası, bu dəfə sırf Nizami ilə Şekspirə baxaq:

Oxşarlıqlar:

1.Hər iki şair platonik şairdir. Daha çox Platonun "Simpozium" əsərindən təsirləniblər və yunan ədəbiyyatı, fəlsəfəsinin təsiri altında olublar. Hər ikisinin əsas teması gözəlliyə vurğunluq və onu yenidən yaratmaqdır. Hər ikisi Platon kimi, ülvi sevgi (həqiqət axtarışı) ilə qadın-kişi arasındakı cinsi sevginin eyni mahiyyətdə olduğunu düşünür, baxmayaraq ki, üstünlüyü ülvi sevgiyə verirlər. Qərbdə klassiklər və metafizika şairləri, Şərqdə isə ariflərin mistik əsərlərindən fərqli olaraq, hər ikisi məhz qadın və kişi arasında olan sevgi haqda yazıblar.

2.Hər ikisi öykü və rəvayət yolunu seçiblər. Şekspir 38 dram yazıb (əksəri vəznlidir), Nizami isə poema janrında, bir çox qısa və uzun hekayələri şeirə çevirib.

3.Hər iki şair yaşadığı toplumda dominant dinin yaranışından öncəki zamana üz tutublar. Şekspirin diqqəti tamamilə Roma, yunan ədəbiyyatına yönəlib, Nizami də elədir, xristianlıqdan öncəki Yunanıstan və İranın İslamdan öncəki dövrünə aid olan hadisələri, insanları, tarixi, mifləri diqqət mərkəzinə alıb.

4.Hər iki ədib özlərindən öncə yazılmış əsərləri yenidən yazıblar. Məsələn, Şekspirin yalnız "Tufan" əsəri, iki poeması və sonetləri öz xəyalından yaranıb. Başqa dramları ya öncə yazılmış əsərləri yenidən yazmaq, ya da tarixdən iqtibasdır.

Nizami də elədir. "Yeddi gözəl" əsərində Sasanilər şahı Bəhramın həyatı haqda yazıb, "Xosrov və Şirin" poemasının hadisələri həmin sülalədən olan II Xosrov zamanı baş verir.

"İsgəndərnamə"də yunan çarı haqda yazıb, həmçinin, yunan filosoflarının hekayələrini bu əsərin ikinci hissəsinə (“İqbalnamə”) daxil edib.

Hər iki müəllif həm epik, həm lirik, həm tarixi, həm sevgi temalarında əsər yaradıblar.

"Sirlər xəzinəsi" əsərində isə müxtəlif hekayələr var, o cümlədən, Sasanilər şahı I Xosrov, Süleyman peyğəmbər və b. islamdan sonrakı hekayələr də bu əsərə daxildir.

5.Hər ikisi yaratdığı əsəri zirvəyə qaldırıblar, yəni onlardan sonra, onların əsərlərini yenidən yaratmağa çalışan heç bir şair uğur qazana bilməyib.

Məsələn, Nizaminin "Sirlər xəzinəsi"ni götürək. Bu əsər orijinalda "Məxzən-ul-əsrar" adlanır. İndiyə kimi bu kitaba bənzər dörd yüzə yaxın əsər yazılıb, çoxunun adı da bu əsərə bənzəyir, məsələn "Mətlə-ul-ənvar", "Zubdət-ul-əşar", "Məzhər-ul-əsrar" (bu poema Nizaminin yaradıcılığına rəqib əsər kimi yazılıb) və digərləri... Heç Nizaminin tozuna da çata bilmirlər.

6.Hər ikisi yaşadığı dövrün hökmdarları tərəfindən birmənalı şəkildə dəstəkləniblər.

7.Hər ikisi neçə dil bilirmiş, Şekspir latın və ingilis dili, Nizami isə Azərbaycan, Ərəb və Fars dillərini mükəmməl bilirmiş.

8.Hər ikisi qəzəl janrını da sınayıblar (Şekspirin sonetləriforma baxımından fərqli olsa da mahiyyətcə təxminən qəzəl janrına bənzəyir), ancaq Nizamidən fərqli olaraq Şekspirin ən pik yaradıcılıq zirvəsi sonetləridir. Nizaminin qəzəlləri Hafiz Şirazi, Sədi, Mövlana, Füzuli, Saib Təbrizi və digər qəzəl janrında yazan böyük şairlərlə müqayisədə çox zəifdir.

9.Hər ikisinin həyatı haqda təxminən heç nə bilmirik. Xüsusilə, Şekspir nə özü, nə də ailəsi haqda, əsərlərində bir kəlmə yazmayıb və yaşayışı haqda bəlkə yarım səhifədən artıq məlumat yoxdur.

10.Hər iki şairin əsərlərindəki aforizmləri götürsək, elə əsərin özü boyda kitab alınar. Həddindən artıq düşüncəyə diqqət göstərən sənətkarlar olublar.

Fərqlər:

1.Nizaminin şeirlərindəki dil çox ağır, mürəkkəb və yüksək savadlılar üçündür, ancaq Şekspir olduqca sadə yazıb, yəni dramları, hətta sonetləri mahiyyətcə avam xalqın başa düşəcəyi dildədir.

2.Nizaminin yaratdığı qəhrəmanlar, nəinki müsbət xarakterlər olub, həm də seçilmiş təbəqədəndirlər, Şekspirin yaratdığı xarakterlər həm seçilmiş, həm adi insanlardan ibarətdir. Şekspirdə qəbirqazan Hamletin özü qədər önəmlidir.

3.Şekspirin əsərlərində kral kral kimi, qəbirqazan qəbirqazan kimi, əsgər əsgər kimi, qadın qadın kimi danışır, hər birinin özünə məxsus dili var, hətta aşağı təbəqədən olanların dialoqları çox vaxt nəsr kimi yazılıb.

Nizaminin əsərlərində avam kənd qarısının ağzından çıxan sözlər sanki filosofun ağzından çıxır, yəni xarakterlərin hamısı eyni intonasiya, eyni düşüncə ilə danışırlar.

Başqa sözlə desəm, Nizami yaratdığı xarakterlərin yerinə danışır, ancaq Şekspir imkan verir ki, hər kəs öz dili ilə danışsın.

4.Nizami öz zamanının elmi ilə dərindən tanış olub, məsələn, "Leyli və Məcnun" əsərində neçə səhifə ardıcıl astronomiya ilə bağlı yazıb, ancaq Şekspirin elmi biliyi çox az olub, hətta mütaliəsi də yox səviyyəsindədir.

5.Şekspir ana dilində yazıb-yaradıb və yüzlərlə yeni söz bu dilin lüğət xəzinəsinə əlavə olunub, əsərlərində 29 minə yaxın sözdən istifadə edib.

Nizami yad dildə yazıb, ancaq fars ədəbiyyatının dilini tamamilə dəyişib, gözəlləşdirsə də, yeni sözlər yaratmayıb, ancaq bir xeyli türk mənşəli sözü fars dilinə daxil edib.

6.Nizaminin əsərləri hədsiz dərəcədə təhrif olunub, məsələn, "Leyli və Məcnun" əsərinə onun ölümündən sonra 400 beytdən artıq əlavə olunub. İndi bu misralar orijinal dildəki əsərdən çıxarılıb, ancaq Azərbaycan dilinə olunan tərcümədə qalır.

Orijinal dildə dərhal bilmək olur ki, bu misralar həddindən artıq zəifdir və digər misralarla uyğunluğu yoxdur, eləcə də "Xosrov və Şirin" əsərində...

Hər iki əsərin içinə fəsillər, yeni hekayələr əlavə olunub. Ancaq Şekspirin bütün önəmli əsərləri təhrifdən uzaq qalıb, ola bilsin, hansısa əsər səhvən onun adına tanınıb (mən bu fikrin tamamilə əleyhinəyəm – D.X.), ancaq əsər təhrif olunmayıb.

7.Şekspirin əsərlərində xristianlıqdan, demək olar ki, əsər yoxdur, ancaq Nizaminin əsərləri mahiyyətcə dini şəxsiyyətlərdən uzaq olsa da hər əsərinin başlanğıcında, bəzən hekayələrin içində dini şəxsiyyətləri uzun-uzadı mədh edib.

Baxmayaraq ki, iddia olunur Şekspir 46 yaşında İncilin ingilis dilinə tərcüməsində rolu olub və adını da 46-cı məzmurda olan iki sözdən götürüb, ancaq bu ideya yanlışdır. Onun hələ ədəbiyyat aləminə gəlməzdən öncə, 18 yaşı varkən özündən 8 yaş böyük Anne Hatavay ilə evləndiyi zaman nikah sənədi durur və orada adı və familiyası olduğu kimidir.

İncilə gəldikdə, onu kral Ceymsin əmri ilə akademiklər tərcümə edib, Şekspirə aidiyyatı yoxdur. Nizaminin də evliliyi çox qəribədir. Ona bağışlanmış Afaq adlı bir kənizlə evlənir və yeganə oğlu Məhəmməd də ondandır.

8.Şekspir komediya janrında da yazıb və bəzən çox möhtəşəm əsərlər yaradıb, ancaq Nizami bu janra tamamilə etinasız yanaşıb. Şekspir Aristotelin sadaladığı sənət prinsiplərinə tamamilə etinasız yanaşıb, ancaq Nizami o prinsipləri bütövlüklə yaradıcılığında rəhbər tutub.

9.Şekspirin yumoristik dili, yerli-yersiz zarafatları, istehzaları var, ancaq Nizami əsərlərində özünü həddindən artıq ciddi aparır.

10.Şekspirin əsərlərinin hamısı "lambic pentameter" ritmdə yazılıb, hətta sonetlərinin hamısı bu ritmdədir (da DUM da DUM da DUM da DUM da DUM), ancaq Nizaminin hər poeması əruzun ayrıca bəhrində yazılıb.

Oxşar xəbərlər

Xəbər lenti

Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar
20:00 23 Noyabr 2020
Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub
18:49 23 Noyabr 2020
V Buktreyler Festivalının qalibləri mükafatlandırıldı
18:12 23 Noyabr 2020
Cümhuriyyət qadınları haqqında kitab çap olundu
18:00 23 Noyabr 2020
Aqil Abbas: "Oğlum dedi, ata, səni heç vaxt xoşbəxt görmədim"
17:20 23 Noyabr 2020
Berlin Film Festivalından 2021- ci il qərarı
16:45 23 Noyabr 2020
Xalq şairi: “Ad günümü unutmuşdum, uşaqlarım yadıma saldı” – Müsahibə
16:02 23 Noyabr 2020
Bob Dilan yəhudi olduğunu niyə gizləyirdi? – Yeni sənədlər
15:21 23 Noyabr 2020
Polad Həşimova həsr olunan kitab anasına təqdim olundu - Fotolar
14:41 23 Noyabr 2020
Qatillərinə baş daşından gülən adam
14:00 23 Noyabr 2020
Azərbaycanlı feministlərin sülh anlayışı - Güneydən yazrılar...
13:32 23 Noyabr 2020
Yavaş-yavaş ötür yaşım - Salamdan yeni şeir
12:52 23 Noyabr 2020
Rejissor Şuşadan film çəkmək üçün müraciət etdi
12:20 23 Noyabr 2020
Teatrdan qovuldu, heç vaxt evlənmədi, ruhi dispanserdə yatdı: Səməndər Rzayevin üç gün öncə intihar edən aktyor oğlu
12:10 23 Noyabr 2020
Məşhur serialların ulduzu vəfat etdi
11:35 23 Noyabr 2020
Maşınla qovaladğımız erməni qız
11:03 23 Noyabr 2020
Hazır ol qayıdışa - Şəhriyar Şuşaya şeir həsr etdi
10:30 23 Noyabr 2020
Qazax şairin bütün poetik yaradıcılığı Azərbaycan dilində
09:51 23 Noyabr 2020
Natəvanın kötücəsi: “Qohumları var-dövlət üstündə onu çox incidirdilər” – Müsahibə
09:00 23 Noyabr 2020
Azərbaycanın Xalq artisti evində huşsuz vəziyyətdə tapıldı
21:43 22 Noyabr 2020