writer1

Sevinc Elsevər

Məqalə sayı

105
clock16:50 calendar-gray 05 Oktyabr 2017 view-gray408 dəfə oxunub
view-gray408 dəfə oxunub

Salfetka qiymətinə kitab

Kitab yarmarkası start götürən gün feysbukda status yazaraq oxuculara ürək sözlərimi çatdırmışdım. Demişdim ki, qardaşlar, bacılar, kitab yarmarkasına yolunuz düşəndə, çalışın yerli müəlliflərin kitablarını almağa üstünlük verəsiniz. Həm yerli ədəbiyyata dəstək vermək üçün. Həm də bu aztirajlı kitablar illərdən sonra sizin evdəki kitab şkaflarını qiymətə mindirsin deyə.

Kitab yarmarkasının ancaq sonuncu gününə yetişə bildim. Böyük qızı Xırdalanda kursda qoyub maşınla özümüzü Əl Oyunları Sarayına çatdırdıq. Saat yarıma təlaş içində həm ora çatmalı, həm kitab seçib almalı, həm də geriyə qayıtmalı idik.

Əl Oyunları Sarayına girəndə burnumuza dəyən kitab qoxusu bizə əməlli-başlı qəribə gəldi. Böyük marketlərin girişində bizi qarşılayan qoxudan fərqli qoxu idi bu.

Zamanımız az idi, tanıdığımız üzlər çox. Hamı ilə görüşmək imkansız. Bütün stendlərə bir-bir vaxt ayırmaq da. “Alatoran”ı axtarırdım. Rasim Qaraca bir neçə gün əvvəl feysbukda bir elan vermişdi. İlk müraciət edən 10 nəfərə “Yaşıl Mezonnilərdən olan Anya” kitabını hədiyyə edəcəkdi. Nilufərə söz vermişdim ki, o kitabı ona gətirəcəm. “Alatoran”ı çox gec tapdım. Dedilər ki, axırıncı sıralarda bir yerdədi. Amma buna qədər Yaradıcılıq Fondunun stendinə yaxınlaşdım, cəmi 1 manata iki yerli müəllifin kitabını aldım. Düzü, 1 manata kitab almağıma şadlandım. Hətta şadlandığımı kitabı satan, üzdən tanıdığım, adını bilmədiyim gənc oğlandan da gizlətmədim.

Ailə büdcəsinin qayğısına qalaraq ucuz və keyfiyyətli kitablar axtaranda sən demə “uşaqların atası” ( hirsimdən belə yazıram) rus uşaq nəşriyyatının stendindən karton oyuncaqlar alırmış uşaqlara. Bunu biləndə öz yığımcıllığıma, qənaətcilliyimə xeyli güldüm. Amma bununla belə, yarmarkadan 10 kitabla çıxdım. Birini Rasim Qaraca hədiyyə elədi, sağ olsun. Minnət duydum. İkisini bir manata aldım. Qalanları da yarıbayarı qiymətə satılırdı. Əla idi.

Azad Qaradərəlinin Türkiyədə nəşr olunan kitabını imzaladanda, Azad bəy Türkiyədən qonaq olan bəyə dedi ki, bu xanıma daha ucuza sat kitabı. Özü də yazıçıdı. Əlində olsa, kitabı havayı vermək istəyirdi.

İnsanların kitab almağa münasibətini, kasıblığını görüb yazıçılarımız kitabları ağrıya-ağrıya, utana-utana satırlar. Az qalırlar “satdığım, bağışlaya bilmədiyim üçün üzr istəyirəm” desinlər. Bütün təqdimatlarda yazarlarımızın üzündən bu ifadəni oxuya bilərsiniz: "Kaş ki, sizi təqdimata çağırıb, kitab satmaq məcburiyyətində qalmasaydım, kitablarımı pulsuz hədiyyə eləyə bilsəydim”. Axırıncı təqdimatda mən özüm də bu hissi yaşamışam.

Amma bilirsiniz, işin ürəyimi qazıyan, içimi deşən tərəfi nə oldu? Evə çatıb kitabları stolun üstünə buraxandan sonra marketə getdim. Ərzaq dalınca. Və stolun üstünə ən ucuz salfetkanı aldım. Ən ucuz salfetkaları seçirəm həmişə. Qəfil məni tok vurdu, görəndə ki, stolun üstünə heç qızırqalanmadan aldığım ən ucuz salfetkanın qiyməti 80 qəpikdi. İndiyə qədər çox da fikir verməmişdim, yadımda ilişib qalmamışdı salfetkaların qiyməti.

Halbuki o salfetkaların üstündə bir kəlmə də yazılmayıb. Kitab yazan bir adamın keçirdiyi həyəcanın mindən birini keçirməyib o salfetkanı istehsal edən fabrikin sahibi. Heç salfetkaları kəşf edən o ilk insan da ən zəif kitabı yazan adam qədər əziyyət çəkməyib.

1 manata kitab almağıma sevindiyimdən utandım. Sevinib şadlanmaqdansa, hönkür-hönkür ağlamalıydım. Axı bu həm də mənim öz taleyimdi. Mənim öz kitablarım da səbətlərdə 1 manata satılırdı. Kitabın arxasında 5 manat yazıldığına rəğmən. Axı bu qiymətdən yaxşı Azərbaycan ədəbiyyatının, yazarının bu günkü mədur vəziyyətini nə ifadə edirdi?!

Mən ağrıyla xatırladım ki, insanımız marketlərdə ən ucuz salfetkanı 80 qəpiyə aldığı halda, bir yerli yazıçının kitabını 1 manata belə almaq istəmir. 1 manata alan isə mənim kimi sevinir ki, nə yaxşı ucuz aldım, qabağa düşdüm.

Evdə isə o bir manata aldığım kitablardan birinin içindən çox gözəl şeirlər oxudum. Məsələn bunu:

Heç kəs xatırlamayacaq

təbəssümünü...

rəssam rəsmə çəkməyəcək

üzünü...

heç kəs bilməyəcək ki

Zərifə idi bu xanımın adı.

Heç kəs tanımayacaq ki

Sevdiyi kişi

Ömrünün axırına qədər qayıtmadı...

Bircə mən gördüm pəncərədən

Baxıb ümidsiz güldüyünü

Ah, necə təsvir eləyim

Dizlərini qucaqlayıb öldüyünü...

(Alik Alioğlu, “Günəş qalib gəldi” kitabından)

Oxudum və düşündüm ki, bu kitabı salfetka qiymətinə satmaq da, almaq da insafsızlıqdı.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Məşhur aktrisa xərçəngdən öldü
18:51 16 İyul 2020
Polşa filmləri Azərbaycanda nümayiş olunacaq
18:15 16 İyul 2020
Vaxtsız ölən xanımının fotosunu cibində gəzdirirdi - Mirzə dayı haqqında bilmədiklərimiz
17:30 16 İyul 2020
Aqşin Yenisey ittihamlara cavab verdi
16:47 16 İyul 2020
Ərini itirən tibb bacısının karantin xoşbəxtliyi – Yeni hekayə
16:02 16 İyul 2020
"Brilliant əl" filminin operatoru öldü
15:14 16 İyul 2020
Tünzalə Ağayeva: “Çox çaşqın vəziyyətdəyəm” – Müsahibə
14:28 16 İyul 2020
Trampın oğlu kitab yazdı - Gülüş hədəfi oldu
13:46 16 İyul 2020
Qarabağ müharibəsi haqqında yeni film - Fotolar
13:08 16 İyul 2020
Müharibənin içimizdə öldürdükləri - Samirə Əşrəf yazır...
12:30 16 İyul 2020
Sonsuzluğa mübtəla olmağın anatomiyası - Mehman Qaraxanoğlu yazır...
11:48 16 İyul 2020
Almaniya ilə ortaq filmimiz Polşada açıq havada nümayiş olunacaq
10:53 16 İyul 2020
Mərhum şairin kitabı işıq üzü görüb
10:20 16 İyul 2020
Koronavirusa tutulmuş Xalq artisti danışdı: “Yaxşıyam”
09:27 16 İyul 2020
Aqşin Yenisey: “Müharibə mədəniyyətin başlanğıcıdır” - Müsahibə
08:58 16 İyul 2020
Ölülər, taun və karantin – Tural İlyas yazır
18:31 15 İyul 2020
Karantində başı xarab olan ər-arvad - Cavid Təvəkkül yazır...
17:52 15 İyul 2020
Şəhid generaldan roman yazılacaq
16:30 15 İyul 2020
Bəhram Bağırzadədən xəbər var
15:44 15 İyul 2020
Həmişə ana söyüşü söyən Çexov: son nəfəsdə dediyi müəmmalı söz nə idi? - Qeyri-adi faktlar
15:02 15 İyul 2020