Uşaq evində böyüyən cütlüyün eşq hekayəti – NAMƏLUM KİNO

Uşaq evində böyüyən cütlüyün eşq hekayəti – <span style="color:red;">NAMƏLUM KİNO
28 may 2016
# 16:37

Kulis.az “Naməlum kino” layihəsində rejissor Ənvər Əblucun 1986-cı ildə ekranlaşdırdığı "Bircəciyim" (“Təkcə sən”) bədii filmini təqdim edir.

Film İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanının motivləri əsasında çəkilib.

Süjet: Uşaq evində böyüyən, bir-birini sevən və evlənməyə hazırlaşan Sarıköynəklə Valeh tikintidə işləyir. Onlar rayonlardan birinə işləməyə gəlir. Sovxoz direktorunun ərköyün oğlu Rövşən Sarıköynəyə vurulur, onun sevgisini qazanmağa çalışır. Amma Sarıköynək onun evlənmək təklifini rədd edir. Valeh təsadüfən sovxoz direktorunun pul mənimsəməsi haqda xəbər tutur. Və direktorun karyerasına real təhlükə yaradır. Oğlu ilə maraqları üst-üstə düşən sovxoz direktoru Valehə tələ qurur. Onun yük maşını qəzaya düşür, nəticədə yaşlı kişi həlak olur... və Valeh həbs edilir.

Ümumiyyətlə, İ.Əfəndiyevin əsərlərindəki melodramatik qat istər serial üşün, istər bədii film üçün uyğun, əlverişli materialdır. Həm geniş tamaşaçı üçün asan dərk ediləndir, maraqlıdır, həm də romanlarında əxlaqi, mənəvi problemləri önə çəkildiyini nəzərə alsaq, onlara ekran variantında fərqli, geniş baxış bucaqlarından baxmaq, günümüzün kontekstində əhvalatı asanlıqla aktuallaşdırmaq mümkündür.

“Sarıköynəklə Valehin nağılı” romanı da istisna deyil.

Amma təəssüf ki, romanın ekran versiyası həm rejissor traktovkası, həm kinematoqrafik baxımından zəifdir.

“Bircəciyim” əhvalatın bir növ mexanikləşdirilmiş, illüstrasiyaya salınmış formasıdır.

Məsələn, filmin əvvəlində Sarıköynəklə (Mehriban Xanlarova) Rövşənin (Əhməd Salahov) ilk qarşılaşma səhnəsi var. Rejissor artıq ilk görüşmədə Rövşənin gənc qıza marağını və bu xəttin sonradan inkişaf edəcəyinə vurğu eləmək istəyib. Amma alınmayıb. Əvəzində niyəsə Sarıköynək ona maraqla, mənalı baxır və səhnə natamam, yarımçıq qalıb.

Musiqi həlli kriminal və melodramatik motivi olan əhvalata heç cürə uyğunlaşmır. Filmin mahiyyəti ilə əlaqəsi olmayan, təsadüfən süjetə daxil olan əyləncəli ovqatlı melodiya səslənir.

Yuxarıda qeyd elədiyim kimi hər şey mexaniki baş verir. Valehin əla sürücü olması, peşəkarlığı, cəsarəti onun təhlükəli körpüdən keçməsi epizodunda təsvir olunub. Bir qayda olaraq belə riskli səhnələr tamaşaçını nigarançılıqda saxlamaqdan, dramatizmi gücləndirməkdən ötrü sürətlə növbələnən detal planlarla işlənilir, kadrlar həyəcanı musiqi ilə müşayiət olunur və uzadılır...

Amma burda, hər şey tələsik, ötəri baş verir.

Hətta əhvalatı dramatikləşdirməli olan konfliktlər tədricən yox, ildırım sürətilə baş verir, obrazlar bir göz qırpımında açılır, fabulanı mürəkkəbləşdirən dramaturji elementlər bədii səviyyədən çox texniki, sadəlövh xarakter daşıyır.

Rövşənin gecə klubunda nişanlısının yanında Sarıköynəyi vecsizcəsinə rəqsə dəvəti, bundan dolayı Valehlə arasında yaşanan münaqişə belə əsaslanıdrılmamış, texniki təsir bağışlayır. Sanki konflikt əhvalatın mahiyyətindən, gedişatından yox, məhz konflikt zərurəti olduğu üçün, qurama olaraq meydana çıxır.

Ümumiyyətlə, “Bircəcyim”in nəql texnikası son dərəcə bəsitdir.

Kinematoqrfaiyada belə söz var: injenyu. Aktyor ampluasıdır, fansızcadan tərcüməsi sadəlövh deməkdir. Yəni sadəlövh, təcrübəsiz qız və bəzən kişi obrazlarının təyinidir.

Bu filmdə də Sarıköynəklə Valehin obrazları mahiyyətcə, amma primitiv işlənmiş injenyu ampluasıdır.

Valehin işini araşdıran müstəntiqin (Ramiz Məlikov) yırtıcı, şəhvətli baxışları, danışıq manerası həddən artıq üzdə, aşkardadır, Sarköynək isə bunu niyəsə duymur, əksinə, onun bağ evinə gedir.

Yaxud mərd, səmimi Valeh sovxoz direktorunun işçisi ilə söhbətində yeyintidən xəbərdar olur və bunu uşaq saflığı ilə rəhbərliklə əlbir olan mühasibə deməsi də primitiv görünür, inandırmır tamaşaçını.

Finalda təbii ki, ədalətli müstəntiq (Həsən Məmmədov) işə qarışır, düyünlər dərhal, rahatca açılır.

Qısası, “Bircəciyim” ədalətin şər üzərində zəfər çaldığını anladan sadəlövh, bəsit hind melodramları kimi alınıb.

Təbii ki, burda aktuallığını itirməyən mesajlar da var. Mənəvi dəyərlər, prinsipiallıq, işə vicdanlı münasibət, başqalarının haqqını yeməmək və s. Amma bu mənəvi dəyərlər bədii həllini tapmayanda təsir qüvvəsini itirir.

Filmdə yaradıcı operator (Kənan Məmmədov) işi yoxdur.

Əsərin müəllifi İ.Əfəndiyev olsa da, ssenarini Yuri Çulyukin yazıb. Çulyukin sovet dönəmində çox məşhur olan “Qızlar” filminin rejissoru olub.

Vlaeh rolunun ifaçısı Kamil Zöhrabov “Gümüşgöl əfsanəsi”, “Ötən ilin son gecəsi” filmlərində də oynayıb.

Hazırda Amerikada yaşayır.

Sarıköynək obrazı aktrisa Mehriban Xanlarovanın kinoda ilk işidir.

Rejissor Ənvər Əbluc “Qara gölün cəngavərləri”, “Ağ atlı oğlan” və s. filmlərin rejissorudur.

# 2168 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
# # #