news-inner
clock12:43 calendar-gray 29 Mart 2017 view-gray126 dəfə oxunub
view-gray126 dəfə oxunub

Vilayət Hacıyev: “Mükəmməl tərcümə mümkün deyil” – MÜSAHİBƏ

Kulis.az tanınmış tərcüməçi Vilayət Hacıyevin “Xəzər” dünya ədəbiyyatı jurnalına müsahibəsini təqdim edir.

DOSYE: Filoloq alim, tərcüməçi Vilayət Hacıyev 1950-ci ildə Qazax rayonunun Sofulu kəndində anadan olub. 1966-cı ildə Qazax şəhər 1 saylı orta məktəbini bitirib və həmin ildə M.F.Axundov adına APDİ-nin alman dili fakültəsinə daxil olub. İnstitutu 1971-ci ildə bitirəndən sonra bir il Daşkəsən rayonunda alman dili müəllimi işləyib. 1973-cü ildən Azərbaycan Dillər Universitetində çalışır. Filologiya elmləri namizədi, dosentdir.

1970-ci illərin əvvəllərindən başlayaraq, Azərbaycan mətbuatında tərcümələri nəşr olunur. Azərbaycan oxucuları "Azərbaycan", "Ulduz", "Xəzər" jurnallarında, eləcə də "Ədəbiyyat və incəsənət" qəzetində V. Borxert, Z. Lents, Henrix Böll, Stefan Sveyq, Frans Kafka və s. kimi görkəmli alman və Avstriya yazıçılarının yaradıcılığından nümunələrlə onun tərcüməsində tanış olublar. Tərcümə etdiyi əsas əsərlər Erix Mariya Remarkın “Zəfər Tağı”, Herman Hessenin “ Yalquzaq”, Henrik Böllün “Bir təlxəyin düşüncələri”, Lion Feyxtvangerin “ Lautenzak qardaşları” romanlarıdır:

- Bir tərcüməçi kimi iş qrafikinizdən danışaq. Əsər üzərində işləyərkən hər gün neçə saat tərcümə ilə məşğul olursunuz və tərcümə prosesində daha çox nələrə diqqət edirsiniz?

- İş qrafikim, demək olar ki, yoxdur. Çünki mən həm də universitetdə işləyirəm, yəni, müəlliməm, daha dəqiq desəm, vaxtımın çoxu əsas işimə gedir. Ona görə də tərcümə ilə əsasən, şənbə, bazar və bir də bayram günlərində, daha çox da tətil zamanı ardıcıl məşğul oluram. Ancaq, hamının etiraf etdiyi kimi, tərcümə də yaradıcılıq prosesidir və belə olan halda, burada dəqiq qrafikdən danışmaq çətindir. Bəzən, elə olur ki, iş adamı tutur, ondan ayrıla bilmirsən, bəzən də, heç yaxınına belə getmək istəmirsən. Heç vaxt zorla nəyisə tərcümə etməyə çalışmıram, bilirəm ki, alınmayacaq, ancaq buna daxili bir ehtiyac duyanda kompüterin arxasına keçirəm, belə olan halda, cümlələr tərs-avand alınmır. Mənim üçün əsas hər oturanda neçə səhifə tərcümə eləmək deyil, necə eləməkdir. Hər dəfə də işə başlayanda ötən dəfə elədiyim hissəni mütləq oxuyuram, həm səhvləri düzəldirəm, həm də nəyisə dəyişirəm, çünki bəzən, həmin anda adama elə gəlir ki, hər şey yaxşıdır, ancaq ikinci dəfə, necə deyərlər, “ayıq başla”, daha doğrusu, onun təsirindən çıxandan sonra oxuyanda görür ki, nəsə yerində deyil, nəsə yaxşı alınmayıb. Bunu bir də həmin ovqata köklənmək üçün edirəm. Bilmirəm, yalandır, ya doğrudur, mənə elə gəlir ki, başqa cür olsa, mətnin ritmi itər. Başqalarını deyə bilmərəm, ancaq mənə görə mətnin ritmi, arxitektonikası onun axıcılığı, oxunaqlılığı üçün əsas şərtlərdən biridir. Bunlar, sanki mətnin leksik tərkibinin, sintaktik quruluşunun “çərçivə”ləridir. İndi təsəvvür elə ki, pəncərə şüşəsi onun çərçivəsindən böyük və ya qısa, enli və ya ensiz kəsilir, onda ya əyri olacaq, ya da laxlayacaq. Düzdür, mətnin müəllifi nə “çərcivə”, nə də onun “şüşə”si barədə düşünmür, onun üçün əsas oxucusuna göndərmək istədiyi mesajdır, “çərçivələr” öz-özünə yaranır, daha doğrusu, ideya-məzmun formanı sanki özü diqtə edir və bəzi hallarda əksinə də olur. Yenə deyirəm, müəllif bu barədə baş sındırmır, ancaq tərcüməçidə tamamilə əksinədir. O, adekvat tərcümə etmək üçün mütləq “çərçivələri” də və onun “içindəkilərinin ölçüləri”ni də dəqiqləşdirməlidir, yoxsa, adına “forma və məzmun vəhdəti” dediyimiz prinsip pozulacaq...

- Demək, tərcümə bir yaradıcılıq prosesi kimi iki mərhələlidir, yəni, prosesin özündən əvvəl ona hazırlıq işi görülməlidir. Sizdə hazırlıq işi necə gedir və bu mütləqdirmi?

- Ən azı mənə elə gəlir ki, bu mütləqdir, başqa cür uğurlu tərcümədən danışmaq olmaz. Həmişə demişəm və fikrimdə də qalıram ki, orijinalda olduğu kimi mükəmməl tərcümədən heç vaxt söhbət gedə bilməz. Necə ola bilər ki, güzgünü çilik-çilik edəsən və sonra da onu elə yapışdırasan ki, bilinməyə?! Bu, sadəcə olaraq, mümkün deyil. Ancaq onu iki cür yapışdırmaq olar: biri var naşı ustanın əlinə düşə, elə kobud yapışdıra ki, sındığı o dəqiqə bilinə. Biri də var ki, kimsə onu elə ustalıqla, elə incəliklə yapışdırsın ki, yalnız sərraf gözlər onun orijinal olmadığını seçə bilsin. Tərcümə də elədir, başqa bir dilin qəlibində hazırlanmış mətni, yəni güzgünü parçalayıb tamamilə başqa bir dilin – fərqi yoxdur, ona bir az yaxın da ola bilər, çox uzaq da – qəlibində təzədən yığırsan. Belə olan halda bilməlisən ki, o hansı materialdan hazırlanıb, necə hazırlanıb və ən əsası da özündə nəyi və necə əks etdirib. Yazıçını yaxşı tanımadan, yaradıcılıq manerasına bələd olmadan, əsərin qayəsini tutmadan, yarandığı dövrü bilmədən onu necə yaxşı tərcümə edə bilərsən?! Deməli, ilkin hazırlıq, necə deyərlər, onu özün üçün “doğmalaşdırmaq” mütləq lazımdır.

Image result for vilayət hacıyev

- Ancaq heç əsərin özünü oxumamış onun tərcüməsinə girişənlər də var. Saytlarda, çap mediasında bunu dəfələrlə etiraf edən tərcüməçilər də var...

- Sözün düzü, mən də elə bir şey xatırlayıram... Düzdür, söhbət uğurlu tərcümədən gedərsə, bu mənə absurd görünür, ancaq mümkündür. Yəqin həmin adam o dərəcədə peşəkardır, tərcüməçi üçün vacib olan dil duyumu o qədər yüksəkdir ki, prosesin özündə hər şeyi müəyyənləşdirə bilir. Başqa cür də ola bilər, məsələn, kimsə hansı müəllifdənsə çoxlu tərcümələr edib, ona yaxşı bələddir, onun hər hansı əsərini axıra qədər oxumadan tərcüməsinə girişir. Məndə isə bir az başqa cürdür, tələbəlik illərindən alman dili ilə bərabər onun ədəbiyyatını da dərindən öyrənməyə çalışmışam. Sonra da bu ədəbiyyatdan müxtəlif kurslarda icmal-mühazirələr oxumuşam. Deməyim odur ki, bu ədəbiyyata az-çox bələdliyim var, ona görə də hazırlıq işi çox da çətin olmur. Boynuma alıram ki, tələbə vaxtı oxuyub heç nə anlamadığım “Yalquzaq”ı tərcümədən əvvəl təzədən oxumadım. Çünki yazıçı, əsərin özü haqda o qədər materialla tanış oldum ki, axırda ən azı özümə elə gəldi ki, onun mahiyyətini anlamışam, ana dilində ifadə edə bilərəm. Remarkın “Zəfər tağı”nda isə başqa cür olmuşdu. Əsəri ləzzətlə axıra qədər oxumuş, elə oxuya-oxuya bəzi yerlərini beynimdə şifahi şəkildə ana dilində canlandırmağa çalışmışdım və tam şəkildə “özümünküləşdirəndən” sonra tərcüməsinə başlamışdım. Ancaq mən hər bir halda ilkin hazırlığı vacib hesab edirəm, çünki sən mətni tam şəkildə qavramasan, onu təxəyyülündə yenidən canlandırmasan, mahiyyətinə varmasan, onu təzədən “yarada” bilməyəcəksən...

- Elə hallar olub ki, hansı əsərisə tərcümə etmək istəmisiniz, dediyiniz kimi, hazırlıq prosesində “tam şəkildə qavramağa, onu təxəyyülünüzdə yenidən canlandırmağa, mahiyyətinə varmağa” çalışmısınız, ancaq mürəkkəbliyinə, yaxud başqa xüsusiyyətlərinə görə alınmayıb?

- Əlbəttə, olub! Nəinki olub, hətta nisgilimə çevrilib. Məsələn, Tomas Mannın “Sehirli dağ”, “Həzrəti Yusif və qardaşları” “Doktor Faustus” romanları, onun klassik novella üslubundakı “Venesiyada ölüm”ü , “Aldanmış qadın”ı və sairə və ilaxırı... Nə qədər çalışsam da, ən çox sevdiyim yazıçılardan olan Tomas Mannı “özümünküləşdirə” bilmədim. Eləcə də Hessenin “Muncuq oyunu” nu... Nə yaxşı ki, Kifayət xanım bu əsəri dilimizə çevirdi, peşəkar tərcüməçi, dostum İlqar Əlfi Tomas Mann yaradıcılığına girişdi, necə deyərlər, mənim səhvimi düzəltməyə çalışdı... Mən əlbəttə, bu tərcümələrin keyfiyyətindən danışmıram, çünki başqa söhbətin mövzusudur, əsas məsələ odur ki, onlar özlərində güc tapıb bu işə girişdilər, mənim kimi qorxmadılar... Məlum məsələdir ki, burda tamamilə “zay məhsul”dan söhbət gedə bilməz, çünki ikisi də peşəkardır, uzaqbaşı hansınasa nəyisə irad tutmaq olar, ancaq əsas məsələ, yenə də deyirəm, belə ağır işin altına girməkdir. Necə ola bilərdi ki, dilimizdə Tomas Mann kimi yazıçıdan bircə nümunə də olmayaydı? Ola bilsin ki, bu tərcümələrdə dilin ağırlığı, bəzi cümlələrdə fikrin çətin anlaşıqlı olması oxucunu yorur, ancaq elə bilməyin ki, bu əsərləri almanların özləri birnəfəsə oxuyurlar. Deməyim odur ki, nə vaxtsa Kifayətin də, İlqarın bu tərcümələrin üzərinə qayıdacaqlarına əminəm və ya kimsə bunları daha uğurlu edəcək. Yoxsa, “Ulis” Azərbaycan dilində yaxşı alınmır deyə onu tərcümə etməyək?! Başqa bir misal: Qünter Qrassın dünya şöhrətli “Tənəkə təbil” romanını çətinliyinə görə deyil, başqa səbəbə görə tərcümə edə bilmədim. Bilmirəm, səhvdir ya düzdür, bacarmadım... Dediyim kimi, mən müəlliməm, tələbələrim var, onlar ordakı bəzi səhnələri mənim tərcümə etdiyimi düşünəndə... Yenə də deyirəm, ola bilsin, kimsə bunu primitiv düşüncə tərzi hesab eləyəcək, ancaq özümü məcbur eləyə bilmədim...

- Azərbaycan dilinin imkanları dünya ədəbiyyatının möhtəşəm əsərlərinin ruhunu tam olaraq çatdırmağa imkan verir?

- Bu sual mənə çox verilib və həmişə də demişəm ki, Azərbaycan dilinin poetik imkanları hər bir bədii əsərin ruhunu ifadə etməyə qadirdir. Düzdür, müxtəlif sahələrlə, üslublarla bağlı çətinliklər çox olur. Məsələn, bayaq da dedim ki, xalqların təfəkkür və düşüncə tərzləri, mədəniyyətləri bir birindən fərqlənir və təbii ki, onların dildə ifadə tərzi də müxtəlif olacaq. Lakin bu müxtəliflik onların dillərarası transformasiyasını tamamilə inkar etmir. Transformasıiyanın uğurlu olub-olmaması isə tərcüməçinin fərdi yaradıcılıq qabiliyyətindən, bədii təfəkkürün yaratdığının bədii təxəyyül süzgəcindən keçirib təzədən yaratmaq bacarığından asılıdır. Düzdür, dildə elə realilər, elə anlayışlar var ki, onlar başqa dildə yoxdur. Burada dilin zənginliyi, poetik imkanları heç bir rol oynamır, yəni Azərbaycan dilində də elə dil, üslub hadisəsi var ki, dünyananın zəngin dilləri hesab olunan rus, alman, ingilis dilində ifadə etmək olmur. Məsələn, bəzən sözün çoxmənalılığı üslubi hadisə kimi, tutaq ki, söz oyunu kimi çıxış edəndə onun transformasıyası mümkünsüz olur. Məsələn, alman dilində "fortfahren" feili həm "çıxıb getmək" (miniklə) həm də "davam etmək" mənalarında işlənir və almanlar da sözün mənsını oynadaraq belə bir lətifə düzəldiblər: "Müəllim dərsi izah edəndən sonra deyir: Morgen fahre ich fort - yəni sabah davam etdirəcəm. Səhəri gün şagird dərsə getmir və valideynləri səbəbini soruşanda deyir: Müəllim dedi ki, sabah çıxıb gedir. Burda transformasiya imkanı, demək olar ki, yoxdur, çünki istər Azərbaycan dilində, istərsə də başqa dillərdə "davam etməklə" "çıxıb getmək" başqa fonetik tərkibə malikdirlər, onları orijinalda olduğu kimi oynatmaq olmur. Ancaq bunlar istisnalardır, əksər hallarda əvəzləmə müxtəlif üsullarla- izahlarla, kompensasiya vasitəsilə, yeni söz yaradıcılığı ilə və sairlə mümkündür. Yenə deyirəm, bu, tərcüməçinin bacarığından, səbrindən asılıdır.

- Tərcümə zamanı müəllifin dəsti-xəttini, üslubunu saxlamaq çoxmu vacibdir?

- Əlbəttə, saxlamaq lazımdır. Ancaq burda da bir məsələni də qarışdırmaq olmaz. Bir var dilin üslubu, bir də müəllifin üslubu. Dilin üslubu ümumi səciyyə daşıyır və müxtəlif laylardan ibarət olur. Müəllifin üslubu, necə deyərlər, dəsti-xətti spesifik səciyyəlidir, yəni fərdidir, bu layların "funksionallaşma prosesində"ki seçimidir. Təbii ki, bu seçim hər müəllifdə müxtəlif olur: eləsi var təhkiyəsi ekspressiv-dinamikdir, cümlələri qısadır, aydındır, ancaq üslubi fiqurlarla zəngindir, eləsi də var ki, necə deyərlər, ləngərlidir, bir cümləsi, az qala yarım səhifə olur, obrazlılıq üslubi fiqurlarla deyil , müxtəli vasitələrlə, məsələn, ritm, arxitektonika və sairlə yaradılır. Məsələn, alman ədəbiyyatını götürsək, iyirmi altı yaşında həyatını itirmiş Volfqanq Borxert, sanki tez öləcəyini bilirmiş kimi, yazmağa tələsmiş, fikrini daha çox elliptik cümlələrə ifadə etmiş, Kafka həyatın daha çox boz üzünü qabartdığı üçün onun müəmmalarını "protokollaşdırmış", Hesse özünün fəlsəfi, psixoanalitik ümumiləşdirmələrinin gözünə obrazlı ifadə tərzi qatmışdır və sair və ilaxır. Şübhəsiz ki, bunlar Azərbaycan dilində də "öz dillərində" danışdırılmalıdır. Bu o deməkdir ki, tərcümədə müəllifin üslubu olmalıdır, tərcüməçinin yox. Daha konkret desək, təcümə prosesində, tutaq ki, Saday Budaqlının, Mahir Qarayevin, Nadir Qocabəylinin, lap elə Vilayət Hacıyevin deyil, müəllifin üslubu dominant olmalıdır.

Image result for vilayət hacıyev

- Bir az da tərcümə üçün çox vacib olan amillərdən, necə deyərlər, onun “qızıl qaydaları”ndan danışaq. Siz tərcüməçi üçün ən vacib nəyi hesab edirsiniz?

- Tərcümə prosesində ən əsas şərt – bunu hamı deyir – dil duyumudur. Özü də bu duyum həm söz, həm cümlə, həm də mətn səviyyəsində olmalıdır. Yəni, söz duyumu fikrin, o da öz növbəsində ideyanın dərkinə gətirib çıxarmalıdır. Bədii mətndə sözün mənasının, sadəcə olaraq, başa düşülməsi, hələ onun duyulması demək deyil və uzaqbaşı, informativ səciyyə daşıyacaq, böyük hərflə yazılan SÖZ olmayacaq. Əgər biz bədii mətni SÖZ sənəti hesab ediriksə, deməli, onu yalnız başa düşməməli, həm də duymalıyıq. Bir də şübhəsiz ki, söhbət bədii mətnin tərcüməsindən gedirsə, bədii təxəyyül. Ancaq, gəlin “yazıçılıq istedadı, səriştəsi” ilə “bədii təxəyyülü” qarışdırmayaq, çünki bədii təxəyyül sahiblərinin hamısı yazıçı olmur. Düzdür, çox prinsipləri tərcümənin “qızıl qaydaları”na aid etmək olar, ancaq mən deyərdim ki, bu iki amil bədii tərcümə sənətnin qoşa qanadlarıdır, yəni “qızıl qaydalar” içində ən yüksək əyarlılarıdır. Niyə son vaxtlar tərcümə təsərrüfatımız haqda şikayətlər eşidirik? Ona görə ki, bu prosesə yanaşma tərzimiz əksər hallarda “söz – duyum – çevrim” formulunda deyil, “söz- çevrim” səviyyəsindədir. Əlbəttə, son illərdə tərcümə sənətinə meylin artması, üstəlik də bu işlə məşğul olanların çoxunun gənc olması yalnız alqışa layiqdir və bu sahədəki xaosa baxmayaraq, xeyli irəliləyiş də var. Ancaq mənə elə gəlir ki, artıq bəzi məsələlərdə çox ehtiyatlı olmağın vaxtı çatıb. Məsələn, düşünürəm ki, son illərdə “orijinala sadiqlik”, “ tərcümə tərcümə olunmuş mətn kimi oxunmalıdır” , “müəllif və ya mətn üslubuna uyğunluq”, “dəqiqlik” prinsipi əsas götürülərək dilimizdə xaric səslənən deyim tərzlərindən istifadə olunur və ya mətni “gözəlləşdirmək” üçün orijinalın ruhuna uyğun olmayan ifadələr işlədilir, daha dəqiq desək, xüsusilə, bədii mətnlərin tərcüməsi üçün vacib olan funksional, dinamik ekvivalentliklə formal ekvivalentlik arasında sərhədlər itir. Belə olan halda görürsən ki, müəyyən fikir hasil olsa da, sözlər arasında sanki “əlaqə” yoxdur , çünki düz seçilməmişlər. Deməli, yuxarıda adını çəkdiyiniz “qızıl qayda”lardan biri də düzgün söz seçimidir. Əslində, söz seçimi dil duyumu ilə şərtləndirilən bir amildir və deyərdim ki, tərcümə prosesində ən çətin andır, əsl peşəkarlıq da burda özünü biruzə verir: müstəqim və məcazi mənalardan, sinonim çərgələrdən ən uyğununu tapmalısan...

- Doğrudanmı, hər cümlənin üzərində bu qədər baş sındırmaq lazımdır? Hər söz saf-çürük edilməlidir? Onda hətta qısa bir mətnin də tərcüməsinə uzun zaman kəsiyi lazım gələr...

- Yox, həmişə belə olmur. Mən sadəcə, prosesi izah etmək istədim. Bu mətndən, onun müəllifinin yaradıcılıq manerasından, SÖZə münasibətindən asılıdır. Əlbəttə, Tomas Mann, Hesse, Markes, Dostoyevski kimi yazıçıların bəzən, bircə cümləsinin üzərində saatlarla, hətta günlərlə düşünmək, dilin alt qatına yollar axtarmaq lazım gələcək. Ancaq elə müəlliflər də var ki, onlarda sanki sözlər özü dilə gəlib deyir ki, məni yaz. Bununla belə, tərcümə tələskənliyi sevmir. Çünki söz seçimində tərcüməçinin məsuliyyəti müəllifin məsuliyyətindən çoxdur, müəllifdə bədahətən olan bir proses tərcüməçidə düşünülmüş şəkildə gedir. Bəlkə də, indicə dediyim şikayətlərin bir səbəbi də elə bu tələskənlikdir. Bu da ən çox saytlarda gedən tərcümələrdə hiss olunur. Əvvəllər deyirdik ki, mürəkkəbi qurumamış, ancaq indi kompüterdə son cümləni yazan kimi göndərirlər, orada da olduğu kimi “ekrana” qoyurlar. Hətta bəzən, mənə elə gəlir ki, diqqətlə oxumurlar, oxusalar, bu şəkildə verməzlər, çünki saytlarda işləyənlərin çoxunu şəxsən tanımasam da, qələmlərinə, SÖZə münasibətlərinə bələdəm...

- Demək, siz tərcümə edərkən şair demiş, “heç yerə, heç yana tələsmirsiniz”?

- Elədir ki, var. Ancaq bu mənim hünərim deyil, sadəcə, bizim nəsil, necə deyərlər, belə “tərbiyə alıb”. Xahiş edirəm, buna keçmiş üçün qəribsəmək kimi baxma, doğrudan da o vaxt heç kim redaksiyaya “çiy” material aparmazdı, çünki bununla özün öz yolunu bağlamış olurdun. Digər tərəfdən də, əgər biz doğrudan da tərcüməni yaradıcılıq prosesi hesab ediriksə, bu prosesdən yaranan “məhsul”a qarşı da son dərəcə diqqətli olmalıyıq. Mən bu sahədə az-çox səriştəsi olan bir adam kimi deyə bilərəm ki, hətta peşəkarın peşəkarı da olsan, necə deyərlər, bir oturma edilən və çap olunan tərcümə uğurlu alına bilməz. Başqaları bir yana, hətta özün də bir neçə aydan, ildən sonra onu oxuyanda, çox sözün yerində olmadığını, ifadə tərzinin sönüklüyünü və ya şişirdildiyini hiss edirsən. Axı tərcümə birinci yaradıcılıq prosesi deyil ki, sən özünü təxəyyülün qoynuna atıb xumarlana-xumarlana bədii sözün ənginliklərində cövlan edəsən. Səndən qabaq bunu yaradıblar və sən həmin yaradılanı təzədən yaradırsan, deməli, asılısan, ancaq eyni zamanda, nədəsə də sərbəst ola bilərsən. Yəni, yaranan bircə dəfə yaranır, onu olduğu kimi ikinci dəfə yaratmaq mümkün deyil və burada məqsəd maksimum dərəcədə oxşarlığa nail olmaqdır, deməli, sənin sərbəstliyin də “asılı sərbəstlikdir”, yalnız və yalnız oxşarlığa xidmət edir. Daha doğrusu, dillər, təfəkkür və düşüncə tərzləri, mədəniyyətlər, xalqların adət-ənənələri, deyim tərzi ilə bağlı ifadə imkanları üst-üstə düşmədiyindən sən nəyisə mütləq əvəzləməli, dəyişməli, əlavə etməli, itirməli, itiriləni hansı vasitə ilə isə kompensasiya etməlisən. Göründüyü kimi, ağır prosesdir, hövsələ, dözüm tələb edən işdir...

- Bir tərəfdən “asılılıq”, bir tərəfdən də sadaladığınız “əməliyyatlar”: dəyişmək, əvəz etmək, əlavə etmək və sairə... Paradoks deyilmi? Yoxsa tərcümə nəzəriyyəsində və praktikasında bu “əməliyyatları” tənzimləyən və ya onları “hüquqi cəhətdən” təsbit eləyən qaydalar, qanunlar var?

- Xeyr, burda heç bir daşlaşmış qayda-qanundan söhbət gedə bilməz, uzaqbaşı tövsiyələrdən, müəyyən qanunauyğunluqlardan, təcrübəyə söykənən ümumiləşdirmələrdən danışmaq olar. Dəqiq reseptlər əsasında bədii mətnlər yazılmadığı kimi, həmin reseptlər əsasında tərcümə də olmur. Bunlar hamısı tərcüməçinin fərdi qabiliyyəti, duyum və qiymətləndirmə bacarığı ilə həyata keçirilir. Tərcümənin yaradıcılıq prosesi olmasını şərtləndirən əsas amil də elə budur. Sən hiss etməlisən ki, nə vaxt əlavə edə bilərsən, nə vaxt dəyişərsən və sənin bu “əməliyyatların” mətnin fikir yükünə, üslubuna xələl gətirməyəcək, əksinə, bunların hamısı adekvatlıq, ekvivalentlik xətrinə olunur. Bəzən, bunlar, doğrudan da, qaçılmaz olur. Öz təcrübəmdən bir misal çəkim və əvvəldən deyim ki, qətiyyən burada haqlı olduğumu, düz elədiyimi nəzərə çatdırmaq istəmirəm, sadəcə olaraq, mənim gücüm buna çatıb. Məşhur Avstriya yazıçısı Ştefan Svayqın “Bəşəriyyətin bəxt ulduzları” adlı tarixi miniatürlərindən “Cənub qütbü uğrunda mübarizə” novellasında belə bir yer var: Kapitan Skott komandasının bir neçə üzvü ilə böyük əzab-əziyyətlər hesabına Cənub Qütbünə çatanda oranın artıq isveçli Amundson tərəfindən kəşf olunduğunu görür və əvvəlkilərdən də betər məşəqqətlərlə geri qayıtmağa başlayır, lakin dəstənin üzvlərini bir-bir itirir, özünün də sağ qayıtmayacağını bilə-bilə “lap son ana – barmaqları donub qələm əlindən düşənə qədər” gündəlik yazır. Axırda da titrəyən barmaqları ilə son arzusunu bildirir: “ Bu gündəliyi arvadıma göndərin” Sonra da dəhşətli bir əminliklə “arvadıma” sözünü pozaraq “duluma” yazır. Orijinal belədir. Alman dilində “witwe” sifəti (dul, dul qalan) isim kimi tez-tez işlənir, rus dilində də isimləşə bilir, Azərbaycan dilində isə həmişə sifət kimi işlənir. Belə çıxır ki, mən bu cümləni “ duluma göndərin” yazmalı idim və özün də görürsən ki, gülünc çıxır. Sadəcə olaraq, “dul qalan arvadıma” yazmaq olardı, ancaq “dəhşətli bir əminliklə pozmaq”- cümlənin əsas fikir yükü itərdi. Digər tərəfdən də məntiq pozulurdu: “dul arvadıma” yazırdısa, niyə pozurdu. Belə olan halda mən çıxış yolunu bu “əvəzləmə”də gördüm: “Ancaq sonra da dəhşətli bir əminliklə “arvadıma” sözünün qarşısına əlavə işarəsi qoyur və üstündə həmin dəhşətli sözləri yazır:” Dul qalan”. Görürsənmi, “pozmaq” dönüb oldu “əlavə işarəsi qoyub üstündən yazmaq”.

Daha bir misal: Haynrix Böllün “Ədalətli Daniel” hekayəsində belə bir cümlə var: “Onun altında isə “kaş bu dünyada ədalət olaydı” yazmaq istədi. Ədalət sözünü də səhv yazdı... Deyəsən, sonu qisasla bitən “ədavət” sözü ilə qarışıq saldı. Onun “ədalət” ilə “ədavət”in ayrı-ayrı şeylər olmasını başa düşməsi üçün on ildən çox vaxt lazım oldu”. Əslində, orijinalda “ədalətlə” “qisas” sözü qarşılaşdırılır, necə deyərlər oynadılır ( Gerechtigkeit – Rache), çünki köklərində eyni səslənmə var. Azərbaycan dilində isə, başqa-başqa səslənən sözlərdir, həmin “söz oyunu” effektini vermir. Belə olan halda mən onu “ədavətlə” oynatdım, çünki yazıda “ədalətlə” “qisası” qarışıq salmaq absurd alınardı, ancaq “qisas”ı da unutmadım, çünki mətndə onun da mənası vardı.

- Bir məsələ də bizim üçün maraqlıdır: tərcümələrinizi çapa verməmişdən əvvəl kiməsə oxuyursunuzmu və ya kiminləsə müzakirə edirsinizmi?

- İndi yox... Ancaq əvvəllər bunu mərhum Çərkəz Qurbanlı ilə həmişə edirdik. Təsəvvür elə ki, mənim tərcüməmdə “Zəfər tağı “nı “Yalquzaq”ı, onun tərcüməsində Kafkanın “Qəsr”ni və çoxlu başqalarını əvvəldən axıra kimi birlikdə oxumuşuq, uzun mübahisələrimiz olub. O mənim tərcümə müəllimim olsa da bizim tərcümə sənətinə yanaşma tərzimiz başqa-başqa idi, ancaq bununla belə ümumi dil tapırdıq və iş prinsipimiz də belə idi: “Məndən deməkdir, istəyirsən qəbul elə, istəmirsən eləmə!” Ancaq arqumentlər güclü alınanda, qəbul etməmək olmurdu... Əlbəttə, indi də tərcüməçilərin hansı qrupdasa, qurumdasa yığışıb yeni bir tərcüməni müzakirə etməsi, tərcümənin istər nəzəri, istərsə də praktiki məsələləri haqqında fikir mübadiləsi çox xeyirli olardı.

- Hazırda üzərində işlədiyiniz əsər varmı? Varsa, onu nə vaxt oxuya biləcəyik?

- Var. Çox sevdiyim yazıçılardan olan Haynrix Böllün “Başsız qalmış ev” romanının tərcüməsinə başlamışam. Nə vaxt oxuyacağınızı isə deyə bilmərəm. Axı bayaq dedik ki, “mən heç yerə, heç yana tələsmirəm”.

news-inner-user

12873 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti