news-inner
clock12:35 calendar-gray 17 Oktyabr 2016 view-gray223 dəfə oxunub
view-gray223 dəfə oxunub

Tüklü sabun – HEKAYƏ

Kulis.az Vüsal Nurunun “Tüklü sabun” hekayəsini təqdim edir.

Mənim ərim kloundu. Olduqca şən adamdı. Amma bir gün evə seçkidə uduzmuş deputat kimi gəldi. Adəti üzrə işə gedəndə rəsmi geyinər, sancaqlı qalstuk taxar, köynəyinin qol düymələrini zövqlə uyğunlaşdırar və ayaqqabısına uyğun dəri portfelini götürüb gedərdi və elə də qayıdardı. Bu günə qədər onun iş paltarında qayıtdığını görməmişdim. Bəzi qonşularım, rəfiqələrim, iş yoldaşlarım hesab edir ki, Ayzikin parlamentdə qırmızı dəri üzlü rahat kreslosu var, orda özü üçün səhərdən axşama qədər mürgüləyir, sonra da durub əsnəyir, gərnəşib pul dolu portfelini evə gətirir. Və biz xoşbəxt yaşayan zənginlərdənik. Əslində özümü Ayziklə xoşbəxt hesab edirəm. O hələ Ayaz olanda və Hamburqa təzə gəlib dönər satan vaxtlarında mən onun qara bığlarına və tüklü sinəsinə heyran olmuşdum. İndi kirayə haqqı və bəzi kreditlərimiz olmasa dedi-qoduları gerçək hesab etmək olardı.

Həmin bu qaragün Ayzikim evə girəndə heç dodağımdan da öpmədi, təslim olub silahını atan əsgər kimi portfelini yerə qoyub divara söykədi və dəhlizdəki ayaqqabı şkafının üstünə çökdü. Mən gözümü ondan çəkmədən qapını örtdüm və təəccüblə nə baş verdiyini soruşdum.

- Was ist mit dir los Aysik?

Ayzik başını qaldırıb üzümə baxanda ilk dəfə onun ağladığını, səliqəylə alınmış nazik qaşlarının əsdiyini, mənim üzümdən hamar üzünə göz yaşının süzüldüyünü gördüm və ürəyimin göynədiyini hiss elədim.

- Atam ölüb. – Ayzik belimi qucaqlayıb başını qarnıma söykədi və hönkürdü.

Təbii ki, onun kədəri virus kimi mənə də keçdi və mən də burnumu salladım. Təsəlli verəcək sözlərdən başqa Ayzikin dərdinə şərik olacaq bir üsul tapmırdım. Onun qolundan tutub qaldırdım və mətbəxə keçdik, mən kofe hazırlayaraq ona ölümlü həyat haqqında çox bəsit və çeynənmiş sözlərdən istifadə edərək fəlsəfi mühazirə oxudum. Bəlkə də Ayzikimin zəhləsini tökürdüm, amma sözümü kəsmirdi.

- Bir gün hamı öləcək və tanrının yanına gedəcək. – Hiss edəndə ki, çox çərənlədim sözümü belə bitirdim.

Səbirli Ayzik mən susan kimi dedi:

- Yox, Amara, əzizim, - dedi. – O tanrının yanına getməyib? – susub içini çəkdi və təəssüflə əlavə elədi, - Bura gəlib.

Gülmək məni tutdu, əhvalım dəyişdi. Ayzikin həmişəki kimi zarafat elədiyini düşündüm, sonra gördüm ki, o təsəvvür etmədiyim qədər ciddidi. Özümü yığışdırıb soruşdum:

- Necə yəni bura gəlib?

Ayzik mənə baxıb çarəsiz halda başını yırğaladı:

- Hara baxıramsa qarşımda atamı görürəm. Bu gün də səhnəyə çıxmışdı, gəlib lap qarşımda dayandı, sonra üzümə tüpürdü. Tutulub qaldım. Məni fitə basdılar, əllərinə gələni başıma atdılar... Mənə rahatlıq vermir.

Mən vəziyyətin qəlizliyini birdən dərk elədim, kətilin birini stolun altından çəkib Ayzikin qarşısında əyləşdim.

- Sənin atan nə vaxt ölüb? – maraqla soruşdum

- Bir həftədən çoxdu. – Astadan dedi.

- Bəs indi niyə deyirsən?

- Səni də bax belə kədərləndirmək istəmirdim.

Mən onu xeyli danladım ki, nahaq öz kədərini məndən bu vaxta qədər gizlədib, ürəyinə salıb, indi də bax belə əsəbləri pozulub.

- Demək bir həftədi hallüsinasiya görürsən? Bunu da məndən gizlədirsən? Ayzik, dur gedək psixoloqa. – O, etiraz eləsə də mən inadımdan dönmədim və həmişəki kimi yenə qalib gəldim. Bir neçə seansdan sonra psixoloq məsləhət gördü ki, hələ də atasını hər getdiyi yerdə görən Ayzik vətənə qayıdıb atasının məzarını yad eləsin. Bu Ayzikin də ürəyindən oldu, heç demə qohumları tez-tez ona zəng eləyib çağırır, bəziləri uşaq kimi tənbeh edir, danlayır, atasının dəfnində olmadığı üçün onu nankor adlandırır, hətta mənə görə onu Almanlara satılmış hesab edirdilər. Ayzikin eşitdiyinə görə son vaxtlar atası “Ayaz” deyə-deyə ağlayır, qarğış edib lənətləyirmiş. Elə öləndə də son sözü belə olub: “O nemesə satılmış oğraşı qəbrimin üstünə qoymayın.”

Mən nə qədər çalışdımsa viza, bilet, bəzi sənəd işlərini təkbaşına yoluna qoya bilmədim. Ayzik həmişəki səliqəylə evdən çıxanda dedi ki, mən səfirliyə gedib bu işləri dədə-baba üsuluyla edəcəm. Axşam qayıdanda portfelindən iki bilet çıxardıb mənə verdi.

Bizim təyyarə həftəsonu qalxırdı. Mən Ayzikin qohumlarıyla görüşəcəkdim deyə bir az həyəcanlıydım. Onu da tək başına buraxmaq istəmirdim. Həm də ona görə ki, ərimi əlimdən ala bilərdilər. Odur ki, bu çətin gündə Ayzikimin yanında olmalıydım.

Təyyarədə yanaşı oturmuşduq. Mən pəncərədən buludlara baxırdım, Ayzik jurnal vərəqləyirdi. Birdən onun səksəndiyini hiss elədim, ona baxanda Ayzik qarşıya çevrildi və sonra mənə baxdı. Rəngi ağarmışdı. Nə baş verdiyini soruşdum.

- Atam! – pıçıltıyla dedi. – O burdadı. – İşarət barmağını çiyninin üstündən arxaya işarə edərək göstərdi və boynunu çiyninə qısaraq bir az aşağı sürüşdü. Mən qatili axtarırmış kimi iki kreslonun arasından yavaş-yavaş boğazımı uzadıb gözümü qıyaraq arxaya boylandım. Hərə öz işindəydi və birdən düşündüm ki, görəsən Ayzikin atası hansıdı, axı mən heç o adamın üzünü bir dəfə də görməmişəm. Sonra bu axmaqlığıma peşman oldum.

- Orda heç kim yoxdu. – dedim və öz sözümə gülməyim tutdu. Necə yəni heç kim yoxdu?

- Ordadı. Bizdən beş oturacaq arxada, sol cinahda.

Mən marağımı gizlədə bilməyib bir də baxanda qalın qara qaşlı, çopur üzlü, bığlı, yekə qarınlı bir kişinin düz gözümün içinə baxdığını gördüm və qeyri-ixtiyari Ayzik kimi diksinib qarşıya çevrildim, boynumu qısaraq aşağı sürüşdüm.

- Gördüm!- Pıçıltıyla etiraf elədim.

O adam gah bizdən arxada, gah bizim qarşımızda peyda olurdu. Birdən gəlib yanımızdan keçəndə bir anlıq ayaq saxlayır, ya da addımlarını ləngidib bizə baxır, başını bulayıb gedirdi. Biz əl-ələ tutmuş halda kreslonun içində gizlənmişdik və hər onu görəndə mənim tualetə getməyim tuturdu, amma durub getməyə cəsarətim çatmırdı, hiss edirdim ki, böyrəklərim bu saat partlayıb içimə dağılacaq.

Ayzik əlimdən tutub məni qaldırdı, qarşı tərəfdəki tualetə getdik, o da qapının qarşısında keşik çəkərək, pərdənin qırağını aralayıb atasının oturuşundan, duruşundan mənə xəbər verirdi. Mən tualetdə çox qala bilməzdim. Stüardessanın dalınca yerimizə qayıtdıq və qulaqlıqlarımızı taxıb, gözümüzü jurnalların mənasız səhifələrinə dikərək, özümüzü Berlin divarlarının arxasında hiss etdik.

Bizi gözlədiyimdən yaxşı qarşıladılar. Kəndin bəlkə də bütün kişiləri, qadınları bizi görməyə gəlmişdi. Amma mənə gizlin-gizlin baxan, gözü məndə ağzı yanındakının qulağında olan qadınları da görürdüm. Kişilər sadəcə marıtlayıb içini çəkir, bəziləri dodağını dişləyir, saqqallarını qaşıyır, gözlərini sinəmdən, ayaqlarımdan çəkmirdilər və hiss edirdim ki, mənə görə Ayzikimə qibtə edirlər.

Gecə yerimizə girəndə Ayzik dedi ki, atasını dəfn edən mollayla danışıb. Molla deyib ki, atan səni lənətləyib ona görə də ruhu səndən əl çəkmir. Əslində Ayzikin də, mənim də belə cəfəngiyata baş qoşmağa vaxtımız olmayıb. Amma Ayzikin qorxusu və təyyarədəki kişi mənim də ağlımı qarışdırmışdı. İstəyirdim nə olur olsun, Ayzik nə edir etsin, tezliklə bu ac qurd kimi baxan saqqallı kişilərin, qara parçalara bürünmüş qadınların arasından çıxıb gedək.

Səhərə qədər nə Ayzik yatdı, nə də mən. Səsə gözümü açdım ki, Ayzik dizi üstə oturub yerdə, günahkar uşaq kimi başını salıb aşağı. Bu dəfə mənə görünməyən atası onun qulağından tutub yuxarı dartır, boğazı uzanır, sonra buraxılırdı və o qızarmış qulağını ovcuyla ovuşdururdu. Hərdən hiss edirdim ki, onun üzünə şillə dəyir, diksinirdi. Başımı yırğalayaraq təsdiqləyir, nəyisə etiraf edirdi...

Qorxumdan çarpayının başına çəkilib bükülmüşdüm və sanki qucaqladığım yastığın arxasında gizlənmişdim. Ürəyimdə Ayzikin atasını söyürdüm ki, oğlundan əl çəkmir. Öz evimizdə olsaydım mütləq polisə zəng vurardım.

Bilmirəm, hansı andasa cəsarətləndim, ya da qorxudan ürəyim sıxıldı deyə cikkə çəkib qışqırdım və yastıqla ruhu vurdum. Özümü Ayzikin üstünə atdım. Qarşımızda dayanan o gözümə görünməyən yekəqarın kişini hədələdim ki, əl çəkib cəhənnəm olmasa ondan bir başa kanslerə şikayət edəcəm. Ayzikin başını döşlərimin arasına sıxmışdım ki, bir də vura bilməsim. Mən onu uşağım kimi bəsləyib saxlamışam, gətirməmişəm ki, axmaq bir ölü qoca onu səhərə qədər qarşısına qoyub döyə. Mən tezliklə Ayzikimi bu varvarların əlindən alıb aparmaq istəyirdim. Qoy sabah nə deyirlər onu eləsin, təki biz tezliklə geri qayıdaq.

Səhər tezdən molla gəlib bizi çağırdı. Həyətdəki ağacın altında oturduq.

Molla Ayzikə dedi:

- Sənə ölü duası oxunmalıdı. Bunu da atanı yuyan mürdəşir bilir, o eləməlidir. – Xeyli söhbətdən sonra dedi ki, mürdəşir ondan bu iş üçün xeyli pul alacaq ki, halallıq olsun.

- Nə qədər istəsə verəcəm, atam məndən əl çəksin. – Ayzik dedi.

Molla söhbət ərzində məndən gözünü çəkmirdi. Nəhayət məni göstərib Ayzikə dedi:

- Hər şeyin günahı bu nemes qızındadı. - İkimiz də ona təəccüblə baxırdıq. O sözünə davam elədi. – Bu qızın bədənində Harun cini var, o cin çıxmasa bu qız dəli olub səni də, özünü də öldürəcək.

Məm xeyli güldüm, bu adamın hansı əsirdə yaşadığından xəbəri yox idi. Onlar nə danışdılarsa Ayzik məndən xahiş elədi ki, imkan verim molla cini çıxarsın. Başa düşürdüm ki, Ayzik bunu mənə görə eləyir. Molla əvvəlcədən bildirdi ki, o cinin insan bədəninin harasında gizləndiyini iyləyərək tapır... Mən də mollaya dedim ki, ayağının arasına bir təpik vuraram qulaqlarınla çəpik çalarsan. Amma Ayzik sözümü tərcümə eləmədi...

Ayzik mollayla birlikdə həyətdən çıxdı, o mürdəşirin yanına getdi. Məsciddən xeyli aralıda Cəbiş dedikləri Cəbrail kişinin tikdirdiyi yuyat yeri vardı, içəridən o biri otağa qapı açılırdı, burda kişinin çarpayısı, televizoru, divarda manikenlərin şəkilləri...

Ayzik özünü təqdim eləyən kimi mürdəşir Cəbiş əl-ayağa düşdü. Onu içəri çağırıb çaya-yeməyə dəvət elədi, təbii ki, Ayzik imtina edib onu tez dualayıb yola salmasını xahiş etdi. Görünür əvvəldən pul qazanmaq istəyən molla zəng vurub Ayzik haqqında nə lazımdırsa deyib, tapşırıbmış.

- Puldan narahat olma - Ayzik dedi. – Təki atam rahatlıq tapsın.

- Tapacaq. Belə şeylər çox olur. – Mürdəşir onu arxayınlaşdırdı. – Səni ölü kimi yuyub, dualamalıyam. Ruhun paklaşmalıdı...

Ayzik etiraz eləmədi. Mürdəşirin dediyi pulu onun cibinə basdı.

- Soyun uzan. – Mürdəşir həvəslə işə başladı. Yuyat vannasına ilıq su vurub Ayzikin yerini “rahatladı” – Soyun də nə durmusan?

Ayzik tərəddüdlə soyunmağa başladı. Vannaya baxa-baxa köynəyinin düymələrini açdı. Cəbiş bir iri paçka pambıq gətirib stola qoydu. Ayzik köynəyini asandan sonra maykasını da çıxarıb qapının arxasındakı qarmağa ilişdirdi. Cəbiş kisəni krantın altında yuyub sıxdı və gətirib onu da stolun üstünə atdı. Ayzik şalvarının kəmərini, düyməsini də açıb, zamokunu aşağı siyirdi, əvvəl ayaqqabılarını çıxardı, sonra ayağı yerə dəyməsin deyə ayaqqabılarının üstünə çıxıb əzərək corablarını soyundu və şalvarının cibinə dürtdü. Şalvarını maykasının yanından asdı. Cəbiş pambığın yanına iyirmi-otuz santimetr uzunluğu olan barmaq yoğunluğunda bir çubuq da qoydu. Ayzik məcbur olub ayaqqabısının üstündən düşüb vannaya yaxınlaşanda Cəbiş soruşdu ki, sən doğulanda əynində tuman olub? Ayzik utansa da çarəsiz qalıb onu da çıxardı və qalxıb vannada oturdu.

Cəbiş asılqandan önlüyü götürüb geyindi.

- Bismillah! Uzan! – dedi.

Ayzik əllərini qabağında çarpazlaşdıraraq uzandı. Cəbiş onun əllərini çəkib düz yanına qoydu ki, elə saxlasın. Suyu buğlanan qazanı sürüyərək lap yaxına gətirdi və içindəki qulplucanı doldurub Ayzikin ayağına tökdü.

- İsti deyil? – soruşdu.

- Yaxşıdı. – Ayzik bildirdi.

- Boy, sabın hanı? – Cəbiş sanki öz-özündə soruşdu və gözüylə sabunu axtardı. Vannanın ayaq tərəfində yerdəydi. Corabını soyunanda Ayzikin gözünə sataşmışdı. Cəbiş də tapan kimi əyilib götürdü, onun əlindəki sabunu görəndə Ayzik tez dikəlib oturdu:

- Dayan! O sabunu mənə vurma. Görmürsən, üstünə nə qədər tük yapışıb?

- Nə olsun? Ölü sabunu necə olmalıdı? – Cəbiş təəccüblə soruşdu

- Mən ki, diriyəm. Mənə təmiz sabun gətir.

- Vallah yoxumdu. – O çiynini çəkərək dedi.

- Mənə nə? Get al. Məni təmiz sabunla yu.

Cəbiş sabunu yerə atdı, sabun sürüşüb vannadan bir az aşağıda dayandı. Cəbiş dodağının altında deyinə-deyinə önlüyünün kəndirlərini arxadan açıb, boyunluğunu başından çıxardı və divardakı mismara keçirdi. Uzunboğaz rezin potilərini qapının ağzında soyunub dabanı əzilmiş çəkmələri geyinib yuyatdan çıxdı.

Ayzik ölümdən sonra başına gələcək günü yaşayırdı. Həm də bir peşəkar kloun kimi belə ölü yuyulmasının əyləncəli ola biləcəyini düşünürdü. Onu da başa düşürdü ki, bir azdan Cəbiş gəlib onun bütün deşiklərini o uzun çubuqla pambıqlayacaq. Odur ki, durub pambığı götürüb yanına qoydu. Yoluşdurub barmağının ucunda tampon düzəltdi və burnunun iki deşiyinə soxdu, ucları dodağının üstünə sallandı. Yəqin ki, özünü bu vaxt səhnədə hiss edirdi, çünki ağzını əyərək qaşlarını qaldırmışdı. Sonra yenə səliqəsiz tampon düzəldib qulaqlarına soxdu və pambıqdan qulağının seyvanı görünmədi. Yerdə qalan pambığı götürüb gah ona, gah qapıya baxdı, sonra bir az yanakı dayanıb hamısını arxadan ayaqlarının arasına dürtüşdürdü. Kənardan baxanda ağ dovşanın quyruğuna oxşayırdı. Ayzik özünü çox gülünc vəziyyətdə hiss edirdi və düşünürdü ki, doğrudan da bu vəziyyəti səhnədə canlandırmaq olar. Qoy hamı öləndən sonra başına gələcəkləri bir də başqa tərəfdən görsün və bir gün necə gülməli meyit olacağını düşünsün.

Cəbiş gəlib çıxmırdı, gedəndə deyinmişdi ki, mağaza uzaqdadı. Tək qalan Ayzik özünə əyləncə axtarır, nəfəsini bəzən içində nə qədər tuta biləcəyini yoxlayır, bəzən də qəfildən oyanır, guya ətrafına yığışanlara bağırıb, onları qorxudurdu.

Ayzik nəfəsini tutduğu vaxt yuyata bir orta yaşlı kişi girdi. Pambıqlanmış meyiti vannada görəndə əmin oldu ki, Cəbiş içəridədi. Bir neçə dəfə ucadan çağıra-çağıra yaxınlaşırdı. Təbii ki, qulaqları tıxanmış Ayzik onun səsini eşitmirdi. Kişi ürpənə-ürpənə meyitin yanından keçib otağa açılan qapıya tərəf “Cəbrayıl, ay Cəbrayıl” deyib çağıraraq gedəndə Ayzik nəfəsini buraxıb dikəldi, oturdu və pambıqları qulağından çıxarıb:

- Cəbiş sabun almağa gedib- ucadan dedi.

Qəfil səsi eşidən kişi arxaya çevrilib baxanda burnunun deşiklərindən, qulağından pambıq sallanan xortlamış meyiti vannanın ortasında durub oturan gördü. Səksənib bağırdı və geri çəkiləndə sabun ayağının altında qalıb sürüşdü. O boyda kişinin ayaqları göyə qalxdı və yerə çırpılanda başı beton səkiyə dəyib nar kimi paçalandı. Ayzik vannadan yerə tullanıb özünü onun üstünə atdı. Silkələyib oyatmağa çalışdı. Əli-üstü, ayaqları qan içindəydi. Səs-küyə çöldə gözləyən adamlardan içəri girəndə yerdə qan aparan adamın üstünə meyitin əyildiyini, qara şəvə tüklü yançaqlarının arasından çıxan bir topa pambığı görüb əvvəl duruxdular. Ayzik onların səsini eşidib dikəldi və onlara tərəf çevriləndə burnundan sallanan pambıqlar və qana bulanmış əli, ayağı o adamları sümüklərinə qədər qorxutdu və yəqin ki, meyitin durub yerdəki kişini yediyini, ya xortlamış ölünün adamın başını yerə çırpıb öldürdüyünü düşündülər. Ayzik hər şeyi unutmuşdu və bağırıb qan aparan adama kömək çağırırdı. Çöldəkilər gətirdikləri meyiti qoyub qaçdılar. Bir az keçmiş polislər gəldi. Ayzik çölə çıxıb onlara yalvarırdı ki, adama kömək eləsinlər, həkim çağırsınlar. Yazıq hansı vəziyyətdə, hansı halda olduğunu tamamən unutmuşdu. Ayzikim tumanını, maykasını da geyinə bilmədi, polislər onu elə pambıqlı apardılar.

Bir neçə gün ərzində onu heç bir qohumu həbsdən çıxarda bilmədi. Dedilər ki, adam öldürdüyünə görə həbs edilib, cinayətkardı. Mən onunla görüşdüm və hər şeyi mənə olduğu kimi danışdı. Təəssüf ki, mən köməksiz və çarəsiz qalmışdım, ərimi haqsızlığın əlindən ala bilmirdim. Bir yandan da vizamızın, biletimizin vaxtı bitirdi. Mən məcbur olub ürəyimi Ayzikin yanında qoyub, atasının goruna söyə-söyə Hamburqa qayıtdım.

Xəbər almışam ki, məhkəmə olub, Ayziki adam öldürdüyünə görə səkkiz il həbs, Cəbrayıla fırıldaqçılıq etdiyi üçün icbari üç ay cəza veriblər.

Mən ərimi təlxəklərin arasında qoymaq fikrində deyiləm. Bu dəfə sənədləri özüm hazırlamışam. Dostlardan, bankdan xeyli pul toplamışam. Həftənin axrı Ayzikimin yanına uçuram və onu cin yuvasından alıb geri qaytaracam. Əgər kimsə bu işdə mənə kömək edə bilərsə ona istədiyi qədər pul verməyə hazıram. Sizin üçün elektron poçtumu qoyuram: [email protected]

news-inner-user

16121 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020
Kinematoqrafiya şöbəsinə yeni müdir təyin olundu
13:53 12 Avqust 2020
Manaf Ağayevin döydüyü model sevgili – “Ay canı yanmış” rəzaləti
13:49 12 Avqust 2020
Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi
13:12 12 Avqust 2020
Özündən 45 yaş kiçik şagirdini hamilə qoyan müəllim
12:53 12 Avqust 2020
Azərbaycanlı yazarın kitabı Türkiyədə nəşr olundu
12:09 12 Avqust 2020
Mədəniyyət Nazirliyinin mətbuat katibi işindən ayrıldığını açıqladı
11:23 12 Avqust 2020
Əfsanəvi müğənninin gitarası rekord qiymətə satıldı
11:10 12 Avqust 2020
Namazı ana dilimizdə qılsaq, daha səmimi olarıq
10:31 12 Avqust 2020
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edir
09:57 12 Avqust 2020
Yollar bağışlamır gecikənləri - Könül Arifin şeirləri
09:00 12 Avqust 2020
Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020