“Nabat” filmini Xirosimaya aparan yollar - FİLMİMİZ YAPONİYADA

“Nabat” filmini Xirosimaya aparan yollar - FİLMİMİZ YAPONİYADA
19 iyul 2016
# 10:46

Bildiyiniz kimi, bu il Xirosima faciəsinin 71-ci ildönümü ilə əlaqədar Yaponiyada keçirilən ənənəvi anım tədbirlərinə film nümayişi də əlavə olunub.

“Müharibə və sülh” adlı xüsusi beynəlxalq proqrama müxtəlif illərdə ayrı-ayrı ölkələrdə istehsal olunmuş 6 film dəvət olunub.

Filmlərin içərisində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsal olunan “Nabat” filmi də var.

Rejissor Elçin Musaoğlunun çəkdiyi film Qarabağ müharibəsindən bəhs edir. Ancaq ənənəvi döyüş, qan səhnələri yoxdur. Film boşalmış bir kənddə qalan yaşlı qadının həyat hekayətini anladır.

Son illər dövlətin maliyyəsi ilə çəkilən tammetrajlı filmlər kino tənqidçiləri və tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Bu filmlər daha çox tənqid edilir, hətta bəzən maliyyənin israf olunduğu dilə gətirilir.

“Nabat” nadir filmlərdəndir ki, sənət mövqeyindən, məxsus olduğu düşüncədən asılı olmayaraq bütün kinosevərlərin yüksək qiymətini aldı.

Tanınmış ssenarist, rejissor Ramiz Fətəliyev film haqqında deyir: “Bu, bir daha böyük sübutudur ki, müharibədən çəkəndə, millətin ağrısını göstərəndə böyük maliyyəyə, ağır səhnələrə ehtiyac yoxdur. Biz filmdə cəmi bir qadının simasında bütün müharibənin faciəsini görürük. Bu filmi ürəkdən çəkilib, xalq üçün çəkilib. Bu, böyük bir vətəndaş qələbəsidir. Və peşə qələbəsidir”.

Kinoşünas Aygün Aslanlının fikirləri də maraqlıdır: “Elçin Musaoğlunun "Nabat" filmi son illərdə Azərbaycanda dövlət sifarişi ilə istehsal olunan ən maraqlı filmdir. Düşündürən, variasiyalara imkan yaradan. Ümid eləyirəm ki, yaxşı filmlərin davamı gələcək.”

Kinodramaturq Eldəniz Quliyev isə qeyd edir ki, “Nabat” Azərbaycan kinosu üçün tarixi əhəmiyyət daşıyan filmdir. Çünki burda artıq kinonun bir bədii incəsənət vasitəsi olduğunu gördük. Kino dili vasitələri ilə bir müəllifin yaratdığı dünyanı qəbul eləməyə məcbur olduq.

Beynəlxalq premyerası Venesiya beynəlxalq kinofestivalında baş tutan “Nabat” filmi bu günədək 30-a yaxın xarici festivalda, o cümlədən Almaniyanın Manheym və Heydelberq şəhərlərində keçirilən 63-cü beynəlxalq kinofestivalda, Tripoli festivalında, Almatı şəhərində keçirilən XI Avrasiya, Banqladeşin paytaxtında keçirilən 14-cü Dəkkə, Hindistanda keçirilən 13-cü Pune Beynəlxalq Film festivallarında iştirak edib, on iki mükafata layiq görülüb.

Mükafatlar içərisində "Qızıl pəri", İranda keçirilən 33-cü Fəcr beynəlxalq kinofestivalının “Şərq panoramı” müsabiqəsində “Ən yaxşı rejissor” mükafatı da vardır.

“Nabat”ın ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Fatimə Məhəmməd Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.

Şübhəsiz ki, bütün bunlar həm də Nabat rolunu canlandıran iranlı aktrisa Fatemeh Motamed-Aryanın uğurudur. Onun ifası kino mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir.

Filmin iranlı operatoru Əbdülrəhim Bəşəratın işi də təqdirəlayiqdir.

Filmin ümumdünya sülh uğrunda mübarizə hərəkatının simvolu olan Xirosima qurbanlarının xatirəsinə həsr olunmuş anın mərasiminə dəvət olunması “Nabat” filminin növbəti böyük uğurudur. Xatırladaq ki, builki anım tədbiri Xirosima Memorial Sülh Parkında keçiriləcək.

Film ingilis və yapon altyazıları ilə təqdim olunacaq. Nümayişlərdə faciə qurbanlarının qohumları, dövlət rəsmiləri, anım tədbirinin qonaqları və şəhər sakinləri iştirak edəcəklər.

“Nabat” filmi haqqında digər peşəkar rəyləri

Şamil Əliyev

rejissor

“Elçin Muaoğlu qarşısına qoyduğu vəzifəsinin öhdəsindən bacarıqla gəlib. Yəni “Nabat” filmi Azərbaycan kinosunda müəyyən mənada fərqlənən filmdir. Uğurlu film hesab edirəm. Amma tənqidçi kimi, araşdırmaçı kimi... Telefon söhbəti deyil“.

Əli İsa Cabbarov

Kinematoqrafçılar İttifaqının katibi

“Elçin Flober kimi "mən Nabatam" deyə bilər. Filmin premyerası cəbhədə ağır itkilər günü oldu. Mənim üçün bu birmənalı qeybdən bir işarə idi ki, torpaqlar bizimdi. Mənəvi cəhətdən biz layiqik o torpaqlara. Yavər Rzayevin "Sarı gəlin" filmində də bunu hiss eləmişdim. Sırf kino dili ilə bağlı məsələləri oxucularla bölüşməyi lazım bilmirəm. Bu, peşəkarların mətbəx söhbətidir, tamaşaçıların bilməməyi lazım. Bizim tamaşaçılarımız ağır temporitmli filmlərin azarkeşi deyil. Amma bu filmdə bütün zalla psixoloji kontakt oldu. Filmin Venesiya proqramında iştirakının kinomuz üçün bir ümdə əhəmiyyəti var: müəyyən bir vertikal yarandı və ya bərpa olundu. Sənət aləmində vertikalın olması çox vacibdi”.

Mətləb Muxtarov

operator, kinoşünas

“Film bir yerə qədər yaxşı gedir. Ssenaridə bəzi boşluqlar olsa da, rejissor birtəhər yola verərək filmi uzadır. Filmin axırı zəifdir, ordunun NATO tərzində kəndə gəlməsi, Çe Qevara ilə Qarabağ şəhidinin uyğunlaşdırılması çox qeyri-effektiv və məntiqsizdir. Hələ canavar obrazı... Canavar obrazı simvolik olaraq bozqurdçuluğa işarə vurursa, üstəgəl rejissor dünya solunun simvolu olan Çe ilə Qarabağ müharibəsi şəhidini eyni müstəviyə qoyursa, deməli, türklər demiş, rejissor nəsə ''ideoloji karmaşası'' yaşayır. Bir də filmdə xırda məqamlar vardı ki, bir azərbaycanlı olaraq o yerlərdə səhvlər gözümüzə girirdi. Və iranlı aktrisanın oynaması da uğursuz seçim idi. Ləhcə öz sözünü deyirdi. Çünki bu film ilk öncə Azərbaycan tamaşaçısı üçün çəkilib, ona görə də normal tamaşaçı bu filmə baxanda Nabatın ləhcəsinə güləcək. Hələ bu tamaşaçı qarabağlıdırsa, deməli, işlər gərgindir”.

Rasim Cəfər

aktyor

“Əvvəla filmdə əməyi olan bütün heyəti təbrik edirəm! Filmin rejissoru Elçin Musaoğlunu xüsusilə. Və ona daha gözəl filmlər, yaradıcılıq uğurları arzulayıram. Venesiyada da filmimizə uğurlar arzulayıram. İlk öncə aktyor heyəti barədə deyim, aktyorların ifa tərzi əla idi. Nabat rolunun ifaçısı xanım aktrisanın işini alqışlayıram. Onun kənd qadını mənə çox inandırıcı, doğma və tanış idi. Sadəcə bir söz deyə bilərəm mükəmməl”.

# 1264 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
#
#
# # #