news-inner
clock08:30 calendar-gray 26 Avqust 2016 view-gray161 dəfə oxunub
view-gray161 dəfə oxunub

Pərviz Cəbrayıl: “Biz məhv olmuş nəsilik”

Kulis.Az yazıçı Pərviz Cəbrayılla müsahibəni təqdim edir.

- Pərviz bəy, əvvəlcədən söhbətə belə başlayaq. Belə bir yazı yazmışdınız ki, yazdığım romanı itirmişəm. Bu nə məsələdir?

- Ayxan, saqqalın ağarsın, nə bilim, sinəndə ağ tük bitsin, əminəm ki, yazını oxumayıbsan. Ancaq təsəvvür eləməyin üçün verdiyin suala belə cavab verim: atamı itirmişdim, bu dəfə yenidən itirdim.

- “Öləngi” kitabınız çıxmışdı. Mən bilən o vaxt roman yazmaq dəbdə deyildi. Sonradan xeyli romanlar yazıldı. Demək olar ki, roman bumu sizinlə başladı?

- Saxta təvazökarlıq etmək fikrim yoxdu. Doğru deyirsən. Ən doğrusu isə kiçik həcmli roman yazmağın mümkün olduğuydu. İndiki yazar dostların çoxuna bax – bapbalaca roman yazırlar. Mənim romanım heç nə olsa belə, nə qədər adama ürək-dirək verdi. Həm roman yazmaqdan qorxmasınlar deyə, həm də kiçik həcmə də roman sığışdırmaq olar deyə. Mənimlə bum başlamadı, ürəkli olmaq başladı. Mən hətta oxucuların da roman yazmasının tərəfindəyəm. Ziyanı yoxdu. Oxucu əsasdı. O, nə alacağını bilir.

- Şeirləriniz də kitab şəklində çap olunmuşdu. Fərqli bir tərziniz var. Özünüzü şair kimi görürsünüz, yoxsa yazıçı?

- Mənə şair deyiləndə həzz alıram. Dünyada şair olmaqdan gözəl nə var? Ancaq mən yaşlı adamın şeir yazmasına birtəhər baxıram. Hərçənd öz fikrim daha birtəhərdi. Mən davamlı olaraq şeir də yazıram. Amma heç birini şeir yazım deyə yazmıram. İçdən gələn hiss-fikir özü bilir, şeir kimi gəlir (sərbəst, heca - o da bizlik deyil), nəsr kimi gəlir. Yenə deyirəm, iki kitablıq şeirim olsa da, kitab çap eləmək fikrim yoxdu, satmaq fikrim yoxdu, özümçün yazıram, dostlarçün. Ona görə də özümə pis baxmıram. Amma şair kimi yaşlı adamların şeir yazması bir az məzəli gəlir mənə. Mənim yazmağım belədi də, elə bil söz deyirsən də kiməsə - ancaq obrazlı, səliqəli, poetik. Hesab elə, nəsr muğamdı, şeir muğam arası təsnif-zad. Adam nəfəs dərməlidi.

- Yadımdadır, o vaxt “Proloq” qəzetinə çox iddialı başlıqda bir müsahibə vermişdiniz: “Özümdən güclü yazıçı tanımıram”. Bu, ironiya idi, yoxsa həqiqətən elə düşünürdünüz? O zaman sizi xeyli tənqid etmişdilər. İndi də eyni fikirdəsiniz?

- Müsahibə ayrıdı, onu mən vermişdim, başlıq ayrıdı, onusa qəzet rəhbərliyi, ya müsahibə alan jurnalist Ramin Deko vermişdi. İroniya-zad deyildi. Bu, kontekstdən çıxarılmış başlıq idi. O, reallıq idi, yəni çox kədərli reallıq. Demişdim: “Yazmadığım yazılarıma görə özümü ən böyük yazıçı hesab edirəm”. Yəqin çatdı fikrim. O zaman xeyli tənqid də olmamışdı. Təkcə gözəl Rafiq Tağı hövsələsizlik etmişdi. Müsahibənin jurnalistikaya aid hissəsi ilə ədəbi hissəsini qarışdırmışdı. Növbəti söhbətdə izahını verdim. Burada özünü böyütmək yox, kiçiltmək vardı. Ancaq bax, istənilən şəxs o sözü deyə bilər. Çünki istənilən şəxsin öz içində xəyal kimi gördüyü mətn onunçün dünyanın bütün əsərlərindən böyükdü. Yazmadığı yazıya görə bu sözü deyən adamı təkəbbürlü, qeyri-təvazökar, iddialı adlandırmaq gülməlidi.

- Milli Kitab Mükafatında qalib oldunuz. “Yad dildə” romanı səs-küyə səbəb oldu. Ancaq tənqidçilər əsəri tənqid etmişdilər. Çoxları düşünürdü ki, obyektiv qərar deyil. Nə düşünürsünüz bu haqda?

- Tənqidçinin işi tənqid etməkdi. Ruzisi ordan çıxır. Ancaq məsələ ondadı ki, sən dediyin anlamda tənqid eləyən təkcə dəyərli Əsəd Cahangir olmuşdu. Onun da yazdığı tənqidləri (hamısını yox təbii ki) həmişə güzgüyə tutub oxuyuram. Və ləzzət alıram. Niyə təkcə onu deyirəm? Çünki dahi Tehran Əlişanoğlunun yazdıqlarının özünü əvvəlcə tərcümə, sonra tənqid, sonra təfsir edib oxucuya çatdırmaq lazımdı ki, biləsən, adam nə demək istəyib. Qalan bütün təniqdi məqalə müəllifləri kitabı yüksək qiymətləndirmişdi. Yox, əgər tənqidçi deyəndə Rəşad Məcid, Çingiz Abdullayev, bir də Rəbiyyət Aslanovanı nəzərdə tutursansa, mən pas.

İndi mən deyim ki, “Yad dildə”nin qalib olması obyektiv idi, ya qeyri-obyektiv? Desəm obyektiv, bu, qeyri-obyektiv olacaq, yox, Məşədi İbad demişkən, qeyri-obyektiv desəm, onda Rafiq Əliyevi, Niyazi Mehdini, Rüstəm İbrahimbəyovu, Elçin Şıxlını və 4 nəfərdən başqa bütün jüri üzvünü incitmiş olaram. Hərçənd Rəşad da 10 baldan 7-sini vermişdi. “Mən ədalətli adamam”, - demişdi. Ancaq istefa verdi. O öz ədalətindən istefa verdi, mən neynəyə bilərdim ki? Günahkaramsa, bağışlasın.

Bir şeyi də deyim. O vaxt kitabla bağlı yazılmış iki sözü heç unutmaram və o iki söz qədər ləzzətli ikinci xoş söz eşitməmişəm hələ. Biri: Qan Turalı xəbərinə belə başlıq yazmışdı: “Ədəbiyyat qalib gəldi”. Bir də Almaniyada yaşayan gözəl heykəltəraşımız Azər Vəlinin sözü. “Azadlıq” radiosunun “Oxu zalı”nda yazmışdı: “Mən “Yad dildə”ni oxuyandan sonra yenidən Azərbaycan ədəbiyyatını oxumağa qayıtdım”.

- Oxuculardan biri bir dəfə yazmışdı ki, “Yad dildə”ni kitab mağazalarından tapa bilmədim. Mən bilən ikinci tirajı buraxıldı. Ümumi tirajı nə qədər oldu? Doğrudan da satılıb qurtardımı? Sirr deyilsə, maddi gəliriniz oldumu?

- “Qanun” nəşriyyatı “Ən yeni ədəbiyyat” layihəsinin ənənəsinə uyğun min tiraj çap etmişdi, mənə ordan 4 kitab çatdı zəhmət haqqı kimi. Narazı da deyiləm. Azərbaycanda pioner layihə idi yazıçını nəşriyyat hesabına çap etmək. Hamımız kömək etməliydik. On min tiraj deyildi ki, deyəm, Şahbaz Xuduoğlu yedi, mən qaldım. Bu pioner layihə Şahbazın inqilabı idi. MKM qalibi olandan sonra, Nigar xanım da layihənin prinsipinə uyğun 500 tirajla “Yad dildə”nin yeni nəşrini buraxdı. Hər iki tiraj reklamsız-filansız, - mən yazarlarımızın hay-küylə, TV-lərdə səviyyəsiz şou proqramlara qoşulmaqla, mənasız qalmaqallarla reklam olunmalarını deyirəm, - heç biri olmadan bütün tiraj satıldı. Çox da çəkmədi. İndi nə qədər adam yazır ki, necə tapaq. Düzü, bilmirəm.

- Yazarlardan birinin belə bir fikri var idi ki, Pərviz maraqlı əhvalat danışır, ancaq bunu ədəbiyyat hesab etmədiyi üçün yazmır, əsər yazanda yerlə-göylə əlləşir və daha dərin mətləblərə girişir. Doğrudan dərin yazmağa çalışırsınız, ya belə alınır?

- Kədərli ironiyadır. Bu ironiyanın sahibinin orqanizmində ciddi xəstəlik var, ürəyim ağrıyır ona görə. Məsələ ondadı ki, mən həmişə pis oluram, deyirəm, niyə başqa dostlar kimi maraqlı əhvalat danışa bilmirəm. Deyirəm, görünür, çox istedadsızam. Vallah, bəzən buna görə əməllicə məyus da oluram. Görünür, o yazar qəşəng əhvalat danışmağı yaxşı bacarır. Dərin yazmağa qalanda, dərin adam dərin yazır, dayaz adam dayaz. Çalışmaqla olsa, kim çalışmır ki? Mən də elə çalışıb pullu olardım da. Daha dərin yazmağı neynirəm? Gəmim-zadım var?

- Pərviz bəy, siz necə düşünürsünüz, yazıçı, şair, sənət adamı sosial şəbəkələrdə öz əlçatmazlığına xələlmi gətirir?

- Bəlkə də gətirir. Ancaq sərsəm təkəbbürdü bu. Nə əlçatmazlıq? Kim nə böyük bir şey yeyib ki, əlçatmaz olub? Mənə oxucularım adi adam kimi baxır. Sevinirəm. Mən kiməm guya? Mən də adi adamam da. Nə böyük iş görmüşəm ki? Üç roman yazmışam, bir qədər hekayə, bir qədər şeir, publisistika. Nə olsun? Təki məni əlçatan hesab eləsin hamı. Onda özümün də özümə əlim çatar. Adlarını deməyəcəm, deyərlər, bizim adımızı çəkib bizimlə bir yüksəklikdə durub özünü tanıtmaq istəyir, nə qədər növcavan yazarımız var ki, onlarla görüşməkdən ötrü cavanlar çəllək-çəllək pivədən, vedrə-vedrə arağından keçir, onların mübarək saqqallarına, eynəklərinə, papaqlarına, altının stuluna əllərini toxundursunlar. Nə olur ki, guya? Məzəli söhbətlərdi. Bəlkə də inanmayacaqsız. Mən dünən yazmağa başlayan adamı da özümdən böyük sayıram az qala. Körpə yazıçıymışam kimi hər birinin fikrinə sayğıyla yanaşıram. Ümumiyyətlə, mən yazıçıyammı? Sırf yazıram deyə, hə, yazıçıyam. Ancaq yazıçı ayrı şeydi axı. Hə, bax yenə o fikrə qayıdıram, hələ yazmadıqlarıma görə özümü Dostoyevskidən də böyük sayıram. Ancaq heç Anar da ola bilməyəcəyəm. Reallıq bu. On kitabım olsaydı da, indi yenə belə deyərdim.

Yazıçı kimi bir uğurumu dəqiq bilirəm. O vaxt bir məktəbli atasına bağışladığım “Öləngi” kitabı ilə orta məktəbin sinif otağında yoldaşlarıyla futbol oynayıb. Sevinib. Uşaqları şənləndirib. Az şeydimi? İnan mənə, həyat amansızdı. Nizam-zad var. Həmin bu həyat dediyimiz zad onun özünün təpəsinə döyə-döyə gətirib eləyib yazıçı... Hə-ə. Bəs o uşaq da kim ola? Təsəvvür elə, yer-yerdən suallar qopur: “Kim ola?.. Kim ola?..” Bə-ə-liii... Bizim həmin bu Ayxan Ayvaz!

- İtən roman haqda nə düşünürsüz? Bərpa etmək mümkün olacaq?

- Ayxan, sözün açığı, yazmaq istəmirəm. Bir verilişdə də demişdim, bizim iztirablarımızın perspektivi yoxdu. Lap tanındın. Elə biri mən. İndi ölkədə MKM-dən o yanası yoxdu ki. Qalibiyəm. Nə olsun? 19-cu əsrin geridəqalmış saydığımız Rusiyasının ac-yalavac yazıçısı Dostoyevski, az qala arvadının donunu satıb yazan Markes bilirdi ki, iztirablardan sonra şöhrət gələrsə, para da gələcək, o da oturub bir kitabın puluyla həm yazacaq, həm də dolanacaq. Bizdə isə fərqi yoxdu. Ancaq istəsəm, o romanı yazacağam. 3 dəfə yaza bildiyim romanı hələ iki dəfə də yaza bilərəm. Mən öz yanına hökm eləyə bilənlərdənəm. Ölməsək, sorun deyil. Sadəcə, gedənlər bir də qayıtmır. Əsas ideyadı. İdeya varsa, yazmaq işimizdi də. Çətini yazmaq deyil, təslim olmamaqdı.

- İş rejimindən həmişə gileylənirsiniz. Bunu dəyişmək, yazıçı üçün daha münasib şərtlərdə işləmək mümkün deyilmi?

- Elə bir iş bir dənədi yazıçı üçün - yazıçılıq. Peşəkar yazıçılıq. Bəli, məhz, yazıçı işləmək. Orxan Pamuk kimi. O da mümkün deyil bu reallıqda. Biz məhv olmuş nəsilik. Sadəcə, sürünə-sürünə, ölə-ölə də olsa, estafeti şanslı nəslə çatdırmaq kimi missiyamız var. Özü də bu, balaca iş deyil a...

news-inner-user
Ayxan Ayvaz

444 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bir oğlu öldü, ikinci oğlu anasını tərk etdi-Papaqçıya ərə gedən Xan qızı
14:29 15 Avqust 2020
"Alacaqaranlıq" seriyasının müəllifindən oxuculara kitab müjdəsi
13:43 15 Avqust 2020
Xurşidbanu Natəvana layihə həsr olundu - Video
11:20 15 Avqust 2020
Tanınmış bəstəkar koronavirus peyvəndinin sınaqlarında könüllü oldu
11:01 15 Avqust 2020
Məşhur gitara ifaçısı vəfat etdi
10:28 15 Avqust 2020
Bu filmə görə 400 nəfər işdən çıxarılacaqdı – Rejissorların boyun qaçırdığı Azərbyacan filmi
08:57 15 Avqust 2020
Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020