“Aprel havası” - Azad Qaradərəlinin HEKAYƏSİ

“Aprel havası” - <span style="color:red;">Azad Qaradərəlinin HEKAYƏSİ
25 aprel 2017
# 21:00

Kulis.Az yazıçı Azad Qaradərəlinin “Aprel havası” hekayəsini təqdim edir.

Sənubər yenicə təndirdə çörək bişirib qurtarmışdı. Azacıq nəfəsini dərib çay dəmləmişdi. Ər-arvad oturmuşdular eyvanda, çay içir, yorğunluqlarını alırdılar.

Sənubər süfrədəki isti çörəyə və örtülü qaba işarəylə dedi:

- Ə, bəs çörək yemiyəssən?

Zeynal yarıkönül cavab verdi:

- Ay bəxtəvərin qızı, heç çörək yeməyə halım var? Yazın gəlməyiynən o qədər iş çıxır ki, yeməyə nə vaxtım olur, nə də illacım. Nə bilim, bir şey varsa ver, görək bəlkə yeyə bildim…

Gəlin yerindən durar-durmaz iki sərçə qapıdakı tut ağacından didişə-didişə aşıb düşdülər eyvana – süfrənin üstünə, oradan da civildəşə-civildəşə, bir-birindən sallaşa-sallaşa yuxarı qalxdılar. Sonra elə əvvəlki kimi uçuşa-uçuşa, didişə-didişə yomalanıb düşdülər bir az aralıdakı təndirin qırağına. Orada da bir xeyli cihləşib qəfildəncə yoxa çıxdılar.

Bir an keçməmiş kabab qoxusuna oxşar bir iy ətrafa yayıldı.

Sənubər eyvandan sıçrayıb təndirə qaçdı. Zeynal da yerindən necə qalxdığını bilmədi, bir də gördü ki, Sənubərin yanında, təndirin başında dayanıb.

Quşlar biri-birinin yanındaca qorlu təndirdə yanırdılar. Zeynal baxdı cavan arvadının yaşarmış gözlərinə:

- Bı nəydi, aaz, nolmuşdu bınnara? Yazıqlar elə bil havalanmışdılar?

Zeynal ömrü boyu Sənubərdən eşitmədiyi kəlmələr eşitdi:

- Bu necə söydaydı, ay allah?... Eşqlanmışdı, ya nəydi bu bədbəxtlər?

Cavan ər cavan arvadının hədəqəsindən çıxmış gözlərinə, dəyişilmiş sir-sifətinə baxıb-baxıb:

- Səfehləmə, - dedi, - quş nə qanır söyda-filan nədi. Təndirin ağzını ört, gəl bı yana, çər-çəpiş düşər içinə…

Qayıdıb oturdular yerlərində. Amma bu oturuş o oturuşdan deyildi. Çay-çörək də yadlarından çıxmışdı.

Zeynalın baxışları arvadının üstünə gəzdi. “Genə boyludu ki, ə, bı?! Vay dədə, oldu altı…”.

- Bəs, uşaqlar hanı?

Sənubər hələ də yanıq iyini burnunda duya-duya:

- Hərəsi bir kökə götürüb yeyə-yeyə getdilər çəpiş-quzuya. Tosunu da nənəm apardı, - dedi.

Başı keçi kimi aladılqır qırxılmış bir oğlan uşağı girdi həyətə və qışqırdı:

- Zeynal dayı hey!

Zeynal oturduğu yerdə hay verdi:

- Nə var, ə?

Uşaq əlindəki şitili uzatdı Zeynala sarı və başını qaşıya-qaşıya üyüdüb tökdü:

- Seyfəl əmi verdi, cəviz şitilidi. Dedi ki, Ordubad sortudu, beşini bir ovcunda sıxırsan, hamısı sınır… zaddı, dedi ki, vaxtı keçir, elə bu gün torpağa basdırsın…

Zeynal şitili alıb çımxırdı:

- Bəsdi, ə, vıdılıyıb tökmə.

Oğlan şalvarını çəkə-çəkə həyətdən çıxdı.

Zeynal şitilin orasına-burasına baxa-baxa dedi:

- Allah atasına rəhmət eləsin, yaxşı göndərdi. Həyətdə hər ağacın olmağı yaxşıdı.

Sərdiyi yorğanı çırpan Sənubər soruşdu:

- O nəydi heylə?

Zeynal eyvandan düşə-düşə dedi:

- Cəvizdi. Seyfələ demişdim, dedi saa bir qoz şitili versin ki, qağan, Hindistanda da heyləsi olmasın. İndi, göndərib… Sağ olsun, deyir Ordubad sortudu.

Sənubər əlini yorğandan çəkib yerindəcə qurudu. Elə bil bəd xəbər eşitmişdi. Zeynalın ardınca mat-mat baxdı. Sonra nə ağıl elədisə, yüyürə-yüyürə gəldi bağa. Zeynalın əlindəki belin bir ucundan tutub dartışdırdı:

- Bitimə, Zeynal, bitimə. Qurban olum sənə bitimə. Ya da ver, mən özüm bitirim.

Zeynal qaldı məəttəl.

Keçən il qızı qonşunun ağacının dibindən qoz yığanda ağacın sahibi qıza nə demişdisə, qız düz bir gün ağlamışdı. Onda Sənubər ərinin qarasınca deyinmişdi: “Xalqın kişiləri hər ağacdan əkir. Axı, cəviz nə olan şeydir ki, bizim bağımızda olmasın”. Elə onda Zeynalın qoz əkmək həvəsi baş qaldırmışdı. İndi işin düzəldiyi məqamda Sənubərin şitliyi tutmuşdu.

- Niyə? – Zeynal yavaşcana soruşdu.

- Elə, istəmirəm.

Bu dəfə Zeynal qışqırdı:

- Axı nə oldu, aradan nə keçdi? Özün demədin cəvizimiz niyə yoxdu?!

- İndi demirəm, qurbanım olum. Rəhmətlik dədəm deyərdi ki, cəviz əkən barın yemir. Əkmə, istəmirəm.

Zeynalı gülmək tutdu. Elə bərkdən güldü ki, Sənubərin ürəyi əsdi.

Bilirdi ki, belə gülməkdən sonra Zeynalın bərk hirslənməyi var.

Zeynal beli götürüb yer bələdlədi. Bağın “Daşamxor” dedikləri küncündən çala qazıb şitili bitirdi.

Ala-torandan həyət qapısı döyüldü. İt bir-iki ağız hürüb kəsdi. Zeynal qurcuxub oyandı. Küçədə kimsə alçaqdan danışırdı. “Yəqin Cəfərdi. Kişiləri arxa aparasıydı… Neyləsin, aprelin quraqlığı pis olar. Əlac qalıb arxı təmizləməyə. Göyə ümid bağlamaqdan bir şey çıxmaz… Yağmayanda yağmır”.

Dönüb yanında Sənubəri görmədi. Bir-iki ağız alçaqdan səslədi, arvadı həyətdən səs verdi. Zeynal canındakı ağrı-acını bir anlığa unudub qalxdı ayağa, Tosunun yorğanını çəkdi üstünə, sonra şalvarını geyə-geyə üzünü qapıya tutub dedi:

- Ağız, zirək ol, deyəsən mən Qəlbi Kövşən arxına gedəcəm…

Birdən yadına düşdü ki, beli də, dəhrəni də dünən günorta şitil bitirəndə bağda qoyub.

Endi həyətə. Qapıdan axan arxda əl-üzünü yuyub, başını keyləşdirən yuxunu qovdu.

Bağın içi ilə irəlilədikcə əlini qabağa uzadırdı ki, ağac-uğacın budağı gözünə dəyməsin. Dünən şitili bitirdiyi yerə çatanda çaşıb qaldı: bel qoyduğu yerdə yox idi. Ala-toran olsa da Zeynal duydu ki, şitil də yerində yoxdur. Şər-şıltaq bir hiss girdi qəlbinə: “Oğru gəlib bağa”.

Daşlığa adladı və bu an çəpərin dibində belin ağaran sapını görüb toxdadı. Bir az aralıda şitil görünürdü. Yeri qazıb ceviz şitilini təzədən bitirmişdilər. Əli şitilin dibinə dəyəndə hiss elədi ki, hətta su da töküblər. Dodağı qaçdı: “Arvad ki, arvad”.

Beli götürüb bağdan çıxhaçıxda hardansa qulağına sərçə səsi, qəribə də olsa, səhərin bu ala-toranında burnuna da kabab iyi gəldi. Sonra Sənubər gəlib durdu gözünün qabağında. Susub qabağa çıxmış “Altıncısını” sığallaya-sığallaya: “Bu necə söydaydı, ay allah? Eşqlanmışdı, ya nəydi bu bədbəxtlər?” - dedi.

Zeynal arxı sıçrayıb bağın qapısını açdı, cumdu “Daşamxor” yerə, dartıb şitili çıxartdı, töyşüyə-töyşüyə gətirib əvvəlki yerinə basdırdı və bağdan çıxdı.

…Axşamdan iri tut ağacına qonaraq bir-birinə qısılmış aprelin ilıq havasından xoşallanan sərçə dəstəsinin civiltisi ətrafa yayılırdı.

1990

# 1489 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #