news-inner
clock17:10 calendar-gray 09 Sentyabr 2016 view-gray216 dəfə oxunub
view-gray216 dəfə oxunub

Anama gələn pullu elçi – YENİ HEKAYƏ

Kulis.Az Azad Qaradərəlinin “Böyük adam haqqında kiçik hekayələr”ini təqdim edir.

1. Ayaqlarını yuyan qayıqlar

Yuxuda anamı görmüşəm. Dedi, hardaydın bu vaxtacan? Dedim, Bakıdaydım.

Anam içini çəkdi:

- Tək getmişdin? (Yuxuda uşaqdım)

- Hə. Dənizə baxırdım...

- Nə gördün?

- Qayıqlar vardı. Eləcənə suda dayanıb ayaqlarını yuyurdular...

- Bıyyy... Qayığın ayağı olur ki?

- Bilmirəm. Ayağı yoxsa bəs suda necə gedir? Bir də bilirsən nə gördüm? Bir az aralıda qumluqda iki qayığı sudan çıxardıb tərsinə çevirmişdilər. Elə bil Xansıvarın oğlu Nadir çarıqlarını tərsinə çevirmişdi ki, günə verib qurutsun...

- Boy, çarığı harda görmüsən sən?

- Çoban Xansıvar Nadirə qırçınlı qızqaytaran çarıq tikəndə ağlamışdım e, yadından çıxıb?

- Bıy, hə, anan ölsün... Yadıma düşdü... Dənizə-zada girmə. Qayıq-zad hardan düşüb başıva? Uşaxsan, get uşaq işinə. Dərslərinə fikir ver... Bir də qəbrimin sol tərəfində bir çəngə çayır bitib, kök atmamış onu çıxardarsan...

Diksinib ayıldım. Gecənin tən yarısıydı. Kimsə gecənin ağırlığından incəlmiş səslə sözsüz ninni oxuyurdu. Ya bəlkə çöl pişiklərinin səsi idi?

2. Anama elçi gəlib

Evimizin qabağında üstü çadırlı bir maşın dayanmışdı. Dedilər ki, VİLLİS imiş. Qonşumuzun oğlu qulağıma pıçıldadı:

- Anana elçi gəliblər!

“Nə?! Axı o mənə demişdi ki, heç vaxt səni qoyub ayrı yerə getmərəm?!”

- Bu ölsün hə! Kolxoz sədridir e! Pullu adamdı!..

Çantamı yerə atıb evə gedirəm. İki kişi, iki qadındır. Babamla, nənəmlə astadan nə barədə isə danışırlar. Qulaq versəm də bir şey başa düşmürəm. Anam görünmür. Eyvanımıza boylanıram. Samovarımızı qaynadır. “Hə, demək belə? Məni aldatmısan? Yaxşı! Görərsən!”

- A bala, bəs camtayın hanı? – babamdır, eşməsini eşə-eşə məndən soruşur. Ona cavab da verməyib çölə çıxıram. Anama yanqılıcı baxıb evin dalına çıxıram. Qoyun-qoltuğuma iyirmiyəcən daş yığıb Salahın cevizinə çıxıram. Özümə rahat bir yer düzəldirəm – elə edirəm ki, burdan məni görə bilməsinlər. Sonra qoynumdan daşları çıxardıb atıram: tarak! Maşının qabaq şüşəsi cağğ elədi. İkincini atıram: şarakk! Bu dəfə daş şüşəyə deyil, maşının kabinəsinə dəyir. Üçüncü qabaq padpresi sındırsa da, çat-çat olur, tökülmür. (Burdan hər şeyi rahat görürəm axı. Dördüncü o biri şüşəni aparır! Beşinci maşının qabaq farasını, altıncı o biri faranı... maşını şil-küt elədim...

Qonaqlar bizdən çıxırlar. Hiss olunur ki, çox pərtdilər. Elə bilirəm ki, maşına görədir. Bu vaxt onların içindəki qadın qışqırır:

- Vayyyyy! Maşınımızı gör nə günə salıblar! Əliniz qurusun!

Kolxoz sədri (onu tanımışdım) acıqla o yan-bu yana baxıb qışqırır. Və hirslə maşınlarını minib gedirlər. Amma anamı aparmadılar. Nə olduğunu bilmək üçün ağacdan düşüb evimizə gəlirəm. Babam üstümə yeriyir:

- Niyə baxmadın qonaqların maşınına? Hansı çər dəymiş elədi onu? Biyabır oldux sədrin yanında.

Anam isə mənə baxıb gülürdü. Bu dəfə yüz faiz inandım: o məni qoyub heç vaxt ərə getməz. Bir də axı mənim pis-yaxşı atam var, nolsun ayrılıblar?

3. Yastı dəmir

Yaşım olardı ya 4, ya 5. Dəqiq deyə bilməyəcəyəm, ondan ki, heç mənim indiki yaşım da dəqiq deyil. Yəni atam deyirdi 54-ün martın 16-sı doğulmusan, anam deyirdi xeyir, 55-in martın 5-i. Anamın versiyasına inansam da, (necə olsa da əziyyəti o çəkib və ömründə bircə dəfə uşaq dünyaya gətirib, onu da yadında səhv saxlamaz ki!) sənəddə atamın versiyası yazıldığından bunu qəbul edəsi olduq. Nəysə, mətləbdən uzaq düşdük.

Qulağım bir həftə sərasər ağrıdı və özü də elə ağrıdı ki, ağlayıb qışqırmağım qonşuları da zinhara gətirdi. Duz qovurub qoydular, öz sidiyimdən saldılar, xeyri olmadı. Axırda yazıq anam məni şalla dalına şəlləyib apardı Mincivan qəsəbəsindəki xəstəxanaya...

***

... Axşamtərəfi anamla kəndimizə qayıdırdıq.

Təxminən 13-14 kilomert yolu ayaqla getmişdik, amma necə getməyimiz yadımda deyil, nədən ki, qulağımın ağrısından elə ağlayırdım, Arazın o tayındakı Ozan kəndindəkilər də təəccüblə dönüb bizə baxırdılar. Sərhədçi rus soldatları da bir-birinə məni göstərib gülüşürdülər. Getməyimizdən yadımda qalanlar bunlardı.

Qayıtmaq isə... Beləydi ki, qulağıma dərman salmışdılar və nənəm demişkən, ağrının qulağı xırp batmışdı, olmuşdum anadangəlmə. İndi hərdən anamın kürəyindən aşırılıb düşür, özüm yerimək istəyirdim. Təxminən yüz-iki yüz addım getdikdən sonra dayanır, özümü sındırmasam da, anamın kürəyinə baxırdım, yəni o isti, o güclü kürəyin məni özü ilə aparmasını istəyirdim. Yazıq anam... Qolumdan tutub atırdı kürəyinə, düşürdü yolun ağına və ozalana-ozalana yolu dəstələyib alırdı əlinə... (Anamla atam mənim bir yaşım olanda ayrılmışdılar və anamın sözsüz ozalanmalarını mən sonradan başa düşdüm.)

Xaraba Tərəkəmə kəndinin altındakı maşın yoluna çatanda yolun qırağında uzun, yastı bir dəmir parçasını gözüm aldı. Mən bu dəmiri hardasa görmüşdüm deyin, dartınıb anamın kürəyindən düşdüm və yıxıla-dura yüyürüb o dəmir parçasını qucaqladım.

Anam həttəndi mənə:

- At yerə! Əlini hisə-pasa bulama...

Ağlamsındım və dedim ki, bu mənim dəmirimdir, aparacam evimizə. Anam çox dedi, mən az eşitdim. Özümü sürtdüm yerə və ağlaya-ağlaya dedim:

- Bilirəm niyə qoymursan aparam dəmirimi. Elə bilirsən ki, kürəyinə minəcəm? Yoox, özüm aparacam! Özüm gedəcəm...

Yazıq anam... Dəmirin bir başından o tutdu, o biri başından mən, dəmiri də sürüyürdü, məni də... Sonra daha gedə bilmədim və anam məni atdı kürəyinə - dəmirim də əlimdə... Sonra Baba bağındakı çinarın kölgəsində oturduq ki, bir az dincələk...

... Elə o kölgədəcə məni yuxu tutar...

…- A nənən ölsün, bu nə dəmir-dümürdü şəllənmisən?! Gədəni dalında apardığın bəs dəyildı?

- Neynim, ay nənə? Nə illah elədim, özün sürtdü yerə ki, özüm aparacam... – Anamın üzündə gülümsünməyə oxşar bir şəkil donmuşdu. Uzun zaman o şəkil gözümün önündən getmədi. O gülümsünməyə ağlamaq da qarışmışdı deyin, ayırd eləmək olmurdu.

Güclə gözlərimi açdım və anamın kürəyindəcə bərk-bərk qucaqladığım dəmiri nənəmə uzatdım:

- Nənə, vallah özüm gətirmişəm, inanmırsan bax, bude, qucağımdadı...

Nənəmlə anam soyuq-soyuq gülüşdülər. İndi o gülüşü yadıma salanda xəcalətimdən az qalıram yerə girəm.

***

Bir gün kəndimizə gələn bir dəmirçi çəpərimizin dibinə düşüb qalmış o məşhur dəmiri görmüş və demişdi ki, bu maşın risorunnan yaxşı dəhrə çəkmək olar. Xalis poladdı...

Anam da dəmirin üstündə pul da verib şəsti bir dəhrə çəkdirmişdi. Uzun illər əlimizdən tutdu o dəhrə. Odun yığdıq, tikan qırdıq, həyət-bacanın kol-kosunu təmizlədik onunla.

Son vaxtlar (rayonumuzun işğal günlərində) mən evdə olmayanda anam o dəhrəni başının altına qoyub yatarmış ki, birdən ermənilər kəndə girər, düşmən qabağına əliboş çıxmasın...

4. Oğlum və mən

Üç yaşım olardı, bəlkə də dörd. Anam məni dirliyimizdə kürəyindən yerə qoyub beli aldı, başladı yer belləməyə. Sonra vedrədə gətirdiyi pomidor şitillərini açdığı civələrə düzüb su buraxdı. Təxminən ona yaxın belə civədə pomidor əkib suladı, sonra fərəhlə dedi:

- Allah qoysa, yaya doğru çoxlu pomidorumuz olacax...

Sonra anam beli götürüb bir qədər aralıda lobya yerini belləməyə getdi. Mən pomidor şitillərinə baxa-baxa düşündüm ki, anam nəyisə düz eləməyib. Şitilləri çıxardıb yarpaqlarını yoldum, tərsinə bitirdim. Üst-başım da palçığa batdı. Bir az sonra o gəlib mənim elədiklərimi və üst-başımın bu halda olmağını görüb istədi məni vura, əli qalxmadı. Oturub zulum-zulum ağladı...

...Üstündən otuz iləcən vaxt keçib. Anam kürt toyuq balalarının altındakı yumurtaları yoxlayır, təzə çıxmış cücələri sayır, dəlinmiş yumurtaları qulağına tutub yerinə qoyur. Balaca oğlum da onunla ora-bura fırlanır. Sonra anam həyətə düşür.

Az sonra kürt toyuğun çığırtısı eşidilir. Gəlib nə görsək yaxşıdır: oğlum toyuğun altından dəlinmiş yumurtaları götürüb əli ilə soyub, yarımcan cücələri üst-üstə yığıb. Əlimi qaldırıb uşağı vurmaq istəyirəm, əlim qalxmır. Can verən cücələrə baxıb ağlamaqdan özümü güclə saxlayıram. Hirslənmiş anam üzümə baxıb gülümsünür.

...Oğlum İstanbuldan zəng vurmuşdu. “Nənəm yuxuma girib” deyir. Deyəsən, eyni vaxtda girib yuxumuza.

Avqust, 2016

news-inner-user

16049 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020
"Kobra"nın silahdaşı vəfat etdi
10:09 05 Avqust 2020
Mahnıları dillərdə dastan olan 5 Azərbaycan filmi - Video
09:01 05 Avqust 2020
Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020