Dalaşdığım yazıçının çörəkli kitabı

Dalaşdığım yazıçının çörəkli kitabı
19 iyul 2017
# 17:30

Kulis.az gənc yazar Tural Cəfərlinin “Çörək ətirli kitab” yazısını təqdim edir.

Ayxan yazıçıdı. Yox, o ancaq yazıçı deyil, o həm də yaxşı insandır. Səmimidir, təvazökardır. Əlində nə varsa, onu bölüşməyə hazırdı, ürəyində dağ boyda sevgi var, həm də başı qarlı bir sevgi. Bu soyuqluq anlamına gəlmir, bu dağ boyda sevgi təmizdi, safdı, kövrəkdi... Çünki Ayxan dünyaya yazmaq üçün gəlib, bu mübaliğə deyil, bu həqiqətdir. O da həqiqətdir ki, Ayxan yazdıqlarını yaşayır, yaşadıqlarını yazır.

Biləndə ki, Ayxan Ayvazın hekayələr kitabı çap olunub, bir qədər fikrə getdim. Düşündüm ki, axı bu çoxdan olmalı idi. Bir anda da fikrimi dəyişib, “elə vaxtıdır” dedim. Təbii ki, kitabın təqdimat gününü səbirsizliklə gözləyirdim. Ayxanın yazılarını mütəmadi olmasa da, amma həssaslıqla, diqqətlə izləyirdim. “Monoton” hekayəsini oxuyub çox təsirlənmişdim. Həm də bir az üzülmüşdüm. Nə isə. Keçək kitaba və kitabın içindəkilərə. “Buri” hekayəsinin adı ilə kitab oxucalara təqdim olunacaqdı. Yenilikdi, bəlkə də. “Çörək” adlı kitab yaxşı hekayələrə ac olan oxucular üçün əla mənəvi qida mənbəyi idi. Mən buna əmin idim. Çünki yaxşı hekayələrə özüm də çoxdan idi ki, ac idim.

Mən başa düşürdüm ki, yazıçı öz əməyinin qarşılığını ala bilmir. Həm də başa düşürdüm ki, bu yazıçı üçün bir o qədər də önəmli deyil. Maddi tərəfi nəzərə almasaq, təbii ki... “Buri” kitabı çörəklə təqdim olunurdu. Sözün əsl mənasında çörəklə. Ayxan çörək bölməklə öz dostluğunu, yoldaşlığını açıq elan etmişdi. Onun dostları, yaxınları bu çörəyin dadını yaxşı bilirdilər. İndi isə mənəvi qida şəklində təqdim olunan “ Buri” kitabı ilə tanış olurdular.

Öz sısqa, zəif görüntüsü ilə bəlkə də orta məktəb şagirdini xatırladan bu oğlan “yazıçı” adını elə cəsarətlə üzərində daşıyırdı ki, adamı lap heyrət bürüyürdü. Bir az da utancaq, lakin inamlı görünən Ayxan həvəslə kitabı oxucular üçün imzalayırdı. Mən də Ayxanın oxucusu kimi kitabı imzalatdırıb, bir oxucu kimi təşəkkürümü bildirdim. Təbii bir görüş idi. Həm də bu Ayxanla ilk görüşümüz idi. Amma mənə elə gəlirdi ki, Ayxanı çoxdan tanıyıram. Lap çoxdan. Məsələn uşaq bağçasından. Elə bilirəm ki, Ayxanla futbol oynayıb, hətta mübahisəli qol epizoduna görə dalaşmışıq da. Qəribədir, Ayxan heç dalaşqan adama da oxşamır...

Kitabın ilk hekayəsi mənə tanış idi. Saytların birindən oxumuşdum. Amma bir də oxudum. Birnəfəsə oxuyub qurtardım. Özümü dəniz havası udmuş qağayı kimi hiss elədim. Ləpələrin qucağında göyün ənginliyinə baş vurdum. Bir həyat sərlöhvəsi canlandı gözlərimdə. Bir an üşütmə düşdü canıma. İçimdə sərin küləklər əsdi.

Bir-birinin ardınca oxuduğum hekayələr məni kredit borclarından bir anlığa qurtarıb, qayğılardan canımı qurtarmış oldu. Bu ənənə şəklini aldıqca ədəbiyyata, incəsətə və onun külüng vuran zəhmətkeşlərinə olan sevgim, ruhən yaxınlığım, mənən bağlığığım daha çox özünü biruzə verirdi.

Ayxan nə qədər həssasdırsa, hekayələrində bir o qədər soyuqqanlıdır. Hadisələrə elə rəng qatır ki, adamın tükləri bizbiz olur. Sanki bir dəhşətli hadisənin şahidi olursan. Bu oxucunu əməlli başlı həyacanlandırır. Hekayələr adamın ürəyinə adrenalin effekti verir, doğma gəlir və daha çox düşündürür.

“Evimizdən gecə reportajı” Ayxanın yazıçı kimi vizit kartıdır. Onun ədəbiyyata giriş qapısıdır. Təsadüfdən, ya zərurətdinmi bu hekayəni gecə saat 3-də oxumuşam. Hətta sonra yata bilmədim. Məncə bu hekayə ilə Ayxan böyük uğur əldə edib. Bu uğur onun haqqıdır. Bu uğur həm də özünütəsdiq, özünüifadə, özünütanıtmadır.

“Kağızda ölmək” hekayəsi günümüzün aktual məsələsidir. İnqibator cücələri kimi bir-birinə oxşayan “gənc yazar”ların artdığı bir vaxtda Ayxan nəsə bir fərqli, bir özəl imza axtarır, bu dəfə oxucu qismində. Bu axtarış Ayxana ona görə lazımdır ki, o həm də ədəbi zövqün korlanmasından narahatdır. Buna yol verə bilməz. Axı o həm də yaxşı oxucudur. Kafkanı sevə-sevə oxuyan, Selincer haqda böyük həvəslə danışan bir adamın ədəbi zövqünə şübhə etmək olmaz. Bu mənada “Kağızda ölmək” yaşamaq və yaratmaq ehtirası özündə ehtiva edir.

Ağ və qara fonda yaşanan həyatda bir yazıçı kimi Ayxanın “Monoton” hekayəsi tapıntıdır. Bu hekayənin müəllifini biz elə qorumalıyıq ki, müəllif daha uğurlu hekayələrə imza ata bilsin. Bir yazıçının uğuru onun oxucularının sayı ilə deyil, təfəkkürü ilə bağlıdır. Bu mənada Ayxanı təbrik etmək olar. Onun oxucuları aydın zəkaya sahibdirlər. Başqa cür də ola bilməzdi. Ayxanın pis yazmağa haqqı yoxdu.

“Sevgi məktubları” hekayəsində yadıma öz məktəbim, sinif yoldaşlarım düşür. Artıq on ildir ki, orta məktəbi bitirmişəm. Zarafat deyil. Bu hekayədə məktəb həyatı ilə bağlı hər bir detal uğurla istifadə olunub.

Ayxanın Tiflisdə keçən uşaqlıq illəri “Uşaqlar günü” hekayəsində maraq doğuracaq şəkildə təsvir olunub. Səmimi və səliqəli şəkildə göz önündə canlanan səhnəni gülüşlə qarşılayıb, dərindən bir ah çəkirəm. Bu gülüş rahatladıcı, ruhi sakitləşdirici, xoş ovqat yaradacaq bir gülüşdü. Üzümüzü güldürən hekayələri oxumaq necə də gözəldi...

“Sənin işğal günün” hekayəsi ürəyimi hardasa tam işğal edə bildi. Ən əsası sarı simləri ehmalca tərpətdi oxuduqlarım. Düşünməyə, bir də düşünməyə sövq etdi məni. Bu hekayəni tünd qəhvə ilə içib oxumaq məsləhətdi...

Kitabın adı kimi verilən “Buri” hekayəsi isə gürcü millətinin güzgü qarşısına keçib, tarixini, ənənəsini, duyğu və istəklərini göstərən hekayədir. Bu asan iş deyil. Gərək ən azı gürcü millətinin içində olasan, heç olmasa onlarla ünsiyyət qurub, duyğularını işə salmağı bacarasan. Bu Ayxanda alınır. Həm də çox yaxşı alınır. Bəlkə də bir az da bu hekayəni genişləndirib, povestə də çevirmək olardı. İstənilən halda hədəfə çatan yazıçı yenə də sözünü deyə bilib...

Təxminən on gün müxtəlif kitabları vərəqləmişəm. Hər dəfə fikrim “Buri” kitabında qalıb. Məsələn, mən bu kitabı metroda oxuya bilmərəm. Çünki bu kitab ancaq açıq havada, yaxşı olardı dağda uzanıb oxuyasan. Çünki bu kitabda insan təbiətinin zidiyyətləri, bədbəxtliyi, ümidsizliyi və kədəri elə təbiət boyda, təbiət qanunları kimidir. Bəzən bu əsəbləri tarıma çəkir, insan bədənimə üşütmə gətirir, lakin mən nələrisə qazanıram. Bu qazancım isə mənə daxili gərginliyimin, mənəvi böhranımın qarşısını almağa kömək edir.

Baxmayaraq Ayxan kitabdakı hekayələrini bu gənc yaşında belə sürətlə və uğurla yazıb, mən onun potensialının daha böyük olduğuna inanıram. Hər halda Ayxan öz işini yaxşı bilir və yaxşı da görür. Bu faktdır. O da faktdır ki, Ayxan bütün varlığı ilə, təpədən dırnağa qədər yazıçıdı. O bu missiyasını hələ uzun zaman həyata keçirəcək, işığa doğru can atacaq və işıq üçün də yaşayacaqdı...

İdmançı necə formada qalmağa çalışırsa, yazıçı da daima daxili intizamını qorumalı, mənəvi gücünü artırmalı, beynin süzgəsindən keçən fikirləri qələmə almalıdır. Bunun maraqlı bir fəlsəfi qanunu var: Əgər sən hər şeyi bilirsənsə, yaşamağın, yaşatmağın heç bir mənası yoxdur... Ayxan insan cəmiyyətində baş verən bütün prosesləri diqqətlə izləyir, öz müşahidə qabiliyyətində uğurla istifadə edir. Ona görə də onun hekayələri belə uğurlu və səmimi alınır. Axı yazıçı həm də yaxşı müşahidəçi olmalıdır. Belə olmasa onun yazdıqlarının təsir gücü olmaz, yazdıqları sadəcə olaraq vaxt itkisi olardı. Bu mənada Ayxan öz müşahidələrini həm rasional, həm də sentimental yöndə aparır, bəzən o psixoloq olur, bəzən də sadəcə oxucu. Bu vacib bir amildi. Belə ki, mühit dəyişdikcə, insanın psixi vəziyyəti də dəyişmiş olur. Bunun ən sadə izahını hər hansı bir yazıçının əsərlərini xronoloji ardıcıllıqla izlədikdə görə bilərik. Ayxan 5 il bundan qabaq nə yazırdısa, indi onu yazmır. Çünki o da dəyişib, cəmiyyətlə, mühitlə birlikdə...

Mən Ayxanı məchulluqda məlum bir yazıçı kimi görürəm. Sözü, məqsədi, amalı məlum bir yazıçı. Bu istiqamətdə ona yaradıcılıq uğurları, həmişə böyük əks-səda doğuracaq əsərlər qələmə almağını arzu edirəm. Bir də Ayxanın harda olmasından asılı olmayaraq, o həmişə bizimlədir, o həmişə bizimdir...

# 1347 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #