Praqada saz sədaları

Praqada saz sədaları
19 sentyabr 2011
# 11:53
Elmin Həsənli küçə musiqiçilərindən silsilə materiallar hazırlayır.

Bir neçə ay əvvəl dünya səyahətinə çıxmış, “”Xəzər karvanı” adlı bir qrupdan yazmışdı.

Qrupun bir üzvü İngiltərə, o birilər Avstraliya, Danimarka və ABŞ-dan idilər.

Səyahətçilərin sayı dörd və iyirmi yaşlarında idilər.

Elminin budəfəki qonağı isə Ukraynadan olan 24 yaşlı Denis Feofontov idi.

O, “Sahil” metrosunun çıxışında skripkada ifa edir.

Portuqaliyadan tutmuş Cənubi Koreyaya kimi bir çox ölkədə olub.

Bu gənclərin amalı nədir?

Nə düşünürlər?

Nə qazanacaqlar bununla?

Aşağı-yuxarı bir “bomj” həyatı yaşamırlarmı?

Bu həyatmı, çılğınlıqmı?

Özümü onları onlarla müqayisə etməyə çalışıram.

Oktyabrda 30 yaşım olacaq.

Neftçalada dünyaya göz açmışam. Bakıda böyümüşəm.

Universiteti bitirənə qədər bir dəfə ikisaatlıq Cəlilabadda – qabaq orda böyük bazar vardı, Şamaxıda – yarımgünlük istirahət və Qubada olmuşam.

Əsgərliyimi də valideynlərimin səyilə bir hissəsini doğulduğum rayonda, qalanını Qusarda keçirmişəm.

Ondan sonra da qısa səfərlərlə Şirvan, Lənkəran, Sabirabad.

Bu yaxında isə ömrümdə ilk dəfə ölkənin qərbinə səyahət edib Şəkidə oldum.

Bir şerdə deyildiyi kimi, gecə getdim, gecə gəldim.

Vəssalam. 30 yaşımda mənim gəzdiyim yerlərin siyahısı bu.

Bizi guya vətənə layiqli övlad kimi böyüdürdülər.

Orta məktəbi məcburi oxutdurdular, oxudum.

Universiteti “oxu, adam ol” dedilər, yenə oxudum.

Daha sonra işsizlik.

Ondan sonra iş, iş, iş.....

Üzərimdə ailə vəzifəsi, valideyn borcu, sonsuz mükəlləfiyyətlər.

On səkkiz yaşımdan sonra neçə dəfə bu dişli çarxın arasından sıyrılıb çıxmaq, gəzərgi həyat yaşamaq istədim.

Olmadı. Bəlkə cəsarətim çatmadı. Bəlkə qorxaq oldum.

Universitet illərində dostlara “gəlin, yol çantamızı çiynimizə alaq, “avtostop”la Qazaxdan vurub Gürcüstanı, Türkiyəni dolaşaq”, - dedim. Həsləyənlər çox oldu, irəli atılanlar olmadı.

Hər gün mənimlə birgə işə gedib gələn tanış simaları görürəm. Bir-birimizə salam verməsək də hamımız tanışıq.

Fors-major hallar olmasa, pensiyaya çıxanadək hər gün qarşılaşacağıq.

Bu dəfə isə əksinə, atıb getməyin, sərsəriliyin, qorxaqlıq, cəsarətsizlik olduğunu düşünürəm.

Artıq o enerjim də yox.

30 da elə yaşdır ki, cavanlıq üçün çox qoca, qocalıq üçün çox cavansan.

O gənclərdən biri təhsilini yarımçıq qoyub Avstraliyadan, dünyanın o başından gəlmişdi.

Mən onun yaşında gündüzlər universitetə, axşamlar çayxanaya gedirdim.

Mənim kimisi minlərlə idi.

Dərsdən kənar söhbətlərdə başımızdan yekə danışmağa, böyük-böyük işlərdən dəm vurmağa, vətəndən, millətdən, valideynlər qarşısındakı borcdan, ailə müqəddəsliyindən, ailənin quruluşundan, sevgidən danışmağa pərgar idik.

Amma çoxumuz mühazirələrdə yuxulayırdıq.

Dərsdən qaçıb domino oynayırdıq.

Özümüzü böyük göstərməyə çalışırdıq. Simamıza ciddi görkəm verirdik. Deputata oxşayırdıq.

Düşünmürdük ki, sadəcə, yaşamaq deyə bir şey də var. Böyük düşünmədən, böyük işlər görmədən də yaşamaq.

Buna yad bir şəhər tinində saz dınqıldatmaq da daxildir.
# 4349 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #