Sabir Rüstəmxanlı haqqında 36 il əvvəl nə deyilmişdi?

Sabir Rüstəmxanlı haqqında 36 il əvvəl nə deyilmişdi?
28 iyun 2016
# 12:25

Bu yazı 20 aprel 1980-ci ildə Sabir Rüstəmxanlı ilə keçirdiyimiz bir görüşdəki çıxışımın mətnidir. Çıxışı, demək olar ki, şairin eyni adlı kitabındakı “Xəbər gözləyirəm” şeiri əsasında qurmuşam. Bu gün, 36 il sonra da, “Ömür kitabı”ndan “Xətai yurdu”na, müəllifi olduğu son nəşrlərədək, ümumiyyətlə, bütövlükdə S.Rüstəmxanlı yaradıcılığının (həmçinin, ictimai-siyasi fəaliyyətinin) həmin şeirin “təfsiri”ndən ibarət olması qənaətindəyəm.

Xalqa “növbəti hesabat” verdiyi bir vaxtda kiçik əlavələrlə həmin mətni diqqətinizə çatdırıram.

Qardaşxan Əzizxanlı

BİR ŞEİRİN FONUNDA BİR ŞAİR ÖMRÜ

Hardadı, görünmür hicranın sonu,

Bəlkə qədəmimi düz atmamışam?

Mən hələ vətənin şöhrət yolunu

Bircə addım boyu uzatmamışam.

Bu, otuz yaşlı Sabir Rüstəmxanlının etirafıdır.

...Həqiqət o deyil ki, isbata ehtiyacı olsun, həqiqət çox sadədir. Poetik həqiqət də eləcə. S. Rüstəmxanlı öz həqiqətini böyük ehtirasla sadə dildə şeirə çevirir. Şairin “Xəbər gözləyirəm” şeiri bu fikrimin ən etibarlı “dayaq nöqtəsi“dir deyərdim:

Xəbər gözləyirəm... Kimdən, hayandan?

Hansı məmləkətdən, hansı zamandan?

Hansı ocaqlarda alışan közdən?

Gözümə yığdığım hansı dənizdən?

(Bu şeirin yazıldığı 1978-ci ildə şairin eşitməyə təşnə olduğu hansı xəbər ola bilərdi? Hansı xəbər ola bilərdi ki, şairin timsalında bütün yurdsevər kəsim də onu “lap elə ümidin son nidasında... lap elə ölümün astanasında” arzulasın?)

Şair hansı xəbəri gözlədiyini açıq şəkildə deməsə də, həyəcanla “tale tək” dalınca “dolaşıb-gəzən” xəbərin “ isti təbəssümdə, doğma nəfəsdə” gələcəyini, “bir sürət qatarı kimi şığıyıb... bağlı qapıları” taybatay açacağını söylədikcə, bu “muştuluq... şirin” xəbər oxucuya misra-misra aşkar olur. Şairin “ömrün baharını oyadıb... əbədi zəfər” kimi gəlməsini arzuladığı xəbər mücərrəd fikir tək deyil, canlı bir varlıq olaraq ortaya çıxır.

Görəm ki, süfrəmin başında bir gün

Bir xəbər oturub əziz qonaq tək.

Bu şeirdə, sadəcə, gözəl deyilmiş sözlər yox, ruhun poeziyası vardır. Şair öz ideyasına məftundur. Burada pafos zahiri parıltıdan ibarət deyil, tərənnüm edilən ideyanın birdən-birə görünməyən daxili gücü şeir boyu üzə çıxaraq “şəfəqdən don geyən aydın bir səhər” kimi ruhumuza toxtaqlıq gətirir.

Şair olmaq “özünü göstərmək” kimi xırda arzu, boş və mənasız xülya deyil, dibsiz həyatın reallıqlarına baş vurmaq, onun heç də həmişə günəşli olmayan ağlı-qaralı buludlarla dolu intəhasız səmasında qanad çalmaqdır... İstər “Xəbər gözləyirəm”, istərsə də “Bu yaz yağışı” tipli şeirləri ilə S.Rüstəmxanlı xalqımızın hələ ki, “bütün zamanlar üçün” (Ben Conson) aktual olan problemini ədəbi gündəmdə saxlamaq istəyir və millətin bu ən böyük arzusunun yerinə yetəcəyinə öz varlığına inandığı qədər inandığını söyləyir:

Onsuz da tarlamın suyu gələcək,

Gözümdən od alıb yayım gələcək,

Bir payız dolusu toyum gələcək,

Bəs niyə yan keçdi bu yaz yağışı?!..

S.Rüstəmxanlı məhz bu cür lirik düşüncələrində büsbütün özü olan vətəndaş şairdir.

Elmdə bir kəşf də öz sahibinə şöhrət qazandırır. Ədəbi ad-san isə davamlı bədii kəşflər istəyir. “Ruhun ehtiyacı” (M.Müşfiq) kimi yazılmış və oxunan, təmiz dağ havası kimi ciyərimizə dolan “Xəbər gözləyirəm” ( və “Bu yaz yağışı”) kimi şeirlər, həm də poetik yenilik müjdəçisidir.

“Xəbər gözləyirəm” kitabında Vyetnam xalqının “millətlərə örnək olan qətiyyətin”i alqışlayan “Bütövlük” poeması da verilib (Vyetnama şeirlər, poemalar həsr edən şairlərimiz, –S.Tahir AzərAzər, F.Qoca və b., – bu xalqın qovuşmasını tərənnüm etməklə Güneyli, Quzeyli Azərbaycanın birləşməsinə çağırış etmiş olurdular).

İstərdik “bağlı sərhədlərin üstündən aşan... ayrı sahillərə körpülər salan” müqəddəs xəbər bir gün “dərələr dolduran gur seldə” gəlsin və şair ən qüdrətli əsərini Azərbaycan xalqının bütövlüyünə həsr etməklə hamımıza gözaydınlığı versin.

70 yaşlı S.Rüstəmxanlının “vətənin şöhrət yolunu... bircə addım boyu” uzatdığını artıq tam əminliklə deyə bilərik və bu gün Sabir Rüstəmxanlı “olanlar”ın gözlədiyi ən ümdə, xoş xəbər hansısa fəxri ad, mükafat deyil, Vətən Torpaqlarının işğaldan azad edilməsidir.

Qeyd: 6 saylı İslah Əmək Müəsisəsində görüş. Şəkildə (soldan) X.Rza Ulutürk, S.Rüstəmxanlı, Q.Əzizxanlı. 22 fevral 1981-ci il.

# 3337 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, Kamal Abdullanın ən yaxşı hekayəsidir!" - Müzakirə

"Bu, Kamal Abdullanın ən yaxşı hekayəsidir!" - Müzakirə

15:00 9 sentyabr 2026
"Tərbiyəmi pozmasın deyə kitabdan adını qaralayıb sildiyim Əkrəm Əylisli..."- Vüqar Van

"Tərbiyəmi pozmasın deyə kitabdan adını qaralayıb sildiyim Əkrəm Əylisli..."- Vüqar Van

12:00 8 sentyabr 2026
"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

10:00 4 sentyabr 2026
"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

12:40 3 sentyabr 2026
"Ana kitabımızın hafizi və yorulmaz təfsirçisi..." -  Əcəba, əbədiyyət yaddaşsızlıq deməkdirmi?...

"Ana kitabımızın hafizi və yorulmaz təfsirçisi..." - Əcəba, əbədiyyət yaddaşsızlıq deməkdirmi?...

12:00 3 sentyabr 2026
"Qara kabus"un kölgəsində insan taleləri - Hansı məqamda yanlış seçim edilir?

"Qara kabus"un kölgəsində insan taleləri - Hansı məqamda yanlış seçim edilir?

10:30 29 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər