Rayonlarda emalatxana açan rəssam: “Özümlə uzun və qapalı paltarlar aparmışdım”

Rayonlarda emalatxana açan rəssam: “Özümlə uzun və qapalı paltarlar aparmışdım”
22 sentyabr 2016
# 15:47

Kulis.az gənc rəssam Nigar Kazımla müsahibəni təqdim edir.

- Əvvəlcə özünüz haqqında məlumat verərdiz.

- 25 yaşım var, Bakı Dövlət Universitetinin amerikaşünaslıq fakültəsini bitirmişəm. Hal-hazırda polimer gildən əl işləri düzəltməklə məşğulam, bununla dolanıram.

- Amerikanşünaslıqdan incəsənətə necə keçid elədiniz?

- Universiteti bitirdikdən sonra darıxdırıcı işlərdə işləyirdim, işdən sonra gedib incəsənətlə məşğul ola biləcəyim, maraqlı istedadlı insanlarla tanış ola biləcəyim bir yer axtarırdım, tapmadım və düşündüm ki, bir gün özüm belə bir yer açım.

- Nə gözəl. Bəs “Yaşıl emalatxana” ideyası necə yarandı?

- Birdən ağlıma gəldi ki, belə bir yer olsa gözəl olar. Başladım onun haqda düşünməyə. Oturdum təxmini nələrin lazım olacağının siyahısını yazdım; mebelindən tutmuş boyasına, qab-qacağına kimi. Sonra özümə söz verdim ki, hər maaşımdan bu siyahıdan bir şey alacam. İlk maaşa gedib quaş boyası aldım. Sonra Gənclər Fondunun müsabiqə keçirdiyini öyrəndim, layihəmi onlara uyğun şəkildə yazıb göndərdim. Bir neçə ay sonra qaliblər siyahısında olduğumu öyrəndim. İşdən çıxdım və layihəm üzərində çalışmağa başladım.

- Harda işləyirdiniz?

- Bir kosmetika şirkətində distributor işləyirdim.

- Layihəni harada həyata keçirdiniz?

- Bakıda, Əlövsət Quliyev küçəsində emalatxana götürdüm.

- Emalatxanada nə işlə məşğul olurdular? Hansı sənət növlərini tədris edirdiz?

- Çoxlu ləvazimat və materiallar var idi. Hər kəs gəlib orada istədiyindən istifadə edə bilərdi. Misal üçün boyalar, kvillinq kağızları, saplar, gil və s. Sonra həmçinin xına günləri keçirilirdi. Akvarel master-klassları və kvillinq dərsləri keçirilirdi.

- Siz sadaladığınız işlərin hamısını bacarırsız?

- Demək olar ki hə. Amma lazım olanda bu işlə professional olaraq məşğul olan insanlar gəlib dərs deyirdilər. Lakin emalatxananın əsas ideyası o idi ki, hər kəs sərbəst olsun orda, özü biləni etsin.

- Emalatxana yalnız Bakıda fəaliyyət göstərirdi, yoxsa rayonlarda da təşkil olunmuşdu?

- "Yaşıl Emalatxana" yalnız Bakıda idi. Bu il ikinci layihəm "Səyyar Yaşıl Emalatxana" da qrant qazandı və bu layihə üç rayonu əhatə edir.

- Hansı rayonları?

- Lerik, Şəki, Qusar. Lerik və Şəkidə artıq olmuşam, növbədə Qusar var.

- Emalatxana müddətli olur?

- Hər rayonda bir ay fəaliyyət nəzərdə tutulub. O bir ayın 10-15 gününü özüm orda oluram və gənclərə bildiklərimi öyrədirəm. Misal üçün, kilim toxuculuğunu və polimer gil ilə işləməyi. Sonra ləvazimat və materialları onlar üçün saxlayıb, bir və ya iki assistentə tapşırıb başqa rayona yola düşürəm.

- Emalatxanalar ödənişlidir?

- Yox, kəndlilər üçün hər şey tamamilə pulsuzdur. Dərslər, ləvazimatlar, materiallar. Onlar üçün hətta çay və şirniyyat da pulsuz idi.

- Nigar xanım, sizdə kursları tam bitirənlər sonra müstəqil surətdə bu işlə məşğul ola bilirlər?

- Mən onlara bildiyim hər şeyi öyrədirəm. Bəziləri tez öyrənir, diqqətli olur, artıq nələrsə yaratmağa başlayır. Bəzilərində alınmır. Sonra hər birinin əl işlərindən ibarət sərgi olacaq. Əslində əsas məqsəd elə nələrsə öyrənib sata bilmələridir.

- Əsasən hansı yaşda insanlar sizin emalatxanaya üzv olur?

- 14-35 nəzərdə tutulub, lakin hər yaşda insanlar gəlir.

- Bəs kənd camaatının sizə münasibəti necədir?

- Lerikdə çox mehriban qarşıladılar, ilk gündən gəldilər, sapları açmağa və başqa işlərdə kömək etdilər, çox həvəsli idilər. Hətta mənim orda vaxtım bitəndə qonaqlıq təşkil etmişdilər. Şəkidə bir az soyuq münasibət oldu, lakin orda da ilk gündən gəlməyə başlamışdılar. Nəzərdə tutulan müddətdən artıq qalım deyə qızlardan ikisi öz evlərinə qonaq qalmağa dəvət etdi, səhərdən axşama kimi işləyə bilirdik.

- Nigar xanım, sizin emalatxanaya ancaq qadınlar gəlirdi, yoxsa kişilər də?

- Hər kəs üçün açıqdır, lakin daha çox qadınlar gəlir. Hələ ki, yalnız bir oğlan iştirakçı olub.

- İştirakçıların əl işlərindən ibarət sərgi nə zaman olacaq?

- Tarix dəqiq deyil hələ. Çox güman ki, noyabrda baş tutacaq.

- Yaşıl emalatxana layihəsi nə zaman yekunlaşacaq? Başqa rayonları da əhatə edəcəkmi?

- Layihə artıq bitmək üzrədir. Dediyim kimi noyabrda keçiriləcək sərgi ilə yekunlaşacaq. Hələlik yalnız bu üç rayon nəzərdə tutulub. Gələcəkdə maliyyə tapa bilsəm başqa rayonlarda da davam etməyi düşünürəm.

- Nigar xanım, emalatxanada öyrətdiyiniz tələbələr arasında artıq bu işi öyrənən, müstəqil fəaliyyətə başlayan varmı?

- Bir nəfərə Facebookda satış üçün səhifə açmağa kömək etmişdim. Əl işlərinin şəkilləri çəkib paylaşmışdıq. Qalanlarının fəaliyyəti haqqında xəbərim yoxdu.

- Kənd həyatına öyrəşə bilirdiniz? Sizə çətin olmurdu ki? Deyəsən bloqunuzda yazmışdınız ki, çaya paltar yumağa getmisiz. Paltarınızdan indiyə qədər balıq iyi getməyib.

- Əvvəl çətin idi, lakin ilk başdan pozitiv kökləmişdim özümü. Buna görə də hər şeydən zövq almağa çalışırdım. Çaya paltar yumağa da zövq üçün getmişdim. Hətta kənd həyatına uyğun olaraq özümlə uzun və qapalı paltarlar aparmışdım, orda şal bağlayırdım. Zövq alırdım bundan.

- Qısa don geyinməyə ehtiyat etdiyinizə, yoxsa oranın sakinlərindən fərqlənməmək üçün belə edirdiz?

- Əslində sakinlər arasında şortik geyənlər var idi, mənə gülürdülər. Mən sadəcə getməmişdən öncə kənd həyatını romantikləşdirmişdim.

- Gün ərzində emalatxananın iş prinsipi necə oldu?

- Üzvlər adətən günorta, bəzən də səhər saatlarında gəlirdilər. Mən onlara məhdudiyyət qoymamışdım, kim nə vaxt istəsə gələ, axşam da nə vaxt istəsə çıxıb gedə bilərdilər. Kim nə ilə istəsə məşğul olurdu, mən də nəzarət edirdim, başa salırdım. Arada çay içirdik. Bəzən Lerikdə şəlalənin yanına düşüb orda işləyirdik. Yəni günlərimiz əyləncəli keçirdi.

- Emalatxanaya gələnlərlə kitab, ədəbiyyat müzakirələri keçirirdiz?

- Lerikdə alınmırdı, çünki aralarında oxuyan az idi. Bir qız nağıl oxumağı sevdiyini dedi, lakin müzakirə alınmadı, çünki müəllifləri tanımırdı. Amma Şəkidə oxuyurdular. Hətta iştirakçılardan biri ilə ortaq bəyəndiyimiz yazıçılar da var idi. Ona evdə otağımda sevdiyim yazıçı və şairlərin portretlərini asdığımı dedim, çox həvəsləndi, birlikdə gedib onun çox sevdiyi Kafkanın portretini çap etdirdik, qız o şəkli otağına qoydu. Dedi hələ Dostoyevski və Freydin də şəkillərini çap etdirəcək.

- Bildiyimiz kimi cənub zonasında qızlar müəyyən səbəblərdən təhsildən uzaqlaşdırılır. Siz ünsiyyətdə olduğunuz insanlarda bunu müşahidə elədinizmi?

- Mənim qarşıma çıxan qızları ailələri təhsildən uzaqlaşdırmırdı, lakin təhsillərini davam etmək kimi bir variant da yox idi. Nə qızların elə fikri var idi, nə valideynlərinin. Ümumiyyətlə həmin kənddə hamı kəndini çox sevirdi, ordan başqa bir yerdə yaşamaq fikirləri yox idi, hətta təhsil almaq üçün belə.

- Deyəsən bu kənd sevdasını sizə də yoluxdura biliblər.

- Çox sevmişdim oraları. Elə mehriban insanları başqa heç yerdə görməmişdim.

# 1777 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #