Gözəl xanımlar tamaşadan çox yadda qalacaqlar – Tədris Teatrında imtahan tamaşası

Gözəl xanımlar tamaşadan çox yadda qalacaqlar – <span style="color:red;">Tədris Teatrında imtahan tamaşası
2 iyun 2017
# 15:00

- Hazırıq?

- Operatoru gözləyirik.

- Şşşşşş...

Teatrın bu məqamı çox gözəldir. Səhnədəki bu pıçıldaşmalar, arxa plandakı pərdələrin tərpənməsi tamaşa həyəcanını dalğa-dalğa zala ötürür. Zaldakılar qurdalanır, hələlik gəlib gedənə tamaşa edirlər.

Onlarda da bir həyəcan var: nə göstərəcəklər? Bəlkə bu zaldakı gözəl xanımlar, yaraşıqlı gənclər tamaşadan daha çox yadda qalacaq?

Hər nə isə, amma bugünkü bir başqadır. Çünki bura bir imtahan həyəcanı da qarışıb. Tədris teatrındayam. Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissorluğu fakültəsinin tələbəsi diplom tamaşasını təqdim edir.

Tələbə Natəvan Abbaslı Dostoyevskinin “Bəyaz gecələr” əsərini tamaşaya hazırlayıb. Həyəcanı üzündən bəllidir. Kurs rəhbərindən başqa Universitetin rektoru Fərəh Əliyeva və rejissor Bəhram Osmanov da əyləşiblər. Pantomima Teatrının, Rebus Teatrının aktyorları, Universitetin özünün tələbə aktyorları cəm olub, necə deyərlər, imtahan götürən müəllimlərin “dilini ağzını bağlamalı”, bizim orta məktəbdə etdiyimiz kimi ovsunlamalıdırlar. Amma o vaxtlar etdiyimiz kimi ətəyimizdən çıxardığımız saplarla yox, öz istedadları ilə.

Axır ki işıq sönür, ovsunlama əməliyyatı başlayır. Saat, körpü, skamya, vağzal əsəri xatırlamaq üçün atmosfer yaratmalıdır. Musiqi də işə qarışır. Biz Nastenkanı görürük. Aktrisa (Leyla Atayeva) qəhrəmanının keçirdiyi hissləri plastik hərəkətlərlə eskizləyir. Xəyalpərəst (Əli Əlizadə) Peterburqun bəyaz gecələrinin birində Nastenka ilə tanış olur, ona vurulur, Nastenka isə yaşadığı sevgi əhvalatını danışır, sevdiyinin (Kamal Yaşar) onu qoyub getməsini, əzab içində qalmasını danışır. Sevdiyinin onu atdığını düşünən Nastenka onun sevgisinə cavab verməyə hazırdır. Amma adamı bir anlıq görmək bəs edir ki, o, özünü də xəyalpərəst dostunu da aldatdığını anlasın.

Dostoyevski “Bəyaz gecələr”i qəzetdə çap etdirmək, adi oxucuların marağına səbəb olmaq üçün planlaşdırmışdı və bunu yazanda 27 yaşı vardı. Təxminən səhnədəki gənclərlə eyni yaşda. Əsər tənqidçilər tərəfindən çox bəyənildi.

Sadəlövhlük, axmaqlıq, xəyalpərəstlik və inam qəhrəmanın bu melodram müstəvisinin əsas qütbləridir. Sevgi mütləq bir uydurmadır. Amma uyduran xoşbəxtdirsə, bunun nəyi axmaqlıqdır?

Sevgi əhvalatlarının bir özəlliyi var: onlar aşiqin düşüncəsində, xəyallarında baş verir. Amma bircə an olur ki ordan sivrilib xoşbəxtlik yaşada bilir. Yuxu kimi bir sevgi əhvalatının musiqidəki leytmotivi tapılıb, amma tamaşadaxili musiqilər onu tez-tez pozur. Bunu az sonra rejissor pedaqoq Bəhram Osmanov da irad tutacaq.

Rejissor Bəhram Osmanovun əsas iradı əsərin mərkəzinə xəyalpərəstin yox, Nastenkanın qoyulmasıdır.

Səhnələr sükutla dəyişir. Diplom tamaşasının bir özəlliyi də bu. Hər addımda alqışlamaq yoxdur. Qarşıda müəllimlər əyləşib. Onları gözləmək gərək. Təzimdən, təbriklərdən sonra müəllimlərin iradları başlayır.

Bu məqamda diqqətimi çəkən məsələyə bax: həyəcanı əllərini ovuşduran tələbələr keçirir, su isə təmkinlə irad bildirən müəllimlərin qarşısındadır. Adətən belə təsviri detalları məzmundan xəbəri olmayanlar tuturlar. Amma inşallah ki mənim xəbərim var. Özüm də bu universitetin məzunu olmuşam.

O vaxtdan indiyə, deyilənə görə, dəyişən çox şey var. Amma mən öz gözümlə yalnız ikisini görürəm. Tələbələrlə canlı ünsiyyətə girən rektoru. Və tələbə yoldaşlarının işinə baxan teatrşünasları. Hərçənd teatrşünas tələbələr razı görünmürlər. Onlara yaxınlaşıram:

– Tamaşanı bəyəndinizmi?

Deyəsən gözləntiləri daha böyük imiş: “Elə də yaxşı deyil” deyir biri.

“Siz pis tamaşa görməmisiniz!” - sözlərini dilimin ucundan qaytarıram. Çünki belə olmaqları xoşuma gəlir.

Aktyorlar hərəsi öz geyimini rekvizitini götürüb bir-bir, iki-bir gedirlər. Xəyalpərəstin çətirini götürüb teatrdan çıxıram. Tədris teatrı deyib keçməyin. 80-lərdə Tədris teatrı teatr mühitinə ayrı-ayrı sənətkarlardan başqa bütöv teatrlar verdi. Tədris teatrının studiyası yeni teatr ideyalarının yaranış məkanı oldu.

Bəlkə elə bu Tədris...

Bayaq Xəyalpərəsti oynayan oğlan çətiri məndən alır...

# 2485 dəfə oxunub

Oxşar xəbərlər

Hiçkokun "Psixo"suna ilham verən kimsəsiz evin müəllifi - Məşhur rejissorların ilham mənbəyi olan rəssam kim idi?

Hiçkokun "Psixo"suna ilham verən kimsəsiz evin müəllifi - Məşhur rejissorların ilham mənbəyi olan rəssam kim idi?

17:00 22 iyul 2026
Yaxşı yazıçı ilk cümləni niyə dəyişir? - Pol Valeri

Yaxşı yazıçı ilk cümləni niyə dəyişir? - Pol Valeri

15:00 20 iyul 2026
Bu yay istirahət edə biləcəyiniz 10 şəhər - Hansılara səyahət etmək istərdiniz?

Bu yay istirahət edə biləcəyiniz 10 şəhər - Hansılara səyahət etmək istərdiniz?

14:00 18 iyul 2026
Gəlinlik geyinməyən sevgi romanları ustası - O, niyə heç vaxt evlənmədi?

Gəlinlik geyinməyən sevgi romanları ustası - O, niyə heç vaxt evlənmədi?

10:00 18 iyul 2026
Düyü tarlalarından qlobal üsyana -  “Bella Ciao”nun əsl tarixi

Düyü tarlalarından qlobal üsyana - “Bella Ciao”nun əsl tarixi

18:00 16 iyul 2026
Ədalətli Daniel - Henrix Böllün hekayəsi

Ədalətli Daniel - Henrix Böllün hekayəsi

15:00 16 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər