Almaniyada mollanın xilas elədiyi partizan – VİDEO

Almaniyada mollanın xilas elədiyi partizan – <span style="color:red;">VİDEO
18 fevral 2017
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində Tahir Tahiroviçin 2012-ci ildə çəkdiyi “Unudulmuş partizan” sənədli filmini təqdim edir.

Film İkinci Dünya Müharibəsində nasist Almaniyasına qarşı vuruşmuş azərbaycanlı partizan Mirdamət Seyidovdan bəhs edir. “İvan Russki”, "Miriço Mario" və "Vesilin" təxəllüsləri ilə tanınmış M. Seyidov Mehdi Hüseynzadə ilə birgə döyüşüb.

1944-cü ildə Triest yaxınlığında yerləşən Opkino şəhərindəki kinoteatrı partladan iki azərbaycanlıdan biri M. Hüseynzadə, digəri M.Seyidov olub.

Qəhrəman film boyu müharibədə yaşadığı maraqlı məqamları bölüşür. Daxau həbs düşərgəsində əsir olan qəhrəman belə bir əhvalat danışır:

“Almanlara əsir düşəndə cibimdə komsomol biletim vardı. Bir əlim sarıqlı idi, dişimlə onu diddim, şəkli də cırdım. Komsomol, partiya üzvlərini və yəhudi olanları güllələyirdilər. Birdən gördüm ki, bir dəstə alman gəlir, içində də molla, əbasından bilinirdi. O vaxt səhvən yəhudilərin əvəzinə müsəlmanları da güllələyirdilər. Sıradan çıxıb onlara tərəf cumdum, almanca danışmağa da qorxuram, çünki yəhudi olduğumu zənn edərdilər. Mollaya dedim ki, biz Məhəmməddənik. Xilas olduq”.

Hərçənd, filmdə onun xatirələri, danışdığı əhvalatlar daha çox fondur. Çünki rejissor təsvirlərlə onun indisinə, unudulmasına xüsusi vurğular edir. Onun müharibədə yaşantıları bir növ arxa plana keçir, film iki zaman – partizanın zəngin keçmişilə solğun, monoton indisi arasında sərt dialoqa çevrilir. Fotolardan boylanan mavigözlü, yaraşıqlı, müharibədə təhlükəli tapşırıqları yerinə yetirən çevik gənclə yorğun, beli bükülmüş, tənha qoca qarasındakı təzad əhvalat boyu önə çəkilir.

Yuqoslaviya və İtaliya ərazisində işğalçılara qarşı cəsarətli əməliyyatlar aparan kəşfiyyatçı deyir: “Sloveniya mənə çox şey verdi, fəaliyyətimə uyğun olaraq, ordenlər, medallar, fəxri adlar verdi. Çoxlu dost verdi, əsas budur”. Onun son cümləsi və soyuq evindəki təkliyi kədərli ovqat yaradır.

Sonda o, gözlərini yumur, başını aşağı salır: “Yoruldum e.” Və film bu yorğun kəlmə ilə bitir.

Tahir Tahiroviç filmin üzərində uzun müddət işlədiyini deyir:

“Bu filmi hardasa il yarıma çəkmişik. Onun həyatının ilin bütün fəsillərində əks elətdirmişik. Operator Elşən Əliyevlə birlikdə hər üç-dörd aydan bir Xanların Qızılca kəndinə gedirdik. Fəsilbəfəsil lentə alırdıq. Filmdə Mirdamət Seyidovun dediyi əsas məqam odur ki, o, istədiyi mükafatı ala bilmədi. Yəni o, Mehdi Hüseynzadədən az iş görməmişdi. Və bu da onda inciklik, əsəb yaradırdı. Ona görə filmin adını “Unudulmuş partizan” qoyduq, yəni az sonra unuduldu”.

“Uzaq sahillərdə” filmində Veselin Seyidovun prototipidir. Maraqlıdır, o, özü film haqda nə düşünürdü?

T. Tahiroviç: “Bu haqda onunla söhbət edəndə, əsəbi halda etiraz elədi ki, “Uzaq sahillərdə” nağıldı. Yəni ciddi sənədlərə əsaslanan film deyil. Filmdə Mehdi ilə çiyin-çiyinə vuruşmuş adamların hamısı əslində azərbaycanlı idi. Amma bircə Mixaylounu azərbaycanlı kimi veriblər ki, əsas vurğu onun üzərində olsun. Ələsgər Ələkbərovun oynadığı komandir əslində Cavad Həkimlidir. Həkimli özü orda partizan rolunu oynayır. Mehdinin ətrafında Fərrux İsmayılov, Ənvər Seyidov, Mikayıl Qulubəyov və başqaları olub. Amma filmdə hər birini başqa millətdən veriblər. Mixaylo seçilən adam olub, amma onu böyüdüb digər azərbaycanlıları kiçiltmək, unutmaq doğru deyil.”

Əslən gəncəli olan Mirdamət Seyidovun İkinci Dünya Müharibəsi başlayanda 17 yaşı var idi. İxtisasca həkim olan Seyidov almanca mükəmməl bilirdi.

Xidmətlərinə görə İtaliyanın fəxri vətəndaşı adını alıb. Onun italyan pasportu, diplomları, ordenləri hazırda Moskvada, Frunze adına Silahlı Qüvvələr Muzeyində qorunur. Müharibədən sonra milis orqanlarında çalışıb.

O, son vaxtlar özünə qapanaraq tək yaşayırdı. Film bitməmişdən 20 gün əvvəl dünyasını dəyişib.

“Unudulmuş partizan” Rusiya və Ukraynada toplam beş festivala qatılıb, iki festivalda mükafata layiq görülüb. 2015-ci ildə isə “Qızıl Pəri” mükafatını alıb.

"ELTV" və "Nova Gorica" kino mərkəzində istehsal olunan filmin ssenari müəllifləri İlham Tumas, Tahir Tahiroviç, operatoru Elşən Əliyev, bəstəkarı Azər Əsgərovdur.

# 4186 dəfə oxunub

Oxşar xəbərlər

XIX əsr Paris modasının siması  - O, hansı məşhur rəssamların sevimli modeli idi?

XIX əsr Paris modasının siması - O, hansı məşhur rəssamların sevimli modeli idi?

17:15 14 noyabr 2025
Əsərləri Milli İrlandiya Qalereyasında saxlanılan rəssam - Onun hansı tablosu rekord qiymətə satılmışdı?

Əsərləri Milli İrlandiya Qalereyasında saxlanılan rəssam - Onun hansı tablosu rekord qiymətə satılmışdı?

15:08 10 noyabr 2025
Danimarka şahzadəsinin ölümdən qurtardığı şair  - Ona niyə yazmağı qadağan etmişdilər?

Danimarka şahzadəsinin ölümdən qurtardığı şair - Ona niyə yazmağı qadağan etmişdilər?

10:00 10 noyabr 2025
Modern romanı yenidən inşa edən yazıçı

Modern romanı yenidən inşa edən yazıçı

18:15 6 noyabr 2025
"Əjdaha" karvansarası açdı, dostunun tablosunu özü tamamladı -  Renessansın unudulmuş rəssamı kim idi?

"Əjdaha" karvansarası açdı, dostunun tablosunu özü tamamladı - Renessansın unudulmuş rəssamı kim idi?

14:30 5 noyabr 2025
Erotik əsərlərlə tanınan polyak şair - Onun şeirlərinin tərcüməsi niyə mümkünsüz sayılırdı?

Erotik əsərlərlə tanınan polyak şair - Onun şeirlərinin tərcüməsi niyə mümkünsüz sayılırdı?

13:00 5 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər